Laçın rayonu
yaxın gələcəkdə ölkə
iqtisadiyyatının inkişafına sanballı töhfə
verəcək
Uzun illər düşmən işğalında qalmış Laçın rayonunun da təbii ehtiyatları ermənilər tərəfindən talan olunmuşdur. Burada illərlə formalaşmış infrastruktur, o cümlədən əhalinin əsas məşğulluq sahəsi olan kənd təsərrüfatı dağıdılmış, rayonun zəngin meşə fondu məhv edilmişdir.
İşğaldan azad olunan Laçının bərpası üçün hazırda müvafiq dövlət qurumları tərəfindən müxtəlif araşdırmalar aparılır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Əbdülrəhim Dadaşov deyir ki, respublikamızın cənub-qərbində yerləşən, relyefi dağlar və dağlıq yaylalardan ibarət olan Laçının işğaldan əvvəl 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsi var idi. Qışı quraq keçən, mülayim isti və soyuq iqlimi olan Laçında örüş-otlaq və biçənək sahələrinin geniş və əhalinin maldarlıq sahəsində zəngin təcrübəsi olduğu üçün daha çox heyvandarlıq inkişaf etmişdi. Rayonda mövcud olan otlaqlar respublikanın otlaq sahələrinin təqribən 3,1 faizini təşkil edirdi. İqliminin və bol sulu çaylarının verdiyi imkanlar hesabına rayon sakinləri həm birillik, həm də çoxillik əkinləri rahat becərə bilirdilər.
İşğaldan öncəki 1980-1988-ci illər ərzində rayonda taxıl istehsalı respublika üzrə istehsalın 0,2 faizini təşkil edirdi. Bu sahə üzrə yeni islahatların və innovativ texnologiyaların tətbiqi ilə gələcəkdə də yüksək nəticələr əldə etməyin mümkünlüyünü qeyd etmək olar. Tədqiqatlar nəticəsində söyləmək olar ki, 2025-ci ilə qədər Laçında taxıl istehsalının 5,3 min tona qədər artırılması gözlənilir.
Rəsmi statistik məlumatlara görə, rayonda 1988-ci ildə, həmçinin 175 hektar meyvə və giləmeyvə bağları mövcud olmuşdur. Bu bağlardan tonlarla məhsul əldə edilmişdir. Eləcə də həmin il 83 hektar sahədən 142 ton tütün götürülmüşdür. Ümumiyyətlə, 1980-1988-ci illərdə rayon üzrə tütünçülükdə məhsuldarlıq 19,3 sentner olmuşdur. 2025-ci ildə isə Laçın rayonunda intensiv üsullarla əkilib-becərilməsi hesabına tütün istehsalının 200 tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkə üzrə tütün istehsalının təxminən 1,4 faizi deməkdir.
Torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsi rayonda meyvəçilik və tərəvəzçilik sahəsində də yüksək istehsal potensialı vəd edir. Bunlar nəzərə alınaraq, zonada pilot layihə kimi 300 hektarlıq intensiv nar, alma və xurma bağları salınacaq. Bundan əlavə, 1000 hektara qədər sahədə kartof, tərəvəz və bostan bitkiləri əkiləcəyi gözlənilir. Yeri gəlmişkən qeyd edək ki, 2025-ci ilə qədər rayonda 7,6 min hektar əkin və bağ sahələrindən 38,4 min ton məhsul götürülməsi proqnozlaşdırılır.
Ekspert onu da vurğulayır ki, 1988-ci ildə rayonda iribuynuzlu heyvanların sayı 45 min olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə bu rəqəm 22 min idi. Heyvandarlıqda rayon üzrə digər göstəricilər isə belə olmuşdur: ət istehsalı 3276, süd istehsalı 13923, yun istehsalı 354 ton, yumurta istehsalı 4,1 milyon ədəd.
Proqnozlara görə, 2025-ci ilə qədər Laçın rayonunda 75,6 min iribuynuzlu və 402,3 min xırdabuynuzlu mal-qara bəslənəcək ki, bu da ölkədə heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 3,7 faiz artımına səbəb olacaq. Laçında həmçinin 110 min baş quşun və 18 min arı ailəsinin olacağı da proqnozlaşdırılır. Həmçinin diri və kəsilmiş çəkidə ət istehsalında 0,2, yun istehsalında 2,6, süd və yumurta istehsalında müvafiq olaraq 1,7 və 0,02 faiz artım proqnozlaşdırılır.
Laçının tütün, süd, gön-dəri və yunun emalı müəssisələrinin qurulması üçün də böyük potensialı var. Bütün bunlar nəzərə alınarsa, rayonda aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafından ölkə iqtisadiyyatına töhfənin sovet dövründəkindən daha artıq olacağını indidən demək olar.
Rüstəm
KAMAL
Azərbaycan.-2021.- 13 mart.- S.1;5.