İncə sənət, həyat, ovqat, təravətli söz
Poeziya milliliyi ilə yanaşı, həm də bəşəri mahiyyət daşıyır.
Hər bir xalqın poeziyasının
özünəməxsusluğu var. Türkiyənin tanınmış mədəniyyət
xadimi - şair, dramaturq, rejissor və tərcüməçi
Tarik Günersel Beynəlxalq Poeziya Gününün qeyd olunmasını 1997-ci ildə
təklif kimi irəli sürüb. Bu təklif istər sənət aləmində,
istərsə də xalqlar arasında ehtiramla qaşılanıb.
1999-cu ildə UNESCO-nun
30-cu iclasında 21 mart
“Beynəlxalq Poeziya Günü” elan olunub.
Bu hadisə
xalqımız üçün
ikiqat bayrama çevrildi. Çünki
ruhun musiqisi adlandırılan bəşəri
poeziyanın ritmik notları ilə baharı, çiçəklənməyə
hazırlaşan ecazkar
təbiəti, saflıq
və birlik rəmzi olan Novruzu salamlamaq doğrudan da əsl səadətdir. Səadətdir həm də ona görə
ki, Odlar Yurdu - maddi sərvəti ilə zəngin olan Azərbaycan həm də mənəvi sərvəti
ilə əsrlərdən
bəri də məşhurdur. Xalqımız
şeiriyyətə və
mədəniyyətə misilsiz
töhfələr, nadir
söz ustadları, böyük sənətkarlar
bəxş edib. Azərbaycanın ürəyi
həmişə şeirlə,
poeziya ilə döyünüb.
Poeziya - sözün poetik imkanlarının ifadəsi
Poeziya ən qədim zamanlardan insanın mənəvi ehtiyacına çevrilmiş, arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olub. Bəşəriyyətin söz
xəzinəsini zənginləşdirən
Azərbaycan poeziyası
da xalqımızın
tarixi qədər qədimdir.
Azərbaycan şairləri bütövlükdə
Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının
inkişafına güclü
təsir göstərib,
özünəməxsus poeziya
məktəbi yaradıb.
Bu məktəbin nümayəndələrinin yaradıcılığında
yüksək peşəkarlıq,
sözün poetik imkanlarından istifadə bacarığı özünü
daha aydın göstərib.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi
xalq ədəbiyyatı
əsasında formalaşmış
bayatılar, holavarlar,
sayaçı sözləri
və digər mövsüm-mərasim nəğmələridir.
Heç də təsadüfi deyil ki, bizi şair
xalq adlandıran əcnəbilər ana dilimizin musiqili olmasını dönə-dönə
söyləmişlər.
Orta
əsrlərdən başlayan
mədəni inkişaf
prosesi Azərbaycan poeziyasının yüksəlişində
yeni bir mərhələnin başlanmasına
gətirib çıxarıb,
insana, onun daxili aləminə maraq güclənib. Şeir sənətimiz Həsənoğlunun, N.Gəncəvinin,
M.Füzulinin, İ.Nəsiminin... timsalında yeni çalarlarla zənginləşib.
XIX əsrdən başlayaraq
şeirlərdəki fəlsəfi
mühakimələrin yerini
müasirlik və real obrazların lirik təzahürü tutub. M.P. Vaqifin, M.V.Vidadinin, Q.Zakirin, S.Ə.Şirvaninin, M.Ə Sabirin
və başqalarının
yaradıcılığı isə maarifçi-realist ruhda formalaşıb.
Əlbəttə, poetik fikrimizin M.Ə.Sabir, H.Cavid, M.Hadi, Ə.Cavad, S.Vurğun, M. Müşfiq, M.Araz, B.Vahabzadə,
X.Rza kimi görkəmli nümayəndələri
öz yaradıcılıqları
ilə Azərbaycan ədəbiyyatına yeni ruh verib, bir-birindən
dəyərli poetik nümunələri ilə
xalqımızın Azərbaycançılıq
məfkurəsi, milli dəyərlər ətrafında
birləşməsində layiqli
xidmət göstəriblər.
Vətənçilik məfkurəsi, azərbaycançılıq ideyası...
Söz və fikir azadlığının,
siyasi düşüncə
sərbəstliyinin, plüralizm,
milli istiqlal, ictimai ədalət uğrunda, xalqımızın
istiqlal mübarizəsində,
dövlət müstəqilliyinin
bərpasında əhəmiyyətli
rol oynamasını inkar etmək olarmı?! Bu, əslində, şair və yazıçılarımızın
yaradıcılığından daim qırmızı xətlə keçən
vətənçilik məfkurəsinin,
azərbaycançılıq ideyasının, vətənpərvərlik
ruhunun məntiqi nəticəsi idi.
1975-ci
ilin oktyabrında keçirilən “Azərbaycan
Ədəbiyyatı Günləri”ndə
çıxış edən
Ümummilli Lider Heydər Əliyev şeiriyyətin cəmiyyətdə
böyük dəyərə
malik olduğunu belə ifadə edib: “Tarix tələbkar
imtahançıdır. Hökmdarlar,
saray əyanları unudulub getmişlər. Azərbaycanın böyük
mütəfəkkir və
humanist şairlərinin
təravətdən düşməyən
misraları isə bu gün də
öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı
heyran qoyur... Milli özünüdərk,
milli oyanış, dirçəliş prosesi
xalqımıza, birinci
növbədə, ədəbiyyatdan
gəlir. Bununla Ümummilli Lider müasir ədəbi prosesin inkişafı üçün hər cür şəraitin yaradılmasını vacib
hesab edirdi.
Bu gün
Azərbaycan dövlətinin,
eləcə də Heydər Əliyev Fondunun hərtərəfli
qayğısı sayəsində
ədiblərimizin bədii
yaradıcılıqları geniş üfüqlərə
şəfəq saçır.
Poeziya ilə nəfəs paylayan şairlərin ümumbəşəri mahiyyət
daşıyan çoxşaxəli
yaradıcılıqları dünya bədii təfəkkürünü zənginləşdirir,
milli şeiriyyəti yüksəklərə qaldırır.
Şairlərimizin bədii
fikir salnaməsində
parlaq səhifələr
açan əsərləri
insanların mənəvi
kamilləşməsinə xidmət göstərir. Bu, həm də ədəbiyyatın ən
ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb
edir.
Prezident İlham Əliyevin ədəbiyyatımızın inkişafına, ədiblərin
yaradıcılıq uğurlarının
daha da artmasına
xüsusi diqqət və qayğı göstərməsi də
təsadüfi deyil. Dövlət
başçısının son 17 il ərzində
müxtəlif vaxtlarda
Nizami Gəncəvinin
880, Aşıq Ələsgərin
200, Cəlil Məmmədquluzadənin
140 və 150, Hüseyn
Cavidin 130, Məmməd
Səid Ordubadinin 140, Mirzə Fətəli Axundzadənin 200, Mirzə
Ələkbər Sabirin
150, Mirvarid Dilbazinin 100 illik
yubileylərinin beynəlxalq
və ölkə səviyyəsində qeyd olunması üçün
imzaladığı sərəncamlar,
ondan irəli gələn tədbirlərin
həyata keçirilməsi
Azərbaycan ədəbiyyatının
inkişafına hesablanan
mədəniyyət siyasətinin
tərkib hissəsidir.
Poetik dünyası olanların qəribə, həm də qərib aləmləri olur...
Sözün
keşiyində elə
söz silahı ilə əsgər və sərkərdə kimi dayanan Nizami
Gəncəvinin və eşq şairi Məhəmməd
Füzulinin əsərlərində
sözün qüdrəti
ilahi varlıq qədər ucalıqda saxlanılır. Nizami
Gəncəvinin “Az danışmağın gözəlliyi”ndə
deyilir:
Sözün də su kimi
lətafəti var,
Hər sözü az demək daha xoş olar...
Məhəmməd Füzulinin “Söz” qəzəlinin açmasında
isə nəzmə çəkilmiş fikrin mənası dəryalar qədər dərindir: “İnsanın sirrini hər kəsə açan sözdür, hər an yoxdan
var olan söz. Sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə
olsa, sahibini də o dəyərdə edər. İnsana onun danışdığı
sözə görə
qiymət verilir. Mənalı söz könüllər alan gözəl kimidir, o da hərdən örtüyünü açıb
üzünü göstərər
və könülləri
şad edər. Söz sirlər xəzinəsinin xəzinədarıdır,
qoruyucusudur.
Poeziya da məhz sözün
cilalanmış, incələnmiş,
dürr halına salınmış ifadəsidir.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan. - 2021.- 20 mart.- S.9.