Keçmiş hərbi xunta Paşinyana
qarşı qiyama hazırlaşır
Növbədənkənar parlament seçkiləri fonunda Ermənistanda keçmiş hərbi xuntanın hakimiyyətə qarşı daha da aktivləşdiyi müşahidə edilir. Sarkisyan-Koçaryan koalisiyası indi əsas diqqəti Nikol Paşinyan iqtidarına qarşı təhqir və iftira kampaniyası üzərində cəmləşdirib.
Sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın son açıqlamaları da bunu təsdiq edir. S.Sarkisyan “ArmNews” telekanalının efirində rejissor və “Hakimiyyət” filminin ssenari müəllifi Mqer Mkrtçyana müsahibəsində Paşinyan iqtidarını açıq şəkildə təhqir edib: “Ermənistanın indiki hakimiyyəti çoban itləri deyil, çaqqaldırlar”.
Nikol Paşinyanın komandasını çaqqallara bənzədən Sarkisyan sözügedən müsahibəsində 2018-ci ilin aprel hadisələrindən danışıb, eyni zamanda istefası və digər mövzular barədə sualları cavablandırıb. Baş verənlərə görə Paşinyan və komandasını ittiham edib.
Ermənistanın digər eks-prezidenti Robert Koçaryan da Paşinyanın səriştəsiz olduğunu bildirib və qeyd edib ki, bu halda heç bir ağlı başında olan şəxs Ermənistana yatırım etməyəcək: “Bank sistemini dağıtdılar, biznesmenləri təqib və təhdid etməyə başladılar. Bir təklif kifayətdir ki, investisiyaların üzərindən xətt çəkilsin. Baş nazir deyəndə ki, hər biznesmenə Milli Təhlükəsizlik Xidmətinin bir əməkdaşı nəzarət edəcək, bu, investorun psixologiyasını sıfır səviyyəsində anlamaq deməkdir. Bu cür axmaqlığı düşünmək belə çətindir”.
Göründüyü kimi, seçkiöncəsi separatçıların dəstəyini alan koalisiyanın sərt formada müqavimət göstərməsi gözlənilir və bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir. Əsas niyyət hakimiyyətə qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, qiyam təşkil etməklə güc yolu ilə hakimiyyəti qəsb etməkdir. Məhz belə vəziyyət siyasi gərginliyin daha da yüksələcəyini göstərir.
Paşinyan isə hərbi xunta təmsilçilərinin yenidən həbsə atılması üçün hüquqi müstəvidə onlara qarşı cinayət təqibini davam etdirir. Bunun ardınca hakimiyyət təhlükəli hesab etdiyi digər müxalif fiqurları da inzibati yolla sıradan çıxarmağa hazırlaşır.
İndiki halda
söhbət Ermənistan Milli Təhlükəsizlik
Xidmətinin keçmiş direktoru, müxalif olan Vətən Partiyasının sədri Artur Vanetsyandan gedir. Siyasətçinin vəkili Lusine Saakyan bildirib ki, Vanetsyan istintaqa
cəlb olunub. Onun sözlərinə
görə, Vanetsyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə
çağırılıb.
MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı Vanetsyan və başçılıq etdiyi silahlı dəstə Şuşadakı mövqelərini özbaşına tərk edib. Hesab edilir ki, bu yolla seçkilərə qədər Vanetsyan sıradan çıxarılacaq. Bu da Nikol Paşinyan və komandasının qalibiyyət şanslarını daha da artırır.
Bu arada məlum olub
ki, seçkilərdən sonra
baş nazir vəzifəsinə
parlamentin sədri Ararat
Mirzoyanın namizədliyinin irəli sürüləcəyi
barədə müxalif mediada
yayılan məlumatlar əsassız
imiş. Ermənistanda parlamentin
hakim “Mənim addımım”
fraksiyası bəyan edib ki, onlar
Nikol Paşinyana alternativ axtarmır.
Milli Məclisin spikeri Ararat Mirzoyan da hakim fraksiyanın baş nazir postuna namizədinin
məhz Paşinyan olacağını bildirib.
Paşinyan istefa verdikdən
sonra komandası baş nazir vəzifəsinə yenidən
onun namizədliyini verib.
Parlamentdə ikinci böyük
fraksiya olan “Çiçəklənən Ermənistan”
partiyasını təmsil
edən İveta Tonoyan bildirir ki, onun partiya
yoldaşları artıq
seçki hazırlığına
başlayıblar və
seçkiqabağı kampaniyanı
partiyanın lideri Hagik Tsarukyan şəxsən koordinasiya
edir. Tonoyan vurğulayıb ki, “Çiçəklənən Ermənistan”
fraksiyasının qəti
əmin olduğu proqram var: “Partiya
20 iyun seçkisinə
Tsarukyanın başçılıq
etdiyi siyahı ilə gedir və partiyanın qələbəsi məhz
onun baş nazir olması ilə nəticələnməlidir”.
Müxalif “Maariflənmiş Ermənistan”
fraksiyası isə bildirib ki, hələlik
heç bir sürpriz olmayacaq və təşkilat baş nazir vəzifəsinə namizəd
irəli sürməyəcək. “Azatutyun” radiosu qeyd edir ki,
Ermənistanın birinci
prezidenti Levon Ter-Petrosyan bu günlərdə məhz
bu iki partiyanı
Paşinyanı vəzifəsində
saxlamaq üçün
iqtidarla qanunsuz sövdələşməyə girməkdə ittiham etmişdi. Ter-Petrosyan bəyan etmişdi
ki, konstitusiyaya görə Paşinyan vəzifəsindən istefa
verdikdən sonra həmin vəzifənin icraçısı kimi qala bilməz.
Bu arada Ermənistan
hökuməti seçki
kampaniyasına maneçilik
törədilməsinə qarşı
məsuliyyəti sərtləşdirib. Bununla əlaqədar
Cinayət Məcəlləsinə
düzəlişlər edilməsi
haqqında qanun layihəsi qəbul olunub. Bu qanunvericilik
təşəbbüsü ilə hakim “Mənim addımım” fraksiyasından
Vaaqn Ovakimyan çıxış edib.
O bildirib ki, bundan sonra seçkiyə
maneçilik törədilməsinə
qarşı cəza daha sərt olacaq: “Yadınızdadırsa,
inqilaba qədər seçki vaxtı hansısa qruplar müxalifətin təşviqat
kampaniyasına maneçilik
törətməyə çalışırdılar.
Onlar bunu etsələr də, cəzasız qalırdılar. Yeni normalara
görə siyasi baxışlarından asılı
olmayaraq, istər müxalifət olsun, istərsə də iqtidar, təşviqat kampaniyasına mane olmaq istəyənlər cinayət
məsuliyyətinə cəlb
olunacaqlar”.
Qanuna düzəlişdə
belələri üçün
6 aydan 1 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə
tutulur. Seçki təşviqatına mane olarkən
zorakılıq və
ya təhdidə əl atanlar 6 il müddətinə
azadlıqdan məhrum
edilə bilərlər.
Seçicilərin maddi cəhətdən
ələ alınması
cəhdlərinə görə
isə 5 ilədək
həbsxana cəzası
nəzərdə tutulur.
Hakimiyyət əmindir ki, qanuna düzəlişlər
qarşıdan gələn
erkən seçkilərə
əhəmiyyətli dərəcədə
təsir göstərəcək. Müxalifət isə bəyan edir ki, bütün
bunlar hakimiyyətin inzibati metodlarla prosesi öz lehinə dəyişdirmək
cəhdlərindən başqa
bir şey deyil.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 2 may.- S.1;5.