Nizami poeziyasında Yer
haqqında elmlər
Nizami Gəncəvi ili
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Azərbaycanın klassik ədəbi-mədəni irsinə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb.
Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında sərəncamını alimlərimiz Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırış kimi dəyərləndirir. N.Gəncəvi yalnız ədəbiyyatın və sənətin yox, ümumiyyətlə, bəşəri sivilizasiya tarixindəki elə nadir simalardandır ki, onun yaradıcılığına verilən qiymət və bəslənilən ehtiram heç bir milli, irqi, dini, coğrafi sərhəd tanımır. Hər baxımdan bu nurlu insan üçün zaman çərçivəsi də mövcud deyil. Əminliklə deyə bilərik ki, onun yaşayıb-yaratdığı dövrdən keçən 880 il zaman baxımından Nizami əbədiliyinin yalnız bir epizodudur. O, tarixin hər hansı ictimai formasiya təzahürlərinin və maraqlarının fövqündədir, bəşəriyyətin addımladığı siyasi-ictimai mərhələlər onun qiymətləndirilməsində heç bir rol oynamır. Çünki 5 epik poema-romandan ibarət 60 min misralıq “Xəmsə” və lirik şeirləri öz bədii-estetik və ictimai-fəlsəfi səviyyəsinə və elmi əhəmiyyətinə görə XII əsrdə necə müasir və aktual idisə, bu gün də həmin yüksək keyfiyyətləri saxlayır.
Qədim mənbələrin verdiyi və nüfuzlu tarixçilərin, şərqşünasların da təsdiq etdikləri məlumata görə, Nizami Gəncəvinin iyirmi min beyti (qırx min misra!) müharibələr, qarətlər, yanğınlar, zəlzələlər nəticəsində itib-bataraq dövrümüzə gəlib çatmamışdır. Buna baxmayaraq, Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatşünaslığında Homer, Vergili, Dante, Şekspir ilə bir sırada durur. Təsadüfi deyil ki, İ.V.Höte Nizami Gəncəvini “bütün zamanların və xalqların şairi” hesab edirdi. H.Heyne isə emosional tərzdə yazırdı: “Almaniyanın öz böyük şairləri var... Ancaq onlar Nizami ilə müqayisədə kimdirlər ki?”
Fərəhli haldır ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması, dahi şairin öz yaradıcılığında əks etdirdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda təbliğ olunması məqsədilə bir necə il əvvəl İngiltərədə Oksford Universitetinin nəzdində N.Gəncəvi Mərkəzi təsis edilmişdir. Bu təşəbbüs AMEA-nın vitse-prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevaya məxsusdur. Həmin mərkəzin yaradılmasını Azərbaycan humanitar elminin böyük qələbəsi kimi qiymətləndirmək olar. Bu gün Oksford Universitetinin N.Gəncəvi Mərkəzi müxtəlif istiqamətlərdə elmi tədqiqatlar apararaq xüsusi elmi seminarlar (vebinarlar) təşkil edir. Mərkəz eyni zamanda Oksford Universitetində onlayn sərgilər də təşkil edir və Azərbaycan, Qafqaz, Yaxın Şərq tarixinin öyrənilməsinin müxtəlif aspektlərinin tədqiq olunmasına zəmin yaradır. Dahi şairimizin 880 illik yubileyi ilə bağlı nəzərdə tutulan digər tədbirlər də diqqətəlayiqdir.
N.Gəncəvi, hər şeydən əvvəl,
realist şair idi. Onun yaratdığı obrazlar dinindən, dilindən,
irqi mənsubiyyətindən asılı olmayaraq, Yer
üzünün sakinləridir və onlar konkret əməl
sahibləridirlər. Hər cür faydalı məşğuliyyət
zəhmət, əmək tələb etdiyindən N.Gəncəvinin
əmək və sərvət haqqında yaratdığı
mükəmməl təlimə görə, əmək maddi və
mənəvi sərvətləri artıran əsas mənbədir.
O, əməyin yüksək nəticələr
verməsi üçün, ilk növbədə, onun azad əmək
olmasını, hər kəsin öz qabiliyyətinə
görə işlə təmin edilməsi fikrini, əmək
adamının daim öz bacarıq və
ustalığını artırması ideyalarını irəli
sürmüşdür.
Şair yazır ki, bir çox dilləri (qədim yəhudi, ərəb, fars, latın, yunan və s.) bildiyindən dünyanın məşhur alimlərinin əsərlərini diqqətlə oxuyub öyrənmişdir. Məhz bu cür hazırlıq nəticəsində tarix, dil, astronomiya, həndəsə, fizika, kimya, məntiq, fəlsəfə, ilahiyyat və digər sahələr üzrə elmi biliklərini poeziya dili ilə əbədiləşdirə bilmişdir. N.Gəncəvi mütəfəkkir alim kimi elmin onun qarşısında qoyduğu vəzifəni özünün “Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı” şüarı ilə şərəflə yerinə yetirmişdir.
N.Gəncəvinin
“Xosrov və Şirin” əsərindən bir parçaya diqqət
edək (şeir misralarında məzmunca müxtəlif elmi məsələlərə
aid mülahizələr Ə.Əhmədovun “Nizami -
elmşünas” əsərinə (Bakı- 2011) istinadən
verilir):
Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənciri.
Kəhrəbanın eşqə düşməsə canı,
Belə cəzb etməzdi quru samanı.
Dünyada göhvər var, daş var nə qədər,
Onlar nə bir saman, nə dəmir çəkər.
Bu
saysız-hesabsız maddələr yenə,
Bax gör meyl edirlər mərkəzlərinə.
Göyə
doğru çox qalxarsa su,
Yenə
torpaq olar ən son arzusu
Kainatda hər şey cəzbə bağlıdır.
Bu misralarla şair öz dövründə elmə o qədər
məlum olmayan elektromaqnit anlayışından bəhs edir və
eyni zamanda indi “ümumdünya cazibə qanunu” kimi mühüm
əhəmiyyətli qanunun varlığını sübut
edir. Həmçinin dövri olaraq dəyişən
elektrik və maqnit sahələrinin fəzada
yayılmasının elektromaqnit dalğaları olduğunu
göstərmişdir. Bu sübut olduqca dəqiq,
real faktlarla nəzmə düzülərək insanı valeh
edir. Xatırladaq ki, bu qanun Nizami
dövründən çox-çox sonralar - 1667-ci ildə
Nyuton tərəfindən fizikada qanuniləşdirilmişdir.
“Leyli və
Məcnun” əsərindəki misralara nəzər salaq:
Yerin hüdudundan o tərəfdə
də
...buludlar
fələklər qarışır yenə,
Onlar
bir-birinə sarılmış bərk-bərk,
Hamısı
tor kimidir gəzir kürətək
Bu kürə
şəklində yalnız yer deyil,
Hər xətt
hərlənir yuvarlaqdır bil...
Burada heyrətamiz məqam odur ki, “süd yolu”nun tədqiqində
etdiyi kəşfləri ilə məşhurlaşmış
Niderland astronomu Oort (1900-1992) planetlər sisteminin
izahını vermişdir. Şair Nizami isə
XII əsrdə şeirin dili ilə Yerin
fırlandığını səsləndirirdi. Hətta tək Yerin yox, kainatdakı bütün
göy cisimlərinin fırlandığını söyləyirdi.
Həmin əsərdən daha bir neçə misra:
...Tüstü
bu dərədən qalxar yuxarı,
İki-üç
cidalıq gəzər rüzgarı,
Sonra əyilərək
geriyə dönər,
Bu Yer
kürəsinin başına enər,
deməklə şair bizi əhatə edən atmosfer qatını bir
tüstüyə bənzədir, onun da varlığından xəbərdar
olduğunu şeirin dili ilə söyləyir.
Pərgar
xətt kimi dolanan fələk
Yalnız
bu qaydada dövr edir gerçək
misraları müəyyən kənaraçıxmaları nəzərə
almasaq, yerin öz oxu ətrafında bərabər sürətlə
hərəkətinə birbaşa işarədir.
Daha sonra “İsgəndərnamə”yə müraciət
edək.
Burada da heyranedici məqamlar çoxdur:
Əvvəl
mövcud oldu tək hərəkət,
Onu iki yerə ayırdı sürət.
Hər
iki hərəkət gəlib bir yerə,
Əvvəlki hərəkət ayrıldı yenə.
Bu
üçü qoşulub bir-birinə,
Üç
xətt zahir olur üç hərəkətdən,
Üç dövrə yarandı ondakı xətdən.
Burada hərəkətin
mövcudluğunu söyləyən şair, ondan yaranan bərabərsürətli
və dəyişən sürətli hərəkəti də
görə bilmişdi. Eyni zamanda fəza və
zaman anlayışına toxunaraq üçoxlu koordinat
sisteminin mövcudluğunu aydın şəkildə göstərmişdir.
Zərrə qədər boyası rəngi varmı
havanın?
Tutqunluğu könüllər oxşayırmı
havanın?
Hər kim ki, əyninə göy paltar geyər,
Günəşi
özünə çörək eyləyər...
Şair burada
işığın dispersiyası mövzusuna toxunub. Bildiyimiz kimi, Günəş şüaları yerə
çatana qədər fəzada səpilir və spektral qaydada
müxtəlif şəklə düşür. Göyün üzü mavi rəng alır. Böyük
filosof bir şeirində Yer üzündə yalnız ağ rəngin mövcudluğunu, qalan
bütün rənglərin ondan alınmasını xüsusi
ustalıqla qələmə alır:
Səma
saflığında gümüş qədər ağ,
Günəş kimi təmiz gün kimi parlaq.
Gündüzün
işığı ağlığındadır,
Ayın yaraşığı ağlığındadır.
Rənglər
sünidir, dünyada bir ağ,
Bilməyir sünilik bilməyir boyaq.
Ümumiyyətlə, Nizami irsində dünyəvi,
fiziki qanunauyğunluqlar tükənməzdir. Onu da qeyd edək
ki, Nizami dünyaya başqa cür baxa bilməzdi. Şairə görə, kainatın hər iki
üzü - görünəni və görünməyəni
bilavasitə elmlə bağlıdır. Ona
görə də oğluna nəsihət nümunəsində
insanları elm öyrənməyə
çağırırdı.
...Bir elm
öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
...Qüvvət
elmdədir, başqa cür heç kəs,
Heç
kəsə üstünlük eyləyə bilməz!
...Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan da gövhər çıxarar.
Dövrümüzdə Nizaminin qələmə
aldığı elm sahələri ilə bağlı
düşüncələri haqqında kifayət qədər
kitablar, elmi əsərlər yazılmışdır. Əslində
biz, müasir ifadə ilə desək, Yer elmlərini ehtiva edən
sahələr barədə Nizami Gəncəvinin poetik
mülahizələrinə toxunmağımız bu gün daha
məntiqlidir. Elminin və zəkasının,
təbi və istedadının vurğunu olduğumuz Nizaminin əsərləri
tükənməz bir bilik xəzinəsidir. Elmlə şeirin vəhdətindən yaranan bu
poeziya uzun zamandan bəri mütəxəssislərin tədqiqat
obyektinə çevrilsə də, bu günə kimi
lazımınca öyrənilməmiş və qiymətləndirilməmişdir.
Nizami Gəncəvi
şair kimi məşhur olsa da, əslində ona
“alim-şair”, bəlkə də “şair-alim” demək daha
düzgün olardı. Çünki o
öz dövrünün elmlərinə vaqif olmaqla hər bir
elmi mətləbi şeir dilində təqdim edir; eləcə
də onun adi həyati məsələlər haqqında
yazdığı şeirləri belə elmlə doludur.
“Xosrov və Şirin” əsərində oxuyuruq:
Cəhətin
başına altı yaxa saldı,
Yerin qucağına dörd gövhər atdı.
Burada Nizami aləmin xilqətinin həndəsi və
maddi təsvirini verir. Bundan ötrü o, Evklid həndəsəsini
və Aristotel fizikasını əsas götürür.
Beytin birinci misrasında fəzada olan altı cəhət
nəzərdə tutulur, ikinci misrada isə aləmin fiziki və
maddi əsasını göstərmək üçün
Aristotel nəzəriyyəsində qəbul edilmiş dörd
ünsürə istinad edilir. Bu nəzəriyyəyə
görə, bütün maddi varlıqlar dörd bəsit maddədən
əmələ gəlir: torpaq, hava, su, od.
Nizami bunları “dörd gövhər”
adlandırır. Çünki onun fikrincə,
bütün aləmin cövhərini onlar təşkil edir.
Təbiidir ki, maddi aləmdə baş verən
hadisələrə bəsirət gözü ilə baxan hər
bir müşahidəçini, ilk növbədə, hərəkət
maraqlandırır. Axı bütün təbii
hadisələr hərəkətin müxtəlif növləri
sayəsində meydana cıxır. Bu hərəkətin
ən sadəsi mexaniki hərəkətdir ki, hər
addımda onunla rastlaşırıq. Dediyimizə misal
olaraq “Leyli və Məcnun” əsərindən
aşağıdakı misralara diqqət edək:
Səhradan
qalxan hər bulud da
Öz məqsədinə
çatmağa tələsir;
Əlləşir
ki, ən yüksək yerə qalxsın,
Amma
öz yüksəlmə həddini keçə bilməz,
O da
dövr etməyə başlayır,
Dairələnməyə meyl göstərər.
Görərsən
ki, çadır şəklində dayanıb,
Başını yerin üfüqünə qoymuşdur.
Köçünə,
karvanına baxsan,
Görərsən ki, meyli dairəyədir.
Nizami deyir ki,
tüstü və buxar (buludlar) yerdən yuxarı qalxsalar da,
bu qalxma müəyyən sərhəddə olur, ondan sonra
cazibə qüvvəsi onları Yerin dövrəsində
dolanmağa vadar edir.
Nizami təbiətdə küləklərin
fəaliyyətini və onların torpağa göstərdiyi təsiri
belə təsvir edir:
Bir
külək ki, torpağı (tozu) qovmaq vəkilidir,
Təpənin,
dərənin fərraşıdır;
Bundan
alır, ona verir,
Mayanı (torpağı) gah aparır, gah gətirir.
Sonra yerin daxili quruluşu haqqında
yazır:
Nə qədər
ki, təbəqə-təbəqə yer görünür,
Torpaqdır ki, taya-taya qoyulmuşdur.
Burada sadə şəkildə
olsa da, Nizami geologiya elminin elementlərinə toxunur və yerin
üz təbəqəsini təsvir edir (Yer
qabığının lay-lay olmasını). Sonra zəlzələdən
söz açır:
Gah zəlzələ,
gah sel qalxır,
Torpağı buradan alır, oraya tökür.
Elə ki
zəlzələ (dağılıb) səpələyir,
su yuyub aparır,
Yer lövhəsində bir yarğan açır.
O
yarğan zamanın təsirindən
Axırda bir vadiyə çevrilir.
Nizami həm
qədim, həm də öz dövründə mövcud olan
bütün elmlərə vaqif və hər cəhətdən
kamil bir alim olduğu üçün “Xosrov və Şirin” əsərində
məğrurcasına deyir: “Fələklərin sirrini məndən
kim soruşdu ki, onları bir-bir ona başa
salmadım?”
“İsgəndərnamə” əsərinin qəhrəmanı
İsgəndər bütün elmlərdən xəbərdar
bir padşahdır. Lakin o, öz elmi ilə kifayətlənmir.
Onu maddi aləmin və bütün kainatın
mahiyyəti, yaranışı, ilk mənşəyi,
inkişafı və onun keyfiyyəti maraqlandırır.
Bu sahədə elmi həqiqətə nail olmaq
üçün özünün etibar bəslədiyi yeddi
filosofun iştirakı ilə bir elmi məclis təşkil
edir və maraqlandığı elmi məsələlər bərədə
onların rəyini soruşur. Birinci Ərəstun
sözə başlayır. Yığcam və gözəl
beytlərdə Nizami Gəncəvi Ərəstunun fikrini, onun
“dörd ünsürünün”, yəni su, torpaq, od və
havanın əmələ gəlməsi tarixini təsvir edir. Ərəstunun fikrinə görə, bu dörd
ünsür əmələ gələndən sonra onların
hər biri öz mərkəzində qərar tutub. Yəni
torpaq ilə su aşağıda, od ilə
hava isə yuxarıda yerləşiblər. Sonra
bu ünsürlər bir-birinə qarışıb, onlardan
müxtəlif bitkilər əmələ gəlib, daha sonra o
bitkilərdən heyvanlar meydana çıxıb.
Ərəstundan sonra
Vales, Bolinas, Sokrat, Forxuriyus, Əflatun və İsgəndər
danışır. Sonda müzakirəyə Nizami yekun
vurur və öz sözünü deməyə
başlayır:
Bundan
artıq danışmaq bəyənilməz
ki, bu
dünyanın nəqşi nəqqaşsız deyil.
Bütün
varlıqların böyük yaradanı
Yüksək
və ya alçaq hər nə yaradıbsa,
Öz nuru ilə gözləri açmışdır.
Şair eyham vurur ki,
insanın yaranmasından milyard illər qabaq yaranmış
kainatın xilqətinə əql gözü ilə yol tapmaq
mümkün deyil. Nizaminin sözü ilə
desək, “bu yolun uzunluğunu ölçmək” işində
insan əqli acizdir. Odur ki, Nizami
yaranış əməliyyatına əl atmağı məsləhət
bilmir. Amma o, hər şeyə göz yumub
oturmağı da bəyənmir. Bu barədə o, “Leyli
və Məcnun” əsərində belə deyir:
O mayədən
ki, təbiətləri yoğurdular,
Bizim üçün başqa bir vərəq
yazdılar.
Ta ki, diqqətlə
baxaq, sirr axtaraq,
İşin
ucunu axtarıb tapaq,
Yeri və asimanı görək.
Bir-bir bunu da, onu da araşdıraq.
Nizami “Sirlər xəzinəsi”ndə aşkar şəkildə
çatdırır ki, Allah bütün maddi aləmi “öz
feyzindən atdığı bir qətrədən” yaradıb. Məlumdur ki,
Nizaminin bu fikri ilə sovet dönəmində heç kəs razılaşmazdı.
Maddənin-materiyanın heç nədən
yaranması sovet elmi baxımından qəbuledilməz idi.
Lakin sovet elminin sütunlarından biri, dünya şöhrətli
alim Y.B.Zeldoviç vəfatından bir az əvvəl
- 1986-cı ildə “İzvestiya” qəzetinə verdiyi
müsahibədə belə demışdi: “Paradoksal
görünsə də, mənim mülahizələrim və
apardığım hesablamalar məni bu nəticəyə gətirmişdir
ki, kainatın maddəsi heç nədən (yoxdan) meydana
çıxmışdır”.
Mövhumata inanmayan və onu qamçılayan Nizami qiyamət
məsələsinə elmi nəzərlə baxır və
belə mülahizə edir ki, bir vaxt səma cisimlərinin
ömrü qurtaracaq, onların hazırkı nizamı
dağılacaq, Günəş, Ay, Yer və digər səyyarələr
arasında olan indiki dayanıqlı müvazinət pozulacaq. Müasir
astrofizika elmində səma cisimlərinin assosiasiyası və
təkamülü haqqında olan bu mülahizələr deyilən
fikri təsdiq edir. Vaxtilə bir mərkəzdə, bir
nöqtə halında toplanmış “bir qətrə”, indi
kainatın ən uzaq guşələrində əvvəlki mərkəzdən
uzaqlaşan sonsuz hissələrə ayrılıbsa və
onlar mərkəzdən uzaqlaşaraq “genişlənən
kainat” təşkil edirlərsə, bir vaxt bu genişlənmə
dayanacaq, sonra həmin hissələr yenidən əvvəlki mərkəzə
tərəf meyil edəcək, “sıxılan kainat”
dövrü başlanacaq və bir müddətdən sonra
kainatda olan maddələr yenə də bir nöqtədə
toplanacaq, “kollaps” deyilən hal olacaq. Kollaps
halında maddə fantastik dərəcədə
sıxılır. Hesablamalar göstərir
ki, Yer kürəsi kollaps halına düşərsə, o,
radiusu 9 mm olan kürəyə çevrilər. Kollaps halına düşmüş maddənin cazibə
qüvvəsi o qədər böyük olur ki, ona
yaxınlaşan hər bir şeyi udur, hətta, ona düşən
şüaları da udub kənara əks etdirmir. Buna görə də kollaps halına
düşmüş cismi görmək olmur. Kainatda belə cisimlər mövcud olsa da, biz
onları görə bilmirik. Müasir kosmologiya bu nəticəyə
gəlmişdir ki, “genişlənən” və “sıxılan”
kainat, materiyanın periodik surətdə gah bir nöqtədən
sonsuzluğa, gah da əksinə yönəlmiş xüsusi
inkişaf mərhələləridir və onun bəlkə də
təkamülüdür.
N.Gəncəvi kainatın əmələ gəlməsi,
inkişafı və bir vaxt da onun fəlakətə
uğrayıb dağılacağı məsələsindən
danışdığı kimi, onun mövcud vəziyyəti
ilə də maraqlanır. Kainatda Yer kürəsinə
oxşar cisimlərin olub-olmaması məsələsi də
onu düşündürür.
Nizaminin əsərlərində İran, Yaxın Şərq
və Azərbaycan xalqlarının qədim dövrlərdəki
həyat tərzi və adətlərinə aid çoxlu məlumat
var. O, elşünas və ya indiki istilahla ifadə etsək,
bir etnoqraf, coğrafiyaçı kimi qiymətləndirilə
bilər.
Şair “Xosrov və Şirin” əsərində Məhin
banunun həyat tərzini təsvir edərək deyir:
Hər
bir fəsildə özü üçün
Müəyyən
bir iqlimdə yer seçir:
Gül fəslində
onun yeri Muğandır ki,
Ayaq
basdığı yerlər (həmişə)
yaşıllıq olsun.
Yayda
Ərmən dağlarına çıxır,
Bir-bir güllükləri və talaları nazla gəzir.
Payız
vaxtı Abxaza gedir,
Ov dalınca quş kimi uçur.
Qışda Bərdəyə meyl göstərir,
Çünki qışda Bərdənin
havası ilıq olur.
Bu qayda ilə dörd fəsil onun hesabında,
Hər fəsil üçün öz havası
onun ixtiyarındadır.
Beləliklə, məlum olur ki, Nizami təkcə şair yox, həm də alim, kamil tədqiqatçı, genişmiqyaslı tarixçi, bir neçə xarici dilə bələd olan dilçi, nəsihətləri, tövsiyələri səkkiz əsr müddətində köhnəlməyən və bugünkü nəsil üçün daha vacib olan bir əxlaq alimidir. Cəsarətlə demək olar ki, onun əsərləri hələ tam tədqiq edilməmiş və layiqincə qiymətləndirilməmişdir. Amma ümid etmək olar ki, 20 ildən sonra dahi şairin 1000 illik yubileyinə kimi bu dahi şəxsiyyətin bütün insani, irfani, elmi, fəlsəfi və digər məziyyətlərini ehtiva edən obyektiv ensiklopediya tərtib olunacaq və dünya dillərinə tərcümə ediləcək. Düşünürük ki, Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamından irəli gələn vəzifələrin daha dolğun icrası üçün N.Gəncəvinin adı ilə bağlı bütün istiqamətləri dərindən öyrənib dünyada əlçatan etmək məqsədilə Azərbaycanda Nizami Tədqiqat Mərkəzi yaradılması məsələsinə dövlət səviyyəsində baxılacağı da məqsədəuyğun olardı.
P.S.
1939-cu ildə Azərbaycan SSR MK tərəfindən Nizami Gəncəvinin
800 illik yubileyinin keçirilməsi qərara alınır. Amma
bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər
hansı şəkli olmur. Buna görə də müsabiqə
elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və
rəssamlar işə cəlb edilir. Müxtəlif variantlarda
Nizaminin portretini çəkirlər. Nizamişünas Yevgeni
Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas
Həmid Araslı Nizaminin xarici
görünüşünün təxmini necə olduğunu
dedikdən sonra Üzeyir Hacıbəyli deyir ki, “sizin dediyiniz
parametrlərdə Ağcabədidən bir axund
tanıyıram”. Həmin axunda Tarix - Diyarşünaslıq
Muzeyindən alınmış geyimlər geyindirildikdən
sonra rəssam Qəzənfər Xalıqov (1898-1981) Nizami Gəncəvinin
portretini yaradaraq müsabiqənin qalibi olur.
Akif
ƏLİZADƏ,
AMEA Geologiya və Geofizika
İnstitutunun direktoru, akademik
Azərbaycan.-2021.- 14 mart.- S.5.