İlham
Əliyev Serbiyada beynəlxalq tədbirə rəhbərlik edəcək
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də
Serbiya Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə
təqdim edən səfir dedi:
- Cənab
Prezident, Azərbaycan Respublikasında fövqəladə və
səlahiyyətli səfir təyin olunmağımla
bağlı etimadnaməni və sələfimin geri
çağırılması məktubunu Sizə təqdim etməkdən
şərəf hissi duyuram. İcazə verin, Sizə
Prezidentimiz Aleksandr Vuçiçin səmimi
salamlarını, Sizin və ölkənizin rifahı,
inkişafı üçün xoş arzularını
çatdırım. Cənab Prezident, qeyd etmək istəyirəm
ki, Azərbaycanın həqiqi dostu və strateji tərəfdaşı
olan Serbiyanı təmsil etməklə Azərbaycan
Respublikasında xidmət etmək imkanına nail olmaq mənim
üçün böyük şərəfdir. Təşəkkür
edirəm, cənab Prezident.
Səfiri
salamlayan Prezident İlham Əliyev dedi:
-
Çox sağ olun. Xoş gəlmisiniz. Cənab səfir, sizi
görməyə çox şadam. Ümid edirəm ki, Azərbaycanda
çox mənalı vaxt keçirəcəksiniz. Həmçinin
sizdən Prezident Vuçiçə ən xoş
salamlarımı çatdırmağınızı xahiş
edirəm. Bilirsiniz ki, biz çox fəal ünsiyyətdə
oluruq və dəfələrlə görüşlərimiz
olub. Hesab edirəm ki, prezidentlər arasında çox mehriban
münasibətlər var və bu da, ölkələr
arasında münasibətlər üçün vacibdir.
Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz
zamanı siz əməkdaşlığımızı irəli
aparmaq üçün əlinizdən gələni edəcəksiniz.
Bizim üçün Serbiya ilə əməkdaşlıq
böyük əhəmiyyət kəsb edir. Sizin dediyiniz kimi
ölkələrimiz strateji tərəfdaşdır. Əməkdaşlıq
sahələri indi bir çox istiqamətləri əhatə
edir. Hesab edirəm ki, əsas diqqəti artıq böyük
irəliləyiş əldə etdiyimiz sahələrə və
fəal əməkdaşlığın ilkin mərhələlərində
olduğumuz bəzi sahələrdə hansı işləri
görə biləcəyimiz məsələsinə yetirməliyik.
Beynəlxalq
təşkilatlarda tərəfdaşlığımıza gəldikdə,
əminəm ki, biz bir-birimizi dəstəkləməyə,
bir-birimizin maraqlarını müdafiə etməyə davam edəcəyik.
Biz artıq bir sıra beynəlxalq təşkilatlarda çox
yüksək səviyyəli həmrəylik nümayiş
etdiririk. Bu, vacibdir. Çünki bu, həqiqətən də
bizim əməkdaşlığın səmimi mahiyyətini əks
etdirir.
İkitərəfli
münasibətlərə gəldikdə, əlbəttə
ki, çox yüksək səviyyəli siyasi təmasların
olmasını nəzərə alaraq, biz iqtisadi inkişaf sahəsi
üzərində diqqətimizi cəmləməliyik. Siz
bilirsiniz ki, biz indi işğaldan azad olunmuş ərazilərdə
yenidənqurma işlərinin ilkin mərhələsindəyik.
Ümidvaram ki, Serbiya şirkətləri də, dost ölkələrin
şirkətləri kimi fəal olacaqlar, gələcəklər,
onlara bizim planlarımızla bağlı ilkin məlumat təqdim
olunacaq. Onlar dost ölkələrdən olan beynəlxalq
şirkətlər komandasına qoşularaq yenidənqurmada
iştirak edəcəklər. Düşünürəm ki,
diqqəti cəmləşdirəcək çoxlu sahələr
olacaq. Əminəm ki, Azərbaycanda görəcək işləriniz
çox olacaq. Sizə vəzifələrinizi uğurla həyata
keçirməyi arzulayıram.
Səfir
Draqan Vladisavljeviç:
- Təşəkkür
edirəm, Cənab Prezident. Zati-Aliləri, möhtərəm
Prezident, ilk növbədə, icazə verin Azərbaycan
Respublikasında olmaqdan və burada xidmət etmək
imkanına sahib olmaqdan böyük şərəf
duyduğumu bir daha təkrarlayım. Mənim təyinatım
Serbiya Respublikasının Prezidenti cənab Aleksandr
Vuçiçin şəxsi istəyi olub. Buraya gəlişimdən
əvvəl bizim təkbətək
görüşümüzdə Prezident Vuçiç məndən
aşağıdakı mesajları Sizə
çatdırmağımı xahiş etdi. İlk növbədə,
Prezident Vuçiç Sizə ən səmimi
salamlarını çatdırır və Sizə möhkəm
cansağlığı, xoşbəxtlik, xalqınız və
ölkəniz üçün gördüyünüz hər
bir işdə uğurlar arzulayır. Prezident Vuçiç
şəxsən Sizinlə dostluğu və dövlətlərimiz
arasındakı dostluğu yüksək qiymətləndirir.
O, Serbiya Respublikasının dost Azərbaycan
Respublikasının suverenliyini və ərazi
bütövlüyünü tam şəkildə dəstəklədiyini
xüsusi vurğuladı, ölkələrimiz
arasındakı mövcud strateji tərəfdaşlığı
yüksək qiymətləndirdiyini və onu qoruyub saxlamaq,
daha da gücləndirmək arzusunda olduğunu bildirdi. Prezident
məndən dövlətlərimiz arasında əməkdaşlığın
yüksək səviyyədə, həmçinin yüksək
siyasi səviyyədə daha da təşviq etdirilməsində
yaxından iştirak etməyimi xahiş etdi.
Mən,
Prezident Vuçiçin Sizin Serbiyaya rəsmi səfər etməyinizlə
bağlı dəvətini çatdırmaq istərdim. O qeyd
etdi ki, həm rəsmi Bakının, həm də rəsmi
Belqradın qarşısında Qoşulmama Hərəkatının
və Belqradda keçirilmiş 1-ci sammitin 60-cı
ildönümünün təşkili ilə bağlı fəal
iş durur. O, hərəkatın təsisçisi olan dövlətlərin
– Hindistan, Misir, İndoneziya və Qananın liderlərini və
əlbəttə ki, Hərəkatın sədri olaraq Sizi bu
münasibətlə dəvət etmək niyyətindədir.
Siz, Prezident Vuçiçlə birlikdə tədbirə ev
sahibliyi edəcəksiniz. O vurğuladı ki, bu, onun şəxsi
təşəbbüsü olub və sammit Sizin
üçün, Azərbaycan Respublikası və Serbiya
Respublikası üçün tarixi əhəmiyyət kəsb
edəcək.
Azərbaycan.-2021.- 4 may.- S.1-2.