Qubadlı rayonunda Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb

 

 

Martın 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Xidmət rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda tədbirin Vətən müharibəsində xalqımızın haqq mübarizəsinin tarixi zəfərlə başa çatması, şanlı qələbənin coşqusunun yaşandığı dövrə, eləcə milli-mənəvi irsimizin ənənələrimizin rəmzi sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanıb.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, o cümlədən Ermənistan Respublikası ilə dövlət sərhədinin azad olunmasından sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə qısa müddətdə artıq sayca dördüncü hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının azad edilmiş dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi üçün böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.

 

Çıxışda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhədçisinin bu gün səngərdə sərhəddə böyük əzmlə xidmət apararaq dövlət maraqlarının müdafiəsini təmin etməkdən qürurlandığı, ölkəmizin müqəddəs hüdudlarının toxunulmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminlik bildirilib.

 

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

 

Mərasimdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri iştirak edib, yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması Novruz bayramı münasibətilə Azərbaycan sərhədçilərini təbrik edib, dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi fədakar fəaliyyətlərində xidməti müvəffəqiyyətlər arzulayıblar.

 

Sonra mərasim iştirakçıları sərhəd komendantlığının hərbi qulluqçularının xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

 

Azərbaycan. - 2021.- 20 mart.- S.3.