Ermənilər Ağdam Cümə məscidində mal-qaradonuz saxlayaraq müsəlman aləmini təhqir edib

 

 

Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər işğaldan azad olunmuş Ağdam şəhərinə səfər zamanı Cümə məscidində ermənilərin törətdikləri vəhşiliyə şəxsən şahid olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rusiyalı qonaqlar əvvəlcə Ağdam şəhərinin mərkəzi hissəsinə, o cümlədən viran qoyulmuş infrastruktur obyektlərinə, Dram Teatrının qalıqlarına baxıb, ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min, Ağdam şəhərində isə 42 mindən çox sakin yaşayırdı. Rayonda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar.

Sonra qonaqlar Ağdamda Cümə məscidinə gəliblər. Məlumat verilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Qeyd olunub ki, Azərbaycanda bir çox azsaylı xalqlar mehriban qonşuluq şəraitində, dinc-yanaşı yaşayırlar, ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Kilsə və sinaqoqlar dövlət səviyyəsində təmir və bərpa olunur, dini etiqad azadlığına həssaslıqla yanaşılır. Ermənistan isə bunun əksinə olaraq, azərbaycanlıların dini inanc yerlərində, Qarabağdakı məscidlərimizdə, Ağdam Cümə məscidində mal-qaradonuz saxlayaraq müsəlman aləmini, İslam dinini təhqir edib.

 

Azərbaycan.-2021.- 2 may.- S.2.