Möhtəşəm minillik
Bəylikdən imperiyaya
və cümhuriyyətə...
Tarixçilər müasir Türkiyə dövlətinin yaranmasının başlanma tarixi kimi səlcuqluların Malazgird döyüşündə Bizansa qalib gəldiyi 1071-ci ili qeyd edirlər. Bizans imperiyası ilə Səlcuqlu imperiyası arasında baş tutan bu döyüşdə əldə edilən qalibiyyət Anadolunun qapılarını türklərin üzünə açdı. Böyük Səlcuqlu dövləti hələ parçalanmamışdan əvvəl artıq Anadolu bölgəsi türkləşməyə başlamışdı. Səlcuqlu dövləti parçalandıqdan sonra Anadolu səlcuqlu türk dövləti yaranmışdı.
Səlcuqlar
XI əsrdə Bizans İmperiyasını çökdürən
və bu ərazilərdə böyük kök salıb,
regionu dünyanın ən böyük mədəni, elmi və
siyasi mərkəzlərindən birinə çevirmiş ilk
türk sülaləsi olub.
11-12-ci əsrlərdə Anadolu bölgəsinin torpaqlarının çox hissəsi səlcuqların nəzarəti altında idi. Anadolu səlcuqlu dövləti tənəzzül etdiyi zaman isə Anadolu bəylikləri yarandı. Onlardan biri məhz Osmanoğulları bəyliyi idi. Osmanoğulları özlərini Orta Asiyada vaxtilə mövcud olmuş türk dövlətləri ilə yanaşı, Böyük Səlcuqlu imperiyasının, Anadolu səlcuqlu türk dövlətinin davamçısı hesab edirdilər.
6 əsrdən çox mövcud olan Osmanlı dövləti süquta uğramış Anadolu səlcuqlu dövlətinin ərazisində ilk olaraq bəylik kimi yaranmışdı. O, daha sonra böyüyərək dövlətə, hətta imperiyaya çevrildi.
Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub. 620 ildən çox mövcud olan bu imperiya Aralıq dənizi və Qara dənizi əhatə etməklə, Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər imperiyalar Roma imperiyası və Britaniya imperiyası olub. Osmanlı dövləti Afrikada 395 il (1517-1912), Avropada 561 il (1363-1912;1913-1922), Asiyada bütün hakimiyyəti boyu (623 il) qalıb.
Osmanlı türk imperiyasına 36 sultan hökmranlıq edib və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də islam dünyasının dini hökmranlığını öz üzərinə götürüb. İmperiya Sultan Süleyman Qanuninin hakimiyyəti illərində ən qüdrətli dövrünü yaşayıb.
Birinci Dünya müharibəsi başa çatandan sonra məğlub olan Osmanlı imperiyası süquta uğradı.
İşğalçı
qüvvələrə qarşı başlayan
və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət
müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi
və 1923-cü ildə Türkiyə Respublikasının əsasının
qoyulması ilə nəticələndi. Atatürk Türkiyənin ilk prezidenti olub. 1923-1924-cü illərdə Türkiyə Cümhuriyyəti elan olunub və onun paytaxtı İstanbuldan
Ankaraya köçürülüb.
1925-1935-ci illərdə Atatürkün
apardığı islahatlar nəticəsində
Türkiyədə çox
arvadlılıq, Osmanlı imperiyasının nişanəsi olan geyimlər qadağan olunur. Avropa hüquq sisteminə keçid,
mütləq ailə nikahının bağlanması, Qreqorian təqvimi, bazar gününün istirahət günü
elan olunması tətbiq olunur.
Bütün vətəndaşlar soyad daşımağa başlayır.
Türkiyə
dünyanın həm Avropa, həm də Asiya qitəsində
yerləşən ölkəsidir. Onun torpağının 97
faizi Asiya, 3 faizi Avropanın payına düşür.
Azərbaycan.-2021.- 2 may.- S.7.