Həyat və fəaliyyətləri örnək olan dövlət qulluqçuları unudulmur

 

 

Azərbaycanın kəhkəşanlı keçmiş tarixindən bugünə qədər çətin, burulğanlı quruluşlar yaşansa da, zaman-zaman həmişə dövrünə uyğun dəyərli siyasətçilər, alimlər, şairlər, hərbçilər, aparıcı ziyalılarla yanaşı, rəhbər kadrlar da yetişmişdir. Həmin insanlar da siyasi quruluşların hər keçid dövründə dövlətin idarə edilməsində və dövlətçiliyin qorunub saxlanılmasında müsbət rol oynamışlar. Belə rəhbər kadrlardan biriSalman Süleyman oğlu Cəfərovdur. Yaşasaydı indi ömrün 96-cı baharındaydı. 1925-ci il dekabrın 31-də Cəlilabad rayonunun Göytəpə şəhərində sadə bir əməkçi ailəsində anadan olmuşdur. Atası Məşədi Süleyman ailə vəziyyəti ilə əlaqədar olaraq Şamaxıdan əvvəlcə Salyan rayonuna, sonradan da Cəlilabad rayonuna köçmüş və ailə burada məskunlaşmışdı.

S.Cəfərov orta məktəbi bitirdikdən sonra əvvəlcə “Bakı fəhləsi” kolxozunda hesabdar, “Azərneftkəşfiyyat” Trestinin rayon şöbəsində mühəndis-iqtisadçı, Kənd Təsərrüfatı Nazirliyində inspektor, Azərbaycan SSR Nazirlər Sovetində referent məsləhətçisi vəzifəsində işləmiş, 1953-1956-cı illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbini bitirmişdir.

1956-1963-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində, 1963-1989-cu illərdə Respublika Xalq Nəzarəti Komitəsində sədr müavinibirinci müavin işləmişdir.

Respublikanın 90-cı illərdəki hakimiyyətsizliyinin təsiri Salman Cəfərova da dəymiş və o vəzifəsindən azad edilmişdir. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda böyük iqtisadçı vəzifəsində işləmişdir. Bu müddətdə o  bir çox haqsızlığa, təqiblərə məruz qalmış, işsiz günlər keçirmiş, amma heç vaxt əqidəsindən dönməmişdir. Respublikadakı xaos, hərc-mərclik hallarını tənqid etmiş, vaxtilə görülmüş işlərə kölgə salan yersiz danışanların cavabını yerində vermişdir. 1969-1982-ci illəri Azərbaycanın sosial-iqtisadi-mədəni inkişafının təməli kimi qiymətləndirmişdir.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın tələbilə hakimiyyətə  qayıtdıqdan sonra ədalət bərpa olundu. Ulu Öndər Salman Cəfərovu Prezident Aparatında Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsinə təyin etdi.

Ümummilli Lider Heydər Əliyev bilirdi ki, Salman Cəfərov əsl vətən oğludur, möhkəm əqidəyə malik şəxsdir. O, 1995-2006-cı illərdə bu vəzifədə işlədi. O dövrdə vəziyyət mürəkkəb idi. Cəmiyyətdə dövlət intizamının möhkəmlənməsinə ciddi ehtiyac var idi. Salman Cəfərov bu vəzifədə fədakarcasına çalışdı. Şöbənin formalaşmasında əhəmiyyətli olan işlər gördü. Dövlət orqanlarının fəaliyyətində yoxlama və nəzarət funksiyalarını həyata keçirən şöbənin müasir tələblərə uyğun təkmilləşdirilməsi işinə öz dəyərli töhfələrini verdi.

Salman Cəfərovun həyat fəaliyyətinə nəzər saldıqda görürük ki, o, üst-üstə ömrünün 40 ilə yaxınını Respublika Xalq Nəzarəti orqanlarının inkişafına sərf etmişdir. Ümumiyyətlə, vəzifəsindən asılı olmayaraq, uzun illər boyu çalışdığı bütün sahələrdə o, daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Həmişə sadə əməkçilərin, əliqabarlının, zəhmətkeşlərin, düz əqidəli, vicdanlı adamların tərəfində dayanmışdı. Onun tutduğu vəzifə, o dövrün tələblərinə uyğun fəaliyyəti cəmiyyətdə əliəyriliyə, qanun pozğunluqlarına, dövlət əmlakının dağıdılmasına qarşı ciddi mübarizə olmuşdur, nöqsanları aradan qaldırmaq tədbirlərilə yanaşı, cəzalandırmaq, yeri gələndə inzibati orqanları bu işə qoşmaq təşəbbüsündə də olmuşdur. Amma bir şərtlə ki, hər şey ədalətli, qərəzsiz, qanunların aliliyinə söykənmiş olmalıydı.

Bütün bunlara görə mən deyərdim ki, ovaxtkı sovet dönəmində respublika Xalq Nəzarəti Komitəsi bir həyat məktəbi idi. Bunun nəticəsi idi ki, o orqanın kadrları hara göndərilirdi, hansı rəhbər vəzifəyə irəli çəkilirdisə, özlərini doğruldurdular.

Ümumiyyətlə, o vaxtlar respublika Xalq Nəzarəti Komitəsinin bütün işçiləri, rayon komitəsinin sədrləri, hətta ictimai fəallar da daxil olmaqla irəli çəkilir və hər birinin də üzərində nəzarət olunurdu. Bu sahədə Salman Cəfərovun böyük xidmətlərini danmaq olmaz.

Salman Cəfərovun uzun illər boyu qüsursuz fəaliyyəti həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, bir sıra ali ordenmedallarla, fəxri fərmanlarla, döş nişanları ilə təltif edilmiş, Azərbaycan SSR-in “Əməkdar iqtisadçı” fəxri adına layiq görülmüşdür. Həmçinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində “Rəşadətli Əməyə görə”, “Əmək Rəşadətinə görə” medalları, iki dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, “Xalqlar Dostluğu” və Azərbaycan Respublikasının “Şöhrət” ordenləri ilə mükafatlandırılmışdır.

Respublikanın qocaman dövlət qulluqçusu Salman Cəfərov həmçinin 1980-1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin X-XI çağırış deputatı olmuşdur.

İnsan keçdiyi ömür yoluna dönüb baxanda öz izini görə bilmir. Nadir insanlara nəsib olur ki, həmişə xatırlanır. Çünki onun əməllərinin, ideyalarının, haqq-ədalətə söykənərək sərf etdiyi ömrünün özündən sonrakı izi qalır. Həmişə dövlətə və dövlətçiliyə sadiq, düzgünlük tərəfdarı, haqqın tapdanmasına qarşı barışmaz olan mübariz insan Salman Süleyman oğlu Cəfərov məhz belə insanlardan idi.

Bu gün də rəhbər vəzifələrdə çalışan hər bir məmur üçün Salman Cəfərov kimi saf əqidəli, mənən təmiz, dövlətinə, xalqına, rəhbərinə sadiq adamların fəaliyyəti və  həyat tərzi bir örnək, meyar olmalıdır. Çünki o, dəbdəbədən uzaq, ölçülü-biçili, vicdan ülgüsündən kənara çıxmayan, heç kəsə əyilmədən sadə və mənalı bir həyat yaşamışdı. Bundan sonra da Azərbaycan dövlətinin, onun müdrik və qədirbilən xalqının ədalət tərəzisində belə əqidəli insanların ad çəkisi həmişə yüksəkdə dayanacaqdır.

Salman Cəfərov 2015-ci il oktyabr ayının 23-də ömrünün 90-cı ilində vəfat etmiş, Bakı şəhərinin Köhnə qəbiristanlığında həyat yoldaşı Səidə xanımın məzarı yanında dəfn edilmişdir.

Onun əziz xatirəsi dövlət rəhbərləri, ünsiyətdə olduğu, birgə fəaliyyət göstərdiyi insanlar, doğma və əzizləri tərəfindən həmişə yad edilir.

Bunun bariz nümunəsi olaraq bildirirəm ki, onunla birlikdə işləmiş və özünü onun yetişdirməsi hesab edən, respublikanın müxtəlif rəhbər orqanlarında işləyən, onu yaxından tanıyan dost-tanışları, dövlət adamları ölümündən sonra Salman Cəfərov haqqında xatirələr kitabını çapdan buraxdırmışdır. Kitabın tərtibçisi və ön sözün müəllifi uzun müddət Respublika Xalq Nəzarəti Komitəsində işləmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov çox böyük fərəhlə onun haqqında olan xatirələri toplamağa nail olmuşdur.

Xatirələrdə tanınmış ziyalılar və rəhbər işçilər Ziyad Səmədzadə, Musa Məmmədov, Şahlar Əsgərov və digərləri faktlara söykənən çox kövrək xatirələr və nümunəvi fikirlər söyləmişlər.

Professor Şahlar Əsgərov xatirələrində maraqlı bir sitat gətirir: “Ulu Öndər Heydər Əliyevin bir kəlamında deyilir: “Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”.

Salman Cəfərov da şərəfli ömür yaşamağı seçdi.

O vaxtlar nüfuzlu kadrların yetişdirilməsi, Salman Cəfərov kimi səriştəli, əqidəli insanların rəhbər vəzifələrə təyin edilməsinin və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında görülən işlərin, eləcə də uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün də Azərbaycanda güclü idarəçilik sistemi, dövlət nəzarət sistemi qurulmuşdur. Ümummilli Liderin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə nəzarətin saflığı təmin edilir, korrupsiyaya qarşı sistemli mübarizə aparılır və əhəmiyyətli nəticələr əldə olunur. Bu nəticələr qalib ölkəmizin Ali Baş Komandanına olan xalq inamı ilə, öz rəhbərinə sadiq, qədirbilən, saf insanlar hesabına qazanılır.

Respublikamızın bu gün çiçəklənməsi naminə ömür sərf etmiş, xalqa, vətənə sədaqətlə xidmət göstərmiş Salman Cəfərov kimi  fədakar dövlət qulluqçuları da heç vaxt unudulmur.

 

 

Vəliyəddin İSMAYILOV,

təqaüddə olan dövlət qulluqçusu, Respublika Ağsaqqallar Şurasının üzvü

Azərbaycan.-2021.- 14 mart.- S.6.