Görkəmli
yazıçı-jurnalist
Orta
nəslin nümayəndələri dövrünün
tanınmış yazarı Nurəddin Babayevi, yaxşı
xatırlayırlar. Çünki o, ötən əsrin
60-80-ci illərində Azərbaycanda ən çox oxunan
yazıçılardan idi. Nurəddin müəllim ədəbi
aləmdə həm də gözəl publisist kimi
tanınırdı.
N.Babayev Azərbaycan
Yazıçilar İttifaqının üzvü, 1954-cü ildən
SSRİ Yazıçılar İttifaqının üzvü,
Azərbaycan Jurnalistlər İttifaqının (indi AJB)
üzvü və idarə heyətinin katibi olmuş, Əməkdar
incəsənət xadimi, Əmək və müharibə
veteranı, habelə digər fəxri adlara və yüksək
mükafatlara
layiq görülmüşdür.
Anadan
olmasının 100 illik yubileyini qürur hissi ilə qeyd
etdiyimiz Nurəddin Həsən oğlu Babayev 1921-ci il
martın 23-də Nizami yurdu qədim Gəncə şəhərində,
ziyalı ailəsində anadan olmuşdur. Uşaq
yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə
köçən Nurəddin məktəb illərində
mütaliəyə böyük həvəsi, güclü
yaddaşı ilə müəllimlərinin və
yaşıdlarının diqqətini çəkmişdi. Məktəb divar qəzetinin yazarı, sonra redaktoru
kimi ictimai işlərdə fəallıq göstərmiş,
məqalə və bədii yazıları ilə
seçilmişdir. Ümumiyyətlə, Nurəddin Babayev ədəbi
fəaliyyətə 17-18 yaşlarında başlamış,
bundan sonra müxtəlif mətbu orqanlarda tez-tez məqalə,
oçerk və hekayələri dərc edilmişdir.
N.Babayev
1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin
iştirakçısı olub. Elə bu mövzuda “Əbədi
qəhrəmanlıq” adlı ilk kitabı 1945-ci ildə
çap olunmuşdur. O, Böyük Vətən müharibəsində
ön cəbhədə vuruşmuş, ağır
yaralanmış və baş leytenant rütbəsi ilə
Bakıya qayıtmışdır. Bakıya döndükdən
sonra gənc yazar ADU-nun (indi BDU) Filologiya fakültəsinə
daxil olmuşdur. Nurəddin Babayevin bu uğuru onun taleyində
və ədəbi yaradıcılığında xüsusi
rol oynamışdır. Tələbə-gəncin
yazıçı kimi formalaşmasında o dövrün məşhur
ədib və mütəfəkkirləri olan müəllimlərindən Cəfər
Xəndanın, Mir Cəlal Paşayevin, Həmid
Araslının, Muxtar Hüseynzadənin, Abbas Zamanovun və
başqalarının böyük təsiri olmuşdur.
ADU-nu
bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə başlayan
yazıçı 1953-cü ildən Jurnalistika kafedrasında
baş müəllim işləmişdir. O, 1958-ci ildə “Azərbaycanda
bədii oçerkin inkişafı” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək filologiya elmləri
namizədi, daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsi
almışdır. O, Azərbaycan ədəbiyyatında
oçerk janrının nəzəri əsaslarını
yaratmış və bu yolda novator kimi
tanınmışdır. Təsadüfi deyil ki, zəngin
elmi-nəzəri biliyə və təcrübəyə malik
olan N.Babayev Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində
dəfələrlə mühazirə oxumuşdur.
O
dövrdə Azərbaycanda Jurnalistika fakültəsi yox idi,
yalnız 1928-ci ildən Filologiya fakültəsinin nəzdində
jurnalistika şöbəsi fəaliyyət göstərirdi. Bu da gənc nəsil jurnalistləri üçün
müəyyən çətinliklər yaradırdı. Odur
ki, 1969-cu ildə tanınmış alim və yazıçılarımızın,
o cümlədən Nurəddin Babayevin səyi ilə
universitetdə Jurnalistika fakültəsi təşkil
olunmuş və bu fakültəyə ilk dekan professor Nurəddin
Babayev təyin edilmişdir.
Çox
məmnunam ki, bu gün Azərbaycan mətbuatında
çalışan yüzlərlə jurnalist kimi, mən də Nurəddin müəllimin
tələbəsi olmuşam. O, mühazirə və
seminarlarında tələbələrə obyektiv və milli
ruhlu yaxşı jurnalist olmağı, dövlətə,
xalqa, millətə sədaqətlə xidmət etməyi,
jurnalist adına, peşəsinə həmişə
böyük hörmət və ehtiramla yanaşmağı tövsiyə
edərdi.
İkinci
kursu bitirəndə biz, tələbələri
yaşadığımız rayonların qəzetlərində
istehsalat təcrübəsinə göndərirdilər. Bu
zaman təcrübə rəhbəri kimi Nurəddin müəllim
necə çalışacağımız,
özümüzü necə aparacağımız və
yazacağımız mövzularla bağlı tövsiyələrini verirdi. Sonda məni
yanına çağırıb dedi:
-
Şəmkirdənsən, rayonun kəndlərinə
yaxşı bələd olansan, de görüm, Təzəkənd
kəndini tanıyırsan? Dedim, bəli, həmin kənddənəm.
- Hə, onda davamiyyətinizlə tanış olmaq
üçün rayona gələndə həmin kəndə
gedəcəyimə bələdçilik edə bilərsən?
- Əlbəttə,
çox xoş olar, - dedim. Amma ani olaraq içimdən
keçən narahatçılığı hiss edən Nurəddin
müəllim sözünə davam edərək dedi ki,
eşitmişəm, repressiya qurbanı Əhməd Cavadın
yaradıcılığı ilə maraqlanırsan, arxivini əldə
eləmisən, çox xeyirxah işin qulpundan
yapışmısan... Əhməd Cavadın
oğlu Aydın Axundzadə rayon Kooperativlər
İttifaqının sizin kənddəki İstehlak Cəmiyyətinin
sədridir. Bilirsənmi, onlarla ailəvi dost olmuşuq,
Aydın həm də mənim süd qardaşımdır. Onlar Gəncədə və Bakıda yaşayanda bir
evli kimi idik. Mənim jurnalistikaya gəlişimə,
ədəbi aləmdə yaradıcılığıma dəstək
verən şəxslər arasında ailəmizin yaxın dostu
Əhməd Cavadın da qayğısı çox olub.
Bu xatırlamada diqqətinizə çatdırmaq istəyirik
ki, Nurəddin müəllim tək mənə yox,
bütün tələbələrinə ziyalı
qayğıkeşliyi ilə yanaşır, haradasa, nədəsə
bizlərə dəstək olmağa, kömək göstərməyə
çalışırdı.
Müəllimimin
səmimi söhbətindən onu da əxz etdim ki, ədəbi
aləmə gəlişinin ilk
günlərindən Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir
İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə,
Qulu Xəlilov, Famil Mehdi və digər görkəmli
ziyalılar Nurəddin Babayevin yaxın dostu və məsləkdaşı
olublar.
N.Babayev Azərbaycan jurnalistikası tarixində ilk dərs
vəsaiti olan ikicildlik “Jurnalistika məsələləri”
kitabının elmi redaktoru və əsas müəlliflərindən
biridir. Gələcək
üçün böyük elmi xəzinə hesab edilən
bu kitaba görə Nurəddin Babayev 1966-cı ildə
“Qızıl qələm” mükafatına layiq
görülmüşdür.
Nurəddin
Babayevin bir sıra əsərləri rus, alman, ingilis,
fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə
olunmuşdur. Yazıçının “Biz Azərbaycandanıq”
(1965), “Ürəyimdə sözüm var” (1980), “İzləri
itirmirik” (1978) kimi
kitabları da öz məzmun və dəyəri ilə o
dövrün gəncliyinin mənəvi tərbiyəsində
böyük rol oynamışdır. Nurəddin
Babayevin yaradıcılığı çoxşaxəlidir.
Onun oxucu rəğbəti qazanan bir sıra əsərləri,
o cümlədən “Bahar övladları” (1959), “Zərif
duyğular” (1963), “Manolis Qlezos” (1966), “Qəhrəmanların
izi ilə” (1968), “Zvezdı ne qasnut” (Moskva, “Sovetski pisatel”,
1969), “Ulduzlar sönmür” (1975), “Ürəyimdə
sözüm var” (1980), “Açıq söhbət” (1982), “Na
doroqax jizni” (Moskva, “Sovetski pisatel”, (1984), “Elə yaz ki...” (1985), “Gəlin kişilikdən danışaq” (1986),
“Babam-nənəm, atam-anam və biz” (1988) kitabları müəllifin
sağlığında, “Adamın özü və
sözü” (1992) əsəri isə vəfatından sonra
işıq üzü görmüşdür.
N.Babayev 1943-1945-ci illərdə “Kommunist” qəzeti
redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi”
qəzetində redaktor müavini, 1953-cü ildən isə
“Uşaqgəncnəşr”də baş redaktor işləmişdir. Yazıçı, publisist,
naşir dəfələrlə müxtəlif elmi, mədəni
layihələr və görüşlər ilə əlaqədar
Fransa, Kuba, Bolqarıstan, Finlandiya kimi ölkələrdə,
həmçinin keçmiş SSRİ respublikalarının
hamısında olmuşdur. Yazıçının
bu ölkələrdə də bir çox məqalə və
əsərləri çap edilmişdir.
Nurəddin Babayevin yaradıcılığı rəngarəngdir. Onun ədəbi
yaradıcılığında gənclərin təlim-tərbiyəsinə
həsr edilmiş əsərləri xüsusi diqqət çəkir.
Görkəmli yazıçının bu əsərləri
gənclər üçün stolüstü kitab olmaqla
yanaşı, hər zaman tərbiyəvi, əxlaqi nəsihətlərlə
zəngin xəzinədir. “Oğluma məktublar” (1966),
“Qızlar söz istəyir” (1977), “Qızlar, sözüm sizədir”(1972),
“İşıq və məhəbbət” (1977), “Ürəklər bir olanda” (1991) əsərləri
buna bariz nümunədir. Təsadüfi deyil ki,
yazıçının “Oğluma məktublar” əsəri
mükafata layiq görülmüşdür. Hətta bu əsər Bolqarıstanda “Ədəbiyyat”
dərsliyinə daxil edilmişdir. Görkəmli
yazıçı-jurnalist bir müddət Cəfər
Cabbarlı adına Bakı
kinostudiyasında baş redaktor işləmişdir. Bu zaman
yazıçı xüsusən sənədli-xronikal filmlərin,
milli mentalitetə söykənən kinooçerklərin,
insanları mənəvi kamilliyə səsləyən
kino-jurnalların məzmunlu, yüksək səviyyədə ekranlara
buraxılmasında əlindən gələni əsirgəməmişdir.
Bununla yanaşı, “Azərbaycan
elmi” (1969), “Bacarıqlı əllər” (1963), “Nizami yurdu”
(1968), “Həyatın mənası” (1979), “Axtaran tapar” və
başqa elmi-sənədli filmlərin ssenari müəllifi
olmuşdur.
Azərbaycanda
jurnalistika ixtisasının nəzəri əsaslarını
yaradan yazıçı-jurnalist Azərbaycan Jurnalistlər
İttifaqının (indi AJB), həmçinin Respublika Ədəbiyyat
və İncəsənət Arxivinin təşkilində də
çox böyük rol oynamış, arxiv xəzinəsinə
özünün və qələm yoldaşlarının
yaradıcılığı ilə əlaqədar qiymətli
materiallar vermişdir. Salman Mümtaz adına Ədəbiyyat və
İncəsənət Arxivinin direktor müavini Şəlalə
Baxşəliyeva
bildirir ki, bu arxivdə Nurəddin müəllimin 31
saylı fondu ilk və ən zəngin fondlarındandır. 1944-1969-cu illəri əhatə edən birinci
siyahıda ədibin povestləri, hekayələri,
çıxışları, rəyləri, fota-sənədləri,
1943-1984-cü illərə aid ikinci siyahıda ədibin əlyazmaları,
oçerkləri, ssenariləri, məqalələri, tədqiqatları,
haqqında sənədləri və s. toplanıb. Üçüncü siyahıda isə
yazıçının 1938-1998-ci illərdə
yazılmış müxtəlif janrlı əsərləri,
oxucu məktubları, əlyazmaları, bir sözlə, 118
iş qorunub saxlanılır.
Böyük Şərq mütəfəkkiri Əbu
Turxan yazır ki, hər insan bir ulduzu xatırladır. Lakin həyatda ulduz olmaq,
insanlığa işıq saçmaq hər kəsə nəsib
olmur. 1991-ci il sentyabrın 25-də əbədiyyətə
qovuşmuş Nurəddin Babayev ötən əsrin
60-80-cı illərində Azərbaycan jurnalistikasında və
ədəbi aləmdə ulduz kimi parladı... İllər
ötdükcə bu işıq daha parlaq görünür.
Rəhman
SALMANLI,
Azərbaycan. - 2021.- 20 mart.- S.9.