Ermənilərin 91 faizi artıq Qarabağı düşünmür
Ermənistandakı siyasi böhran pik həddə çatıb. Hakimiyyət qolları arasındakı gərginlik davam edir. O cümlədən baş nazir Nikol Paşinyanla müxalifət arasındakı çəkişmənin həlli perspektivdə görünmür. Bununla belə vəziyyətin təhlili göstərir ki, müxalifətin və ordunun bütün cəhdlərinə rəğmən Nikol Paşinyan rəqibləri üzərində üstünlük qazanmaqdadır.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə Artak Davtyanın təyin olunması ilə bağlı təqdimatını ikinci dəfə təsdiq etməyib. Lakin ölkə qanunvericiliyinə görə A.Davtyan bu vəzifəyə avtomatik təyin olunur. Belə ki, Konstitusiyaya əsasən, prezident baş nazirin təqdimatına etirazını üç iş günü ərzində hökumət başçısına qaytara bilər. Hökumət başçısı bu etirazları qəbul etmirsə, prezident müvafiq fərman imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Prezident bu tələbləri yerinə yetirmirsə, baş nazirin təqdimatı avtomatik olaraq qüvvəyə minir.
Ermənistan prezidentinin saytında yer alan açıqlamada isə deyilir ki, Armen Sarkisyan fərman imzalamayacaq və Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. Bu da o deməkdir ki, A.Davtyanın artıq silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsini icra etmək hüququ var. Bununla da Paşinyan özünə yaxın olan şəxsi silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə gətirdi, ordunun onun üçün yarada biləcəyi təhlükəni aradan qaldırdı.
Paşinyanın bu məsələdə qalib gəldiyi bir vaxtda Ermənistanın xarici işlər naziri Ara Ayvazyan baş nazirin mövqeyinə zidd açıqlama ilə çıxış edib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahının hökumətin istefası tələbi ilə verdiyi bəyanat hərbi çevriliş cəhdi deyildi. Ayvazyan hesab edir ki, hərbçilərin açıqlaması yalnız onların siyasi mövqeyini əks etdirir: “Siyasi bir bəyanat verildi, bu da özlüyündə hərbi çevriliş cəhdi deyil. Bununla əlaqədar olaraq müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan oxşar qiymətləndirmələr oldu. Ermənistanda hərbi çevrilişin elementləri yoxdur”.
Göründüyü kimi, hakimiyyətin özündə belə baş verən proseslərlə bağlı yekdil fikir yoxdur.
Bu arada ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun Ermənistanda keçirdiyi ictimai rəy sorğusu bir sıra həqiqətlərə yeni işıq salıb. Sorğunun nəticələrindən görünür ki, erməniləri daha çox maraqlandıran onların sosial-iqtisadi vəziyyətləridir. Qarabağ məsələsi ermənilərin yalnız 9 faizini, sərhəd problemləri 5 faizini, Ermənistanın milli təhlükəsizliyi cəmi 3 faizini maraqlandırır.
Ümumiyyətlə, müharibədən sonra beynəlxalq təşkilatların Ermənistanda keçirdiyi sorğulardan belə nəticəyə gəlmək olar ki, cəmiyyətin böyük əksəriyyəti sosial-iqtisadi problemlərlə maraqlanır. Eyni zamanda insanlar indiki vəziyyətdə müxalifətə və keçmiş hərbi xuntaya dəstək verməməklə Nikol Paşinyana alternativ görmürlər.
Bununla belə ölkədə korrupsiya və rüşvətxorluq sürətlə artır. Bu, sadə ermənilərin və sahibkarların xaricə üz tutmasına səbəb olur. Hazırda Ermənistan əhalisinin 36,7 faizi kəndlərdə, 63,3 faizi isə şəhərlərdə yaşayır. Yerlərdə həyat şəraitinin ağırlığı kəndlərin sürətlə boşalmasına gətirib çıxarıb. Buna konkret misal olaraq Lori vilayəti göstərilir. Rəsmi məlumata görə, 15 il ərzində 38 mindən çox insan vilayəti tərk etməyə məcbur olub. Rəsmilər sürətlə azalmaqda olan əhalinin sayını artırmaq məqsədilə bol vədlər verir, insanları şirnikləndirir, xaricdə yaşayan erməniləri Ermənistana dəvət etmək üçün müxtəlif addımlar atırlar. Lakin bu vədlərə heç kim inanmır.
Ümumiyyətlə, son 30 ildə işğal siyasəti səbəbindən Ermənistan yerində sayıb, inkişafdan uzaq olub. Müharibədəki məğlubiyyətdən sonra isə ölkə elə bir böhrana düçar olub ki, ondan çıxmaq müşkül işdir. Ölkədə həlli görünməyən problemlər cəmiyyət həyatının bütün sahələrini başına götürüb.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 14 mart.- S.1;6.