İslahatlar Goranboyun potensialını hərəkətə gətirir

 

 

Pandemiya ölkəmizdə digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı istehsalçılarının da əlini işdən soyutmamışdır. Bunu Goranboyun timsalında aydın görmək olar. Rayonun təsərrüfat sahibləri bol məhsul istehsal etmək üçün əllərindən gələni əsirgəmirlər. Bu gün rayonda heyvandarlıq və əkinçilik inkişaf edir.

Xidmət və infrastruktur sahələri yenilənərək müasir dövrün tələblərinə uyğunlaşır. Mövcud sənaye müəssisələrinin istehsal gücünün artırılması, yeni müəssisələrin işə salınması rayonda iqtisadiyyatın güclənməsinə güclü təkan verir. Sahibkarlığın inkişafı hesabına yeni müəssisələr yaradılır, yerləri açılır.

Ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlar, iqtisadiyyata cəlb olunan investisiyaların həcminin ildən-ilə artması Goranboyun da inkişafını sürətləndirən əsas amillərdəndir. Xüsusilə hər il reallaşdırılan infrastruktur layihələri əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Regional inkişaf dövlət proqramları çərçivəsində aqrar sahənin inkişafına diqqət, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi artmışdır. Təkcə son bir neçə ildə rayonun kənd təsərrüfatı məhsulları istehsalçılarına 2,8 milyon manat subsidiya ödənilmişdir. Özəl sektorda çalışanlara isə Sahibkarlığın İnkişafı Fondu tərəfindən xeyli güzəştli kreditlər verilmişdir. Bunun da nəticəsində təkcə keçən il rayonda 306 yeni yeri yaradılmışdır. Ümumilikdə isə son dövr ərzində 16,1 mini daimi olmaqla 35 min 660 yeni yeri açılmışdır.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Goranboy rayonunda hər il bu sahədə yüksək göstəricilərə nail olunur. Son bir ildə rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 13,8 faiz artmışdır. O cümlədən ötən il 67 min 700 ton taxıl istehsal olunmuş, buğdanın məhsuldarlığı 6,3 faiz artaraq 32,2, arpanınkı 7,6 faiz artımla 31,2 sentnerə yüksəlmişdir.

Rayonda aqrar sahənin inkişafında dövlət başçısının təşəbbüsü ilə yaradılmış “Region Aqronun xüsusi payı var. 4,7 min hektarda yaradılmış aqroparkın 2 min hektar sahəsində pivot və meyvə bağları üçün damcılama suvarma sistemləri quraşdırılmış, 11 kilometrlik avtomobil yolu, “Şəmkir Maşın” kanalından 12,1 kilometrlik su kəməri çəkilmiş, 400 min kubmetrlik 2 su, 18 min tonluq taxıl anbarları, toxum-paketləmə zavodu inşa edilmişdir. Bunlardan başqa, Qızılca qəsəbəsində 15 hektar sahədə 4-cü nəsil yeni istixana kompleksi-”Kaskad Aqro” fəaliyyətə başlamış, Muzdurlar kəndində fəaliyyət göstərən 920 başlıq iribuynuzlu südlük və damazlıq heyvandarlıq kompleksinin nəzdində süd məhsullarının emalı müəssisəsi və damazlıq qoyunçuluq təsərrüfatı yaradılmışdır.

Bu gün Goranboyda ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılıq da inkişaf edir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev deyir ki, strateji məhsul olan pambığın istehsalını genişləndirmək, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün imkanlardan istifadə edilir. Bu il rayon üzrə 2582 hektarda pambıq əkini nəzərdə tutulmuşdur. Artıq səpin başa çatmışdır. Rayonda əsasən 3 pambıq qəbulu məntəqəsi fəaliyyət göstərir. Onlar “MKT İK” MMC, “Azərpambıq” MMC və “Goran COTTON” MMC-dir. Həmin məntəqələrdə pambıq qəbulu üçün geniş hazırlıq işlərinə başlanılmışdır.

Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Xüsusilə taxıl sahələrində daha çoxdur. Taxılçılar ziyanvericilərə qarşı mübarizə aparmaqla yanaşı, sahələrə  məhsuldarlığa müsbət təsir göstərən gübrələr də verirlər. Hələlik heç bir çətinlik yoxdur. Fermerlər güzəştli qiymətlərlə lazımi qədər gübrə ilə təmin edilmişlər.

Rayonda keçən il ümumilikdə əvvəlki illə müqayisədə 202 hektar çox, yəni 21033 hektar payızlıq taxıl səpini aparılmışdır ki, onun da 8250 hektarı buğda, 11570 hektarı arpa, 1213 hektarı xəsildir. Cari ilin yazlıqlarının səpinində də artım qeydə alınmışdır. Belə ki, bu il 40 hektar sahədə buğda, 24 hektarda arpa, 829 hektarda qarğıdalı, 250 hektarda günəbaxan əkilmişdir.

Goranboyda heyvandarlığın inkişafına da xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə qara malın baş sayı 40,2 minə, inək və camışların sayı 20,5 minə, qoyunların və keçilərin sayı 203,3 minə çatmışdır. Heyvandarlıq məhsulları istehsalının həcmi də artmışdır. Təkcə keçən il diri çəkidə 4974,3 ton ət, 42236,6 ton süd təhvil verilmişdir ki, bu da müvafiq olaraq 1 və 0,3 faiz artım deməkdir.

İqtisadi əhəmiyyətinə görə Azərbaycanda ikinci texniki bitki hesab edilən tütün hələ 70-ci illərdə respublikamızda kənd təsərrüfatının əsas sahələrindən biri hesab olunurdu. Təəssüflər olsun ki, sonralar bu gəlirli sahə də tənəzzülə uğradı. Lakin 2016-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə tütünçülük yenidən dirçəldildi, onun sürətli inkişafına nail olmaq üçün stimullaşdırıcı tədbirlər həyta keçirildi. Fermerlərə güzəştli kreditlər verilməklə yanaşı, yüksək aqrolizinq xidmətlərinin göstərilməsinə başlanıldı. Söz yox ki, bu dəstək goranboyluların da tütünçülüyə marağını artırdı. İndi tütünçülüklə məşğul olan rayonlar sırasında Goranboy xüsusi yer tutur.

Tütün əsasən rayonun Zeyvə, Yenikənd, Şəfəq, Qarbucaq, TodanQaraçinar kəndlərində əkilir. Bir neçə il əvvəl cəmi 6 hektarda tütün əkən fermerlər hazırda bu rəqəmi 8 hektara çatdırmışlar. Elə birinci il hər hektardan 32,5 sentner məhsul götürən tütünçülər əkin sahələrini daha məhsuldar tütün sortları ilə daha da genişləndirmişlər. Yalnız keçən il 8 hektar əkin sahələrindən 14,7 ton məhsul götürən rayon sakinləri bu il daha yüksək məhsul əldə etməyi qarşılarına məqsəd qoymuşlar.

Kənd təsərrüfatı ilə yanaşı, rayonun sosial inkişafı da diqqət mərkəzindədir. Son illər istər rayon mərkəzi, istərsə də kənd və qəsəbələrin siması tamamilə dəyişmişdir. Təkcə son bir ildə küçələrə 19700 kvadratmetr asfalt örtüyü salınmışdır. Əhalinin istirahət üçün ən çox üz tutduqları Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının ərazisi genişləndirilərək müasir üslubda yenilənmişdir. Parkda əlavə gül kolları əkilmiş, yeni oturacaqlar qoyulmuş, müasir işıq dayaqları quraşdırılmış, 2 bulaqsanitar qovşağı yaradılmışdır.

Goranboy şəhərində dövlət başçısının müvafiq sərəncamı ilə tikilən beşmərtəbəli 40 mənzilli yaşayış binasında işlər də başa çatmışdır. Həmçinin  Mərkəzi Rayon Xəstəxanası üçün tikilən bina istifadəyə verilmişdir. Dəliməmmədli şəhərində ikimərtəbəli 8 mənzilli yaşayış binasının və Goranboy Olimpiya İdman Kompleksində isə işlər davam edir.

Rayonun kənd və qəsəbələrində də abadlıq və quruculuq işləri aparılır. Tapqaraqoyunlu kəndində Şəhidlər Abidəsi Kompleksi yenidən qurulmuş, Qızılca qəsəbəsində isə analoji kompleks inşa edilmişdir. Bundan başqa, Səfikürd kənd mədəniyyət evində təmir işləri aparılmış, Xoylu kəndində yeni park salınmışdır.

Rayonun yol infrastrukturunda da xeyli görülmüşdür. Ümumi uzunluğu 40 kilometr olan Goran-Qızılhacılı-Goranboy-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolu yenidən qurularaq istifadəyə verilmiş, Sarov, Yəhərçi-Qazaxlar, Buzluq, Mənəşli və Todan avtomobil yollarına daş-çınqıl örtüyü çəkilmişdir. Hazırda yolların yenidən qurulması davam edir.

 

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 2 may.- S.6.