Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritetidir

 

 

Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm ki, Ermənistan ordusunda da itkilər olubİkinci Qarabağ müharibəsində müxtəlif rəqəmlər səslənir. Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir. Onların birinin də ailəsinə Ermənistan dövləti heç bir yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə olan proqram mövcud deyil. Müharibədə həlak olmuş insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər şey müqayisədə ölçülür. Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışı zamanı demişdi.

Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Ölkəmizdə şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət müvafiq kateqoriyadan olan insanlar üçün əlindən gələni edir. Dövlət başçısının bu sahədəki siyasəti birmənalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Dövlət rəhbəri canı bahasına Vətənin keşiyində duran, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə  diqqət və qayğısını heç zaman əsirgəməyib. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir. Həlak olmuş hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3000 manat məbləğində maliyyə yardımının göstərilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqından azad olunması, şəhidlərin ailə üzvlərinin əmək pensiyasına 93,5 manat əlavə hesablanması, hər bir şəhid ailəsinin evlə təmin olunması kimi tədbirlərin həyata keçirilməsi dövlət qayğısının bariz nümunəsidir.

Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir.

Yanvarın 25-də Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslərin (ailələrin) mərhələli şəkildə mənzillə təminatı həyata keçiriləcək. Sənəd bir daha onu təsdiq edir ki, bu məsələ ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.

Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzilin verilməsi planlaşdırılır. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan ailələri bu ilin sonuna qədər mənzillərlə təmin olunacaqlar. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi isə davam etdirilir.

Qarabağ qazilərinin avtomobillə təmin edilməsi prosesi də mərhələli şəkildə həyata keçirilir. Hazırkı dövrədək müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib.

Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün də hər cür lazımi şərait yaradılıb. Ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə dövlət lazım olan diqqəti göstərməkdədir. Dövlətin bu təbəqəyə göstərdiyi qayğı ilbəil artmaqdadır.

Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik 8800, 6600 və 4400 manat sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü ödənilir, əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olana 130, III dərəcə əlilliyi olana 110 manat məbləğində müavinət ayrılır. Eyni zamanda əlilliyi müəyyən edilmiş şəxslər tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilir, əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər, bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

Fevralın 25-də Prezident İlham Əliyevin əsaslı təmirdən sonra açılışında iştirak etdiyi Bakının Xəzər rayonundakı Şağan Reabilitasiya Pansionatı da bu qəbildən olan müalicə mərkəzlərindəndir. Yenidən qurulan 250 çarpayılıq pansionatda ildə 5 min nəfərədək qazi müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Pansionatda müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunacaq.

Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşların yüksək texnologiyalı, elektron protezlərlə təminatına başlanılıb. Müharibədən sonrakı dövrdə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib, 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. Vətən müharibəsində yaralanmış şəxslərin 90 faizi ilə evlərində görüş keçirilib. Amputasiyası olan 301 nəfərdən 109-nun protez ehtiyacları müəyyən edilib. Cari il ərzində onların hamısının protezlə təmin olunması planlaşdırılır.

Vətən müharibəsində yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına da start verilib. İlk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq. Yeni təkərli oturacaqlar əlilliyi olan insanlara kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.

Heydər Əliyev Fondu da Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.

Dövlət dəstəyi ilə yanaşı, yeni formalaşan “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir. Fondun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün olan layihəsi də uğurla icra edilir. Şəhidlərimizin yeni doğulan övladlarının zəruri xərcləri fond tərəfindən qarşılanır. Bu məqsədlə 1 000 manat məbləğində pul anaya təqdim olunurdünyaya gələn  körpənin adına 5 000 manatlıq hesab açılır. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır. Şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Həm dövlət, həm Heydər Əliyev Fondu, həm də “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin, eləcə də onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsi ilə bağlı mühüm işlər uğurla davam etdirilir, bu sahədə sistemli və kompleks tədbirlər həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Bir sözlə, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görürbu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2021.- 14 mart.- S.1-2.