Azərbaycanın Van Basteni “İmarət” həsrətindədir
Hər bir ölkənin həyatında idmanın çox önəmli rolu var. Məhz buna görə Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. İdman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançıların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı üçün bütün şərait yaradılıb.
Digər sahələrdə olduğu kimi, idmanda da konseptual şəkildə ardıcıl işlər görülür, veteranlara diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən mükafatlandırılırlar. “Əməkdar məşqçı” fəxri adına layiq görülmüş futbol veteranı, SSRİ idman ustası, UEFA lisenziyası üzrə B kateqoriyalı məşqçi, dördqat ölkə çempionu Cavanşir Novruzov da belə veteranlardandır.
O, 1959-cu ildə Ağdamda anadan olub. Uşaqlıqdan futbola böyük həvəs göstərib.
O, həmin illəri belə xatırlayır: “Ağdamda həmişə
idmana, xüsusilə də futbola böyük maraq olub. O vaxtlar məhəllə futbolu inkişaf edirdi. Hər məhəllənin də
öz komandası var idi. Oyunların birindən sonra tanımadığım şəxs
məni İmarətdə
yerləşən futbol
məktəbinə dəvət
etdi. Bu, məşqçi
Adil Nadirov idi... Və mən ciddi,
peşəkar məşqlərə
qatıldım. Digər məşqçim
isə Eldar Bağırov idi. Allah onlara rəhmət
eləsin”.
Peşəkar karyerası dövründə
Cavanşir Novruzov Xankəndinin “Qarabağ”, Mingəçevirin “Avtomobilçi”,
Bakının “Neftçi”,
Gəncənin “Kəpəz”,
Naxçıvanın “Araz”
və nəhayət,
1988-ci ildən Ağdamın
“Qarabağ” klubunda hücumçu ampluasında
texnikalı oyunu, əzmkar və məhsuldar çıxışı
ilə mütəxəssislərin,
komanda yoldaşlarının
və çoxsaylı
azarkeşlərin rəğbətini
qazanıb. Hətta vaxtilə keçmiş
SSRİ-nin ən məşhur hakimlərindən
biri, FİFA referisi Valeri Baskakov onun oyununu izlədikdən
sonra Cavanşir Novruzovu Azərbaycanın
Van Basteni adlandırıb...
Doğma komandanın heyətində
4 dəfə ölkə
çempionluğunu qazanan
futbolçu 2001-ci ildən
“Qarabağ”da köməkşi-məşqçi,
baş məşqçi,
“Qəbələ”də müxtəlif
vəzifələrdə fəaliyyət
göstərib.
Ağdam işğal olunduqdan sonra komanda bir müddət Mingəçevirdə, sonra isə Sumqayıtda məskunlaşmışdı. Həmin zaman klub bir cox çətinliklərlə üzləşmişdi. Lakin mərd, qeyrətli, vətənpərvər insanların köməyi ilə “Qarabağ”ı qorumaq mümkün olmuşdu. Komandanın yaşamasında bir çoxları ilə yanaşı Cavanşir Novruzovun da əməyi danılmazdır.
“İndi qürurla deyirik ki, komandamız 8 dəfə Azərbaycan çempionu, 6 dəfə ölkə kubokunun sahibi olmuşdur. Avropa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış ilk və tək Azərbaycan klubudur. Hər bir qələbə, xüsusilə mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Buna misal kimi bir xatirəni danışmaq istərdim. 1996-cı ildə Finlandiyada Avropa kuboku uğrunda yarışda yerli XİK komandası ilə oynayırdıq. Həmin səfərə bizimlə birgə Xalq artisti Alim Qasımov da yollanmışdı. Stadion azarkeşlərlə dolu idi. İkinci hissədə meydançaya çıxan zaman Alim müəllim tamaşaçılar arasından ayağa qalxaraq mikrofonsuz zənguləli səslə “Qarabağ şikəstəsi”ni oxumağa başladı. Yerli azarkeşlər bu səsin sehrinə mat qalmışdılar. Bizə isə sanki əlavə güc verildi və həmin oyunda qələbə qazandıq. Bu, mötəbər yarışlarda ilk qələbələrdən biri idi.
30 ilə yaxın müddət ərzində gözləyirdik ki, Ağdam və mənfur düşmənlər tərəfindən zəbt edilmiş digər torpaqlarımız işğaldan nə vaxt azad ediləcək. Və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin parlaq siyasəti və igid oğullarımızın qəhrəmanlığı sayəsində zəfər qazandıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin”.
Ötən il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Bu görüntülər hər birimizdə fəxr və böyük sevinc hisslərinə səbəb oldu.
Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayan Prezident bildirdi: “İndi biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik”.
Artıq məlumdur ki, Ağdam rayonunda “Qarabağ” klubunun ev oyunlarını keçirəcəyi “İmarət” stadionu bərpa ediləcək. Həmçinin rayonda digər zəruri infrastrukturla yanaşı, idman şəhərciyi, sağlamlıq parkı, güllə atıcılığı tiri, şahmat məktəbi, üzgüçülük mərkəzi, 20 voleybol və futbol meydançası istifadəyə veriləcək.
Həyatını idmana - futbola həsr etmiş Cavanşir Novruzov da yenidən qurulacaq Ağdamı görmək, uşaqlıqda futbolun sirlərini öyrəndiyi “İmarət” stadionunun meydançasına bir daha ayaq basmaq arzusundadır: “Tez-tez “İmarət”i xatırlayıram. Oranın özünəməxsus qoxusunu hələ də hiss edirəm. Stadionun ətrafındakı tut və qoz ağacları gözümün önündən çəkilmir. İnşallah, o vaxtlar olduğu kimi, tribunalar yenə də azarkeşlərlə dolu olacaq. Qismət olsa, mən də öz bilik və təcrübəmdən Ağdamda, Qarabağda uşaq və gənclər futbolunun inkişafı üçün istifadə edəcəyəm”.
Rizvan HİLALOĞLU
Azərbaycan.-2021.- 2 may.- S.8.