“İlham Əliyev bizə əvvəl Qarabağı, indi isə həyatı qaytardı”

 

 

Protez-Ortopedik Bərpa Mərkəzi Vətən savaşı qazilərinin sınıq ümidlərinin qol-qanad ünvanına çevrilib

 

 

 

“Döyüşdə yaralanmış, ayağımı itirmişdim. Amma mənə daha çox əzab verən bunu anama necə deyəcəyimlə bağlı keçirdiyim hiss idi... Axı anamın ürəyi məni bu halda görməyə necə dözəcəkdi...”

 

 

 

“Yenidən addımlayacağam”

 

 

 

...Evdəkilərə bildirmədən 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinə döyüşə yola düşmüşdü Anar Quliyev.

İstəməmişdi ki, valideynləri onunla bağlı narahat olsunlar. Sonradan onlar xəbər tutanda özü ön cəbhədə, döyüşlərin ən qaynar nöqtəsində olsa da, ana-atasına hər zaman arxa cəbhədə, sağ-salamat olduğunu söyləmişdi. Oktyabrın 13-də isə o, Suqovuşan-Ağdərə istiqamətində mənfur düşmənin basdırdığı minaya düşərək ağır yaralanmış, ayağını itirmişdi. Amma həmin ağır dəqiqələrdə də Anarı düşündürən nə fiziki sağlamlığını itirməsi, nə də dəhşətli ağrıları idi.

Sadəcə, yaradana şükür edirdi: “Həmin vaxt üzərimdə qumbaraatan mərmilər var idi. Bəxtimiz onda gətirdi ki, həmin mərmilər zədələnmədi, çünki onlar partlasaydı, çox döyüşçümüzə xətər törədəcəkdi...”

1995-ci ilin 10 oktyabrında Qubanın Amsar kəndində doğulan Anar ötən il sentyabrın 27-də Qarabağ uğrunda əks-hücum əməliyyatlarında iştirak etmiş, Talışkənd-Suqovuşan istiqamətlərindəki döyüşlərdə tank əleyhinə taqımda qumbaraatan tuşlayıcısı vəzifəsini yerinə yetirmişdir.

Anar deyir ki, atdıqları mərmilərin hər biri hədəfi dəqiq vurur, torpaqlarımıza göz dikən düşmənin külünü göyə sovururdu: “Ruh yüksəkliyi ilə daim irəliləyirdik. Oktyabrın 13-dən 14-nə keçən gecə Suqovuşanda Ağdərə istiqamətində yüksəklikdə idik. Orada ayağımın altında mina partladı və partlayış zamanı sol ayağım dizdən aşağı qopdu. Döyüş yoldaşlarım məni aşağı Suqovuşana düşürdülər, oradan da tibb maşını ilə Naftalana gətirildim və əməliyyat olundum. Sonra isə müalicəm Bakıda xəstəxanada davam etdi”.

Bu yaxınlarda onu protezləşməyə dəvət ediblər və hazırda reabilitasiya dövrü keçir: “Bu prosesi də keçdikdən sonra protez ayağıma qovuşacam, necə deyərlər, onun köməyi ilə də olsa, yenidən ayaq üstdə durmağa, həyatda addımlamağa başlayacağam...”

İgid qazimiz Anarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində söhbətləşirik.

...Və artıq qazimizin həkim müayinəsinin zamanı çatdığı üçün onu yola salaraq, mərkəzlə daha ətraflı tanış olmağa yollanırıq.

 

 

 

Vətən savaşı qazilərinin 100 faiz protezləşməsi 2 ay ərzində başa çatacaq

 

 

 

Prezident İlham Əliyevin tapşırığı əsasında yenidən qurulan Protez-Ortopedik Bərpa Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb, avadanlıq, reabilitasiya aparatları yenilənib. Eyni zamanda dövlət başçısının müvafiq sərəncamına əsasən, Mərkəzdə Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq şəraitində layihələndirilməklə, yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub.

Mərkəz müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Burada əlillər velo və kresloarabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.

Protez-Ortopedik İstehsalat Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov məlumat verir ki, mərkəz əlilliyi olan şəxslərə protez-ortopedik və reabilitasiya xidmətləri göstərən sosialyönümlü təşkilatdır. Bura əsas etibarilə aşağı-yuxarı ətraf protezlərin, eyni zamanda aşağı və yuxarı ətraf ortezlərinin hazırlanmasını, eləcə də ortopedik ayaqqabıların istehsalını və digər zəruri reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə verilməsini təmin edir: “Bu gün 57 adda reabilitasiya vasitəsinin əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Həmin şəxslərin bu vasitələrlə təminatı isə dövlət vəsaiti hesabına ödənişsiz həyata keçirilir”.

A.Məcidov bildirir ki, hazırda mərkəzdə 30 minə yaxın əlilliyi olan şəxsə xidmət göstərilir. Müəssisədə İkinci Qarabağ müharibəsi zamanı amputasiya olunmuş 171 nəfər qazi qeydiyyatdan keçib və artıq onlardan 25 nəfəri protezlə təmin edilib. Digərlərinin də protezlə təmin olunması istiqamətində zəruri işlər görülməkdədir: “Düşünürəm ki, yaxın 2 ay ərzində Vətən savaşı qazilərinin 100 faz protezləşməsi həyata keçiriləcək”.

Mərkəzin direktoru deyir ki, əsas iki fəaliyyət istiqamətləri var: ayaqqabı, bir də protez-ortez istehsalat sahəsi. Digərini isə - əsa, qoltuqaltı, çəlik, arabalar, qulaq aparatlarını hazır şəkildə alıb əlilliyi olan şəxslərə təqdim edirlər. Mərkəzin əsas partnyoru dünyada protezləşmə sahəsində 1 nömrəli şirkət olan Almaniyanın “Ottoboc” firmasıdır: “Hazırda məmulatlarımızın əksəriyyətini həmin şirkətdən idxal edirik. Qazilərimizə veriləcək yüksək texnologiyalı protezlər də onlardan alınacaq. Qeyd edim ki, yüksək texnologiyalı protezlər sayəsində aşağı ətrafda 80-90, yuxarı ətraflarda isə 60-70 faizə qədər funksionallığa nail ola biləcəyik”.

 

 

 

“İndi heç kimin köməyi olmadan sərbəst gəzə bilirəm...”

 

 

 

Bu yaxınlarda yüksək texnologiyalı protezlə təmin olunmuş İkinci Qarabağ müharibəsinin qazisi Vasif Əliyevlə mərkəzin geniş və ağaclarla dövrələnmiş həyətində söhbətləşirik. 17 sentyabr 1994-cü ildə Naxçıvan şəhərində anadan olan Vasif könüllü olaraq Vətən müharibəsinə yola düşərək əlahiddə tağımda xidmət göstərib.

Qazi söyləyir ki, oktyabrın 8-də Füzuli uğrunda döyüşlərdə minaatan zərbəsi nəticəsində bir ayağını itirib, eyni zamanda qarın boşluğundan qəlpə yarası alıb. O, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunduqdan və protezləşməyə hazırlıq mərhələsindən sonra yüksək texnologiyalı protezlə təmin edilib: “Düzdür, əvvəlcə bir az çətinlik çəkirdim, uyğunlaşa bilmirdim. Amma getdikcə protez həyatımın bir parçasına çevrilir və ona öyrəşirəm. Daha rahat hərəkət edə, heç kimin köməyi olmadan sərbəst gəzə bilirəm. İlham Əliyev bizə əvvəl Qarabağı, indi isə həyatı qaytardı. Çox minnətdaram”.

Vasif qaziylə sağollaşırıq, o evlərinə yola düşür, biz isə yenidən mərkəzə qayıdırıq...

 

 

 

“Aktiv olan xəstədə protezləşmə prosesi rahat keçir”

 

 

 

Günortaya az qalıb, pasientlər bir-bir qəbul şöbəsinə yaxınlaşır...

Qeyd edək ki, bir qayda olaraq mərkəzə müraciət edən pasientin qəbul şöbəsində sənədləri yoxlanıldıqdan sonra həkimə yönəldilir, həkim müayinə etdikdən sonra zəruri təyinatları verir, qeydlər aparır. Əgər protez üçün müraciət edibsə, o üzrə istiqamətləndirilir, hansısa vasitəyə ehtiyacı varsa, təmin edilib yola salınır.

Biz də mərkəzin prosedur ənənələrini pozmayaraq həkimin qəbuluna yollanırıq. Tibb üzrə fəlsəfə doktoru, mərkəzin Ortopediya şöbəsinin həkimi Samirə Şıxəliyeva məlumat verir ki, xəstə mərkəzə müraciət edəndə epikrizi (xəstəlik tarixindən çıxarış), şəxsiyyət vəsiqəsini və əlillik sənədini gətirir. Bu sənədlərə baxılaraq təyin olunur ki, məsələn, o protezləmi əlaqəli müraciət edib, yoxsa adicə reabilitasiya vasitələrini götürməlidir: “Müayinə apararaq tutaq ki, yuxarı, aşağı ətrafın protezinə gələnlərin güdülünün (ətrafın kəsilmiş hissəsi) səviyyəsinə əsasən protezi seçirik. Protezə gəlmiş şəxsin güdülünü protezə qədər formalaşdırmalıyıq. Əvvəlcə güdülə baxırıq ki, tutalım dəridə patoloji vəziyyət, serroz maye axıntı varmı, çapıq toxuması düzgünmü sağalıb və sair. Əgər tam təmiz şəkildə olan güdüldürsə, artıq pasientə bir müddət elastiki bintləmə tövsiyə olunur və o 1 həftə, 10 gün müddətinə evə yola salınır ki, güdül formalaşsın”.

Həkim vurğulayır ki, həmin müddət ərzində xəstə aktivləşməlidir. Buna görə də ona yanaşı reabilitasiya vasitələri yazılır, məsələn, çəlik növləri, 4 ayaqlı hərəkət dayaq vasitəsi və s. Xəstəyə başa salınır ki, bintləmə müddətində o, evdə reabilitasiya dövrü keçməli, yəni aktivləşməlidir. Çünki aktiv olan xəstədə protezləşmə prosesi rahat keçir. Pasient qayıdandan sonra isə yenidən müayinə edilir və heç bir problemi olmursa, ona protez düzəldilməsi üçün texnik təyin edilir.

S.Şıxəliyeva söyləyir ki, xəstə birinci dəfə protezi ayağına geyinəndə həkimlər dəvət olunur və onlar baxırlar ki, tutalım, protez çıxarılandan sonra güdüldə bir dəyişiklik varmı, qızarma, göyərmə və sair kimi. Əgər hər şey qaydasındadırsa, protez ona təhvil verilir: “Mərkəzdə təkcə yuxarı, aşağı ətraf protezləri deyil, qulaq, süd vəzi aparatı ilə, reabilitasiya vasitələri ilə təminat da var. Nazirlər Kabinetinin qərarına əsasən, hər bir müəssisədə təhvil verilən vasitələrin, protezlərin öz müddəti var. Məsələn, aşağı, yuxarı ətraf protezləri, qulaq aparatları 2 il müddətinə verilir. Süd vəzi protezləri və qalan bütün reabilitasiya vasitələri isə 1 il müddətinə götürülə bilər”.

Həkim qeyd edir ki, bu mərkəz pasientlərin psixoloji mənada rahatlıq tapmalarına da dəstək verir: “Əvvəlcə bura Aprel döyüşlərinin qaziləri gəlirdi. Elələri olurdu ki, bir az sıxıntılı, bədbin idilər. Amma bizdə protezlər hazırlanandan, həmin qazilər ayaq üstdə durandan sonra, həqiqətən, onların psixoloji durumunda çox dəyişikliklər olurdu. Onlardakı müsbətə doğru bu psixoloji dəyişim buradakı bütün tibbi və texniki heyətin gözü qarşısında baş verirdi. O cümlədən də təzə qazilərdə elədir. Biz onlara cəmiyyətdəki yerlərini bərpa etməyə kömək edirik. Yəni bu protezlər bir təkan kimi onların psixoloji vəziyyətlərinə də inanılmaz müsbət təsir göstərir”.

 

 

 

Hərəsi bir insana ümid...

 

 

 

Növbəti ünvanımız “Ölçügötürmə və gips otağı”dır. Gipsi yaxmaq, yonmaq üçün müxtəlif adını bilmədiyimiz alətlər, protez gipslərin yonulması üçün dəzgahlar, onları qurutmaq, plastmasları əritmək üçün sobalar, xüsusi vakum aparatı olan geniş bir emalatxanaya daxil oluruq. Divarboyu sıralanmış şkafların rəflərində gipsdən hazırlanmış bədən ətrafları, ayaqlar düzülüb.

İlk baxışdan adamın inanmağı gəlmir ki, bu ağappaq cansız üzvlər, müstəsna əhəmiyyətə malikdir... Amma bu möcüzə həqiqətən də baş verir və indi rəflərdə sıra ilə düzülmüş bu cansız ətraflar hərəsi bir insana ümid, qol-qanad olur...

Mexanik protezçi Ağa Həsənov deyir ki, artıq iyirmi ildir ki, bu peşədə çalışır və indiyə qədər saysız insanın amputasiya olunmuş bədən üzvünə protez hazırlanması prosesində iştirak edib: “Bu otaqda ölçülər götürürük və protezin neqativ hissəsini hazırlayırıq. Təxminən gips 5, protezin özü 15 iş gününə hazır olur. Onu da deyim ki, müasir avadanlıqların olması işimizi daha da asanlaşdırıb”.

Özü də Birinci Qarabağ müharibəsi veteranı olan A.Həsənov söyləyir ki, peşəsi ilə fəxr edir: “Vətəndaşlarımıza, qazilərimizə xidmət göstərmək mənim üçün şərəfdir. Kimi isə ayağa qaldırımaqda köməyim olursa, o gəzəndə mən də özümü xoşbəxt hiss edirəm”.

İkinci Qarabağ müharibəsinin qazisi Cavid Mustafayevlə də elə bu otaqda həmsöhbət oluruq. Burada ona protez ayaq düzəldilməsi üçün ayağının ölçüsü götürülürdü. 1995-ci ildə Yevlax rayonunun Havarlı kəndində anadan olan Cavidin piyada kimi döyüş yolu Talışkənd, Suqovuşan istiqamətində olub: “Böyük əhvali-ruhiyyə ilə döyüşürdük. Torpaqlarımız bir-bir murdar düşməndən təmizləndikcə sevincimizin hədd-hüdudu olmurdu. Düzdür, yaralılarımız, şəhidlərimiz də olurdu, buna görə çox pis olurduq. Amma hamımız vətən uğrunda döyüşə çıxmışdıq, lazım gəlsə, elə onun uğrunda yaralanmağa da, gözümüzü qırpmadan şəhid olmağa da hazır idik”.

 

 

 

“Protezim düzələndən sonra yaralandığım Suqovuşanı, Şuşanı ziyarət etmək istəyirəm...”

 

 

 

Cavid danışır ki, oktyabrın 1-də döyüşdükləri istiqamətdə düşməndən axırıncı mövqeni almağa gedəndə yanlarına düşən top mərmisi onu 2-3 metr kənara tullayıb: “Mərmi nəticəsində sol ayağımdan, sol ayağımın iki barmağından və sağ ayağımdan qəlpə yaraları aldım. Nəticədə sol ayağım amputasiya olunub.

 Mənə orada ilkin tibbi yardım göstərəndən sonra tibbi xidmət maşını ilə arxaya gətiriblər. Amma o maşınla gələn zaman da iki dəfə düşmənin minaatan atəşinə məruz qaldıq. Biri lap yaxınımıza düşdü, qəlpələri maşını tutmasa da, zərbənin dalğasından onun arxasını göyə qaldırdı. Eyni zamanda dağlıq yollar idi, illərlə də istifadə olunmamışdı deyə, maşın sürmək üçün heç əlverişli deyildi. Amma tibbi yardım maşınının sürücüsünün peşəkarlığı nəticəsində təhlükələrdən yayınaraq oradan çıxa bildik. Bir müddət hərbi qospitalda yatmışam, yaralarım sağalandan sonra isə bu mərkəzə protezləşməyə çağırıblar”.

Cəsur qazimiz 10 noyabrda qələbə elan olunanda xəstəxanada imiş: “Yaralarım tam bitişməmişdi, amma qələbəni eşidəndə digər yaralı döyüşçülərimizlə birlikdə sevincimizdən özümüzü çölə atmışdıq. Qalibiyyət qüruru bütün ağrı-acılarımızı unutdurmuşdu. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz Qarabağı azad edərək, tökülən qanımızın, şəhidlərimizin qisasını almışdı...”

Cavid deyir ki protezi hazırlanandan, ayağa qalxandan sonra ilk növbədə yaralandığı Suqovuşanı, sonra isə Şuşanı ziyarət etmək istəyir...

 

 

Protez və ortezlərin son tamamlama məkanı

 

 

 

Protez və ortez məmulatlarının hazırlanması sexinə baş çəkirik. Burada yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin hazırlanması işləri aparılır.

 

Geniş və işıqlı sexin özünəməxsus qatran, boya və kleyin qarışımından yaranan spesifik qoxusu var. Stolların üzərində xeyli dəzgahlar quraşdırılıb və onların arxasındakı texniklər lazımi məmulatları səylə hazırlayırlar. Sexdə çalışan protez ortopedik üzrə texnik Ayaz Feyzullayev bildirir ki, burada protez və ortezlərin son tamamlama işləri görülür. “Gips otağı”nda gips ölçüdən çıxandan sonra bu sexdə pozitiv adlandırdıqları modelləşdirilmiş hissəyə xüsusi corablar geyindirilir. Bu corabların üzərinə isə xüsusi kimyəvi maddə olan qətran vurulur. Daha sonra o, vakum avadanlığı vasitəsilə protez vəziyyətinə gətirilir. Tamamlamada isə protez pasientin ayağına geyindirilib yoxlanılır. Hər şey qaydasındadırsa, son kosmetik xarakterli tamamlayıcı işlər görülür və protez hazır olur.

İstehsalatın keyfiyyətinə nəzarət və idarəolunması üzrə inzibati heyətin mütəxəssisi Kənan Pirizadə məlumat verdi ki, hazırda İkinci Qarabağ müharibəsi qazilərinə elektron protezlərin təyinatını həyata keçirirlər: “Çünki cənab Prezidentin tapşırığı da belədir ki, Vətən müharibəsinin qaziləri bu vasitələrlə təmin olunmalıdır. Eyni zamanda Birinci Qarabağ müharibəsi qaziləri bu cür yüksək texnologiyalı protezlərlə təmin olunacaqlar”.

 

 

 

“Bu şəraiti bizə İlham Əliyev yaradıb”

 

 

 

“Protezlərin sınaq otağı”ndayıq. Qapının kandarından baxırıq ki, yaşlı bir qadın ayağına yenicə taxılan protez üzərində gəzməyə çalışır. O əvvəlcə tərəddüd edir, sanki ayağını yerə basmağa qorxurdu. Amma orada olan həkimlərin, texniklərin təlimatlarına riayət etdikcə, yerə ayağını daha ürəklə basmağa başladı.

74 yaşlı Səfiyyə nənə söyləyir ki, uşaqlıqdan ayağı əlildir. Buna görə də ardıcıl əməliyyat olunub, müalicələr alıb. Hazırda isə bərpa mərkəzində ona protez ayaq hazırlayıblar: “Bununla yanaşı, mənə qoltuq ağacı da veriblər ki, protezə öyrənincəyə qədər onun köməyi ilə gəzim. Mənə burada göstərilən qayğıdan, diqqətdən, xidmətdən çox razıyam. Bu şəraiti bizə İlham Əliyev yaradıb. Allah Prezidentimizə kömək olsun. Mən də bu yaşımda heç kimin köməyinə ehtiyac duymadan, sərbəst gəzəcəm. Bundan böyük xoşbəxtlik olarmı...”

 

 

 

Burada pasient ilk addımlarını atır...

 

 

 

Protezçi texnik Ədalət Əliyev məlumat verir ki, “Protezlərin sınaq otağı”nda pasientə protezlə davranış qaydalarını öyrədirlər. Onu ayağa durquzmadan öncə təlimatlar verirlər ki, birinci hansı ayağı atmaq lazımdır, necə davranmaq lazımdır və s. Bundan sonra onların da köməyi ilə pasient ilk addımlarını atır: “Bu otaqda elektronla gəzmə aparatı, pandus dediyimiz nərdivan, paralel qol aləti var ki, pasientlər əvvəlcə onun vasitəsilə tutub gəzə bilirlər. Protezə alışma isə pasientin yaşı və aktivlik dərəcəsindən asılıdır. Bəzən bu, bir günə də baş verir, bəzi hallarda isə 10-15 günə qədər çəkə bilir. Pasient protezlə bir neçə gün gəzdikdən sonra bununla bağlı heç bir narahatlıq müşahidə etmiriksə, artıq onu evə buraxırıq ki, gedib sərbəst həyatına davam etsin”.

Ə.Əliyevin sözlərinə görə, pasientlər protez sayəsində ayağa durub gəzəndə təəssüratları fərqli olur: “Həyəcanlanırlar, bəzən ayaqları üzərində dura bilmə hissindən yaranan sevincdən ağlayırlar. Adətən görürsən ki, pasientin özündən çox yanında gələn doğmaları, ana-ataları daha həyəcanlı olur, sevinir, göz yaşlarına boğulurlar...”

 

 

Elnur övladlarının sevinc nidalarını artıq duya biləcək...

 

 

 

Vətən müharibəsinin qazisi Elnur Şirinovun atası Yaşar dayı ilə söhbətləşirik. Elnur özü də buradadır, amma o, 9 noyabrda Şuşa yaxınlığında yanında partlayan top mərmisi nəticəsində kantuziya alaraq eşitmə qabiliyyətini itirib.

 

3 övladını valideynlərinə tapşıraraq 29 sentyabrda döyüşə yollanan 31 yaşlı Elnur əvvəlcə piyada qoşunlarında vuruşub. 18 oktyabrda Qaraxanbəyli-Merdinli istiqamətində top mərmisi nəticəsində qəlpə yarası alıb. Onu qospitala aparsalar da, müalicədən imtina edərək yenidən döyüşlərə qayıdıb, bu dəfə sürücü kimi. Qələbədən cəmi bir gün əvvəl, 9 noyabrda isə yaxınlıqda partlayan ikinci top mərmisi onda qapalı kəllə-beyin travmasına səbəb olub, qulağının biri tamamilə eşitməsini itirib, digəri isə qismən eşidir.

Bu gün isə Protez və Ortopedik Bərpa Mərkəzində Elnura xüsusi eşitmə cihazı təqdim olundu. Daha bundan sonra Elnur övladlarının sevinc nidalarını öz qulaqları ilə duyacaq, o da ikiqat şadlanacaq...

Elə biz də çox xoşbəxtik... Çünki bu ünvanda Azərbaycan tarixinin ən şanlı salnaməsini yazan, xalqımıza qələbə sevinci bəxş edən cəsur qazilərimizlə tanış olduq, onların qürurverici döyüş yolu ilə qısa da olsa, tanışlıq imkanı qazandıq...

Bir də onların itirdikləri sağlamlıqlarına, protez vasitəsilə də olsa qovuşmalarına, yenidən həyatda əmin addımlar atmağa başlamalarına sevindik.

Və birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində qazilərimizin, ümumiyyətlə, digər əlil vətəndaşlarımızın üzünü güldürən bu müəssisədən ürək rahatlığı ilə ayrıldıq...

 Burada uşaqlar da, gənclər də, yaşlılar da var. Kimisi yaralı ayağına dəstək, kimisi qoluna qüvvət, kimisi belinə dayaq ümidilə üz tutub bu məkana...

Və burada ömürboyu yeriməmiş övladlarının ilk addımlarının fərəhini yaşayan valideynlər, qazi oğlunun ayaq üstdə dayanmasına qürurla tamaşa edən ata-analar, valideynlərinin sərbəst yerimələrinə fərəhlə baxan oğullar, qızlar çoxdur...

Bəli, bura sınıq ümidlərin yaşaran ocağıdır...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 4 may.- S.1;4.