İnklüziv Azərbaycan
ölkənin gələcəyinə yatırımdır
Hər hansı bir inkişaf prosesi o zaman uğurlu olur ki, onun əsası düzgün qoyulsun və inkişaf strategiyasının hədəfləri dəqiq müəyyənləşdirilsin. Azərbaycan Respublikasının uğurlarının kökündə də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək peşəkarlıq və uzaqgörənliklə işlənmiş inkişaf strategiyası dayanır.
Hazırda ölkə sürətlə inkişaf etməkdədir. Bu tərəqqi prosesi hərtərəfli və universaldır, iqtisadi, sosial, humanitar, hərbi təhlükəsizlik sahələrində tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarına əsaslanır. Bunun nəticəsidir ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük şanlı Vətən müharibəsində qazanılmış parlaq qələbə sayəsində ölkənin ərazi bütövlüyü bərpa edildi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri yerinə yetirildi, bir milyona yaxın qaçqın və məcburi köçkünün hüquqları bərpa olundu. Azərbaycan Respublikasının sürətli, hərtərəfli və innovativ inkişafının davamlılığının təmini baxımından Prezident İlham Əliyev parlaq Vətən müharibəsindən dərhal sonra ölkənin növbəti prioritetlərini hədəflədi. Uğurlu iqtisadi və sosial siyasətin məhsulu olan inklüziv cəmiyyətin qurulması 2030-cu ilə qədər prioritet kimi müəyyən edildi. Bu məqsədə nail olmaq üçün yüksək rəqabətqabiliyyətli, dayanıqlı iqtisadiyyatın formalaşması, insan potensialının davamlı təkmilləşdirilməsi, ekoloji tələblərə cavab verən yaşıl iqtisadiyyatın inkişafı nəzərdə tutulmuşdur. Bütün bu tədbirlər azad edilmiş ərazilərə böyük qayıdışın vacib şərti kimi dəyərləndirilir.
Azərbaycan Respublikasının bugünkü hərtərəfli uğurlu inkişafının kökündə səmərəli və innovativ dövlət idarəçiliyi dayanır. Bu prosesin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş və olduqca mürəkkəb bir şəraitdə müstəqilliyini yenicə bərpa etmiş ölkənin dövlət idarəçilik sistemini qurmuşdur. Güclü xarici və daxili təzyiq və hərtərəfli təxribatlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə siyasi, iqtisadi və sosial böhrandan çıxmış, stabil inkişaf prosesinə qədəm qoymuşdur. 1993-cü ilin iyununda xalqın tələbi ilə ölkədə hakimiyyət vakuumu aradan götürülüb, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müasir durumunu təsəvvür etmək, doğrudan da, çətindi. Məhz onun sayəsində baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazandı. Heydər Əliyev ölkədə köklü islahatlara start verdi. O, dəqiq dərk edirdi ki, bəşəriyyət tarixinin yeni mərhələsinə uyğunlaşmaq üçün ölkənin tamamilə dəyişməsi zəruridir.
Son 18 ildə isə bu proses daha da güclənmiş və yeni səviyyəyə qalxmışdır. Bu, Prezident İlham Əliyev tərəfindən innovativ dövlət idarəçilik elminə əsaslanan tam yeni texnologiyaların tətbiqinin nəticəsidir. Ölkədə Birinci vitse-prezident institutunun təsisi, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə parlaq fəaliyyəti, xüsusilə də iqtisadi nailiyyətlərin sosial və humanitar uğurlara səmərəli transformasiyasının təmin edilməsinə yönəlik xidmətlərinin inkişaf proseslərinin uğurunda payı olduqca böyükdür. Bu, xüsusilə dünyanın ən müasir prioriteti olan inklüziv cəmiyyətin formalaşdırılmasında da öz əksini tapmışdır.
İnklüziv inkişaf dövlət idarəçiliyinin elə yoludur ki, onun tətbiqi nəticəsində ölkə hərtərəfli inkişaf edir və bu prosesin müsbət nəticələrini bütün vətəndaşlar hiss edir. İnklüziv inkişaf dünyanın 21-ci əsrdə ən əsas prioriteti kimi son illər formalaşmışdır. 2018-ci ildə dünya ölkələrinin bu sahədə nailiyyətləri dəyərləndirilmişdir. Bu dəyərləndirmə 12 iqtisadi, sosial, demoqrafik və ekoloji göstəricilər əsasında beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf strategiyası, Prezident İlham Əliyev tərəfindən bu strategiyanın təkmilləşdirilməsi və müasirləşdirilməsi nəticəsində son illər Azərbaycan Respublikası bütün göstərilən istiqamətlərdə yüksək nəticələr əldə etmişdir və davamlı inklüziv inkişafın idarəedilməsi sahəsində dünya liderləri sırasındadır.
BMT-də hazırda 193 ölkə üzv kimi rəsmi qeydiyyatda var ki, onların əksəriyyətinin iqtisadi, sosial, demoqrafik və ekoloji parametrləri beynəlxalq təşkilatlar tərəfindən təhlil edilir və dəyərləndirilir. Həmin dəyərləndirmələr əsasında fərqli sahələrdə fəaliyyəti təkmilləşdirmək məqsədilə tədbirlər təklif edilir. Dünyanın fərqli ölkə və regionlarında iqtisadi və sosial sahələrdə vəziyyəti təhlil edən beynəlxalq təşkilatlar arasında Davos Dünya İqtisadi Forumu xüsusi nüfuza malikdir. Bu təşkilatın ekspertləri dünyanın 146 ölkəsində davamlı inkişaf və inklüziv cəmiyyətin qurulması ilə bağlı mövcud vəziyyəti dəyərləndirmişdir. Şəkildən göründüyü kimi, Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi 4,69-a bərabərdir. Həmin göstərici ilə Azərbaycan Respublikası dünyada 25-ci yerdədir. Bu, olduqca yüksək nəticədir. Müstəqilliyini yalnız 30 il əvvəl bərpa etmiş Azərbaycan bu göstəriciyə görə dünyanın bir çox lider ölkələrini geridə qoyub. Bu ölkələr arasında “böyük yeddilik” (G7) qrupuna daxil olan dünya liderləri (ABŞ, İtaliya, Yaponiya), dünyanın iqtisadi baxımından ən inkişaf etmiş 39 ölkəsini birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri (İsrail, Argentina, Çili, Yunanıstan, Portuqaliya, Meksika və s.), Avropa İttifaqının üzvləri (Latviya, Polşa, Rumıniya, Bolqarıstan və s.) də var.
Şəkildə təqdim olunan bütün bu ölkələrin iqtisadi imkanları Azərbaycan Respublikasından əhəmiyyətli dərəcədə yüksəkdir. Beynəlxalq Valyuta Fondunun 2021-ci ildə dərc edilmiş məlumatlarına əsasən, Azərbaycan Respublikası adambaşına düşən gəlirlərə görə bu ölkələr arasında 83-cü yerdədir. Beləliklə, iqtisadi imkanı 83-cü yer səviyyəsində olan ölkə öz fəaliyyətini optimal təşkil edərək inklüziv inkişaf göstəricilərinə görə 25-ci yerə qalxa bilmişdir. Bu onu göstərir ki, inklüziv inkişafın idarəedilməsi sahəsində Azərbaycan Respublikasının nailiyyətləri ölkənin iqtisadi imkanlarından 58 bənd yüksəkdir. Məhdud resurslarla daha yüksək nəticələrin əldə edilməsi yalnız çox yüksəksəviyyəli dövlət idarəçiliyinin təzahürü və Heydər Əliyev dövlət idarəçilik məktəbinin bəhrəsidir. Ölkə Prezidenti İlham Əliyevin dünyada ən müasir idarəçilik elminə əsaslanan novator fəaliyyəti bu yüksək nailiyyətlərin qazanılmasını təmin etmişdir. Qlobal miqyaslı nailiyyətlərin əldə edilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın olduqca əhəmiyyətli xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən inklüziv təhsil, inklüziv sağlamlıq və digər çoxsaylı sosial təşəbbüs və layihələr ölkənin davamlı inkişafına və inklüziv cəmiyyətin formalaşmasına güclü təkan vermişdir. Qeyd edilməlidir ki, inklüziv cəmiyyətin qurulması ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasındadır.
Dövlət idarəçiliyi sahəsində fəaliyyət səmərəliliyinin dəyərləndirilməsi zamanı ölkənin dünyada gəlirlərinə görə tutduğu yer inklüziv inkişaf göstəricisinə görə tutduğu yerlə müqayisə edilir. Bu rəqəmlər, bir qayda olaraq, ya eyni olur, ya çox az fərqlənir. Məsələn, adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Fransa dünyada 19-cu yerdədir. Beynəlxalq statistikaya əsasən inklüziv inkişaf indeksinə görə də Fransa dünyada 19-cu yerdədir. Bu normal bir vəziyyətdir və ölkənin iqtisadi imkanlarından inklüziv inkişaf üçün kifayət dərəcədə səmərəli istifadəsindən xəbər verir. Lakin bəzi hallarda ölkələrin davamlı inklüziv inkişaf sahəsində qazandığı nailiyyətlər və dünyadakı reytinqi onların iqtisadi imkanlarından və bu sahədə reytinqindən daha yüksək olur. Məsələn, bir sıra inkişaf etmiş ölkələrin inklüziv inkişaf sahəsində reytinqləri onların iqtisadi imkanlarından 3-5 pillə yüksəkdir, yəni bu ölkələrin reytinqi +3 və +5 arasında dəyişir. İqtisadiyyatda çox yüksək nəticələr əldə etmiş Almaniya, Avstriya, İsveçrə, Belçika, Avstraliya bu ölkələr sırasındadır.
Adətən belə təhlillər iqtisadi baxımdan eyni qrupa aid olan ölkələr arasında aparılır. Beynəlxalq təsnifata əsasən, keçid iqtisadiyyatına malik olan qrupda Polşa, Litva, Latviya, Macarıstan, Slovakiya Respublikası, Rumıniya və bir sıra digər ölkələr təmsil olunur. Azərbaycan Respublikası beynəlxalq təsnifata görə, keçid iqtisadiyyatına malik olan ölkələr qrupuna aiddir. Buna baxmayaraq, inklüziv inkişafın idarəedilməsində nümayiş etdirdiyi səmərəliliyə görə həm iqtisadiyyatda çox yüksək nəticələr qazanmış, həm də keçid iqtisadiyyatına malik ölkələr arasında birinci yerdədir. Bu qrupda Azərbaycan Respublikasının qazandığı nəticə +23 kimi qeyd edilmişdir. Eyni indikatora görə, dünyada ikinci yerdə +13 göstəricisi ilə Çex Respublikası qərarlaşıb. Üçüncü yeri bir qrup ölkələr bölür ki, bunlar İslandiya, Estoniya, Koreya Respublikası, Slovakiya və digərləridir. Onların göstəriciləri +7 və +9 arasında dəyişir.
Göründüyü kimi, Heydər Əliyev idarəçilik ənənələrinə sadiqlik nümayiş etdirərək Prezident İlham Əliyev Azərbaycan Respublikasını tamamilə müasirləşdirib və zamanında üçüncü dünya girdabından qurtararaq lider ölkələr sırasına çıxarıb. İllər öncə Heydər Əliyevin bu gün XXI əsrin prioriteti kimi müəyyənləşdirilən “Davamlı İnkişaf Məqsədləri”ndə yer alan hədəfləri coğrafi baxımdan kiçik Azərbaycan miqyasında gündəmə gətirdiyi kimi, onun siyasi varisi və layiqli davamçısı İlham Əliyev də inklüziv cəmiyyətin qurulmasına yönəlik ilk təşəbbüsləri ilə yenə dünyadan bir addım öndədir.
Tarixi baxımdan qısa zaman kəsiyində ölkənin sükanı başında iki qlobal düşünən həqiqi liderin yer alması, doğrudan da, Azərbaycanın böyük şansıdır. Və Azərbaycanın sabahı naminə bu şansın dəyərləndirilməsi sayəsində ölkənin ən yeni tarixinə daha parlaq qələbələr yazılacaq.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik
Azərbaycan.-2021.- 2 may.- S.3.