Qarabağda
yeni dövr başlayır
İlham
Əliyev işğaldan azad edilmiş ərazilərimizi
inkişaf, əməkdaşlıq və təhlükəsizlik
bölgəsinə çevirir
Vətən müharibəsində
böyük qələbənin qazanılması ilə Azərbaycan
tarixində həm də yeni inkişaf mərhələsinin təməli
qoyuldu. 30 il düşmən tapdağı altında qalaraq
dünyada “boz zona” kimi tanınan, narkotacirlərin,
terrorçuların yuvasına çevrilmiş ərazilərimizdə
bu
gün quruculuq və bərpa işlərinə start verilib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri
sülh, əməkdaşlıq və təhlükəsizlik
bölgəsinə çevirir.
Qalib Sərkərdənin
Qarabağ bölgəsinə 6-cı səfəri
Hazırda
işğaldan azad edilmiş bütün şəhər və
rayonların baş planlarının hazırlanması ilə
bağlı Prezidentin tapşırığının
icrası sürətlə davam etməkdədir. Hərbi əməliyyatların bitməsindən
sonra İlham Əliyevin mütəmadi olaraq işğaldan
azad edilmiş rayonlara səfər etməsi dövlət
başçısının bu məsələlərə nə
dərəcədə həssas yanaşdığının əyani
sübutudur.
Növbəti
səfər isə xalqımız üçün çox əlamətdar
olan Novruz bayramı günlərinə, İlaxır çərşənbəyə
təsadüf etdi. Qalib Ali Baş Komandan və xanımı,
Birinci vitse-prezident Mehriban Əliyeva yenə də
işğaldan azad edilmiş ərazilərimizə -
Füzili, Xocavənd və Şuşaya tarixi səfər
etdilər.
Bu dəfə Ali Baş Komandan
Hadrut qəsəbəsində dövlət
bayrağımızı qaldırdı, yeni avtomobil
yollarının təməlini qoydu. İlham Əliyev bir daha
bəyan etdi ki, azad edilmiş bütün torpaqlarda
dağıdılmış şəhərlər, kəndlər
yenidən qurulacaq, normal həyata qayıdacaq, infrastruktur bərpa ediləcək.
Bu torpaqlar malik olduqları zəngin resurslar baxımından
dünyanın diqqətində olacaq, əməkdaşlıq əlaqələrinin
genişlənməsi üçün yeni imkanlar yaranacaq.
Azərbaycan
Prezidenti Şuşada və digər rayonlarda görüləcək
işlərlə əlaqədar tapşırıq və
göstərişlərini verdi. Həmçinin
reallaşacaq müxtəlif layihələr barədə məlumat
verərək bölgənin gələcək inkişaf
perspektivlərinin istiqamətlərini göstərdi. İlham
Əliyev Şuşadakı durumu göstərərək bir
daha dünyaya mesaj ünvanladı. Dağıdılan tarixi
abidələrimizi, məscidlərimizi, qəbirlərimizi,
Vaqifin məqbərəsini, büstünü, Pənahəli
xanın sarayını göstərərək erməni vəhşiliyini
bir daha ifşa etdi.
İlham
Əliyev tezliklə Vaqifin məqbərəsində bərpa
işlərinin başlanacağını, əvvəlki
görkəminin bərpa ediləcəyini bildirdi. Layihə
Heydər Əliyev Fondu tərəfindən Mehriban Əliyevanın rəhbərliyi
ilə icra ediləcək.
Füzuli Hava Limanından İsa
bulağına...
Bölgəmizin uzunmüddətli inkişafının və
sabitliyin təmin edilməsində nəqliyyat layihələrinin
xüsusi rolu var. Son illər ərzində ölkəmizdə
bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər
16 min kilometrdən çox avtomobil yolu çəkilib. Bu göstəriciyə görə, Azərbaycan
dünyada qabaqcıl yerlərdədir. Ancaq
işğaldan azad edilmiş torpaqlarımızda nəqliyyat
infrastrukturunun inkişafı təkcə Azərbaycan
üçün deyil, bölgədə yerləşən
bütün ölkələr üçün əlverişli
imkanlar yaradacaq.
Yeni yolların inşası ilə Azərbaycan Türkiyə
ilə birləşəcək. Həmçinin Rusiya ilə İran
arasında Naxçıvan ərazisi ilə dəmir yolu
bağlantısı olacaq.
Martın
16-da Füzuli, Xocavənd rayonlarına səfəri zamanı
Prezident bir daha dünyaya bəyan etdi ki,
işğalçı Ermənistanın 30 il ərzində
darmadağın etdiyi tarixi ərazilərini Azərbaycan
qısa zamanda bərpa edib sülh-əminamanlıq mərkəzinə
çevirir.
Hər dəfə yeni-yeni infrastrukturların
açılışını edən İlham Əliyev bu dəfə
Füzuli-Hadrut və Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolunun təməlini qoydu.
Füzuli-Hadrut avtomobil yolu başlanğıcını
“Zəfər” yolundan götürür və yeni inşa ediləcək
Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu
yol 4 hərəkət zolaqlı olacaq. Yol
boyunca avtomobil körpüləri inşa ediləcək.
Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu
isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən
götürməklə və Cəbrayıl rayonundan
keçməklə Şükürbəyli kəndində
Hacıqabul-Mincivan-Zəngəzur dəhlizində avtomobil
yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət
zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.
Bu yollar işğaldan azad edilmiş torpaqlarda icra edilən
növbəti layihələrdir. İlk layihə ötən il
noyabrın 16-da start götürüb. Böyük
Qələbə günündən 8 gün və Ermənistanın
kapitulyasiyasından 6 gün keçəndən sonra artıq
Azərbaycan quruculuq işlərinə başlayıb. Həmin
gün Füzuli və Cəbrayıl rayonlarına səfər
edən Prezident Füzulidən Şuşa
şəhərinə aparan yeni yolun təməlini qoyaraq bu
hadisəni belə qiymətləndirmişdi: “Bu gün ölkəmizin
həyatında çox əlamətdar bir gündür, tarixi
bir gündür. Bu gün Füzuli-Şuşa
avtomobil yolunun təməli qoyulur. Bu
münasibətlə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Bu yolun çox
böyük əhəmiyyəti var. Çünki bu yol bizi
Qarabağın tacı olan Şuşa
şəhərinə aparır. Dediyim kimi, bu
yol bizi Şuşaya aparır. Eyni zamanda bu
layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən
birinci layihədir”.
Bu il yanvarın 14-də isə Prezident Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin
Füzuli rayonunda hava limanının təməllərini
qoymuşdu. Bu dəfə Füzuli-Şuşa
yolunun yeni işlənmiş layihəsinə körpü və
tunellərin inşası daxil idi. Yəni
çətin relyefə malik olan ərazilərdə dolama
yolların yerinə körpü və tunellər tikiləcək.
Bu yol Füzuli hava limanı ilə əlaqələndiriləcək
və buradan İsa bulağına yeni yol çəkiləcək.
Həmin
gün təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı
isə bu il istifadəyə verilməlidir.
Limanın fəaliyyətə başlaması
işğaldan azad edilən digər rayon və şəhərlərə
xarici turistlərin gəlməsi baxımından çox əhəmiyyətlidir.
Füzulidə hava limanının inşa edilməsi
Qarabağın incisi sayılan və mədəniyyət
paytaxtı elan edilən Şuşa şəhərinə
gəlmək istəyən xarici turistlər üçün əlverişli
imkan yaradacaq.
Fevralın 14-də Prezident növbəti dəfə
Füzuli, Zəngilan, Laçın və Cəbrayıl
rayonlarına səfər edərək Horadiz-Ağbənd dəmir
yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir
yolu xəttinin strateji əhəmiyyəti olduqca
böyükdür. Çünki bu nəqliyyat
infrastrukturu Azərbaycan vətəndaşlarının
işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin
təminatında əhəmiyyətli rol oynayacaq və ən
mühüm məsələ Azərbaycanın əsas hissəsi
ilə Naxçıvan Muxtar Respublikası arasında
birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin
yaranmasına böyük töhfə verəcək.
Yeni təməli qoyulan Füzuli-Hadrut avtomobil yolu
başlanğıcını “Zəfər” yolundan
götürür. Dörd zollaqlı, uzunluğu 13 km olacaq bu yolun
üzərində bir neçə yerdə körpülər
salınacaq. Bu yol Hadrut və ətraf ərazilərin
inkişafına xidmət edəcək.
Dördzolaqlı, uzunluğu 43 km olan Hadrut-Cəbrayıl-Şükürbəyli
avtomobil yolunun isə əhəmiyyəti ondan ibarətdir ki,
bu yol son nəticədə Horadiz-Zəngilan, daha sonra isə Zəngəzura
gedən yola bağlanacaq. Yaxın və orta
perspektivdə regionun inkişafına böyük təsir
göstərəcək. Füzuli Hava Limanı, Bərdə-Ağdam
dəmiryol xətti və Horadiz-Şuşa avtomobil yolunun
istifadəyə verilməsi bütün Qarabağ regionu,
xüsusən də onun dağlıq bölgələri
üçün iqtisadi sıçrayışa səbəb
olacaq.
Böyük Qələbə Azərbaycan
qarşısında yeni perspektivlər açıb
Göründüyü kimi, Azərbaycan qısa zamanda
böyük infrastruktur layihələrinin icrasına
başlayıb. Bölgədə bir çox ölkələri birləşdirən
nəqliyyat şəbəkəsi qurulur. Azərbaycan,
Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin
icrası ilə bağlı vahid mövqe sərgiləyir.
Ermənistan da özünü normal apararsa, bu
prosesdən faydalana bilər.
Martın 4-də
İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) XIV onlayn Zirvə toplantısında
çıxışı zamanı İlham Əliyev həm
qurumun üzvləri - Pakistan, Əfqanıstan, Qazaxıstan,
Qırğızıstan, Tacikistan, Türkmənistan və
Özbəkistanı iş birliyinə dəvət etdi, həm
də məğlub Ermənistana növbəti mesajını
ünvanladı. Əgər bu ölkə 10
noyabr Bəyannaməsinin şərtlərinə tam əməl
edərsə, Dağlıq Qarabağda reallaşacaq layihələrə
qoşula bilər.
Prezident
İƏT üzvlərini Qarabağda reallaşdırılacaq
layihələrdən faydalanmağa da cağırdı: “Azərbaycanın
tarixi ərazisi olan Zəngəzurdan keçəcək və
Azərbaycanın əsas hissəsi ilə ölkəmizin
ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını
və Türkiyəni birləşdirəcək yeni
bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni
imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzv dövlətlərini Zəngəzur
dəhlizindən faydalanmağa dəvət edirik”.
Bu gün Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional
bağlantı layihələrində fəal iştirak edir. Ölkəmiz Avrasiyanın əsas
və etibarlı nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilib. Bütün bunlar isə
Azərbaycanın iqtisadi potensialını artırmaqdadır.
Ona görə də Azərbaycan yeni inkişaf
mərhələsinə qədəm qoyub. Vətən müharibəsində
qazandığımız Böyük Qələbə də
ölkəmizin qarşısında tamamilə yeni perspektivlər
açıb.
İlham
Əliyevin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin
vəhdəti təsdiq edir ki, tezliklə işğaldan azad
edilmiş torpaqlarda həyat yenidən qaynayacaq, bu ərazilər
çiçəklənəcək, Qarabağ təkcə
ölkəmizin deyil, regionun ən inkişaf etmiş mərkəzlərindən
birinə çevriləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan. - 2021.- 20 mart.- S.1; 6.