Təbiət təqvimi

 

 

Təzə ilin köhnə ili (yaxud təzə dünyanın köhnə dünyanı) əvəz etdiyi Novruz bayramında getməkdə və gəlməkdə olan iki zaman üz-üzə dayanır. Bu vaxt əvəzlənməsində ən mühüm məqam ilin təhvil olunduğu zaman kəsiyidir. Onların bir-birini əvəz etməsi martın 21-də Novruz bayramında baş verir.

Əksər ölkələrdə, o cümlədən Azərbaycanda il yazdan hesablanır. Qədim misirlilər ilin başlanmasını Nilin daşmasından götürürdülər. Bəzi ölkələrdə isə ilin başlanğıcı kimi yeni hökmdarın hakimiyyətə keçməsi, bəzilərində güclü küləklərin başlanması (Şumerdə), paytaxt şəhərinin əsasının qoyulması (Romada), Olimpiya Oyunlarının keçirilməsi (Yunanıstanda) qəbul edilmişdi.

Ərəblər ilin başlanğıcı üçün Məhəmməd Peyğəmbərin Məkkədən Mədinə şəhərinə köçməsi (hicrət) gününü (miladi tarixlə 622-ci il 16 iyul) götürmüşlər. Müsəlman ölkələrində geniş yayılmış bu təqvim “hicri tarix” adı ilə məşhurdur.

Rusiyada qədim tarixə görə ilin başlanğıcı baharın başlanğıcı götürüldüyündən yeni il martın 1-i tarixindən götürülürdü. Çar III İvanın dövründə 1492-ci ildə yeni il Vizantiyadakı kimi sentyabrın 1-nə keçirilirdi. Çar I Pyotrun sərəncamı ilə “dünya yaranması” təqvimi Yuli təqvimi ilə əvəz edildiyeni il yanvarın 1-dən başladı.

Yuli təqvimi Yuli Sezarın göstərişi ilə bir qrup İsgəndəriyyə astronomu tərəfindən tərtib edilib və e.ə. 45-ci ildən Roma imperiyasının təqvimi olub. İlin orta uzunluğu 365,25 gündür. Fevral ayı hər 4 ildə 3 dəfə 28, bir dəfə isə 29 gündən ibarət olur. Bu təqvim hər 400 ildə təbiət təqvimini təxminən 3 gün üstələyirdi. Məsələn, əgər eranın başlanğıcında gecə-gündüz bərabərliyi martın 23-nə düşürdüsə, 1600-cü ildə martın 11-nə təsadüf etməli idi. Ona görə də Papa XIII Qriqori təqvimdə islahat etməyə məcbur olur. 4 oktyabr 1582-ci ildən yeni Qriqori təqvimi tətbiq edilməyə başlanır. Həmin ildə hər ayın tarixi 10 gün sürüşdürülür, qısa və uzun illərin növbələşməsi saxlanılır. Qərara alınır ki, illərin nömrələrindən hansı biri iki sıfırla bitirsə və yüzlüklərin sayı 4-ə bölünmürsə, o ili qısa il hesab etsinlər. Qriqori təqvimi də Yuli təqvimi kimi 12 aydan ibarətdir və yeni il yanvarın 1-də başlayıb dekabırın 31-də qurtarır.

Qriqori təqvimi 1582-ci ildən tətbiq olunsa da, ayrı-ayrı ölkələrdə bu təqvimə müxtəlif vaxtlarda keçilib. Rusiyada Qriqori təqviminin tətbiqinə 1918-ci ildə Vladimir Leninin dekreti ilə başlanılıb. Hazırda dünyanın əksər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının rəsmi təqvimi Qriqori təqvimidir.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2021.- 14 mart.- S.7.