Dünya ilkləri...

 

 

 

Məlumatlara görə, xristianlaraxristian” adı ilk olaraq Türkiyədə  verilib. Dünyadakı ilk xristian kilsəsinin də  Türkiyədə olduğu artıq qəbul edilib.

Türkiyənin Antakya şəhərindəki  Saint Pierre Kilisesi İsa peyğəmbərin yolunu davam etdirən xristianların bir araya gəlmək üçün toplaşdıqları bir mağara olub.

Vatikan Saint Pierre Kilsəsini 1960-cı illərdə xristianlar üçün “Müqəddəs Həcc Yeriolaraq elan edib. Həmin vaxtdan etibarən hər il dünyanın müxtəlif yerlərindən çox sayda xristian Antakyaya gəlir. Saint Pierre kilsəsinə ziyarətə gələn xristianların əksəriyyəti Katolik məzhəbindəndir. Burada həcc dövrü hər il iyunun 29-da başlayır.

Dağın oyulması ilə inşa edilən kilsənin miladdan sonrakı ilk illərdə qurulduğu düşünülür. Kilsənin dərinliyi 13 metr, eni 9,5 metr, hündürlüyü 7 metrdir.

Antakya həm də dünyanın ilk şəhərlərindəndir. Bu şəhər zəlzələ nəticəsində 7 dəfə dağılsa da, yenidən qurulub.

 

 Necə hazırlandığı dünya elmi üçün hələ də qaranlıq qalan xəritələr

 

 

 

XV-XVI əsrlərdə yaşamış, əslən Osmanlı türkü olan məşhur dənizçi-coğrafiyaşünas Piri Rəis dünya üçün olduqca əhəmiyyətli olan iki xəritə hazırlayıb.

Piri Rəisin birinci xəritəsində İslandiyanın yuxarısı korlanmış olsa da, Atlantik okeanı, Antil adaları, Amerikanın həmin dövrdə məlum hissələri aydın görünür. İkinci xəritə ada və sahillərin birinci xəritəyə nisbətən daha dəqiq çəkilməsi ilə seçilir.

Piri Rəisiın tərtib etdiyi Amerikanın xəritəsi 1929-cu ildə ortaya çıxıb, 1935-ci ildə Atatürkün əmri ilə dövlət mətbəəsində çap edilib. Bu xəritə orta əsrdə tərtib olunmuş xəritələrdəki bütün nöqsanlardan uzaqdır. O, Şimali Amerikanın dünya miqyasında  ilk tərtib olunmuş xəritəsi sayılır. Xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Onun çəkdiyi xəritədə Antarktida dağlarının son dərəcə dəqiqliklə göstərilməsi maraqlı faktlardan biridir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səsötürücü alətlərdən istifadə edilərək müəyyən edilib. Buz altında olan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə qaranlıq qalmaqdadır.

Hazırda səmadan çəkilən şəkillərlə xəritə arasında son dərəcə oxşarlığın olması müəyyən edilib. Hətta bəzi tədqiqatçılar xəritənin səmadan çəkilən fotoşəkillərə əsaslandığı nəticəsinə gəliblər.

Peyklərdən alınan fotoşəkillərə əsasən Qrenlandiyanın üç adadan ibarət olması müəyyən edilib. Piri Rəisin xəritəsində da Qrenlandiyanın üç adadan ibarət olması XVI əsrin birinci yarısında öz əksini tapıb. Möcüzələrlə dolu olan xəritələrin tərtibatında Piri Rəisin nələrə əsaslandığı, nələrdən istifadə etdiyi dünya alimlərini bir çox sualla qarşı-qarşıya qoyub. Tədqiqatçılar 1960-cı ildə Pirinin tərtib etdiyi xəritə haqqında “Piri Rəisin tərtib etdiyi iki xəritə üzərində araşdırmaların dövrümüzdə mövcud olan dəniz xəritələrindən heç nə ilə fərqlənməməsi insanı heyrətə gətirir” fikrini söyləyiblər.

Araşdırmalar Xristofor Kolumbun Amerikanın varlığını da türk dənizçilərindən öyrəndiyini göstərir. Osmanlı türklərindən yardım istəyən Kolumb Piri Rəisin əmisi Kamal Rəisdən müsbət cavab alaraq onun xidmətçisi Rodriqonu özünə köməkçi götürmüşdür. Rodriqo müəyyən səbəblərdən adını dəyişdirmiş türk dənizçisi idi. Kolumb səyahətə çıxarkən ilk dəfə qurunu görən də Rodriqo olmuşdur. Xristofor Kolumb isə Hindistana çatdıqlarını güman etmişdir.

 

 

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 2 may.- S.7.