Novruz gəlib - yaz gəlib
Novruz bayramı Azərbaycan xalqının milli düşüncəsini və
ruhunu özündə
əks etdirir. Bu bayramda icra
olunan ayinlər daim musiqi sədaları
altında rəqslərlə
müşayiət olunub. Xalq arasında Novruz günləri ilə bağlı çoxlu bayatı, mahnı, rəqs kimi fərqli fərdi və kütləvi sənət nümunələri
yaranıb.
Aşıqlar, xanəndələr, xalq musiqisi ifaçıları,
hətta, adi insanlar da bu
bayramı müxtəlif
musiqi sədaları altında keçiriblər.
Bir sıra bəstəkarlar tərəfindən
bahar mövzulu əsərlər yaranıb
ki, onların hər birində Novruz ruhu yaşadılıb.
Üzeyir
bəy Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının dosenti Ariz Abduləliyevin
sözlərinə görə,
Orta əsrlərin klassik poeziyasında baharı vəsf edən, Novruzun gəlişinə həsr
olunan şeirlər yazılıb və tədqiqatçılar onları
“bahariyyə” adlandırıblar: “O da məlumdur ki, Orta əsrlərdə
Novruza həsr olunan şeirlərə, poemalara, fəlsəfi-etik
əsərlərə bəzən
müəlliflərin özü
tərəfindən “Novruznamə”
adı verilmişdir. Habelə ədəbiyyatla
yanaşı, qədim
xalq musiqisi nümunələrində, Orta
əsrlərin musiqi sənətində də Novruz ənənələri,
mövzuları və
atributları geniş
bədii təcəssümünü
tapıb. Fikrimizcə,
“Novruz və musiqi” məsələsinə
iki aspektdə baxılması daha uyğun görünür:
musiqi Novruz bayramında və ənənələrində, Novruz
və bahar mövzuları musiqidə...”
Azərbaycan bəstəkarlarının yaradıcılığında
Novruz mövzusu daim aktuallığı ilə seçilib. Bildiyimiz kimi, Üzeyir bəy Hacıbəylinin ötən əsrin əvvəllərində yazdığı
“Bahar nəğməsi”
əsəri Novruza həsr olunub. Bəstəkar Məmməd
Quliyev “Aldanmış
ulduzlar” operasına Novruz bayramı ilə bağlı zurna və nağaranın
da iştirakı ilə xalq səhnələri
daxil edib. Bu mövzudakı irihəcmli əsərlər
sırasında Vasif Adıgözəlovun dördhissəli
“Novruzum” kantatasını
da əlavə edə bilərik. “Azərbaycan”, “Səməni”,
“Kosa”, “Novruzum” hissələrindən ibarət
əsər solist, xor və simfonik
orkestr üçün
yazılıb.
Elnarə Dadaşovanın “İlk bahar”, Abdulla Şaiqin sözlərinə
yazdığı “Uşaq
albomu” mahnı silsiləsində də Novruz mövzusunda nəğmələr var.
Müəllifin “Bahar şərqisi” də məhz baharın tərənnümüdür. Oqtay Kazıminin
bir neçə şairin sözlərinə
bəstələdiyi “Böyük
bayram”, “Bayramınız
mübarək”, “Bayram
olsun”, “Bahar çağı”, “Bahar təranəsi”, “Bakının
baharı” adlı silsilə mahnıları,
xüsusən Ramiz Heydərin “Bahar bayramı” rədifli şeirinə bəstələnən
musiqi xüsusilə məşhurdur. Bu siyahıya
Fikrət Əmirovun dillər əzbərinə
çevrilən “Gülür
ellər”, Ramiz Mirişlinin “Bayram axşamlarında”, Cavanşir
Quliyevin “Novruz gəlir, yaz gəlir” kimi mahnıları nəinki Novruz bayramında, əslində, illər boyu öz populyarlığını
qoruyub saxlayan nəğmələrdir.
Novruz bayramının mahnı nümunələri sırasında
Ağabacı Rzayevanın,
Hökumə Nəcəfovanın,
Oqtay Zülfüqarovun,
Tofiq Əhmədovun, Bəxtiyar Kərimovun da imzası olan əsərlər çoxdur. Bəstəkar
Mehriban Əhmədovanın
Fikrət Qocanın sözlərinə yazdığı
“Bahar nəğməsi”
və ya “Bu gün şən
bayramıdır ellərin”
mahnısını bilməyən
az adam tapılar.
Azərbaycan. - 2021.- 20 mart.- S.8.