Türkiyə ABŞ-ın təzyiqlərindən daha da güclənmiş bir dövlət olaraq çıxacaq

 

 

 

ABŞ Prezidenti Cozef Baydenin aprelin 24-dəki müraciətində “erməni soyqırımı” ifadəsini işlətməsi heç də təəccüblü deyil. Bu, sırf Türkiyəyə qarşı təzyiq məqsədilə atılan addımdır.

Əsində uydurma “erməni soyqırımı”nın” ideya müəllifi 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Henri Morqentaudur. Osmanlı İmperiyasının parçalanmasında maraqlı olan ABŞ-ın Prezidenti Vudro Vilson H.Morqentaunu səfir təyin edərkən demişdi ki, tezliklə ondan əsər-əlamət qalmayacaq ki, onu Türkiyə adlandırmaq mümkün olsun. İstanbula gələn kimi, H.Morqentau erməni liderləri və komitəçiləri ilə əlaqə qurmuş, onları silahlı mübarizə aparmağa şirnikləndirmişdi. O, erməni komitəçilərindən olan Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Hakop Andonyanı isə katib təyin etmişdi. H.Morqentau ABŞ-ın Türkiyədəki konsulluqlarının, xristian missionerlərinin, erməni komitələrinin uydurduqları yalanları və dərc etdirdikləri böhtanların bir nüsxəsini Vaşinqtona göndərirdi. O, missiyasını başa vurub ABŞ-a qayıtdıqdan sonra həmin uydurma sənədlər əsasında “Səfir Morqentaunun xatirələri” kitabını dərc etdirmişdi ki, həmin kitabdan bu gün də ermənilər Türkiyə əleyhinə faydalanırlar. Sonralar uydurma “erməni soyqırımı” ilə bağlı yüzlərlə saxta kitablar yazıldı.

Birinci Dünya müharibəsi zamanı ermənilər Türkiyə üzərinə hücum edən dövlətlərə kömək edir, təxribatlar törədir, könüllü olaraq düşmən cəbhəsinə keçirdilər. Şərqi Andoluya hücüm edən rus ordusunun tərkibində 150 min erməni vuruşurdu. Üstəlik, ayrıca dörd erməni drujinası türklərə qarşı söyqırımı törədirdi. Türkiyə hökuməti türk ordusuna arxadan zərbənin qarşısını almaq məqsədilə məcburiyyət qarşısında qalıb müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il mayın 28-də köçürmə işlərinə başlanmışdı. Köçürülmə hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Bu, o demək idi ki, Osmanlı dövləti mülki erməni əhalisinə qarşı ədalətlə davranmış, bir növ onları labüd ölümün pəncəsindən xilas etmişdi.

Əslində isə həmin gün İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Arxiv sənədləri sübut edir ki, həmin vaxt Şərqi Anadoluda yaşayan 1,3 milyon erməninin 1 milyonu salamat qalmışdı. Ölən ermənilərin əksəriyyəti isə döyüşlər zamahı tələf olmuşdular. Tərəfsiz Qərb tədqiqatçılarının qənaətincə, erməni silahlı dəstələri Birinci Dünya müharıbəsi dövründə 2,5 milyon türk-müsəlman əhalisini qətlə yetirmişlər.

Türkiyə hələ 1969-cu ildən öz arxivlərini əcnəbi tədqiqatçıların üzünə açmağa hazır olduğunu bəyan etmişdir. Bu günisrarla Ermənistanın da öz arxivlərini xarici tədqiqatçıların üzünə açmağı tələb edir. Lakin Ermənistan ifşa olunacağından qorxaraq bu addımı atmır.

Bütün bunları nəzərə almadan müasir Türkiyəni 100 il öncə baş verməyən bir cinayətdə günahlandırmaq qərəzçilikdən və tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Lakin dünyada ədalətin və qanunların hakim olmadığı bir dövrdə yaşayırıq. Əlcəzairdə, Ruandada, İraqda, Suriyada milyonlarla günahsız insanları qətlə yetirən dövlətlərin Türkiyəni tarixdə olmayan “soyqırımı cinayəti”ndə günahlandırmaları riyakarlıqdan, qərəzçilikdən və əxlaqsızlıqdan başqa bir şey deyil.

Müxtəlif dövlətlərin, Avropa İttifaqı və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların indiyədək uydurma “erməni soyqırımı”nı tanımalarının heç bir hüquqi keçərliliyi yoxdur. Rusiya Dövlət Duması 1995-ci ildə uydurma “erməni soyqırmı”nı tanıyıb. Lakin bu “tanınma” Rusiya ilə Türkiyə arasında heç bir problem yaratmır, əksinə, mənafelər uyğun gələn məsələlərdə bu iki dövlət birgə hərəkət edirlər. Eləcə də “uydurma soyqırımı”nı qanunvericilik orqanı səviyyəsində tanıyan bir çox Avropa dövlətləri ilə Türkiyə arasında normal iqtisadi münasibətlər mövcuddur.

C.Baydenin erməni lobbisinin istəyi ilə atdığı bu addım Türkiyənin mövcud hakimiyyətini ABŞ-ın maraqları çərçivəsində hərəkət etməyə məcbur etmək məqsədini daşıyır. Lakin bugünün Türkiyəsi xarici güclərin diktəsi ilə hərəkət edən Türkiyə deyil, əksinə, regionda öz şərtlərini irəli sürən güclü dövlətdir. İkinci Qarabağ müharibəsində bizlər bunun şahidi olduq.

Türkiyə ABŞ-ın təzyiqlərindən daha da güclənmiş bir dövlət olaraq çıxacaq. Bunun ziyanını həmişə zənciri böyük dövlətlərin əlində olan Ermənistanın özü və sadə erməni xalqı görəcək. Bunu Türkiyədə yaşayan ermənilər daha yaxşı dərk edirlər. Ona görə də Türkiyədəki müxtəlif erməni qurumları ABŞ Pezidentinin bu addımını ermənilərin xeyrinə olmayan hərəkət kimi qiymətləndirdilər.

Azərbaycan da öz növbəsində Ermənistanın işğalçı siyasətindən, onun havadarlarının qərəzli və ikilı satandartlarından ziyan çəkən dövlət olaraq ABŞ Prezidentinin bu məsuliyyətsiz addımını ən yüksək səviyyədə qınayır. Türkiyəyə qarşı edilən haqsızlığı özünə qarşı atılmış hərəkət kimi qiymətləndirir.

 

 

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 2 may.- S.5.