Bugünümüzün və sabahımızın güclü təməlini yaradan Lider

 

 

 

Azərbaycanın yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir.

Bu dövr iki hissədən ibarətdir. Birinci hissə 1969-1988-ci illəri, ikinci hissə isə sonrakı 15 ili əhatə edir. Düzdür, müəyyən dövr ərzində Heydər Əliyev Azərbaycanın dövlət başçısı olmayıb, Bakıda yaşamayıb. Ancaq Heydər Əliyev hansı vəzifədə və harada olmasından asılı olmayaraq, Azərbaycanın hər bir şüurlu vətəndaşı onun dövlətçilik məharətinə, xalqına, vətəninə olan sevgisinə inanıb və güvənib.

Heydər Əliyev ilk dəfə 1969-cu ilin yayında Azərbaycana rəhbər seçilməsi ərəfəsində respublikadakı vəziyyəti yaxşı xatırlayıram...

Leninqrad şəhərində dissertasiya müdafiə etdikdən və Krasnodar vilayətində bir müddət işlədikdən sonra Bakıya yenicə gəlmişdim. Və özümdən asılı olmayaraq o vilayətlə respublikamızı daima müqayisə edirdim. Əfsuslar olsun ki, bu müqayisə heç də bizim xeyrimizə olmurdu. Cəmiyyətdə bədbinlik, ətalət, inamsızlıq əhvali-ruhiyyəsi hökm sürürdü. Çoxları düşünürdü ki, həyatın mövcud axarına təsir etmək, onu dəyişdirmək mümkün deyil. Sosial-iqtisadi göstəricilərin əksəriyyətinə görə respublikamız ölkədə axırıncı yerlərdən birini tuturdu. Kənd təsərrüfatı və sənaye məhsullarının, demək olar, bütün növlərinin istehsalı ilbəil azalırdı.

Ermənistanın respublikamıza  qarşı ilk  açıq ərazi iddiaları da həmin dövrə aiddir. Bu iddiaların hansı faciəli nəticələrə gətirə biləcəyini əhalinin böyük əksəriyyəti dərk etmirdi. Lakin bu iddialar şəraiti xeyli kəskinləşdirir, xalqın respublika rəhbərlərinə inamsızlığını daha da artırırdı.

 Heydər Əliyev ictimai-siyasi həyatda yenicə yaranmaq istəyən meyilləri məharətlə sezir və respublikanı qarşıdakı sınaqlara vaxtında hazırlamaq üçün hər şeyi edirdi. Yüksək vəzifəyə seçildiyi ilk günlərdə Azərbaycana ərazi iddiaları ilə əlaqədar olaraq  Ermənistan rəhbəri ilə görüşdü.

Onların danışıqları barədə heç bir məlumatımız yoxdur, lakin erməni tərəfi anlayırdı ki, Heydər Əliyev dövründə onların bütün səyləri əbəsdir. Odur ki, sonrakı 19 il ərzində ermənilər tərəfindən belə cəhdlər göstərilmədi.

Heydər Əliyev geriliyin, inamsızlığın və sosial ətalətin aradan qaldırılmasına nail oldu. 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər aparıldı. Kənd təsərrüfatı, yüngül və yeyinti sənayeləri və digər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzəranı yaxşılaşdı. Sənayedə struktur dəyişiklikləri edildi, mövcud sahələr modernləşdirildi.

O vaxt sənaye məhsulunun əsas həcmi neft maşınqayırması  və neft emalı zavodlarının payına düşürdü. Bu məhsulların keyfiyyəti də yüksək deyildi. Əhalinin rifah halı istehsalın məhdud bir sahəsində işlərin vəziyyətindən asılı edilmişdi. Problem çoxdan yaranmışdı, lakin sahənin müasirləşdirilməsi istiqamətində  bir fəaliyyət yox idi.

Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı  həyata keçirildi. Azərbaycanda elektrotexnika, cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elmtutumlu sahələrə aid yüzlərlə iri birlik, müəssisə və zavodlar yaradıldı. Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı. Neft maşınqayırması və neftayırma zavodları modernləşdirildi.

Elm, ədəbiyyat, mədəniyyət, incəsənət parlaq inkişaf yolu keçdi. Azərbaycan xalqının mədəni və tarixi irsi geniş təbliğ edildi. Azərbaycanın görkəmli xadimləri ölkədə və onun hüdudlarından kənarda böyük rəğbət qazandılar.

Respublikada yeni ali məktəblər və tədqiqat müəssisələri, onlarca kafedra və laboratoriyalar yaradıldı. Ali məktəblərə qəbul xeyli artırıldı. Moskvanın, Leninqradın, Kiyevin və ölkənin diğər  şəhərlərinin ali məktəbləri hər il Azərbaycandan əvvəlcə 500, sonralar isə 1000 nəfər gənci qəbul etməyə başladılar.

Sovet dövründə bir qayda olaraq azərbaycanlılar heç bir hərbi peşəyə yiyələnmirdilər, əsasən tikintidə, digər yardımçı sahələrdə xidmət edirdilər. Misal üçün, hərbi aviasiyada, pilot ixtisasında bir nəfər belə azərbaycanlı yox idi. Əlbəttə, belə halın yaranmasında Azərbaycana qarşı  ittifaqda mövcud olan qeyri- səmimi münasibətin də təsiri var idi. Ancaq açıq deməliyik ki, özümüz də bu məsələyə heç bir maraq göstərmirdik, hərbi ixtisas üzrə milli kadrların olmasının əhəmiyyətini anlamırdıq.

Heydər Əliyev azərbaycanlıların hərbi məktəblərə, o cümlədən hərbi aviasiya məktəblərinə göndərilməsini, onların hərbi ixtisaslara yiyələnməsi məsələlərinə nail oldu. Gəncləri yüksək vətənpərvərlik ruhunda  tərbiyə etmək, ölkəni gələcək sınaqlara hazırlamaq məqsədi ilə müttəfiq respublikaların içində ilk və yeganə hal idi ki, Azərbaycanda Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu məsələ ittifaq mərkəzində qısqanclıqla qarşılansa da, Heydər Əliyevin səyləri  nəticəsində öz müsbət həllini tapdı. Azərbaycan kosmonavt hazırlamaq vəzifəsini qarşıya qoydu. Bu məqsədlə ixtisaslaşdırılmış üçüş məktəblərinə onlarca gənc göndərildi.

1978-ci ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Konstitusiyası hazırlanırdı. Konstitusiya layihəsində ana dilimizə dövlət dili statusu verilməsi nəzərdə tutulurdu. İttifaq rəhbərlərinin bir çoxunda bu fikir ciddi narazılıq doğurdu. Hətta Ukraynanın ovaxtkı rəhbəri Sovet İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyevə irad da tutmuşdu. Ancaq bu, Azərbaycanın gələcək müstəqilliyinə yönəldilmiş ən sanballı addım idi və Heydər Əliyev bu müddəanın Konstitusiyada təsbit edilməsinə nail oldu.

1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə irəli çəkildi. Siyasi Büroya  üzv seçildi - Sovet İttifaqı Kommunist Partiyasının ən yüksək pilləsinə yüksəldi. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas almışdı. Ancaq bu yüksək və məsuliyyətli vəzifədə o,  heç vaxt Azərbaycanı unutmur, daim onun sevincinə, kədərinə şərik olur, respublikanın iqtisadi və sosial inkişafı barəsində düşünür, bunun üçün lazımi tədbirlər görürdü.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda beynəlxalq miqyaslı kurort və turizm sahəsinin inkişafına dair xüsusi proqram hazırlandı. Proqramda Abşeron yarımadasında və bütün Xəzər boyu müasir istirahət zonasının yaradılması nəzərdə tutulurdu. Gəncədə nəhəng avtomobil zavodunun tikintisi planlaşdırılırdı, bir neçə müasir hərbi sənaye kompleksi müəssisəsi, elektron hesablama maşınları zavodu və digər obyektlərin inşası nəzərdə tutulurdu. Əfsuslar olsun ki, respublika rəhbərliyinin bacarıqsızlığı, siyasi bəsirətsizliyi nəticəsində bu və başqa obyektlərin inşası başa çatdırılmadı.

Sovet İttifaqının yeni rəhbərliyinə gələn M.Qorbaçov və tərəfdarları Heydər Əliyevin xalq arasında artan nüfuzunu qısqanclıqla qəbul edirdilər. Heydər Əliyevin fəaliyyətinin və şəxsiyyətinin ittifaq miqyasında və beynəlxalq ictimaiyyət qarşısında təhrif olunması prosesinə başlanıldı. 1987-ci ildə Heydər Əliyev Moskvada tutduğu vəzifədən istefa verməli oldu.

Heydər Əliyevin respublikamızda hakimiyyətə ikinci gəlişi Azərbaycanın müasir tarixində ən faciəli dövrdə - 1993-cü ildə baş vermişdi. Ölkədə vəziyyət günbəgün pisləşir, hakimiyyət tam iflic vəziyyətə düşmüşdü. Partiyalar, ictimai-siyasi hərəkatlar, nəhayət, bəzi imkanlı adamlar silahlı dəstələr və silahlı birləşmələr yaratmışdılar. Kriminal düşüncəli adamlar ağsaqqallıq etmək, dövlət rəhbəri olmaq  iddiasına düşür və hətta buna nail olurdular.

Azərbaycan müharibəni açıq  aşkar uduzurdu. Erməni silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin ələ keçirilməsi hamını çaşqın vəziyyətə saldı. Cəmiyyətdə müdafiəsizlik və yaşayışın mümkünsüzlüyü  ovqatı kütləvi xarakter almışdı. Prezident dönə-dönə Heydər Əliyevə müraciət edərək Bakıya gəlməsini xahiş edirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi, bir neçə gündən sonra isə Prezident Bakıdan qaçdığına görə Milli Məclisin qərarına uyğun olaraq, hakimiyyəti bütünlüklə öz öhdəsinə götürdü. Azərbaycan tarixində Heydər Əliyev zəmanəsinin ən dinamik, gərgin və səmərəli dövrü başlandı. Heydər Əliyevin nəhəng səyləri nəticəsində artıq başlanmış Vətəndaş müharibəsinin alovları söndürüldü. Lənkəranda və Gəncədə tabelikdən çıxmış silahlı birləşmələr tərksilah edildi. Döyüş qabiliyyətinə malik əsl ordu yaradıldı və onun döyüş qüdrəti sayəsində atəşkəs sazişinin  bağlanması mümkün oldu.

Xəzər dənizinin neft və qaz ehtiyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi,  qədim İpək yolunun bərpası, digər transkontinental layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı yarandı. Republikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.

Buna qədər isə Naxçıvanda Heydər Əliyevin əli ilə Yeni Azərbaycan Partiyasının proqram sənədləri yaradılmışdı. İntellektual elitanın içərisindən  çıxmış insanların təşəbbüsü əsasında formalaşan partiya respublikanın ən nüfuzlu siyasi təşkilatına çevrildi.

Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində kiçik bir müddətdir. Lakin bu dövr dövlətçiliyimizin və xalqımızın milli süurunun formalaşmasında tarixi bir mərhələdir.

Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının yaranması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilmişdir. Biz naqislik kompleksi hissinə yaxın olan bir vəziyyətdən xilas olduq, özümüzü daha inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərlərimiz yüksəldi.

1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi, hər kəsin və bütövlükdə millətin şərəf və ləyaqətini qorudu. Bu dövrdə demokratik inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib, həyata keçirildi.

2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. İdarəçilikdə yeni ideya və yanaşmalar tətbiq olundu. İqtisadiyyatın sürətli inkişafı, ardıcıl, yüksək professionallıqla aparılan səmərəli xarici siyasət ölkənin maliyyə imkanlarının artmasına, bir çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi silah-sursatla təmin edilməsinə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə gətirib çıxardı. Biz yaxşı dərk edirik ki, bu  nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır.

Sonda Ermənistanın 1988-ci ildəki rəhbəri Dəmirciyanın bir çıxışını yada salmaq istəyirəm. Yerevanın Teatr meydanında o, demişdir: “Ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam var: Atatük və Heydər Əliyev.  Onlardan ikincisi sağdır. Bütün cəhdlərimizə baxmayaraq, o, çekist məharəti ilə hər tələdən qurtarır. Bilin ki, nə qədər  o sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərdə yenidən onu Bakıya gətirəcək və bununla da bizim arzularımız puça çıxacaqdır”.

Bu düşünülmüş fikrə nə demək olar?! Yalnız bir kəlmə: “Ay başıbəlalı erməni xalqı, yadda saxla ki, Atatürk və Heydər Əliyevlə yanaşı, türk dünyasının

İlham Əliyevi də var!”

 

 

 

Arif RƏHİMZADƏ,

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri

Azərbaycan.-2021.- 2 may.- S.1;3.