Sülhə, mehribanlığa
çağıran bayram
Gecə-gündüzün bərabərləşdiyi, yaz
fəslinin başlandığı
gün ölkəmizdə
ta qədim zamanlardan el şənlikləri ilə
qeyd olunub. Novruz bayramı baharın ilk gününün, təzə
ilin qarşılanmasıdır.
Bu bayramın
mahiyyəti, tarixi barədə müxtəlif
fikirlər, mülahizələr
irəli sürülüb.
Tədqiqatçı Azad Nəbiyev
qeyd edib ki, Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər
toplumu kimi daxil olan böyük
bayramlardan biri Novruzdur: “Əcdadlarımız
ulu qaynaqlardan süzülüb gələn,
yaddaşlara yoldaş
olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın
ilkin törəniş
atributları olan su, od, yel
və torpaq görüşləri ilə
bağlı silsilə
ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman
bəzəmişlər. Qərinələr
və yüzilliklər
dolabında bu nəğmə və mərasimlərin nəqşi
pozulanı, bəzən
unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb
qoşulanı da olub. Ancaq xalq
bayram təntənəsinin
ahənginin pozulmasına
yol verməmiş, onu özünün qüdrətli dünyasını
əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng
xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir”.
Tədqiqatçıların araşdırmaları bu bayramın tarixinin çox qədim olduğunu təsdiq edir. Novruz bayramının
mənşəyi, onunla
bağlı əsatirlər,
miflər qədimdir. Araşdırıcılar Novruz
bayramının məhz
Yaxın Şərqin
qədim əkinçiliklə
məşğul olan xalqları arasında meydana gəldiyini bildirirlər.
Folklorşünas alim Azad Nəbiyev
qeyd edib ki, Azərbaycan mifologiyasının bizə
gəlib çatan əsatirlərindən birində
Novruzun bayram edilməsi daha erkən təsəvvürlərin
mirası kimi yaddaşlara həkk edilib. Əsatirdə deyilir: “Oğuz oğlu zağada yaşayanda qışdan yaman qorxardı. Ona görə də ilin üç
fəslində qışa
tədarük görər,
dünyanın naz-nemətini
zağaya yığıb
gətirərdi. Bir il qış uzun çəkdi. Oğuz oğlunun azuqəsi qurtardı. Çarəsiz qalan Oğuz oğlu Böyük çillənin
otuzuncu günü zağadan bayıra çıxdı ki, yeməyə bir şey tapıb gətirsin. Nə qədər gəzdi, dolandı, əli-ayağı
dondu - kor-peşman evə qayıdanda yolda bir qurd
balasına rast gəldi.
- Oğuz oğlu, bu qarda-boranda haradan gəlirsən, - deyə qurd balası soruşdu. Oğuz oğlu başına gələn əhvalatı
danışdı. İlin aylarından
gileyləndi. Dedi
ki, elə ay var yaxşı dolanırıq, elə ay var, acından qırılırıq. Ayları təriflədi,
ayları yamanladı.
Qurd balası
dedi:
- Ey Oğuz oğlu, qabaqdakı yolayrıcında sən bir sürü qoyun, bir qucaq
sünbül, bir cəhrə, bir də əl dəyirmanı görəcəksən. Onları alıb zağana
apararsan. Qoyunun birini
kəsib ətini yeyərsən, yunundan cəhrəndə ip əyirər, özünə
paltar tikərsən, dərisini əyninə geyərsən. Sünbülün dənini də əl dəyirmanında çəkər, unundan çörək bişirərsən.
Yaza çıxarsan. Ancaq sənə
verdiyim əmanətlərdən
gərək muğayat
olasan. Sünbülü və qoyunu
gərək özün
artırasan. Quzuları əlinin
üstündə saxlayıb
böyüdərsən. Sünbülün dənini torpağa
səpib onu alnının təri ilə suvararsan. Dediklərimə əməl edə
bilməsən, yaşamaq
sənin üçün
çətin olacaq.
Oğuz oğlu yol ayrıcına gəldi, qurd balasının dediklərini
götürüb zağaya
gətirdi. Qışı kefnən dolandı.
Yazda sürünü dağlara
yaydı, sünbülün
dənini torpağa səpib gecə-gündüz
sürülərin, sarı sünbülün qulluğunda
dayandı. Oğuz
oğluna bir bolluq üz verdi ki,
gəl görəsən.
O gündən Oğuz
oğlu bütün ili işlədi.
Qurd balasına rast gəldiyi günü bayram kimi keçirmək
üçün hazırlığa
başladı”.
Novruzu oğuzlar yaşadığı geniş
ərazilərdə bayram
etməyə başladılar. Bu bayram
təntənəsi yaxın-uzaq
ellərə yayıldı.
İlk yazılı mənbədə Novruz bayramının eramızdan
əvvəl 505-ci ildə
yarandığı qeyd
olunub. Mənbələrdə Qədim Vavilonada
bu bayramın nisanın (mart, aprel) 21-ci günü qeyd olunduğu və 12 gün davam etdiyi bildirilib. Bayram günlərinin hər birinin öz mərasim və ayini var idi.
Novruz bayramını
islam dini
ilə əlaqələndirməyə
çalışanlar da olub.
Ancaq islam
xadimlərinin bu bayramı dini mahiyyətdə təqdim etmək cəhdlərini tarixi mənbələr boşa çıxarıb.
Folklorşünas alim
Azad Nəbiyev yazıb
ki, “Avesta”da Novruzun zərdüştlükdən
çox-çox əvvəllərdə
Muğanda geniş şəkildə bayram edildiyi qeyd olunur,
bolluğa, qüdsiyyətə
sitayiş bayramı hesab olunur.
Novruzun islamdan əvvəl də qeyd olunmasını
Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz Şirazi, Ömər Xəyyam, Firdovsi, Rudəki, Əbu Əli ibn Sina
və başqaları
da təsdiq ediblər.
Novruz bayramının yaranması
tarixinə həsr olunmuş yazılardan bəhs edərkən tədqiqatçılar Nizamülmülkün
“Siyasətnamə”, Ömər
Xəyyamın “Novruznamə”
və başqa əsərləri xüsusi
diqqətə çatdırırlar.
Nizami Gəncəvinin “İsgəndərnamə”
əsərində İsgəndər
Bərdə hökmdarı
Nüşabəyə Novruz
bayramı qonaq gəlir. Əlişir
Nəvainin “Səddi-İsgəndəri”
əsərində bizim
eradan 350 il
əvvəl Novruzun xalq arasında böyük şənliklərlə
keçirildiyi qeyd olunub.
Orta əsr
müəllifləri Şərq
ölkələrində islam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin,
əkinçilik təqvimi
etiqadlarının möhkəm
yer tutduğunu nəzərə çatdırıblar.
XI əsrdə Əbu Reyhan əl-Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən,
onun yaranması səbəblərindən, bu
bayram münasibətilə
xalq arasında yayılmış adət-ənənələrdən
bəhs edib. O vurğulayıb ki, Novruz bayramı təbiətin oyanması,
əkinçilik təsərrüfatının
başlanması ilə
bağlı əsl dünyəvi bayramdır.
Yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi
xalq bayramı kimi bəhs edilən əsərlərdən
biri də Nizamülmülkün “Siyasətnamə”sidir. Novruzun gəlişi klassik
Şərq, həmçinin
Azərbaycan poeziyasında
geniş yayılmış
“Bahariyyə” adlı lirik şeirlərdə də tərənnüm edilib.
Bu bayramın mahiyyətində
sülhə, mehribanlığa
çağırış var. Novruz bayramında əcdadların ən ülvi, humanist dəyərləri,
adət-ənənələri yenidən və daha dərindən xatırlanır, dünyasını
dəyişmiş doğmaların
ruhu yad edilir. Böyüklərin, doğmaların ziyarətinə gedilir.
Novruz etiqadları insanları bəd əməllərdən,
yamanlıqdan, ədalətsizlikdən
uzaq qaçmağa, təbiətlə birlikdə
mənən təmizlənməyə
səsləyir.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan. - 2021.- 20 mart.- S.7.