Şərqin birlik bayramı

 

Şərq, o cümlədən türk xalqlarının qədim bayramı olan Novruz şimal yarımkürəsində astronomik baharın başlandığı gün, gecə ilə gündüzün bərabərliyi qovuşuğunda keçirilir. Qədim dövrlərdə bu bayramın adı Novruz deyil, Tura adlanardı. Tura - Törə (törəmək) sözündən yaranıb ki, bu gün dilimizdə işlətdiyimiz Turan sözübu addan götürülüb. Əcdadlarımız qədəm qoyduqları bütün bölgələrdə Tura bayramını böyük coşqu ilə qeyd ediblər. Tura yeni günün başlanğıcı kimi qeyd edildiyindən farslar bu sözü Nov - yeni, ruz - gün ilə əvəzləyiblər. Sonralar elə bayramın adı Novruz kimi yaddaşlarda daha çox yaşayıb.

Martın 21-də günəş şimal yarımkürəsinə keçir və oranı isitməyə başlayır. Beləliklə də, o gün baharın başlanğıcı olaraq qəbul edilir. İran və Əfqanıstanda isə martın 21-i rəsmi təqvimin də ilk günü sayılır.

Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırdların Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram bir sıra türk xalqları tərəfindən müxtəlif, rəngarəng adətlərlə el bayramı kimi geniş qeyd olunur.

Türkiyənin Anadolu bölgəsində “Sultan Novruz”, “Novruz Sultan”, “Mart doqquzu” və “Mart Bozumukimi adlarla tanınan Novruz adətləri bütün türk toplumu içərisində yaşadılır. Bu bölgədə Azərbaycanda olduğu kimi, qapı busma, baca-baca adətləri yaşadılır. Anadolu ətrafında bu oyunlar adətən martın 21-də böyük coşqu ilə keçirilir. Keçmişdə həmin günə xas olaraq məcunlar, şərbətlər, hədiyyələr hazırlanaraq dövlət adından böyükdən kiçiyə hər kəsə paylanardı. Günümüzdə bu adət Anadoluda “Məsir Məcunu Şənlikləri” adı altında hələ də davam etməkdədir.

K.Yudahinin əsərində Qırğızıstanda Novruz bayramının  mart ayında olduğuyeni ilin ilk günü anlamına gəldiyi ifadə edilir. Bu gündə “Nouruz Köcö” deyilən xüsusi yemək hazırlanır. “Köcö” darı yarması və ya bulqur əlavəsi ilə hazırlanan yemək növüdür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən və əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. OnlarAlas-alas, hər bəladan xilas” deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.

Qazax türkləri də qırğızların hazırladığı həmin aşı bişirirlər. Onlar Novruz mərasimlərində ənənəvi olaraq mövlud oxudurlar.  Həmin gün evlərdə təmizlik işləri aparılır, yeni paltarlar geyinilir. Novruz mərasimləri sırasında evlərin divarlarına və əşyaların üstünə gildən hazırlanmış qabları çırparaq parçalamaq və ocağın üstündən atlanmaq adətləri də var. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır.

Türkmənistanda bayramdan beş-altı gün öncə evlərin təmizlənməsinə başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. “Səməni” Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük qazanda buğda, un və şəkərdən “səməni” bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək martın 21-də süfrələri bəzəyir. Qarşılıqlı ev ziyarətləri edilir, təbrik mesajları göndərilir.

Özbəkistan böyük bir məmləkət olduğu üçün ölkənin hər yerində müxtəlif adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyirlər. Üzlərini böyük bir qocaman qadının - Sus xatının şəklinə tutub yağış istəyirlər. “Sus xatın, susma xatın, yağmır yağdır” deyə şərqi söyləyirlər.  Novruzda Özbəkistanda məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.

Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. İnsanlar bu mərasimlərdə çadır-çadır gəzərək bir-birilərinin bayramlarını təbrik edirlər. Bu ziyafətlərdə  qonaqlara plov təqdim edilir. Köpkarı, güləş, at yarışları, xoruz döyüşləri kimi nümayişlər hazırlanır. Özbəklər  Novruz süfrəsi üçün şəkərdən hazırlanmış “nişala” bişirirlər. Özbək plovu, samsa və sümələk də  bişirdikləri xüsusi yeməklərdən ən məşhurlarıdır. Süfrəyə s hərfi ilə başlayan 7 nemət, Novruz günü bir-birilərini qucaqlamağa və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir.

Tacikistanda süfrəyə qoyulan süd təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik və istirahəti, şam atəşə sitayişi, daraq qadının gözəlliyini təmsil edir. Uşaqlar qapı döyüb bayram payı istəyir, ancaq gizlənmirlər. Onlar yaz çiçəklərindən dərib yığır, qapıları döyüb, ev sahibinə çiçəklərdən hədiyyə edirlər. Ev sahibi isə onlara şirniyyat, yumurta, ya da pul verir.

Əfqanıstanda yeddi meyvə qurusundan hazırlanmışHəft meyvə”, Novruz külçəsi adlı xüsusi qurabiyə, qızardılmış balıq Novruz yeməklərinə aiddir. Smanak adlı buğdadan hazırlanan şirniyyatı isə qadınlar gecə xüsusi nəğmələr oxuyaraq bişirirlər. Bayram günü hər kəs təzə libasını geyinir. Yaxınların məzarları və qohum-əqrəba ziyarət edilir. Güləş tutuluroğlaq oyununa başlayırlar. İnsanlar arasındakı inciklik, küsülülük aradan qaldırılır. Xalq yeni ilə necə başlanarsa, ilin elə keçəcəyinə inanır.

Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. Əfqanların inancına görə, Məhəmməd Peyğəmbərin kürəkəni Həzrət Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Həzrət Əlinin ziyarətgahında xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda Məzari-Şərifdə müxtəlif oyunlar, yarışmalar da keçirilir - xoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır, sonra 3-4 ay davam edir. Çərpələng uçurma kimi başqa oyunlar da olur.

Altayda martın 21-də “Cilgayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuşqurudulmuş ət, qoyunmal dırnağından yeməklər təqdim edilir. Bu bayramın hazırlıqları yaz mövsümündə başlanır. Əvvəlki ildən qalan, toplanaraq saxlanılan bitkilərin kökləri çıxarılaraq onlardan yeməklər hazırlanır.

Saka türklərinin yaşadığı Sibirdə də bahar bayramı böyük coşqu ilə qeyd olunur. Bu bayram o bölgədə İsiah adı ilə qeyd olunur. İsiah bayramında dua və qımızla mərasim keçiriləcək sahələr təmizlənilir. Mərasim meydanlarında yarım ay əvvəldən yeni ağaclar əkilir. Meydanda böyük tonqal qalanır və bu tonqal mərasimlər bitənə qədər söndürülmür. ağaclara əvvəl gənc qızlar və oğlanlar olmaqla, bütün xalq təzə ildə həyata keçməsini istədikləri dilək tutub parça bağlayırlar. Bu inanc və adət dünyanın demək olar ki, bütün türk xalqları tərəfindən hələ də yaşadılır.

 Gökböri oyunu” oyunların şahı hesab olunur.  At yarışları, cirit oyunu, qılınc sallama, yamba qapma, güləş, at üzərində güc göstərmə, sinsin, huntu kimi oyunların əksəriyyəti idman növü hesab olunur. Oyunların bir qismi isə tamaşa motivlidir.

Kosa-Kosaoyunu, “dəvə oyunu”, “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş oyunu”, “qış bovay”, “yolbar”, “arğımaq” kimi oyunlar  da türk xalqlarının Novruz ənənələrinə daxildir. Novruz bayramında məhəlli əyləncələrə də xüsusi yer verilir. Belə ki, gənclər öz  aralarında mahnı və şeir söyləyərək yarışırlar.

Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu, mahiyyətində böyük fəlsəfə daşıyan, ölüb-dirilən təbiət, yenilənən insan ruhaniyyətinin tərənnümçüsü olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilib, onun unutdurulmasına çalışılıb. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırdı və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başladı.

Beləliklə, uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxdı və onu bu gün də yaşatmaqda davam edirlər.

 

Azərbaycan.-2021.- 14 mart.- S.7.