Media
orqanları və QHT-lərin rəhbərləri, ictimai fəallar Ağdam
şəhərinə gəliblər
Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Ağdam xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, “Qarabağ” futbol klubunun “İmarət” stadionu ziyarət edilib.
Ağdam şəhərindəki İmarət qəbiristanlığına gələn səfər iştirakçılarına məlumat verilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İmrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Bildirilib ki, məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.
Diqqətə çatdırılıb ki, Ağdamda məhv edilən idman infrastrukturundan biri də bu ərazidə yerləşən rayonun “Qarabağ” futbol klubunun meydançası olan “İmarət” stadionudur. Vaxtilə stadionda restoran və futbolçuların bazası da vardı. Yaxınlıqda isə Xurşidbanu Natəvanın heykəli var idi. İndi onlardan əsər-əlamət belə qalmayıb. Bir çox el şənlikləri, festivallar, eləcə də mədəniyyət və incəsənət xadimlərinin konsertləri məhz “İmarət” stadionunda təşkil edilərdi.
Qeyd
edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin
tapşırığına əsasən həyata
keçirilir. Media orqanları və
QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət
edir.
Azərbaycan.-2021.- 14 mart.- S.3.