Şəxsiyyət zirvəsi
... 1969-cu ilin yayını ailəliklə Bilgəhdəki bağımızda keçirirdik. Qonaqların, ailə dostlarının gəlib-getdiyi bağ evimizdə böyüklərin söhbətlərinin mövzusu həm də ölkədəki vəziyyət idi.
Yaşımın azlığına baxmayaraq, mən o vaxt da həvəslə tarixi kitabları oxuyurdum və böyüklərin ictimai-siyasi mövzuda söhbətlərini maraqla dinləyirdim.
Bu söhbətlər zamanı müxtəlif sahələrdəki problemlərdən danışılır, fikir mübadiləsi aparılırdı.
Günlərin bir günü, - sonradan həmin tarixin məhz 14 iyul olduğunu biləcəkdim, - atam işdən bağa qayıdarkən elə kandardaca anamla həyəcanla danışmasına, anamın da aramsız suallar yağdırmasına diqqət kəsildim. Valideynlərim çox həyəcanlı idilər, amma üzlərində sevinc, razılıq və ümid hissini aşkar sezmək olardı.
Onların söhbətlərində bir adı cümlələrinin əvvəlində də, sonunda da təkrar-təkrar səsləndirmələrini necə heyrətlə müşahidə etdiyimi, - 52 il sonra bu sətirləri qələmə alarkən də bütün varlığımla hiss edirəm.
O dahi insanın ismini ilk dəfə o gün eşitdim: söhbət sonradan həyatımın birbaşa bağlı olacağı ən mükəmməl siyasi xəttin, əsgəri olacağım kamil dövlətçilik ideologiyasının yaradıcısı olan əbədiyaşar Heydər Əliyevdən gedirdi...
Atamdan nə baş verdiyini soruşdum. Cavab verdi
ki, güclü və ədalətli insan respublikanın rəhbəri
seçilib. İndi çox şey müsbətə
doğru dəyişəcək.
Yaşlı insanlar artıq general Heydər Əliyevi
tanıyırdılar. Onun iradəsinə də, qüdrətinə
də, milliliyinə də, vətənpərvərliyinə də
əmin idilər. İnanırdılar ki,
problemlər məngənəsində çapalayan bir məmləkətə
yeni ruhu, yüksəlişi məhz bu dahi şəxsiyyət
gətirə bilər.
Heydər Əliyev onu ilk mərhələdə
tanıyan minlərlə insanın ümidini doğrultdu,
qısa müddətdən sonra ona inanan artıq yüz minlərlə
vətəndaşının ümidlərini
reallaşdırdı, daha sonra isə milyonların
nicatına, etimad ünvanına çevrildi.
Heydər
Əliyevlə gerçəyə çevrilən əfsanə
14 iyul gecəsiylə bağlı bir xatirəni də
unutmuram. Həmin gün ailə dostlarımız,
qonşularımız bizə həmişəki vaxtdan daha tez
gəldilər və həm də daha gec getdilər.
Mövzu bir idi: ölkədə rəhbər dəyişmişdi.
Hamı daha ümidli, daha rahat, daha gülərüz idi...
Sonrakı onilliklərdə, elə indi də xeyli
tanışımdan, həmkarımdan 14 iyul gecəsi ilə
bağlı xatirələr, həmin günlə əlaqədar
təəssüratlar eşitmişəm. Yəni minlərlə
ailədə həmin gün adi gün kimi başa
çatmayıb, sadəcə “ölkədə rəhbər
dəyişdi” xəbərini müzakirə etməyiblər.
Onlar Azərbaycan tarixini tənəzzüldən intibaha
doğru dəyişdirən o möhtəşəm məqamı
sanki intuitiv dərk etmişdilər və həmin gecəni bu
xoş müjdənin ovqatında keçirmişdilər.
Həmin yay bağ evimizdə Heydər Əliyev
mövzusu birmənalı olaraq əsas söhbət idi. Çox maraqlı, bir az da mənim üçün hətta detektiv
üsluba bənzər faktlar səslənirdi. Bir
anlıq 1969-cu ilin mənzərəsini fikrimizdə
canlandıraq. İnformasiya
kommunikasiyası, əhalinin operativ və geniş məlumat
alacağı bir vasitə yox. Televizor tək-tük ailədə
ola, ya olmaya. Qəzet
hamının əlinə keçmir. Belə bir vaxtda vətəndaşların
mütləq əksəriyyətinin üzdən
tanımadığı Heydər Əliyevin ölkə boyu
reydləri başlayır...
Məsələn, birinci katib xəbərsiz və
mühafizəçisiz bazara gedir. Növbəti günlər
yolunu yenə ictimai iaşə obyektlərindən, ərzaq
dükanından, hansısa bərbad küçədən, məhəllədən,
yataqxanadan, paytaxt kəndlərindən, bir sözlə,
xalqın daha çox yaşadığı, üz tutduğu,
ən əsası isə, narazı olduğu məkanlardan
salır. Oradakı əyintiləri, qəbahətləri,
nöqsanları öz gözü ilə əyani
müşahidə edir, özünü tanıtmadan ünsiyyətə
girib problemlərin mahiyyətini, səbəbini öyrənir.
Bu ziyarət-reydlərin səsi isə sonra
çıxır, özü də çox bərk, sərt və
sərrast çıxır.
Danışırdılar ki, mağaza müdirləri və
digər iaşə obyektlərinin rəhbərləri qəzetlərdə
Heydər Əliyevin dərc olunan şəkillərini kəsib
götürərək, işçilərinə
paylayırmışlar ki, birdən birinci katib reydə
çıxıb, yolunu burdan salar, hazırlıqlı olun.
Mütaliə hərfləri tanıdığım ilk
gündən mənim ən yaxın yoldaşım olub. Kitablardan Heydər
Əliyevin bədii prototipləri ilə tanış
olurdum. Qədimdən ədalətli rəhbərlərin
libaslarını dəyişərək bu üsulla ölkələrində
olub-keçənlərdən xəbərdar olduqları barədə
rəvayətlər dolaşdığını oxumuşdum.
Ancaq indi bu idarəçilik üslubu artıq
mifik əhvalat deyildi, Heydər Əliyevin timsalında hər
gün rastlanan adi faktlara çevrilirdi.
Azərbaycanda
ədalət Heydər Əliyevin timsalında zəfər
çaldı
Heydər Əliyev Azərbaycana ən əsası, ədalət
gətirirdi. Bu ədalət çox gecikmiş olduğundan, xalq
ona uzun illər tamarzı qaldığından insanlar bu dahi
şəxsiyyətə böyük inamla
yanaşırdılar.
Heydər
Əliyev belə vəlvələ salmışdı ölkəni
fəlakətə, xalqı narazılığa sürükləyən
məmurların, vəzifəli şəxslərin,
ümumilikdə isə, içəridən çürüyən
bütün sistemin canına! Heydər Əliyev
dahi təfəkkürünün məhsulu olan üsullarla
yeni dövlət sistemi, müasir xidmət modeli, həm də
ən doğru idarəçilik ənənələri
formalaşdırırdı.
... Sentyabrda artıq şəhərə
qayıtmışdıq və məktəb həyatım
başlamışdı. Ovaxtkı Bünyad Sərdarov,
şəhər camaatının “Verxnıy Naqornıy” kimi
tanıdığı küçədə
yaşayırdıq. Məktəbdən
qayıdıb, dərslərimi hazırladıqdan sonra həmyaşıdlarımla
küçədə gəzişirdik. Birdən
küçənin başında bir maşın dayandı.
İçindən düşən hündürboy
qalstuk-kostyumlu kişi ətrafla
maraqlanmağa başladı. Bir müddət sonra başqa
maşınlar da gəldi və xeyli adam
yığıldı. Bu an “gələn
Heydər Əliyevdir” sədası küçəmizə
yayıldı. Uşaqlar qarışıq
böyüklər də yavaş-yavaş Heydər Əliyevə
doğru yaxınlaşırdı. Kənardan bizə
baxıb gülümsündü və əli ilə salam göndərdi. Amma sonra dərhal
üz ifadəsi dəyişdi. Əsəbi
formada qarşısındakı hansısa məsul şəxsi
sorğu-suala çəkirdi. Verilən
cavabların onu qane etmədiyini anlayırdıq. Bir qədər sonra maşına minib getdi.
Amma bir
müddət sonra küçəmiz əməlli-başlı
abadlaşdı...
Mən Heydər Əliyevi, dünyanın ən
böyük azərbaycanlısını ilk dəfə məhz
o küçədə gördüm.
Və
sonrakı onillikər boyu küçəmizin timsalında
ölkədə hər sahədəki natəmizliyi,
nöqsanları aradan qaldıran, sistemi çirkabdan təmizləyən,
millətinə arxa-dayaq duran, əsl liderlik nümunəsi
yaradan KİŞİnin Azərbaycanı necə fədakarlıqla
yenidən qurmasını qürurla müşahidə
etmişəm, örnək kimi ondan öyrənmişəm...
Mənim kimi milyonlarla insan üçün Heydər
Əliyev küçəmizdən başlayaraq bütün məmləkət
boyu abadlığı, quruculuğu, ədaləti,
düzlüyü, halallığı, məsuliyyəti bərqərar
edən Rəhbər oldu.
Ən
maraqlısı da o idi ki, artıq 12 yaşlı yeniyetmə də
anlayırdı ki, Azərbaycanda rəhbərliyə Şəxsiyyət
gəlib!
“Literaturnaya qazeta”da dərc olunan müsahibəsinin sərlövhəsi
- “Qoy Ədalət zəfər çalsın!” fikri
bütünlüklə Heydər Əliyev idarəçilik
sisteminin fəlsəfəsini izah edirdi.
Həmin dövrdə Azərbaycan Dövlət
Universitetinin Tarix fakültəsini bitirib, komsomol təşkilatında
çalışırdım. Dahi şəxsiyyətin fəaliyyətini
artıq kənardan müşahidə etmirdim, partiyanın Mərkəzi
Komitəsinin “ehtiyyatı” olan komsomol hərəkatının
təmsilçisi kimi çoxsaylı rəsmi tədbirlərin
iştirakçısı, bəzən də təşkilati
heyətinin üzvü kimi çalışırdım.
Biz gənclər Heydər Əliyevin hər
çıxışını, mülahizəsini diqqətlə
dinləyir, oxuyur, öyrənirdik. O, bizim üçün ən
mükəmməl ensiklopediya idi. Həm də
örnək idi.
Ondan problemə yanaşmanı öyrənirdik. Heydər
Əliyev Azərbaycan idarəçilik sisteminə tənqidi,
özünətənqidi gətirmişdi. Bu, inqilabi dəyişiklik sayılırdı.
O, problemi dəqiqliklə müəyyənləşdirir, ən
səmərəli çıxış yolunu seçir və
qarşıya ən düzgün vəzifələri qoyurdu. Cəmiyyətin bəlasına çevrilən
rüşvətxorluğa qarşı amansız mübarizəsi
real nəticələr verirdi.
Heydər
Əliyevin rəhbərlik etdiyi Azərbaycana ittifaqın
harasından baxırsansa bax, parlayırdı!
Təsadüfi deyil ki, SSRİ-nin 40-dan artıq strateji
sahəsinə birbaşa rəhbərlik səlahiyyəti də
məhz ona həvalə edildi. SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini, Siyasi Büro üzvü kimi kiçik Azərbaycanın
adını böyük dünyada fəxrlə səsləndirdi!
Heydər
Əliyev missiyası - Güclü Şəxsiyyət,
Qüdrətli Dövlət və Möhtəşəm Tarix
Uzun illərdir təşkilati işlərdə,
ictimai-siyasi həyatda fəal çalışsam da,
hansısa prosesə yanaşmam siyasi-inzibatçı təfəkküründən
daha çox məhz tarixçi məntiqi ilə əlaqəli
olur. Tarix isə şəxsiyyət faktoruna kompleks
yanaşmanı əsas götürür.
Heydər Əliyevə verilən “şəxsiyyət”
qiyməti yalnız ifadə vasitəsi deyil (təəssüf
ki, indi adi şəxsə də şəxsiyyət demək
adi hal alıb). O, şəxsiyyət amilinin bütün müddəalarını
artıqlaması ilə öz nümunəsində təsbit
edib və şərəflə yaşadıb.
Ən maraqlısı da budur ki, Heydər Əliyevin
timsalında biz Şəxsiyyət-Dövlət-Tarix
üçbucağının tam vəhdətini, siyasi
harmoniyasının təntənəsini görürük. Heydər
Əliyev missiyasında Güclü Şəxsiyyət,
Qüdrətli Dövlət və Möhtəşəm Tarix ən
unikal formada təşəkkül tapır.
Harada ki
Dövlət və Şəxsiyyət faktorları vəhdətdədir,
orada inkişaf var, rifah var, müsbət hər şey var. O
vaxt ki Dövlət və Şəxsiyyət sintezi pozulur, onda
fəlakət, böhran, deqradasiya, bir sözlə,
bütün neqativlər bir anda meydana çıxır.
Heydər Əliyevin Azərbaycanı - SSRİ-nin 15
respublikası arasında 14-cü yerdən qısa müddətə
3-cü yerə yüksəlmək deməkdir,
inkişafdır, ədalətli cəmiyyətdir, bütün
ölkə boyu quruculuqdur, respublikanın böyük tikinti
meydanına çevrilməsidir.
Heydər Əliyevin rəhbər olmadığı Azərbaycan
- Qarabağ savaşıdır, etnik separatizmdir, hakimiyyət
çevrilişləridir, dövlət aparatının
aşkar quldurluğudur, xaosdur, siyasi xəyanətdir, aclıq
və səfalətdir, boş büdcədir.
1988-1993-cü illərin siyasi təlatümlərindən,
iqtisadi böhranlarından daha ağırı Azərbaycanın
real parçalanma təhlükəsi ilə üzləşməsi
idi. O vaxt xalq
yaranan problemlərdən nicat ünvanı kimi yalnız Heydər
Əliyevi görməkdə tam haqlıydı.
Vətəndaşlarımız müqayisə edirdilər
və Heydər Əliyevli Azərbaycanla Heydər Əliyevsiz
Azərbaycanın fərqini tam mahiyyəti ilə
anlayırdılar. Onu da başa düşürdük ki, Azərbacana
qarşı rəzil Moskva-erməni məkri məhz Heydər
Əliyev ittifaq rəhbərliyindən getdikdən sonra
başladı.
1992-ci ildən etibarən xalq arasında geniş
yayılan “Heydər Əliyev hakimiyyətə qayıtmalıdır”
tələbi bütün ölkəni əhatə edirdi. İnsanlarımızın
mütləq əksəriyyəti məhz vətəndaş
mövqeyinin ifadəsi ilə Heydər Əliyevi yeganə
xilaskar kimi görürdülər. Bu əhvali-ruhiyyənin
dalğasında da Yeni Azərbaycan Partiyası yarandı.
İlham
Əliyevin “Dəmir yumruğu” və qüdrətli Azərbaycanı
1993-cü ildən sonra yenidən Heydər Əliyevli Azərbaycan
dövrü - tariximizin qurtuluş, intibah, yüksəliş, əsl
müstəqillik mərhələsi başlandı.
Bir anlıq təsəvvürümüzə gətirək,
dahi şəxsiyyət hakimiyyətə 6 aydan sonra gəlsəydi,
ölkənin halı necə olacaqdı? Məlumdur, erməni
işğalçıları Kürü keçib Şirvan
bölgəsinə irəliləyəcəkdilər, etnik
separatizm “domino effekti” kimi cənubdan şimala doğru
yayılacaqdı, fövqəldövlətlərin
arzuladığı və çalışdığı
kimi, bugünkü Azərbaycanın mövcudluğu sual
altında olacaqdı.
Heydər
Əliyev bax bu naqis gedişatı dəyişib, dövlətinə,
xalqına və tarixinə sahib çıxdı - əsl
Böyük Şəxsiyyət kimi!
Belə şəxsiyyətlər yalnız tarixə
düşəcək hadisələrin müəllifi olmurlar,
onlardan həm də tarix yaratmaq və bu tarixi davam etdirəcək
irs-varis ənənəsi formalaşdırmaq tələb
olunur. Bunlara
nail olmayan şəxsiyyətlərin yaratdıqları da
onlardan sonra yox olur, itir. Tək dünya tarixində
deyil, elə məmləkət salnaməsində də
çox belə acı faktlarla rastlaşmışıq.
Minilliklərin tarix süzgəcindən baxsaq aydın
görərik ki, qürur mənbəyimiz olan çox
hökmdarın yaratdığı qüdrətli dövlət
onun ölümündən dərhal sonra adi titrəyişdən
tar-mar olub, süquta uğrayıb. Onlar dövlət qurmaqda mahir olublar,
varis yaratmaqda isə çox zəif...
Heydər Əliyevin əzəmətli Şəxsiyyət
fərqi də məhz budur ki, o, yaratdığı müstəqil,
qüdrətli dövləti etibar etməyə özü qədər
inandığı siyasi varis formalaşdırdı və
şah əsəri olan Azərbaycanı ona etibar etdi. Xalqın böyük dəstəyi
ilə hakimiyyətə gələn cənab İlham
Əliyevin 18 il ərzində
yürütdüyü fəaliyyət tarixin ən
şanlı səhifələrini təşkil edir.
Bu 18 ildə hansı fövqəladə nailiyyətlər
qazanılıb, hansı müsbət irəliləyişlər
əldə olunub, bunu xalqımız öz güzəranında,
yaşamında və vətəndaşı olduğu dövlətin
dünya miqyasında necə böyük nüfuza yüksəlməsində
əyani görür.
Möhtərəm
Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycanını
qorudu və daha möhtəşəm bir zirvəyə
ucaltdı - Tarixin ən qüdrətli Azərbaycanını
yaratdı!
Cənab
Prezident iki əsr davam edən münaqişəyə 44
gün ərzində son qoymaqla adını artıq Azərbaycan
tarixinə deyil, dünya tarixinə yazdıran Şəxsiyyət
oldu!
Son əsrlər
ərzində torpaq itirməyən, əksinə geri alan ən qüdrətli Sərkərdə kimi
adını millətin yaddaşına əbədi həkk
etdirdi!
İnformasiya
savaşının yenilməz Komandanı kimi antiazərbaycançı
şəbəkənin qlobal media vasitələrini hər dəfə
sarsıtdı, onları bütün həmlələrdə
iflas və ifşa etdirdi!
Möhtərəm
Prezidentimiz dahi intellektinin nəticəsi olaraq, yalnız Ermənistan
ordusunu məhv edib, bu dövləti diz çökdürmədi,
bütünlüklə türk-islam dünyasını təhdid
edən dünya erməniliyinə, lobbisinə
sarsıdıcı zərbə vurdu!
İlham
Əliyevin “Dəmir yumruğu” bundan sonra Qafqazın sabitliyini,
inkişafını, gələcəyini müəyyənləşdirən
əsas güc olacaq!
İlham
Əliyev “Zəngəzur dəhlizi”ni
reallığa çevirməklə dünənədək
torpaqlarımızı işğal edən dövləti
artıq öz iqtisadi-kommunikasiya təsiri altına alaraq, onun
müqəddəratının sahiblərindən biri olacaq!
Azərbaycanı
Qafqazın liderliyindən Avrasiya məkanının əsas
söz sahiblərindən birinə, qlobal siyasi aktora çevirən
İlham Əliyev həm də artıq özü dünya
miqyaslı liderlər sırasının önündədir!
Heydər
Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr
qazanmasında Mehriban xanım Əliyevanın da böyük fədakarlığı,
layiqli xidməti var. Birinci vitse-prezident kimi ölkə rəhbərinin
ən etibarlı silahdaşı, Azərbaycan boyda
böyük məsuliyyətin çiyindaşı olmaqla bərabər,
həm də xalqın inam, etimad ünvanına çevrilməsi
Mehriban xanımın şəxsində bütünlüklə
Əliyevçilik irsinin təntənəsidir.
Mehriban Əliyevanın dahi şəxsiyyətin
adını daşıyan fondun rəhbəri kimi ölkə
və dünya miqyasında həyata keçirdiyi mərhəmət
aksiyaları, sosial layihələr Heydər Əliyevin əbədiyaşar
ruhuna ən böyük ehtiram nümunələridir.
Hər
nailiyyətdə Heydər Əliyev izi, imzası var
Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin
hər iki dövrü barədə cild-cild kitablar,
araşdırmalar hazırlanıb. Dünyanın məşhur
tədqiqatçıları bu tarixi mərhələləri
öyrənib, təhlil ediblər, çox dəyərli əsərlər
yaradıblar. Ancaq yenə də yetərli
deyil.
Heydər Əliyev dühasından nə qədər
yazılsa da, bəhs edilsə də, yenə də bu şəxsiyyətin
bütün fəaliyyəti, əməlləri əks
olunmaqda acizdir.
Hər dəfə yeni bir müsbət məqam,
yeni bir yanaşma ortaya qoymaq olur.
Eləcə
də bu gün hansı sahədə nailiyyət, inkişaf
varsa, möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, istisnasız olaraq, onların hər birində Heydər
Əliyev izi, Heydər Əliyev imzası var!
Bu dahi
lider elə bir layihələr, planlar hazırlayıb ortaya
qoyub ki, onlar hətta 30-40 il sonra da nəinki
aktuallığını qoruyub, hətta daha qlobal miqyasa
çıxıb. Məsələn, ötən əsrin 70-ci
illərində icrasına başladığı yeni neft
strategiyası nəticəsində ciddi durğunluq yaşayan
bu sektor böhrandan qurtuldu, bütün infrastruktur yeniləndi,
avadanlıqların milli istehsal sahələri yaradıldı,
neft hasilatı artdı, ən əsası isə, indiyədək
ittifaq büdcəsinə gedən neft gəlirlərinin
respublika büdcəsinə yönəlmə həcmi faizlə
yox, məhz dəfələrlə artdı. Heydər
Əliyevin neft strategiyasının ikinci mərhələsi
olan “Əsrin müqaviləsi”nin reallaşması
(bu proseslərdə möhtərəm İlham Əliyevin
fövqəladə diplomatik məharəti, peşəkar
iqtisadi yanaşması, mahir təşkilatçı
bacarığı, yüksək siyasi fəhmi ən
başlıca faktorlardan biri olmuşdur) nəticəsində
neft potensialı müstəqillik illərində ölkə
iqtisadiyyatının inkişaf lokomotivi, həm də müstəqillyimizin
etibarlı bünövrəsi oldu.
50 il
öncə əsası qoyulan neft strategiyası
üçüncü mərhələdə - bu gün
artıq Avropanın enerji təhlükəsizliyini təmin edən
əsas mənbələrdən birinə çevrilib,
“Bakı-Tbilisi-Ceyhan”, TANAP, TAP kimi transmilli layihələr əsasında
Azərbaycan dünyanın yeni enerji xəritəsinin müəyyənləşməsində
vacib aktorlardan biri kimi mütləqləşib.
Demək,
Heydər Əliyev onilliklər sonrasını da düzgün
proqnozlaşdırmağı bacaran, qlobal düşüncəyə
sahib olan misilsiz siyasətçi, qüdrətli strateq idi!
Yalnız neft strategiyasını? Əlbəttə
ki, yox. Onlarca belə misal çəkmək
olar. Bu gün Azərbaycanın qitələrarası
ən səmərəli nəqliyyat-logistik məkana, kosmos
ölkəsinə çevrilməsinin əsasları hələ
ötən əsrin 70-ci illərində qoyulub.
Yaxud elə azərbaycançılıq ideyası. Sovet
ideologiyasının əsas prinsipləri olan bədnam
kosmopolit, fəsadlı beynəlmiləlçilik meyillərinə
qarşı Heydər Əliyevin sakit və
düşünlümüş şəkildə həyata
keçirdiyi milliləşmə siyasəti heç də
aparıcı xalqın dominatlığını təsbit
etmirdi. Azərbaycançılıq
bayrağı altında bu ərazilərdə tarixən
yaşayan xalqların milli identifikliklərini qorumaq şərtilə
birləşməsi 1993-cü ilin etnik separatizm cəhdlərinə
qarşı da ən böyük zərbə oldu.
Vətən savaşında bütün xalqların vahid
orqanizm kimi “Dəmir yumruğ”a çevrilməsi və
düşmənin başını əzməsi, şəhid
və əlil olanlar arasında Azərbaycanda yaşayan
bütün xalqların təmsilçilərinin olması bir
daha sübut etdi ki, Heydər Əliyevin Azərbaycançılıq
ideyası dövlətin və müstəqilliyin
bütünlüyünün əsas təminatçısıdır.
“Z nəsli”nə Heydər Əliyevi necə
tanıtmalı?
Heydər Əliyev əsrlər sonra belə Azərbaycan
tarixində ən möhtəşəm mövqe, nüfuz
sahibi kimi xatırlanacaq. Buna əsla şübhə yoxdur.
Bəzən belə deyirlər ki, Heydər Əliyevin təbliğata
ehtiyacı yoxdur. Əslində, bu yanaşmanı ilk halda
haqlı saymaq olar. Ətrafda, ictimai həyatda,
dövlət fəaliyyətində hansı nailiyyət, qələbə
varsa, onların hər birində Heydər Əliyev amili
aşkar görünür. Ancaq bununla
yanaşı, hesab edirəm ki, Heydər Əliyev siyasi irsini
öyrənmək, təbliğ etmək və daha müasir təbliğat
üsulları, kreativ metodlarla vətəndaşlarımıza,
xüsusən də gənclərimizə, yeniyetmələrə
çatdırmaq gərəkdir.
Unutmayaq
ki, yeni yetişən nəsil, o cümlədən barəsində
çox bəhs edilən “Z nəsli” bu dahi şəxsiyyətin
müasiri olmayıb, Heydər Əliyevi ancaq bizim
danışdıqlarımızdan, bir də kitablardan öyrənirlər.
Onlar azad ölkədə, problemsiz cəmiyyətdə,
davamlı inkişaf meyillərinin yaşandığı
ictimai abu-havada formalaşıblar. Onlar
Qarabağ savaşının acı məğlubiyyətini,
etnik separatizm meyillərini, gecəli-gündüzlü
çörək növbələrini, aclığı və
səfaləti görməyiblər.
Açıq
etiraf edək və gizlətməyək: yeni nəslin bir hissəsi
Qurtuluş gününün əsl mahiyyətini də
anlamır, həmin günlərin səbəb və nəticələri
barədə dolğun təsəvvürə də malik deyil.
Sanki 2021-ci ilin qalib, müzəffər Azərbaycanının
davamlı inkişaf edən iqtisadiyyatı, yüksələn
rifahı elə 1988-ci ildə də, 1992-1993-cü illərdə
də, elə lap 1995-ci ildə də eyni olub. Acınacaqlı hal odur ki, - mən tarixçi olaraq,
bunu ümumiyyətlə bağışlanmaz sayıram, - biz
28-30 ilin həqiqətlərini bəzi hallarda unuduruq.
Günahkar axtarmayaq. Ailədə valideyndən məktəbdəki pedaqoqlara, elmi araşdırma mərkəzlərindən siyasi təsisatlara, ictimai qurumlardan dövlət orqanlarınadək, İdarə Heyətinin üzvü olduğum Heydər Əliyev Partiyasının - Yeni Azərbaycan Partiyasının 760 min üzvündən, əlbəttə ki, dahi şəxsiyyətin şah əsərlərindən olan gözəl və füsunkar Bakının İcra Hakimiyyətinədək - hər birimizin bu prosesdə ciddi məsuliyyəti var. Hamımızın daha fəal səfərbərliyi vacib və mütləqdir.
Yenə də qayıdaq “Z nəsli”nə, - gələcəyimizi etibar edəcəyimiz bu gənclərə Heydər Əliyev irsinin təşviqatını taftaloji, standart yanaşmalardan uzaq, daha peşəkar, novator üsullarla, inandırıcılıq təsiri güclü və effektiv tərzdə, onların qəbul edəcəyi dil ilə, müasir informasiya və sosial media şəbəkəsindən düzgün bəhrələnməklə təlqin etməliyik.
Kampaniyaçılıqdan, mövsümi təşviqatlardan, populizmdən uzaq olmalıyıq. Heydər Əliyev elə bir qüdrətli düha, elə bir misilsiz xidmətlər sahibidir ki, onun nə mübaliğəyə, nə də obrazlı şişirtmələrə ehtiyacı var.
Heydər Əliyevi gələcəyimizə düzgün çatdırmalı, doğru anlatmalı, səmimi heyran etməliyik. Bu, bizim ən mühüm borcumuzdur!
Ümumilikdə Heydər Əliyevin təbliğatı prosesini yalnız bir şəxsiyyətin təşviqi üzərində qurmaq da düzgün deyil. Unutmamalıyıq ki:
- Heydər Əliyev bir şəxsiyyət dühasından əlavə, mükəmməl dövlətçilik sistemidir!
- Heydər Əliyev irsi müstəqil dövlətçilik kursudur!
- Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, rifah prioritetləridir!
- Heydər Əliyev amalları məmləkətin etnik bütövlüyünü, ərazi birliyini, siyasi suverenliyini möhkəmləndirən əsas amildir!
- Heydər Əliyev şəxsiyyəti ən ali vətənpərvəplik, qüdrətli liderlik, intellektual dahilik örnəyidir!
- Heydər Əliyevin fəaliyyəti mümkünsüzü mümkünə çevirən, xaosdan intibaha keçidi təmin edən, xalqın və dövlətin əsrlər boyu inkişafına təkan verəcək proqramları hazırlayan təkmil məktəbdir!
Fikrimcə, bu prosesdə Heydər Əliyev Fondunun yanaşması, fəaliyyət üslubu ən doğru, ən düzgün, ən səmərəli nümunə kimi hamıya örnək olmalıdır. Çox hörmətli Mehriban xanım Əliyevanın formalaşdırdığı və fondun peşəkar komandasının ləyaqətlə, vicdanla həyata keçirdiyi Heydər Əliyev irsinin təbliği-təşviqi işini hər birimiz daha dərindən öyrənməklə yanaşı, prosesə töhfələr verməyə çalışmalı, öz sahəmizdə tətbiq etməliyik.
Heydər Əliyev elə müasir Azərbaycan deməkdir.
Dahi şəxsiyyət özü də 1998-ci ilin prezident seçkiləri kampaniyası dövründə seçiciləri ilə görüşündə “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam” deyə bəyan etmişdi.
Bəli, Heydər Əliyev həmişə var olacaq, hər zaman yaşayacaq - dövlətimizin müstəqillyində, uğurlarında, inkişafında və cənab İlham Əliyevin yaratdığı Tarixin Ən Qüdrətli Azərbaycanında...
Eldar
ƏZİZOV,
Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı,
YAP İdarə Heyətinin
üzvü
Azərbaycan.-2021.- 5 may.- S.1;6.