Böyük Qələbə Qarabağın milli-mənəvi irsiniazad etdi

 

İşğaldan qurtulan dəyərlərimiz bu torpaqların qədim Azərbaycan yurdu olduğunu yenidən dünyaya çatdıracaq

 

 

30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu torpaqları yalnız talan etməyib. İşğalçılar tarixi ərazilərimizi erməniləşdirməyə cəhd edərək xalqımızın milli-mənəvi dəyərlərinə qarşı əsl soyqırımı həyata keçiriblər, tarixi-dini abidələrimizə qarşı vandallıq törədiblər. Erməniləşdirə bilmədiklərini isə dağıdıblar, ya da təhqir ediblər.

 

 

 

Bütün məscidlər yenidən qurulacaq

 

 

 

Prezident İlham Əliyev bir neçə gün əvvəl işğaldan azad olunmuş rayonlarımıza səfəri zamanı bir daha diqqəti ermənilər tərəfindən məscidlərimizin dağıdılmasına yönəltdi. Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb” deyən İlham Əliyev bunun bütün müsəlman aləminə, islam dininə qarşı cinayət olduğunu bildirib.

Bəli, dağıdılması bir tərəfə, ermənilərin məscidlərdən tövlə kimi istifadə etmələri, orada donuz saxlamaları onların hansı xislətin, hansı çirkin keyfiyyətlərin daşıyıcısı olduqlarını göstərir. Dövlət başçısı ermənilərin cinayətlərinin dünyaya çatdırılması işində hər kəsi fəal olmağa çağırdı.

Bütün beynəlxalq təşkilatlar ermənilərin islam dəyərlərinə qənim kəsildiklərini, məscidləri təhqir etdiklərini, vəhşiliklərini görməlidir.

Qarabağa sonuncu səfəri zamanı Prezident İlham Əliyev Zəngilan məscidinin də təməlini qoydu. Dövlət başçısı bununla bir daha göstərdi ki, azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq, yenidən qurulacaq.

Xatırladaq ki, yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Yuxarı Gövhər ağa məscidi Şuşanın tam mərkəzində yerləşir. Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın adını daşıyır. Üstündəki naxışlar şuşalı xəttat Mir Möhsün Nəvvaba aiddir. Binanın fasadında “Qurani-kərim”dən ayələr həkk edilib. Həmçinin Gövhər ağanın vəsiyyətlərini əks etdirən daş kitabələr də yonulub.

1992-ci ildə Şuşanın işğalından sonra məscid ciddi dağıntılara məruz qalıb. Ermənilər “təmir-bərpa” adı altında məscidin üzərində olanonun  Azərbaycan xalqına məxsusluğunu xatırladan naxışları məhv etməyə çalışıblar. Bununla da məscidi erməniləşdirməyə çalışıblar. Amma nail ola bilməyiblər. Çünki bu məscidin erməniləşdirilməsi mümkün deyil.

Ağdam Cümə məscidinin quru divarlarını isə ermənilər yalnız hərbi məqsədlər üçün saxlamışdılar. İşğaldan sonra ermənilər  məscidi benzin töküb yandırıblar,  divarlarına təhqiramiz ifadələr yazıblar. İçərisində mal-qaradonuz saxlayıblar.

Ağdamda Şahbulaq ərazisində yerləşən, Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş Şahbulaq məscidi, onun davamı sayılan Paprəvənd kənd məscidi də eynilə viran qoyulub. Zəngilan, Cəbrayıl rayonundakı, Qubadlının Məmər, Füzulinin Alxanlı kənd məscidlərini də donuz ferması qismində istifadə ediblər.

 

 

 

Dağıdılan yalnız islam mədəniyyətinə aid olan abidələr deyil

 

 

 

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin vəziyyəti göstərir ki, ermənilər 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozublar.

30 ilə yaxın işğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Lakin dağıdılan yalnız islam mədəniyyətinə aid abidələr deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağda Azərbaycan xalqına məxsus bütün tarixi abidələr də vandallığa məruz qalıb, muzeylər talan edilib, milli eksponatlarımız Ermənistana daşınıb.

İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

Qarabağda erməni vandallarının dağıdıb viran qoyduqları tarixi, mədəni abidələrimiz saysızdır. Bu abidələr Qarabağın Azərbaycan xalqına məxsus qədim yaşayış məskəni olduğunu sübut etdiyindən ermənilər onu dağıtmaq üçün bütün vasitələrə əl atıblar.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə abidələrin ümumi sayı 3 minə qədərdir.  Ermənistan işğal dövründə onları dağıtsa da, tarixi simasını dəyişdirmək istəsə də, Qarabağ torpaqlarının ermənilərə məxsus olduğunu sübut edə bilmədi. Hansısa saxta qazıntılarla Qarabağdaaşkar etdikləri” “erməni tarixi” də iflasa uğradı.

Artıq torpaqlarımız işğaldan azaddır. Qarabağda dağıdılmış bütün milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, məscidlərimiz yenidən qurulacaqonlar bu torpaqların qədim Azərbaycan yurdu olduğunu yenidən dünyaya bəyan edəcəklər.

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 2 may.- S.1;4.