Ölkəmizdə becərilən üzüm
sortları pasportlaşdırılır
Bu mövzuda yazılan elmi əsərlər prosesin uğurla aparılmasına
dəstək verir
Azərbaycanda üzümçülüyün və şərabçılığın
inkişafına yönəldilən
dövlət proqramları
aqrar sektorun bu sahəsinin dirçəldilməsi
strategiyasını müəyyənləşdirən
mühüm dövlət
sənədləridir. Bu proqramlara
uyğun olaraq hazırda ölkədə
becərilən üzüm
sortlarının pasportlaşdırılması
mühüm elmi-praktiki
əhəmiyyət kəsb
edir. Belə ki, bunun xalqımıza
məxsus olan qiymətli üzüm sortlarının təsdiq
edilməsində, qədim seleksiya nümunələrinin başqaları
tərəfindən mənimsənilməsinin
qarşısının alınmasında böyük rolu var.
Üzümçülüyün inkişaf etdirilməsi problemlərini
araşdıran elmi-tədqiqat
institutlarında üzüm
genofondunun qorunması,
tədqiqi, sort tərkibinin
daha iqtisadi səmərəli süfrə
və texniki sortlarla zənginləşdirilməsi
və digər məsələlər ətraflı
öyrənilir. Bu baxımdan
respublikanın üzümçü
mütəxəssislərinin yazdığı “Naxçıvan
Muxtar Respublikasının
ampeloqrafiyası”, iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası”,
həmçinin “Azərbaycan
üzümü”, “Azərbaycanın
üzüm sortları”,
“Naxçıvan Muxtar
Respublikasının üzüm
genofondu və seleksiyası” kimi
fundamental əsərlər ölkədə üzümçülüyün
elmi əsaslarla genişləndirilməsində, istehsal prosesində məqsədyönlü sort seçiminin
düzgün aparılmasında,
sözügedən sahələrdən
yüksək maddi gəlirin əldə olunmasında mühüm elmi-praktiki əhəmiyyət
daşıyır.
Qeyd edək
ki, AMEA Naxçıvan
Bölməsi Bioresurslar
İnstitutunun “Meyvə,
tərəvəz və
üzümçülük” laboratoriyasının rəhbəri,
aqrar elmlər doktoru, dosent Varis Quliyevin müəllifi olduğu və 2012-ci ildə nəşr edilmiş “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”
kitabı muxtar respublikada üzüm genofondunun tədqiqi əsasında becərilən
yerli sortların pasportlaşdırılmasına aid ilk
fundamental əsərdir. Monoqrafiya giriş,
ümumi ampeloqrafiya, xüsusi ampeloqrafiya bölmələrindən ibarətdir.
Giriş
bölməsində əcnəbi
və yerli tədqiqatçıların ampeloqrafiya
elminin inkişafı istiqamətində apardıqları
elmi-tədqiqat işləri
işıqlandırılmışdır.
Kitabın ümumi ampeloqrafiya
bölməsində qədim
Naxçıvan diyarında
üzüm tənəyinin
becərilməsi və
məhsulun emal olunmasının inkişaf
yolundan bəhs edən tarixi mənbələr göstərilmişdir.
Nəşrdə muxtar
respublikada yayılan
120-dən artıq yerli,
23 introduksiya olunmuş,
17 yeni klon variasiyaları və seleksiya üsulları ilə alınmış sortlar ilk dəfə olaraq pasportlaşdırılaraq
onların ampeloqrafik təsvirləri və rəngli fotoşəkilləri verilmişdir.
Kitabın xüsusi ampeloqrafiya bölməsində
Naxçıvanda becərilən
kişmişi, süfrə
sortları, universal, texniki, introduksiya olunmuş sortlar və yeni alınmış üzüm formalarının
ampelo-deskriptor xüsusiyyətləri
beynəlxalq miqyasda qəbul edilmiş qaydada kodlaşdırılmış,
onların aqrobioloji, texnoloji cəhətləri
göstərilmişdir. Əsərin
sonunda Naxçıvan
MR-də becərilən
41 aborigen, həmçinin
introduksiya edilmiş 9
süfrə, 5 universal və
9 texniki üzüm sortlarının iqtisadi qiymətləndirilməsi aparılmışdır.
Varis Quliyev və aqrar elmləri doktoru, dosent Vüqar Səlimov tərəfindən yazılan
iki cilddən ibarət “Azərbaycan ampeloqrafiyası” adlı nəşr Azərbaycan ərazisində becərilən üzüm sortlarının pasportlaşdırılmasına,
həmçinin
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın
icra edilməsinə həsr olunmuş əsər kimi dəyərləndirilir.
2017-ci ildə nəşr
edilən birinci cild giriş, ümumi, interaktiv, xüsusi ampeloqrafiya və ədəbiyyat siyahısı bölmələrindən
ibarətdir. Kitab Azərbaycan
dilində yazılmaqla
əsas bölmələr
ingilis və rus
dillərində də
verilmiş, üzüm
sortlarının irsi əlamətlərinin və
adlarının şifrələnməsi,
kodlaşdırılması aparılmışdır. Əsərdə
Azərbaycanda ampeloqrafik
tədqiqatlar və üzümçülüyün tarixi inkişaf yolu, müasir vəziyyəti, əsas üzümçülük bölgələrinin imkan və perspektivləri araşdırılmışdır. Monoqrafiyada həmçinin müasir ampeloqrafik metodikalar işıqlandırılmış, 16 kişmişi, 70 aborigen süfrə sortunun pasportlaşdırılması aparılmaqla
onların ampeloqrafik təsvirləri və fotoşəkilləri verilmişdir.
Əsərin sonunda Azərbaycanda ampeloqrafik tədqiqatlara aid ədəbiyyat
mənbələri haqqında məlumat
yerləşdirilmişdir.
2020-ci ilin sonunda “Müəllim”
nəşriyyatı tərəfindən
oxuculara təqdim olunan nəşr isə ölkədə üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunan və 2017-ci ildə nəşr edilən birinci cild “Azərbaycan
ampeloqrafiyası”nın davamıdır.
İkinci cilddəki monoqrafiya
4 əsas bölmədən
və 9 fəsildən
ibarətdir. Giriş
bölməsində Azərbaycanda
üzümçülük, “Ümumi ampeloqrafiya” bölməsində ampeloqrafik
tədqiqatlar,
üzümçülüyün inkişaf strategiyası, becərilən
üzüm sortlarının
genofondunun tərkibi, üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları, üzüm
sortlarının polimorfizim
xüsusiyyətləri haqqında
məlumat verilmişdir.
Kitabın “Rəqəmsal
ampeloqrafiya” bölməsində
Azərbaycan
ərazisində becərilən
üzüm
sortlarının şifrə
və kodları, “Xüsusi ampeloqrafiya” bölməsində isə
universal, texniki, seleksiya
yolu ilə yeni alınmış və introduksiya olunmuş geniş yayılan sortların ampeloqrafik təsvirləri təqdim edilmişdir. Qeyd edək ki, hər
iki əsərdə Azərbaycanda
ampeloqrafik tədqiqatlara
dair elmi əsərlərin siyahısı
da öz əksini tapmışdır.
Nəşr olunan fundamental ampeloqrafik
əsərlərdə əsas
elmi yenilik ondan ibarətdir ki, burada ilk dəfə olaraq becərilən üzüm
sortları pasportlaşdırılmışdır.
Monoqrafiyalarda dünya
ampeloqrafiya elminin yeni
sahəsi olan “Rəqəmsal ampeloqrafiya”nın
müvafiq metodikaları
əsasında Azərbaycanda
270-dən artıq üzüm
sortunun beynəlxalq miqyasda qəbul edilmiş 300-dən artıq
əsas genetik əlamətləri, irsi dəyişkənlik xüsusiyyətləri,
eyni zamanda adları müvafiq qaydada kodlaşdırılmış
və şifrələnmişdir.
Bununla yanaşı, kitablarda üzüm sortlarında genetik əlamətlərin beynəlxalq
miqyasda qəbul edilmiş şifrə və kodlar əsasında oxunması üçün Azərbaycan,
ingilis və rus dillərində açarları verilmişdir.
Bu açarlardan istifadə
etməklə ayrı-ayrı
xalqların kənd təsərrüfatı işçiləri,
fermerlər, iş adamları Azərbaycanda mövcud olan üzüm sortlarının
tam ampeloqrafik təsviri,
aqrobioloji keyfiyyətləri,
kimyəvi-texnoloji xüsusiyyətləri
haqqında elmi məlumatlar əldə edir və onlardan
öz təsərrüfatlarında
istifadə edirlər.
Qeyd edək ki, ilk dəfə yazılan
fundamental ampeloqrafik əsərlər
elmi, metodiki və praktiki əhəmiyyətə malik
olmaqla, həm üzümçülük ixtisası
üzrə təhsil alan tələbələr
üçün mükəmməl
tədris vəsaiti, həm də bu istiqamətdə elmi-tədqiqat işləri
ilə məşğul
olan elmi işçilər üçün metodik mənbədir. Monoqrafiyalarda işıqlandırılan “Rəqəmsal ampeloqrafiya”
sahəsinin müvafiq
metodikaları dünyada
üzümçülüyün geniş yayıldığı
ölkələrdə üzüm
sortlarının əsas
genetik əlamətlərinin
və irsi dəyişkənlik xüsusiyyətlərinin
öyrənilməsi, həmçinin
adlarının kod və şifrələnməsi
baxımından dəyərli
sayılır. Dünya
miqyasında üzümçülük
üzrə elmi və praktiki əlaqələrin inkişafında,
məqsədyönlü introduksiya
işlərində, ayrı-ayrı
sortlardan səmərəli
istifadə olunmasında,
elmi əlaqələrin
genişləndirilməsində, üzüm sortları üzrə beynəlxalq elektron informasiya bazasının yaradılmasında, bir sözlə, beynəlxalq miqyasda üzümçülüyün
genişləndirilməsində bu bölmə mühüm əhəmiyyət
kəsb edir.
Ümumiyyətlə, bu əsərlər
istehsal prosesində məqsədyönlü sort seçiminin
düzgün aparılmasına,
üzüm plantasiyalarının
genişləndirilməsi işində
yerli sortlardan daha çox istifadə olunmasına, istehsal prosesində əhalinin üzümdən
alınan çoxçeşidli
qida məhsulları ilə dolğun təmin edilməsinə, kənd yerlərində əhalinin məşğulluq
səviyyəsinin və
maddi rifah halının yüksəldilməsinə
müsbət təsir
göstərir.
Zeynal ƏKPƏROV,
AMEA-nın müxbir üzvü
Azərbaycan. - 2021.- 20 mart.- S.4.