Ermənistanda dövlət
idarəçiliyi sistemi
çöküb
Bu dəfə məhkəmə Paşinyana
qarşı çıxdı
Ermənistanda hadisələrin inkişafı
getdikcə daha xaotik xarakter almaqdadır. Bu xüsusən də silahlı qüvvələrin
baş qərargahının
rəisi, general-polkovnik
Onik Qasparyanla bağlı məsələdə
özünü daha qabarıq göstərir.
Məsələ bundadır ki, Ermənistanın inzibati məhkəməsi baş
nazir Nikol Paşinyanın azad etdiyi Onik Qasparyanı
baş qərargahın
rəisi vəzifəsində
saxlamaqla bağlı qərar çıxarıb.
Qərara əsasən,
Qasparyan baş qərargahın rəisi kimi səlahiyyətlərinin
icrasını davam etdirəcək.
Lakin Nazirlər Kabineti Qasparyanın silahlı qüvvələrin baş
qərargah rəisi vəzifəsində saxlanılmasına
dair məhkəmə
qərarına münasibətində
bildirib ki, o, vəzifəsindən azad olunub. Bütün bunlar Ermənistanda hökumət başçısı
ilə ordu arasında, eləcə də hakimiyyət daxilində yaranan ziddiyyətlərin davam etdiyini göstərir. Bu arada Paşinyan
erkən parlament seçkilərinin 20 iyun tarixində keçiriləcəyini
açıqlayıb.
Siyasi böhran şəraitində
daha da ağırlaşan
iqtisadi vəziyyət
həm də Ermənistanda əhalinin yaşayış səviyyəsini
sürətlə pisləşdirir.
Hadisələrin
inkişaf istiqaməti
bu nəticəyə gəlməyə əsas verir ki, ölkə
hazırda sosial partlayış ərəfəsindədir.
İlk növbədə
ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü
bir vaxtda inflyasiyanın səviyyəsi
artır, kommunal xidmətlərə görə
insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Vəziyyətdən
yeganə çıxış
yolu kimi Ermənistan əhalisi ölkədən birdəfəlik
miqrasiya edərək yaşamaq üçün
başqa ölkələrə
üz tutur.
Hətta xarici partnyorlar
da Ermənistandan üz
döndərirlər. Məsələn, elə “4rd.am” saytının
yazdığına görə,
ölkə iqtisadiyyatına
xarici investisiya qoyuluşunun həcmi 10 faizdən çox azalıb. Ermənistan iqtisadiyyatına xarici
sərmayə qoyuluşunun
kəskin şəkildə
azalmasına səbəb
bir tərəfdən
əcnəbi investorlarda
bu ölkənin iqtisadi inkişafına, gələcəyinə inamsızlıq
yaranmasıdırsa, digər
tərəfdən korrupsiyaya
qurşanmış dövlət
məmurları tərəfindən
onlara göstərilən
müxtəlif təzyiqlərdir.
Eyni zamanda ölkədə xarici investisiya üçün münbit
şəraitin yaradılmaması,
sərmayədarların hüquqlarının
dövlət tərəfindən
qorunmaması da öz
rolunu oynayır.
Yerevanda hökumət binasının qarşısında
keçirilən növbəti
mitinqdə Paşinyan
hökumətinin sosial-iqtisadi
siyasəti kəskin tənqid olunub. Mitinqdən sonra aksiya iştirakçılarından bir
qrupu Azadlıq meydanına yürüş
ediblər. Bu şəraitdə qarşıdurmanın
davam etməsi qaçılmaz sayılır.
Ermənistan Gənclər Birliyinin mərkəzi idarə heyətinin üzvü Kristine Vardanyan
bildirib ki, Nikol Paşinyan xalqı susdurmaq üçün polis rejimi
yaradıb. Bunun üçün hər gün dövlətdən milyonlarla
vəsait xərclənir.
Onun sözlərinə
görə, demokratiyadan
dəm vuran Nikol indi hakimiyyəti
xunta rejiminə çevirib: “Bu ölkədə
fərqli nəcib fikirlərdən, demokratiyadan
danışan insana baxın, necə hərəkət edir. Vergilərinizin hara getdiyini öyrənin, ay camaat! Nikol Paşinyan bu
gün vətəndaşlarla
görüşməkdən yayınır. Yüzdən çox polisin müşayiəti ilə
hökumətdən nazirliyə
hərəkət edir,
gücü bu polislərdən alır, xalqdan yox. Xalqın dəstəyi yoxdur, komandasının dəstəyi
belə yoxdur, sadəcə kreslosundan yapışıb qalıb,
hakimiyyətdə qalması
gün məsələsidir.
Onun gündəlik fəaliyyətləri
ölkəmizi və dövlətçiliyimizi məhv
etməyə aparır”.
Nikol Paşinyan başda olmaqla ölkə iqtidarında təmsil olunanlar daha çox şəxsi mənafelərini
güddüklərindən hakimiyyətə daxildə
hansısa təhlükənin
yaranmasını əngəlləmək
üçün əcnəbi
ağaların himayəsinin
Ermənistan üzərindən
çəkilməsindən qətiyyən maraqlı deyillər. Bu, “İravunk” qəzetində dərc olunan məqalədə də öz əksini tapıb. Bildirilib ki, Ermənistanın xarici siyasətində vassalçılıq prinsipi
üstünlük təşkil
edir. Hakimiyyət
resursları və milli maraqları hesabına xarici güclərin dəstəyi
üçün zəmanət
qazanmağa çalışır:
“Öz hakimiyyəti üçün xarici himayənin axtarışında
olan hazırkı iqtidar Ermənistanı beynəlxalq səhnədə
təcrid vəziyyətinə
salıb. Dost və müttəfiq ölkələrlə effektiv
münasibətlərin inkişaf
etdirilməsi üçün
heç bir səy göstərilməyib”.
Bu durumda ölkə
daha çox xarici dövlətlərdən
asılı vəziyyətə
düşür. Nə qədər ki
qonşu dövlətlərlə
normal və sivil münasibətlər qurmur,
Ermənistanı bundan
sonra da böyük problemlər gözləyir.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2021.- 20 martl.- S.1; 10.