Koronavirus yaşa baxmayan xəstəlikdir
Amerikalı
mütəxəssis deyir ki,
bu “gözəgörünməz bəla”dan
yalnız böyükləri deyil,
uşaqları da qorumaq
lazımdır
Zaman-zaman müxtəlif infeksiyaların daha geniş məkanlara yayılması nəticəsində insanları ölümlə hədələyən pandemiyaların yenidən dünyada cövlan etməsi Yer planetinin ən dəyərli varlıqlarını ayıq-sayıq olmağa səsləyir.
Ana təbiətə, ətraf mühitə, bir sözlə, özünə qarşı laqeydliyin daşını birdəfəlik atmaq hər kəsin borcuna çevrilib. Əks təqdirdə belə xəstəliklər uzunömürlülük qazanacaq ki, bu da, nəticədə daha çox itki deməkdir.
Təəssüf doğuran haldır ki, bir ildən artıqdır Yer planetini girdabına alan COVID-19-un peyvəndinin hazırlanmasına və vaksinasiya prosesinin müəyyən mərhələsinin keçməsinə baxmayaraq, bu bəladan xilas olunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də bir sıra beynəlxalq qurumların tövsiyə və təklifləri, eləcə də dövlət orqanlarının qəbul etdiyi qərarlar bəzi insanlar tərəfindən qulaqardına vurulur, çünki onları çaş-baş salan dezinformasiyalar elektron KİV-də baş alıb gedir.
Ötən il belə bir fikir hakim idi ki, qış fəsli ömrünü başa vurub, havalar istiləşdikcə virus da öz-özünə məhv olacaq. Guya ki, virus istidən qorxur. Doğrudur, ötən ilin yaz-yay aylarında dünyada, o cümlədən ölkəmizdə virus daha geniş əraziləri əhatə etmədi. Bu, az itki demək idi. Növbəti payız və qış mövsümündə vəziyyətin yenidən kəskin şəkildə dəyişməsi insanlarda bir qədər inamsızlıq yaratmış oldu. Demək, versiyalar özünü doğrultmadı: sən demə, ilin bütün fəsillərində qorunmaq vacib məsələlərdən imiş.
Budur, yenə
də ilin yaz fəslidir. Havaların
istiləşməsi və
yazın öz nəfəsini hiss etdirməsinin,
valideynlər və uşaqlar üçün
açıq havada vaxt keçirməyin ən yaxşı zamanı yetişib. Lakin COVID-19 pandemiyası ilə əlaqədar olaraq təmiz havada vaxt keçirərkən ailənin sağlamlığını
qorumaq üçün
qayğı göstərməyi
də unutmaq olmaz. Açıq havada təhlükəsiz
əyləncə üçün
bir bələdçi
təlimatına diqqət
yetirək. UNICEF-in “Uşaq Hüquqları
& Biznes” üzrə
amerikalı mütəxəssisi
Sara Yakobsen bununla bağlı fikirlərini
KİV-lə bölüşüb
O, “COVID-19 açıq havada
da yayılır?” sualına cavab verib: “Bəli, yayılır. COVID-19-a yoluxmuş şəxslə
sıx əlaqə qurduğunuz həm qapalı məkanda, həm də açıq havada yaxalana bilərsiniz. COVID-19 əsasən öskürək, asqırma,
söhbət və ya mahnı oxuma
zamanı yoluxmuş şəxs tərəfindən
ifraz olunan tənəffüs damlacıqları
vasitəsilə yayılır.
Bu damlacıqlar yaxınlıqda olan insanların ağız, burun və ya
gözlərinə keçə
bilər. Transmissiya xüsusilə
zəif havalandırılmış,
dolu binalarda da mümkündür.
Çirklənmiş səthlərə toxunduqdan sonra digər ümumi infeksiya üsulu ağız, burun və ya gözlərə
toxunmaqdır. Virusun ötürülməsi
xüsusilə zəif
havalandırılmış və izdihamlı qapalı məkanlarda da mümkündür.
Yoluxmanın digər yayılmış
üsulu çirklənmiş
səthlərə toxunduqdan
sonra ağız, burun və ya
gözlərə toxunmaqdır”.
Sara Yakobsen fikirlərinin davamında qeyd edir ki, virus və onun ötürülməsi
haqqında bildiklərimizə
əsasən, risk qapalı
məkanlarla müqayisədə
açıq havada daha aşağı hesab olunur. Buna baxmayaraq, insanların ehtiyat tədbirlərinə
riayət etməsi çox vacibdir: ən azı, bir metr məsafənin
saxlanılması, maskanın
geyinilməsi, əllərin
tez-tez yuyulması və kənara çıxmaqdan öncə
COVID-19 simptomlarının aşkar
edilməsi.
Bəs qapalı
məkanlardan kənarda
özünü qorumağın
ən yaxşı yolları hansılardır? Mütəxəssis
qeyd edir ki, fiziki fəaliyyət
ailənin hər bir üzvü üçün psixi və fiziki sağlamlığı əla
formada saxlamaq üçün ən yaxşı yollardan biridir: “...Ehtiyat tədbirləri görməklə,
siz ailənizin COVID-19
virusuna yoluxma riskini minimuma endirməyə kömək
edə bilərsiniz. Evdən kənara çıxmağı
planlaşdırarkən ən
izdihamlı vaxt və yerlərdən çəkinməyə çalışın.
Mümkün olduqca az istifadə olunan və tıxacsız marşrutları
seçməyə çalışın...”
Təəssüf ki, bu, bizim meqapolisdə mümkün deyil. Marşrut avtobuslarına ictimai nəzarətin olmaması, onlardakı antisanitariya, ən azı, təəssüf doğuran hallardan biridir. Odur ki, tərkibində 60 faiz spirt olan antiseptik vasitə, dezinfeksiyaedici salfetlər, kağız dəsmallar, əlavə maskalar saxlamaq üçün özünüzdə çanta və ya qutu gəzdirin: “...Kənara çıxmadan öncə mütləq bütün ailə üzvlərinin özünü yaxşı hiss etdiyini və onlarda heç bir simptomun olmadığını yoxlamağı unutmayın. Kənarda olarkən əsas ehtiyat tədbirlərinə riayət etməyi bir-birinizə xatırladın. Digər insanlarla ən azı bir metr ara məsafəsi saxlayın. Kənarda olarkən maska taxın, üzünüzə (gözlərinizə, burnunuza, ağzınıza) və ya maska səthinə toxunmayın, əllərinizi ən azı 20 saniyə ərzində sabun və su ilə tez-tez yuyun, ya da dezinfeksiya edin.
Evdən kənar yerdə yemək yeməyə qərar versəniz, qida və yemək ləvazimatlarınızı özünüzlə götürün. Kənar yerdə yemək yeməyiniz lazımdırsa, qapalı məkanda yeməkdənsə, sifariş etdiyiniz qidanı paketlənərək özünüzlə aparmağa üstünlük verməyə alışın. Yeməkdən əvvəl əllərinizi yumağı və ya dezinfeksiya etməyi unutmayın. Evə gəldkdə isə digər bir şey etmədən öncə əllərinizi sabun və su ilə təmiz-təmiz yuyun. Yerli COVID-19 infeksiyasının ötürülmə sürətinə dair məlumatı və hökumətin təkliflərini yoxlayın. Nəzərə alın ki, infeksiyanın ötürülmə sürəti nə qədər yüksəkdirsə, bir o qədər də ictimai yerlərdə potensial infeksiyaya məruz qalma riskiniz artıq olacaq. Siz COVID-19-a yoluxmuş yüksəkdərəcəli ağır xəstəlik riski olan insanlarla yaşayırsınızsa (yaşlı ailə üzvləri, nənələr və babalar, digər əsas xəstəlikləri olan ailə üzvləri), onları qorumaq üçün əlavə təhlükəsizlik tədbirləri görməlisiniz. Bu, uşaqlarınızın digər insanlarla (uşaqların birlikdə oynamaları və ya izdihamlı oyun meydançaları daxil olmaqla) təmasının məhdudlaşdırılmasını və ya çətin olduqda (məsələn, uşaqlar məktəbə getdikdə), uşağınızın sözügedən ailə üzvlərindən ayrı saxlanılmasını ehtiva edə bilər”.
Qərarınızı övladınıza sadə şəkildə çatdırın. Bu qərarı nə üçün verdiyinizi və onun əhəmiyyətli olduğunu izah etməyə vaxt ayırın. Uşağınızla açıq ünsiyyət saxlamaq vacibdir. Onları narahatlıqlarını sizinlə bölüşməyə və qaydalara əməl etmədikləri təqdirdə dürüst olmağa təşviq edin. Bu, həmyaşıdları ilə ünsiyyətə daha çox meyilli olan, yaşca böyük uşaq və yeniyetmələr üçün xüsusilə vacibdir. Elmi bilikdən istifadə edərək onlara şəfqətlə bələdçilik etməyə və istiqamətləndirməyə çalışın.
Bilirsinizmi ki, COVID-19 haqqında övladlarınızla necə danışmalısınız? Maraqlı olduğu qədər də vacib məsələdir. Unutmayın ki, ictimai ayaqyolundan istifadə etmək təhlükəsiz olmalıdır! İctimai tualetin nə qədər izdihamlı və ya təmiz olacağını əvvəlcədən bilmək mümkün olmadığı üçün ondan istifadə etməyi minimuma endirmək lazımdır. Əgər ictimai tualetdən istifadə etmək lazımdırsa, özünüz təhlükəsiz davranış qaydalarına riayət edin - digər insanlardan minimum 1 metr məsafə saxlayın, maska taxın və dərhal əllərinizi sabun və su ilə yuyun. Sabun və su əlyetən deyilsə, ən azı tərkibində 60 faiz spirt olan, əllər üçün dezinfeksiyaedici vasitədən istifadə olunmalıdır.
“Uşağımın üzgüçülüyə getməsi təhlükəsizdirmi?” Bu sual da valideynləri narahat etməyə bilməz. Mütəxəssis xanım onun da cavabını lazımı səviyyədə verməyə çalışıb: Hazırda COVID-19 virusunun təbii və ya üzgüçülük hovuzları kimi istirahət və idman təyinatlı su hövzələri vasitəsilə yayıla biləcəyinə dair heç bir sübut yoxdur. Yaşadığınız cəmiyyətdə üzgüçülük hovuzları və çimərlikləri açmağa icazə verdikdə, fəaliyyətinizi planlaşdırmadan öncə nəzərə alınacaq bəzi təhlükəsizlik məqamlarını diqqətdən qaçırmayın: üzgüçülük zonasının nə qədər təhlükəsiz olduğunu insanların sıxlığı, izdiham və digərlərinin davranışı müəyyən edir.
İzdihamın ən az ehtimal olunan vaxtını seçin. Uşaqlarınızın yaşı da əsas şərtdir: fiziki məsafəni nə dərəcədə yaxşı saxlayacaqlar? Profilaktik tədbirləri də nəzərə almalısınız: üzgüçülük zonasında virus və digər sağlamlıq təhlükələrinin yayılmasının qarşısının alınması üçün tədbir görülməsinin nə dərəcədə təmin edildiyini yoxlayın - izdihamın önlənməsi, təmizləmə və dezinfeksiya, qapalı məkanların havalandırılması və su sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərə riayət edin. Üzgüçülüyə getməyə qərar verdinizsə və orada izdiham yaşanırsa, mütləq erkən gedin. Habelə soyunub-geyinmə otaqları kimi qapalı məkanlarda vaxtınızı minimuma endirin, üzmə zonasında qida qəbul etməkdən çəkinin və daim övladınızı nəzarətdə saxlayın.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan/-2021.- 2 may.- S.1;5.