Xoşbəxt məqamın astanasında

 

30 ilə yaxındır ki, doğma yurdlarından ayrı düşən qarabağlılar səbirsizliklə böyük qayıdışı gözləyirlər

 

 

“Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”.

Prezident İlham Əliyevin ötən il noyabr ayının 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı qətiyyətlə bəyan etdiyi kimi, 30 ildir doğma torpaqlarından zorla qovulan yüzminlərlə həmvətənimizin canı  qaçqın, köçkün ifadəsindən qurtuldu...

İllərdir vətəndə qəribçiliyin ağır yükünü çəkən, yurd özləmini xatirələrlə, röyalarla ovutmağa çalışan, doğulduğu torpağa qovuşmaq üçün Tanrıdan ömür payı istəyən, axan sulardan, uçan quşlardan, əsən rüzgarlardan doğma obasını soraqlayan bir elin acısını nə sözlə ifadə etmək, nə yazmaq, nə də təsvir etmək mümkün deyil. Yalnız taleyinə məcburi köçkünlük kimi qismətsiz bəxt yazılanlar bilər Vətəndə vətənsiz olmağın ağrı-acısını...

 

 

 

Hər kəs el-obasına qovuşmağa tələsir...

 

 

Asan deyildi, düz 30 il idi ki qəlblərində Qarabağ ağırlıqda dağ daşıyırdılar, amma bir gün mütləq o doğma yerlərə qayıdacaqlarına, isti od-ocaqlarına qovuşacaqlarına əmin idilər. Bütün şuşalıların, laçınlıların, kəlbəcərlilərin, ağdamlıların, zəngilanlıların və digər işğal edilən torpaqlarımızdan məcburi köçkün düşən soydaşlarımızın qəlbində olan doğma yurda qayıdış ümidini öləziməyə qoymayan qüvvə isə dövlət başçısı Prezident

İlham Əliyevə olan böyük inamdan, güvəndən  doğurdu. İlham Əliyev 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs “Qurani-kərim”ə əl basaraq and içmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Və 2020-ci il dekabrın 10-da müzəffər sərkərdəmiz Zəfər paradında böyük qürur hissi ilə bir daha vurğuladı ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, igid əsgərlərimizin qorxmazlığı, müqəddəs şəhidlərimizin canlarını Vətənə qurban vermələri hesabına qazanılan Qələbə bütün Azərbaycan xalqının sevincinə, qüruruna səbəb oldu, yurdundan didərgin salınan soydaşlarımızın ağrı-acılarına, nisgilinə, yurd qubarına son qoydu, ümidlərinin zirvəsi olan Qarabağ arzuları çin oldu...

Ürəklər uçundu, yaşlı da, o yurdu ömrü boyu görməyən gənclər də, uşaqlar da - hər kəs elinə-obasına qovuşmağa, Vətənə tələsdi...

Mənfur ermənilər bu 30 il ərzində doğma Qarabağımızla bağlı xain planlar qurmuşdu. Zəbt etdiyi torpaqlarımızda əbədi qalmaq arzusuna düşərək ilk öncə tarixi yerlərimizin adını saxtalaşdırıb eybəcər adlar vermiş, işğal etdiyi bütün yurdlarımızı viran etmiş, daşı daş üstündə qoymamışdı. Vandallar təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdilər. Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə yiyə durmağa çalışmışdılar. Xalqımızın heysiyyəti ilə oynayaraq dini abidələrimizi təhqir etmiş, məscidlərimizdə donuz saxlamışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmış, sözlə ifadəsi mümkün olmayan vandallıqlar törətmişdilər. Elə hesab etmişdilər ki, bu vəhşi hərəkətləri ilə Qarabağı xalqımızın qəlbindən söküb atacaq, ora qayıtmaq istəyini yox edəcəklər...

Amma unutmuşdular ki, heç bir qüvvə və zaman kəsiyi “Qarabağ Azərbaycandır” həqiqətini yox etməyə qabil deyil. Çünki bu torpaqdan doğulan, mayası ondan yoğrulan xalqımın qəlbindən Qarabağ sevdasını silmək mümkün deyil.

 

 

 

Bu qürurlu qələbəyə görə İlham Əliyevə minnətdarıq

 

 

Qəhrəman oğullarımızın qarış-qarış azad etdiyi viranə qalan yurdlarımızı gördükcə yaralı Vətənə “candedik, “səni dardan qurtardıq, indi abadlaşdırmağa, yenidən cənnət-məkana çevirməyə gələcəyik” söylədik.

Dağılan məscidlərimizdən, Şuşada Gövhər ağa məscidindən, Ağdam Cümə məscidindən ucalan azan səsini eşitdikcə ruhumuz şad olur, ümidlərimiz, arzularımız dirçəlir, gözümüzə işıq, qollarımıza qüvvət gəlir...

Xurşidbanu Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərinin Qarabağın büllur qəsrinə, “Şuşanın ilk sakinləri” kimi qayıdışı könlümüzü oxşayır...

Xalqımız bu qürurlu qələbəni, bu xoşbəxt günləri bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə hələ də minnətdarlıq məktubları ünvanlayır. Sevinc, qürur hisslərindən qanad açan o təşəkkür məktublarında məcburi köçkünlərin Vətən özləmi, yurda qayıdış istəklərinin təzahürü qırmızı bir xətt kimi keçir...

Yadellilərin torpaqlarımızdan qovulmasının, tezliklə doğma yurdlarına qovuşacaqlarının xoşbəxtliyini yaşayan bütün qarabağlılar İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirir, müzəffər sərkərdənin abidəsinin Qarabağın ən yüksək zirvəsində ucaldılması arzusunu ifadə edirlər.

Dövlətimiz tərəfindən həmişə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bununla belə məcburi köçkünlər hər zaman bu yaşayış yerlərində özlərini qonaq, müvəqqəti sakin kimi hiss ediblər. Torpaqlarımızın işğaldan azad ediləcəyi günün, Qarabağa qayıdacaqları xoşbəxt zamanın həsrəti ilə yaşayıblar.

Artıq o xoşbəxt məqamın astanasındayıq. 30 ilə yaxındır ki, dədə-baba yurdlarından ayrı düşən, isti od-ocağından olan qarabağlılar səbirsizliklə böyük qayıdışı gözləyirlər. Həmvətənlərimiz doğma yurdlarına qayıtmaq, əzmlə işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək istəyindədirlər. Soydaşlarımız yenidən o doğma torpaqlarda yaşayacaq, quracaq, abadlaşdıracaq, xoşbəxt həyat sürəcəklər. İllərdir ölkəmizin dörd bir yanına səpələnmiş, pərən-pərən düşmüş el oğullarımız artıq bayramlarını da, xoş günlərini də, acılarını da birlikdə yaşayacaq, birlikdə ağlayıb, birlikdə güləcəklər...

 

 

 

Qarabağ cənnətə çevriləcək

 

 

Onlar tam əmindirlər ki, dəmir yumruğun zərbəsi ilə Qarabağı düşməndən azad edən Ali Baş Komandan İlham Əliyev tezliklə bu diyarı cənnətə çevirəcəkdir.

Dövlət başçısının da vurğuladığı kimi, xalqımızın birliyi sayəsində işğaldan azad edilən yerlərə yenidən həyat qayıdacaq: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Prezident İlham Əliyev yurdundan didərgin salınmış soydaşlarımızın dağıdılmış mülkiyyətinin bərpa ediləcəyini də bildirmişdir: “Mən söz verirəm ki, onlar üçün tikiləcək evlər əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir”.

 

 

XXI əsrin “Qarabağnamə”sini İlham Əliyev yazdı

 

 

Ermənilər tərəfindən zorla dədə-baba yurdlarından qovulan həmvətənlərimiz tezliklə doğma yurdlarına köçəcəklər. İşğaldan azad olunmuş bütün şəhər və kəndlərimiz abadlaşdırılacaq, tarixi, mədəni, dini  abidələrimiz bərpa olunacaq, o yerlərin əvvəlki şöhrəti də, şanı da özünə qayıdacaq.

Qarabağla bağlı illərlə xəyalını qurduğumuz bu arzuların çin olmasının, indi xoşbəxtliyini yaşadığımız bu günlərin şah memarı İlham Əliyevdir. Ali Baş Komandan xalqımıza qalibiyyət, qələbə sevinci bəxş etdi, yüz minlərlə məcburi köçkünün vətən həsrətinə birdəfəlik son qoydu...

Qətiyyəti, siyasi iradəsi, vətənpərvərliyi ilə XXI əsrin “Qarabağnamə”sini tarixə silinməz izlərlə həkk edən İlham Əliyevin həyata keçirdiyi bu müqəddəs missiya sayəsində Qarabağa yeni həyat bəxş edilir, insanlarının taleyinə xoşbəxt günlər yazılır...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 14 mart.- S.1-4.