Erməni terrorçuluğu
və millətçiliyi bəşəriyyətə ləkədir
Tarixi faktlar sübut edir ki, erməni millətçiləri bədnam “dənizdən-dənizə” xülyasını həyata keçirmək üçün türklərə və azərbaycanlılara qarşı daim soyqırımı cinayətləri törətmişdilər. Türk millətini Yer üzündən silmək prinsipi ilə yaşayan faşizm xislətli şovinistlər bu yolda ən iyrənc metodlardan istifadə etmiş, bəşər tarixində görünməmiş faciələrə rəvac vermişdilər.
On minlərlə azərbaycanlı soyqırımına məruz qalıb
XIX əsrin ikinci yarısından başlayaraq Türkiyədə qırğınlar törədərək çoxsaylı insanı qətlə yetirən ermənilər XX əsrin əvvəllərindən etibarən Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə Azərbaycan xalqının başına olmazın müsibətlər gətirərək ard-arda soyqırımı törədiblər.
Bütün bu dəhşətli hadisələr tarixə vəhşiliklər, vandalizm, terrorçuluq kimi yazılıb. Onlar daim xarakterlərindəki hiyləgərlik, riyakarlıq, namərdlik, zalımlıq kimi insanlığa yaraşmayan xüsusiyyətlərə xas olaraq günahsız insanları hədəf seçib, güclərini qocaların, qadınların, uşaqların üzərində sınamaqla öyünüblər.
Erməni vandallarının ötən ilin 27 sentyabrında da mülki əhalimizə qarşı həyata keçirdiyi növbəti təxribatlar bu mənfur ideologiyanın davamı idi. Yenə də silahsız insanları hədəf seçmişdilər. Elə 44 günlük müharibə dövrü ərəfəsində də şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycanın yaşayış məntəqələrini, mülki obyektləri, xəstəxanaları, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutaraq mülki əhalini hədəfə alırdı. Onlar həm də qadağan olunmuş silahlardan istifadə edirdilər.
Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar, mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə təsdiq etdi, faşizm mahiyyətini bir daha sübuta yetirdi. Gəncədə törətdikləri soyqırımı, Bərdədə, Tərtərdə mülki əhalini hədəfə almaları, bütöv ailələri Yer üzündən silmələri, körpə uşaqların, qocaların öldürülməsi ermənilərin nə qədər vandal millət olmasından xəbər verir...
Ermənilərin mənfur üzünü gün kimi ortaya sərən bütün bu faktlar isə nə yüz illər, nə də on illər əvvəl baş verməyib. Faşist xislətlilərin bu insanlıq suçlarının üzərindən heç bir il də keçməyib və bütün dünyanın gözü qarşısında törədilib.
Tarixin saxtalaşdırılmasına verilən dəstək
Erməni terrorçuluğu və millətçiliyi bütün bəşəriyyətə ləkədir. Amma nə yazıq ki, dünya hələ də heyrətolunacaq bir şəkildə qatil erməninin qanlı əməllərini görməzdən gəlməyə çalışır. Onların uydurmalarına həqiqət donu geydirməyə, yalanlarının ayaq açıb yeriməsinə şərait yaratmağa çalışırlar. Bir növ erməni terrorunun yenidən baş qaldırmasına zəmin yaradırlar...
Belə olmasaydı, bu gün 1915-ci il hadisələrinə siyasi aspektdən yanaşmalarla qarşılaşmazdıq. ABŞ Prezidenti Co Baydenin saxta “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı açıqlamasında 1915-ci il hadisələrini tarixi-siyasi gerçəkliklərə qətiyyən uyğun gəlməyən məfhum ilə ifadə etməsi bunun bariz nümunəsidir və qəbulolunmazdır. Bu böyük siyasi səhv tarixin saxtalaşdırılmasına verilən dəstək kimi qiymətləndirilir.
1915-ci ildə baş verənlərlə bağlı tarixi faktlar özgə mətləblərdən xəbər verir və erməni uydurmalarının üzərindən xətt çəkir. Onların bir əsr əvvəl əcdadlarının “soyqırımı”na məruz qalmaları ilə bağlı hay-küy saldıqları qondarma iddialarını rədd edir.
Ermənistan arxivlərin araşdırılmasını istəmir
Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib. Çünki 1915-ci ildə baş verənlərin faktlarla ortaya qoyulması erməni saxtakarlığının, iyrəncliyinin sübutu olduğunu bilirlər. Bilirlər ki, əslində o zaman gerçək soyqırımına məruz qalanlar türklər və azərbaycanlılar olublar. Ona görə Ermənistan arxivlərin araşdırılmasını istəmir.
Həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insan kütləvi öldürülüb. Daşnaklar 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında kütləvi qırğınlar törədiblər. Erməni faşistlərinin türk millətinə qarşı törətdiyi soyqırımları bu tarixlə də yekunlaşmayıb, daha vəhşi formada davam edib. Azərbaycanlılara qarşı bəşər tarixində bənzərinə rast gəlinməyən Xocalı soyqırımını həyata keçiriblər...
Amma dünya bu qanlı əməllərə, cəmi 30 il əvvəl Xocalıda törədilən soyqırımına hələ də ədalətli qiymət verməyib. Bu isə qərəzliliyin və ikili yanaşmanın bariz nümunəsidir. Bilməyərəkdən, ya da elə bilərəkdən ermənilərin yalançı təbliğatına uyaraq onların çaldığı havaya oynamaqdır.
Bəli, görünən odur ki, erməni millətçiləri və onların daşnak rəhbərləri hər zaman timsah gözyaşları axıdaraq, məzlum cildinə bürünərək həyasızcasına hadisələri saxtalaşdırır və 1915-ci ildə özlərinin “soyqırımı”na məruz qaldıqlarını bar-bar bağırırlar. Və təəssüf ki, erməni yalanlarına inananlar, onların faşizm əməllərinə göz yumanlar bu gün də tapılır...
Ancaq bütün bu saxta və riyakar oyunların gücü tarixi faktları dəyişdirməyə yetməz. Faktlar isə 1915-ci ildə və digər zamanlarda da ermənilərin türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti apardıqlarını təkzibedilməz bir şəkildə sübuta yetirir.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2021.-
2 may.- S.5.