10
min nəfərədək
şəxsi heyət,
100-dək zirehli texnika,
200-dək artilleriya qurğusu,
30-dək hərbi aviasiya
Növbəti hərbi təlim Azərbaycan Ordusunun dünyanın ən güclüləri arasında olduğunu bir daha təsdiqlədi
Azərbaycan Dağlıq Qarabağ münaqişəsini güc
yolu ilə həll edə biləcəyini heç vaxt gizlətmirdi. Hər zaman bəyan olunurdu ki, Ermənistan öz xoşu ilə işğal etdiyi torpaqlarımızı
azad etməsə, ordumuz öz sözünü deyəcək.
Beləliklə,
Azərbaycan dediyini etdi, 44 günlük Vətən müharibəsində
ordumuz müqəddəs
missiyasını layiqincə
yerinə yetirdi. İlham Əliyevin Ali Baş Komandanlığı
ilə hərbçilərimiz
yeni tarix yazdılar, dövlətçiliyimizi,
müstəqilliyimizi yeni
qəhrəmanlıq salnaməsi
ilə zənginləşdirdilər.
Müharibəyə hazırlıq bütün istiqamətlərdə
aparılırdı
Bu müharibəyə
Azərbaycan çoxdan
hazırlaşırdı. Prezident
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının
VII qurultayında qeyd etdiyi kimi, bu
hazırlaşma olmalı
idi. Danışıqlar dövründə respublikamıza çox böyük təzyiqlər
oldu, amma İlham Əliyev ölkəmizin mənafelərini
qətiyyətlə qorudu,
Ermənistanın maraqları
naminə münaqişənin
güc yolu ilə həllinə qarşı çıxanların,
hərb variantını
istisna edənlərin
təkliflərini yaxına
buraxmadı.
Hazırlıq müxtəlif istiqamətlərdə
həyata keçirilirdi.
Beynəlxalq müstəvidə
Ermənistanın işğalçılıq
siyasətinə qarşı
fəal iş aparılırdı. İkinci
Qarabağ müharibəsi
üçün beynəlxalq
hüquqi baza daha da möhkəmləndirilirdi.
1993-cü
ildə BMT Təhlükəsizlik
Şurası 4 qətnamə
qəbul etmişdi.
2005-ci ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycanın
maraqlarına cavab verən qətnamə qəbul etmişdi. Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində
Avropa İttifaqı ilə imzalanan “Tərəfdaşlıq prioritetləri”
sənədində Azərbaycanın
ərazi bütövlüyü,
suverenliyi, sərhədlərimizin
toxunulmazlığı ilə
bağlı məsələlər
əksini tapmışdı.
Bu illər ərzində mənəvi hazırlıq
sahəsində böyük
irəliləyişlər əldə
edildi. Gənc nəsil vətənpərvər
ruhda böyüyərək
formalaşdı. Vətən
müharibəsində döyüşənlərin
əksəriyyəti Birinci
Qarabağ müharibəsini
görməsələr də,
düşmənə nifrət
hissi ilə yetişmişdilər. Odur
ki, torpaqlarımızın
azadlığı uğrunda
qəhrəmanlıq nümunələri
yaratdılar.
Azərbaycan Ordusu ən müasir imkanlara malik hərbi gücə çevrildi
Bəli,
Azərbaycanın 44 günlük
müharibədə qalib
gəlməsinin əsas
səbəbi Ermənistandan
fərqli olaraq hər bir sahədə
inkişafı, irəli
getməsi, dövrün
tələblərinə uyğun
yüksəlişi və
apardığı hazırlıq
işləri idi. Ən böyük hazırlıq isə təbii ki, orduda həyata keçirildi. “Əlbəttə
ki, ordu quruculuğu hazırlığı
da əsas məsələlərdən biri
idi və bizim şanlı Qələbəmiz hər
şeyi özü deyir. Bu haqda
çox danışmaq
istəməzdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri
nəticədə bir
nöqtədə birləşdi
- 44 günlük müharibədə
bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir.
Bundan sonra əsrlərboyu Azərbaycan
xalqı bu Qələbəni öz ürəyində, qəlbində
yaşadacaq. Çoxəsrlik
Azərbaycan tarixində
buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”,
- deyə Prezident İlham Əliyev bildirib.
İndi XX əsr deyil, hətta texniki inkişafın elə bir mərhələsinə
qədəm qoymuşuq
ki, on il
əvvəl meydana çıxan yeniliklər
də bu günümüzlə ayaqlaşmır.
Bu baxımdan Prezident İlham Əliyev ordumuzu ən müasir hərbi texnologiyalarla zənginləşdirdi. Azərbaycan Silahlı Qüvvələrinin
işğalçı Ermənistandan
fərqli olaraq tamamilə müasir döyüş imkanlarına
malik bir hərbi gücə çevrilməsi istiqamətində
davamlı iş aparıldı.
Təsadüfi
deyil ki, hazırda Azərbaycanın
silahlanmasında yer alan müasir döyüş vasitələri
inkişaf etmiş dövlətlərin belə
arsenalında yoxdur. Üstəlik, İlham Əliyev Azərbaycanın
hərbi-sənaye kompleksini
də formalaşdırıb
və artıq neçə illərdir ki, müəyyən hərbi təyinatlı məhsullarla bağlı
xarici asılılıq
aradan qaldırılıb.
44 günlük müharibədə
Azərbaycanın qələbəsini
təmin edən əsas amillər hərbçilərimizin vətənpərvərliyi
və ordumuzun yüksək döyüş
qabiliyyəti oldu.
Döyüş qabiliyyətini artıran hərbi təlimlər
Silahlı Qüvvələrdə qarşıya
qoyulan ən əsas məsələlərdən
biri olan döyüş qabiliyyətinin
daim yüksəldilməsi
üçün təkcə
yeni hərbi texnikalar alınmır. Eyni zamanda mütəmadi
olaraq keçirilən
hərbi təlimlərdə
müasir döyüş
vərdişləri artırılır.
Bu məsələ Ali Baş Komandan
İlham Əliyevin xüsusilə nəzarətindədir.
Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir.
Xatırladaq
ki, indiyədək keçirilən hərbi təlimlərdə qoşunların
döyüşə hazırolma
qabiliyyəti, qüvvə
və vasitələrin
təyin olunan məntəqələrə çıxışı,
idarə olunmasının
təşkili, qarşılıqlı
fəaliyyətinin yoxlanılması,
müdafiənin təşkili,
əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, mürəkkəb
və dağlıq relyeflərdə hərbi əməliyyatların aparılması,
silahların döyüş
tətbiqi kimi vəzifələrin icrası
üzrə silahlı
qüvvələrimizin bütün
bölmələrinin bacarıq
və vərdişləri
daha da təkmilləşdirilib. Belə təlimlər
həm də silahlanmaya yeni qəbul olunan silah və texnikadan
peşəkar istifadənin
mənimsənilməsi baxımından
xüsusi əhəmiyyət
kəsb edib. Əldə olunan nəticələr göstərirdi
ki, ordumuzun bütün bölmələri
istənilən situasiyada
qarşısında dayanan
vəzifələri layiqincə
icra etməyə qadirdir. Ona görə
də təlimlərin
hər biri ordumuzun Vətən müharibəsində apardığı
əməliyyatların uğurla
başa çatdırılmasında
müstəsna rol oynadı.
Artıq Dağlıq Qarabağ problemi həll olunub, ölkəmizin ərazi bütövlüyü
bərpa edilib. Lakin heç bir halda arxayınlaşmaq
olmaz. Bu baxımdan qoşunların
2021-ci ilin döyüş
hazırlığı planına
uyğun olaraq, Azərbaycan Ordusunun bu günlərdə keçirilən növbəti
əməliyyat-taktiki təlimləri
göstərdi ki, döyüş qabiliyyətinin
gücləndirilməsi, şəxsi
heyətin döyüş
vərdişlərinin yüksəldilməsi
hər zaman prioritet olaraq qalır.
Prioritet - Vətən müharibəsində qazanılan
təcrübə nəzərə
alınmaqla peşəkarlığın
artırılmasıdır
Budəfəki
təlimə 10 min nəfərədək şəxsi
heyət, 100-dək tank
və digər zirehli texnika, 200-dək müxtəlif çaplı
raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunmuşdu.
Dağlıq-meşə
və çətin relyefli ərazilərdə
keçirilən təlimlərdə
əsas diqqət Vətən müharibəsində
qazanılan döyüş
təcrübəsi nəzərə
alınmaqla şəxsi
heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq
səviyyəsinin artırılmasına,
döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən
qoşunların terrorçu
dəstələr və
qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və antiterror əməliyyatlarının
həyata keçirilməsi
üzrə təlim-döyüş
tapşırıqlarının icra edilməsinə yönəldilib.
Mürəkkəb
şəraitdə keçirilən
təlimlərdə müxtəlif
qoşun növləri
arasında qarşılıqlı
fəaliyyətin təşkili
üzrə tapşırıqlar
uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin
təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji
və maddi-texniki təminat məsələlərinə
xüsusi diqqət yetirilib.
Təlim
rəhbərliyinin qiymətləndirməsinə
əsasən, qoşunlar
qarşıya qoyulan məqsədlərə tam
nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının
aparılması üzrə
praktiki təcrübə
əldə edib, həmçinin yüksək
səhra vərdişləri
nümayiş etdirib.
Yeni hərbi təlimlər müharibədəki zəfərdən
sonra ordumuzun döyüş qabiliyyətini
daha da yüksəldir.
Azərbaycan Ordusunun təlimləri həm də Ermənistandakı revanşistlərə növbəti
xəbərdarlıqdır. Belə ki, 10 noyabr Bəyanatına qarşı çıxan
hər kəs dərhal dəmir yumruğun zərbəsini
hiss edəcək.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2021.- 20 mart.- S.1; 5.