Abadlıq və yaşıllıq tablosuna bənzəyən şəhər

 

44 gün davam edən Vətən müharibəsində ağır məğlubiyətə uğrayan, hər gün sarsıdıcı zərbələr alan düşmən məkrlə cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini, kəndləri, şəhərləri hədəfə götürür, ağır hərbi cinayətlər törətməkdən çəkinmirdi. Gəncəyə, Bərdəyə, Xızıya, Xırdalana, Qəbələyə raketlərin atılması ciddi hesab sorulası cinayətlərdir.

Ölkəmizin ən böyük enerji təminatçısı olan Mingəçevir də Ermənistan silahlı qüvvələrinin strateji hədəfləri sırasında yer alırdı. Amma hava hücumundan müdafiə qüvvələrimiz Mingəçevirə atılan raketlərin çoxunu elə havadaykən zərərsizləşdirirdi. Bəzi raketlər isə təsadüf nəticəsində partlamırdı.

Söz düşmüşkən qeyd edək ki, qazandığımız zəfərdə mingəçevirlilərin də rolu kifayət qədər böyükdür. Müharibəyə könüllü gedən mingəçevirli gənclər döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərir, doğma vətəni sonsuz məhəbbətlə sevdiklərini qanları, canları bahasına sübut edirdilər. Savaşda bu şəhər 50 şəhid verdi. Döyüşlərdə yaralanıb sağlamlığını itirənlərin sayı da az deyil.

Bu gün Mingəçevirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri məhəbbət və ehtiramın ali ünvanına çevrilib. Onlara qayğıkeşlik və diqqət göstərmək, problemlərinin həllinə təxirə salınmadan nail olmaq şəhər rəhbərliyinin fəaliyyətində əsas istiqamətdir.

Qələbə sevincini doya-doya yaşayan Mingəçevirin builki yazı başqa bir yazdır. Yaşıl libasa bürünən, al-əlvan bahar çiçəkləri ilə naxışlanan park və xiyabanların, küçə və prospektlərin, abad yaşayış məhəllələrinin göz oxşayan yaraşığı ilə şəhər sakinlərinin fərəhli baxışları, təbəssümlü çöhrələri arasında qəribə bir ahəngdarlıq duyulur. Zəfər sevincindən güc alan şəhər sakinləri doğma şəhərin hər qarışını cənnətə döndərmək üçün ürəkdən çalışır, min bir həvəslə daş üstə daş qoyub abadlıq yaradır, hər ağacın, hər gülün, hər çiçəyin başına pərvanə kimi dolanaraq canlı gözəllik tablosuna yeni naxışlar vururlar.

Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi kollektivinin səmərəli fəaliyyətinin real nəticələri hər küçədə, hər məhəllədə aydın hiss olunur. Ana Kürün ikiyə böldüyü şəhər mahir bir rəssamın fırçasıyla çəkilmiş canlı həyat tablosu kimi göz oxşayır. Gecələri çıraqban, gündüzləri al-əlvan şəhər hər kəs üçün cəlbedicidir. Heydər Əliyev parkı, Ulu Öndərin adını daşıyan prospekt, Sahil, A.Qurbani, Dostluq, Nəsimi parkları və nümunəvi yaşayış məhəllələrinin gözəlliyi, abadlığı, təmizliyindən doymaq olmur.

İdarənin rəisi Əli Ağamirovla maraqlı söhbət şəhərin bugünkü gözəl görkəmi ilə bağlı təəssüratımızı daha da zənginləşdirdi. Əli müəllim zəngin həyat təcrübəsini, bütün şüurlu həyatını tikib-qurmağa həsr edib, fəal vətəndaş olaraq ölkə iqtisadiyyatının güclənməsinə sanballı şəxsi töhfə verməyə çalışıb. Bir zamanlar Şəmkir SES-ə rəhbərlik edib. Ulu Öndər Heydər Əliyevlə unudulmaz görüşü də məhz o dövrə - 1979-cu ilə təsadüf edir. İndi Əli müəllimin xeyli yaşı olsa da, yenə gənclik həvəsi ilə çalışır. Sözündə, söhbətində vətən sevgisi aydın duyulur. Bəlkə də qarabağlı olması, Ağdamda doğulub boya-başa çatması, nəhayət, 30 ilin həsrətindən sonra doğma torpaqlara qovuşmaq səadəti öz təsirini göstərir.

- Ağdama qırılmaz tellərlə bağlı olsam da, Qarabağla nəfəs alsam da, Mingəçevir mənim üçün çox doğmadır. Bu şəhərin sakinləri mehriban və istiqanlıdırlar. Bu gün mənə etibar edilən vəzifənin məsuliyyətini və şərəfini yüksək dəyərləndirirəm. Amma bu o demək deyil ki, problemimiz olmur, bütün işlərimiz həmişə rəvan gedir. Götürək su təchizatını. Kür çayı şəhərin ortasından keçsə də, yaxınlıqda böyük su anbarı olsa da, şəhərin park və xiyabanlarının, yaşıllıqlarının suvarılması ilə bağlı uzun illərdən bəri çətinliyimiz vardı. Onu  aradan qaldırmaq üçün cari ildən yeni bir layihəyə start verilmişdir. Şəhərə su anbarından gələn ana su xəttindən 5 istiqamətdə su götürüb paylamaq nəzərdə tutulur. Birinci xətt artıq istismara verilmişdir. İndi ikinci xətdə işləyirik. İşlər sona çatdıqdan sonra şəhərdə hər ağacı, hər gül kolunu su ilə normal qaydada təmin etmək mümkün olacaq.

Ə.Ağamirovun söhbətindən öyrənirik ki, şəhərdə yaşıllıqların sahəsi sürətlə genişlənir. Cari ilin birinci rübündə yaşayış məhəllələrinə, parkxiyabanlara minlərlə ağac və bəzək kolları əkilmişdir.

Ölkənin böyük sənaye potensialına malik iri şəhəri olan Mingəçevir eyni zamanda abadlığı, yaraşığı ilə hər kəsi heyran edir. Çünki dövlətin davamlı dəstəyindən güc alan mingəçevirlilər doğma yurdun hər qarışını cənnətə döndərmək üçün çalışmaqdan yorulmurlar.

 

 

 

Lazım QULİYEV

Azərbaycan.-2021.- 2 may.- S.6.