Yaz günü
- Novruz günü
Bu gün yaşıd olur gündüzlə gecə,
Dağa duman çöküb, çən yeridikcə,
Dərin dərələrdə sel
daşan gündür
Uca zirvələrdə
Qar əridikcə.
Damlalar dəryaya qarışan gündür,
Bu gün
yerin, göyün öz sevinci var.
Gözünü açdıqca günəşli bahar,
Sözlər şəfəqlərdən
qamaşan gündür.
Uzaq üfüqdəki soyuq ulduzlar
Bu gün
isti-isti sayrışan
gündür.
Gəlin, salamlayaq doğma baharı
Ana yurdumuzun
Ana qolları
Baharın qoynuna sarışan
gündür.
Odlar torpağının gur tonqalları
Yerin ürəyitək alışan gündür.
Çaylar arzu kimi
aşıb-daşanda,
Həsrətli torpaqla yaz qovuşanda
Yer göyə
Göy yerə
Yaraşan gündür.
Təbiət sevgidən söhbət açanda,
Küsmüş sevgililər barışan gündür.
Durnalar vətənə dönür qürbətdən.
Üfüqlərin donu mavi
xələtdən.
Köksündə günəşi
Zər nişan
günüdür.
Bu gündən, sabahdan, əbədiyyətdən
Mehriban-mehriban danışan gündür.
Nəbi XƏZRİ
Azərbaycan. - 2021.- 20 mart.- S.8.