Tarixin gərdişini
dəyişən fəth
Avropa ilə Asiya qitələrinin kəsişdiyi nöqtədə yerləşən İstanbulun fəthi Türkiyənin ən əhəmiyyətli tarixi hadisələrindəndir. Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul 330-395-ci illərdə Roma İmperiyasının, 395-1204 və 1261-1453-ci illərdə Bizans İmperiyasının paytaxtı olub.
Şəhər 1453-ün may ayında Osmanlı hökmdarı II Mehmedin rəhbərliyi ilə türklər tərəfindən ələ keçirilib. Əvvəl Bizantion, daha sonra bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilən şəhərə İstanbul adı 1930-cu ildə verilib. Əksər qərb ölkələrində şəhərin adının Konstantinopol adlandırılmasına son qoymaq üçün Türkiyə Böyük Millət Məclisi onun adının dəyişdirilməsinə qərar verib. İstanbul 1453-1922-ci illərdə Osmanlı İmperiyasının paytaxtı olub. İstanbulun fəthində Rumeli hasarının mühüm rolu olub. Bu hasar Konstantinopolun dənizlə olan bağını tamamilə kəsmək və mühasirə vaxtı şəhərə dənizdən kömək gəlməsinin qarşısını almaq üçün II Mehmedin göstərişi ilə tikilib. Rumeli hasarı İstanbulun fəthinə hazırlıq məqsədilə inanılmaz dərəcədə qısa - 4 ay müddətində tikilib. Osmanlı sultanlarının 400 il (1465-1856) iqamətgahı olmuş Topqapı saray kompleksi də İstanbulda yerləşir. Hazırda muzey kimi fəaliyyət göstərən sarayın inşasına 1459-cu ildə Konstantinopolu işğal etmiş Sultan II Mehmedin əmri ilə başlanılıb. Sultanların əvvəlki iqamətgahından fərqləndirilməsi üçün saray “Yeni Saray” adlandırılıb. Saray XIX əsrdən etibarən Topqapı adlandırılmağa başlanılıb. İstanbul şəhərinin əsas simvollarından biri də dünyanın ən qədim qüllələrindən hesab olunan Qalata qülləsidir. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildə inşa olunmağa başlayıb. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə 1348-ci ildə ikinci dəfə inşa olunub. Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu.
Şəhər kimi təxminən 3 min, paytaxt kimi isə 1600 ilə qədər yaşı olan İstanbul dünyadakı nadir məskunlaşma yerlərindən biridir. İstanbulun ilk məskunlaşma tarixinin 300 min il yaşı var.
Hazırda İstanbulun əhalisinin sayı 15 milyondur. Şəhərin əhalisinin sayı dünyanın bir çox ölkəsindən çoxdur. İstanbul şəhəri əhalisinin sayına görə Avropada birinci, dünyada isə altıncı sırada yer alır.
Türkiyənin yeddi təpə
üzərində inşa edilən və
ən böyük şəhəri olan İstanbul ölkənin
həm də ən çox rayona sahib olan
şəhəridir. Onun tam
olaraq 39 rayonu var.
Azərbaycan.-2021.- 2 may.- S.7.