ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının təqdim
edilməsi mərasimi olub
ADA Universitetində məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na təqdim edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, qalib layihələr ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və tədbirin xüsusi qonağı Hacı Zeynalabdin Tağıyevin nəticəsi
Nazim Abdullayev tərəfindən açıqlanıb.
Təqdim
edilən on iki layihə arasından beş layihə
mükafatlandırılıb. Birinci yeri iki layihə
-“Go girl” və “Gizli Azərbaycan” layihələri
bölüşüblər.
“Go girl” layihəsinin məqsədi
qızları “STEM” (Science – Elm, Technology –
Texnologiya, Engineering – Mühəndislik,
Math – Riyaziyyat) sahəsi
üzrə karyera qurmağa həvəsləndirmək
və qızların İnformasiya Texnologiyaları
üzrə biliklərini
artırmaqdır.
“Gizli Azərbaycan” layihəsinin məqsədi
isə Azərbaycanın
görməli, lakin az ziyarət
edilən məkanlarını
tanıtmaq və daxili turizmin inkişafını dəstəkləməkdir.
İkinci yeri “Shape of future” və
“Thriving artist” layihələri paylaşıblar. “Shape of future” layihəsinin əsas məqsədi məktəblilərin
bilik və bacarıqlarını artırmaq,
şagirdləri düzgün
peşə seçimi
mövzusunda məlumatlandırmaq
və onların ingilis dili biliklərini
artırmaq üçün
ödənişsiz kurslar
təşkil etməkdir.
“Thriving artist” layihəsi isə rəssamlıqla məşğul olan gənclər üçün
xüsusi onlayn platforma təqdim edir. Bu platforma onlara öz əsərlərini tanıtmaq
fürsəti verir.
Üçüncü yerin qalibi “Bir
kitab, bir xatirə” layihəsidir. Layihənin əsas
məqsədi gənclər
arasında oxumağa marağı artırmaqdır.
Layihə çərçivəsində
Vətən müharibəsi
şəhidi Məhəmmədəli
İbrahimli adına
kitab guşəsinin əsası qoyulub.
“Gizli Azərbaycan” layihəsinin komanda üzvü Əli Məmmədov deyib: “Layihəmizi Şuşada davam etdirmək və Şuşanı - öz doğma torpağımızı dünyaya
tanıtmaq əsas hədəflərimizdəndir”.
Birinci yeri bölüşən
“Go girl” layihəsinin komanda
üzvlərindən Məsudə
Ömərova deyib:
“Layihə vasitəsilə
qadınları da
İKT sahəsində karyera
qurmağa və bu sahədə daha fəal rol oynamağa səslədik”.
Birinci yerə layiq görülən hər iki layihənin komandasına ayrılıqda
1750 manat, ikinci yeri bölüşən komandalara 1050 manat, 3-cü
yerə çıxan
layihə komandasına
isə 700 manat pul mükafatı təqdim edilib.
Azərbaycan/-2021.- 4 may.- S.5.