Heydər Əliyevin “Bir millət
- iki dövlət” prinsipi Azərbaycan-Türkiyə
qardaşlığının əbədiliyini təmin edir
Yeni Azərbaycan Partiyası ilə
Türkiyənin Ədalət və İnkişaf
Partiyasının birgə videokonfransı keçirilib
Mayın 4-də Türkiyənin Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan - Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda videokonfrans keçirilib.
Videokonfransın
moderatorları, Milli Məclisin deputatı Ramil Həsən və
Ədalət və İnkişaf Partiyasının Xarici əlaqələr
departamentinin müdir müavini, Türkiyə parlamentinin
üzvü Mehmet Ceylan Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 98-ci ildönümünə həsr
olunmuş bu tədbirin əhəmiyyətini
vurğulayıblar.
AZƏRTAC xəbər verir ki, videokonfransda çıxış edən Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş konfransın təşkilatçılığında göstərdikləri xidmətlərə görə Mehmet Ceylana və Ramil Həsənə təşəkkür edib. O, həmçinin Yeni Azərbaycan Partiyasının VII qurultayında başda Tahir Budaqov olmaqla, yeni seçilən heyəti təbrik edib.
Konfransın partiyalar arasında bu formatda keçirilən ikinci tədbir olduğunu deyən Numan Kurtulmuş tədbirin nəticələrinin hər iki partiya və ölkə üçün xeyirli, uğurlu olmasını arzu edib: “Məsafələrimiz uzaq olsa da, ortaq məsələlər üzərinə fokuslanaraq könül birliyimizi, fikir birliyimizi daha da möhkəmləndirmiş oluruq. Bir daha konfransın təşkilində zəhməti olan dostlarımıza, iştirakçılara çox təşəkkür edirəm. Çıxışıma başlamadan əvvəl Azərbaycanın qurucu lideri Heydər Əliyevi anadan olmasının 98-ci ildönümündə rəhmətlə anıram. Bu da əslində gözəl bir adətdir. Adətən insanları ölüm ildönümlərində anırıq. Halbuki doğum günlərində anılmağın onların ölümsüzlüyünü ifadə etmə, gördüyü işlərin bərəkətini ifadə etmə baxımından önəmli olduğunu düşünürəm. Sizlər vasitəsilə azərbaycanlı qardaşlarımızın hər birinə ürəkdən sevgimizi, sayğımızı ifadə edirəm. Dünyada erməni lobbilərinin həm müharibə zamanı, həm də Qarabağ Zəfərindən sonra fəallaşması ilə ortaya çıxan yeni bir dönəmlə qarşı-qarşıyayıq. Bir daha böyük Zəfərdə xidməti olan başda cənab Prezident İlham Əliyev olmaqla, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı, bütün qəhrəmanları ürəkdən təbrik edirəm. İnşallah bu dönəmdə ortaya çıxan məsələlər, aramızdakı müzakirələrlə yeni perspektiv işlər ortaya qoymağımızı təmin edəcək. Bu konfransın da həm vəziyyəti dəyərləndirmək, həm də yeni perspektivlərlə gələcəyə istiqamətlənən rəylərimizi sağlamlaşdırmaq üçün önəmli olduğunu düşünürəm. Belə konfranslarla tək millət, iki ölkə olaraq əziz xalqımız gələcək perspektivimizi sağlamlaşdırmış olur. Qarabağ Zəfəri içərisində olduğumuz üçün bəlkə hiss etmədik, amma bu, tarixi bir uğurdur. Millətimiz üçün böyük bir uğurdur. Qarabağ hər şeydən öncə Vətəndir. Sözlərimin əvvəlində Türkiyədə də tanınan və sevilən şair, ustad Bəxtiyar Vahabzadənin bu misralarını bir daha xatırlatmaq istəyirəm:
Vətənin arxasında
Biz həmişə dağ olduq.
Vətən bizimçin deyil,
Biz Vətənçin doğulduq.
Toxunmasın
bu yurda
Bir an düşmən nəfəsi.
Gəlsin
minarələrdən
Allahu-Əkbər səsi.
Başımızın
üstündə
Məhəmmədəmin bayrağı.
Güllə
qorxar igiddən,
Güllə tutar qorxağı.
Vətən
adlı ocağa
Hər gün isinmək şərəf.
Bu
torpağın yolunda
Torpağa
dönmək şərəf!
Bununla Bəxtiyar Vahabzadəni də rəhmətlə
anıram. Həqiqətən bu misraları ilə Azərbaycan
xalqı şanlı dirənişi necə həyata
keçirdiyini də cümlə-aləmə bəyan
etmiş oldu.
Müharibədən sonra ortaya çıxan vəziyyət,
yeni reallıqları 5 istiqamət üzrə diqqətinizə
çatdırıram. Birincisi, Qarabağ Zəfərinin həm
regional tarazlığa, həm regional sülhə fövqəladə
təsirləri olacağına şübhə yoxdur. Ancaq Qarabağ Zəfərinin siyasi, geopolitik təsirlərindən
öncə ən böyük təsirinin öz
toplumlarımız üzərində olduğunu ifadə etmək
istəyirəm. Həm Azərbaycanın, həm də
Türkiyənin Qarabağ Zəfərinin böyük bir milli
coşqu yaratdığı və bu Zəfər ilə hər
iki toplumda ortaq milli və dini dəyərlərin bir daha
qabardığı və bu dəyərlər üzərində
toplumun daha möhkəm hala gəldiyinə birlikdə
şahid olduq”.
Ədalət
və İnkişaf Partiyası Sədrinin birinci müavini
qeyd edib ki, azadlığın millətimiz üçün nə
qədər önəmli olduğunu, Vətənin və Vətən
uğrunda şəhadətin nə qədər müqəddəs
dəyər olduğunu gənclərimiz bir daha Qarabağ Zəfəri
ilə açıq şəkildə görmüş oldular:
“Bu mənada Qarabağ Zəfəri siyasi, hərbi, geopolitik,
iqtisadi nəticələri qədər toplumsal möhkəmlənmə
baxımından fövqəladə dəyər ortaya qoyub.
Qarabağ Zəfəri ilə ortaya çıxan ikinci
önəmli məsələ isə Dağlıq
Qarabağın işğaldan azad edilməsi ilə “Ermənistan
dediyiniz ölkənin sərhədləri hansıdır”
sualını dünya ictimaiyyətinə
ünvanlamasıdır. Ermənistanın sərhədləri nə üçün bəlli
deyil? Ermənistan sərhədlərini nə
üçün daim genişləndirmək istəyir? Bu suallar Qarabağın azadlığının təmin
olunması ilə bir daha dünya gündəminə gəlmiş
oldu. Bilirsiniz, Qarabağın
işğalı məsələsi İosif Stalinin səyləri
ilə 20-ci əsrin əvvəllərində
başlanmışdı. Bu torpaqlarda yeni
bir Ermənistan qurulması üçün, xüsusilə o
torpaqlardan qovulan, sürgün edilən azərbaycanlı
qardaşlarımızın boşaltdığı ərazilərə
çox sayda erməni gətirildi. Sürətli
bir şəkildə ermənilərin Dağlıq Qarabağ
bölgəsində yerləşdirilməsi ilə bu bölgədə
erməni işğalının əhali baxımından alt zəmini
hazırlanmış oldu. Ermənilər
1988-ci ildən etibarən Azərbaycanlıların sıx
yaşadığı kənd və qəsəbələrə
hücumları davam etdirdi. Erməni diasporu başda
olmaqla, Ermənistandakı önəmli siyasətçilərin
bir qisminin zehnində “böyük Ermənistan” qurmaq
ideyası var. Bir sözlə, Azərbaycan Qarabağı
işğaldan azad etməklə çox önəmli siyasi
sualı dünya ictimaiyyətinin diqqətinə
çatdırdı. Yəni, bu Ermənistanın
sərhədləri hansıdır və nə
üçün Ermənistan bu qədər çox genişlənmək,
böyümək istəyir? Azərbaycanın
Zəfəri ilə meydana çıxan ikinci mövzu budur”.
Numan
Kurtulmuş vurğulayıb ki, üçüncü önəmli
məsələ, müharibə zamanı Qarabağın
işğaldan azad edilməsinə kimlərin qarşı
çıxmasıdır: “Eyni şəkildə cənab
Baydenin qondarma “erməni soyqırımı” məsələsi
də Qarabağ müharibəsi zamanı qarşı
çıxanların hərəkətlərinin
davamıdır. Bu kontekstdə bütün
bunların gündəmə gətirilməsi Qarabağ Zəfərinin
önəmi və dəyəridir. Hazırda
erməni lobbilərinin Azərbaycan və Türkiyəyə
qarşı açdıqları müharibə, terminologiyadan
istifadə etmək lazım gələrsə, sərhədsiz
bir savaşdır. Yəni, yeri, zamanı,
forması bəlli olmayan çox əhatəli bir
savaşdır. Yeri gəlsə,
Xocalıdakı kimi qətliam edərlər. Yeri gələrsə, ASALA kimi terror təşkilatlarını
dəstəkləyərək həm azərbaycanlı, həm
türk hədəflərinə qarşı hücumlar edərlər.
Yeri gələrsə, media savaşları həyata
keçirərlər. Yeri gələrsə,
lobbilər üzərindən savaşlar edərlər. Həmçinin, akademik ədəbiyyatla, kinoqrafik
propaqandalarla mübarizə edərlər. Bu
baxımdan Ermənistanın Azərbaycan və Türkiyəyə
qarşı mübarizəsi sərhədsiz savaşdır.
Bu mənada Qarabağ Zəfəri zamanı
Türkiyə və Azərbaycanın əl-ələ,
yan-yana bu mübarizəyə qarşı dayanması əslində,
ermənilərin dünya miqyasında bizə qarşı
verdiyi bu sərhədsiz savaşı da aşkara
çıxarıb”.
Ədalət
və İnkişaf Partiyası Sədrinin birinci müavini
qeyd edib ki, Qarabağın işğaldan azad olunması ilə
Azərbaycan və Türkiyənin dünyanın qlobal
strukturlarına qarşı tənqidlərində nə qədər
haqlı olduğunu bir daha ortaya qoyur: “BMT başda olmaqla,
heç bir beynəlxalq təşkilatın dünyada
sülhü təmin etmək, ədaləti bərqərar etmək
baxımından azacıq əməyinin, gücünün
olmadığı ortaya çıxdı. 1994-cü ildə
qurulan ATƏT-in Minsk qrupunun əslində heç bir şey
etmədiyini və əslində, 30 il
Qarabağın işğalını seyr etdiyini bütün
dünya görüb. Qarabağ Zəfəri ilə Azərbaycan
sonu gəlməyən toplantılar, haqsız olana dayan, sən haqsızlıq edirsən demək
cəsarətini göstərməməyin, haqlının
güclə nəticə əldə edə biləcəyini
bütün dünyaya göstərib. Bu mənada,
ATƏT-in Minsk qrupu başda olmaqla bu qurum və
quruluşların heç bir dəyəri olmadığı
aşkara çıxıb. Eyni şəkildə
25-26 fevral 1992-ci ildə törədilən Xocalı qətliamından
sonra “Human Right Watch” təşkilatı dünyadakı
heç bir beynəlxalq təşkilatın Xocalı qətliamına
səs çıxarmadığını gördük.
Dünya qurumlarının ədaləti
müdafiə etməyən, tamamilə mövcud status-kvonun
qorunmasına səy göstərən qurumlarının da
heç bir işə yaramadığını bir daha
görmüş olduq. Yenə eyni şəkildə
dünya televiziyalarına baxdıqda, Azərbaycanla
bağlı dosyeləri, ədalətsiz yayımları
görürük. Nə hikmətdirsə,
Azərbaycanı neft və qaz zənginliyi ilə, Cənubi
Qafqazda, Asiyada önəmli strateji keçid nöqtəsi
olduğunu tez-tez gündəmə gətirirlər. Sanki Azərbaycan azərbaycanlıların deyil, beynəlxalq
aləmin diqqətini üzərinə toplamış nəzər
nöqtəsi kimi danışırlar. Amma
azərbaycanlıların dərdləri ilə bağlı
heç bir hərəkət etməzlər. Ona görə Azərbaycanın bu zənginliklərindən,
strateji önəmindən bəhs edən beynəlxalq ictimaiyyətin
nə üçün Xocalı qətliamı və
Qarabağın işğalı kimi mövzularda illərdir səssiz
qaldıqlarını bir daha sormaq istəyirəm. Bu mənada Qarabağ Zəfəri dünya sistemindəki
boşluqların ortaya çıxarılması, həm də
güclərimiz birləşdirildiyində nə qədər
önəmli nəticələr əldə edildiyini göstərməsi
baxımından xəbərdarlıq fişəngi kimidir.
Bu məsələ dünyanın bir çox
yerlərində Türkiyə və Azərbaycana qarşı
fəaliyyətlərini davam etdirənlərin diqqətini
çəkib. ABŞ, Fransa, Belçika və bir
çox Qərb ölkəsindəki Türkiyə və Azərbaycan
əleyhdarlarının necə erməni lobbilərinin
çörəyinə yağ sürtdüyünü, onlarla
necə əlaqədə olduqlarını, yeri gəldikdə
ASALA, PKK, PYD, FETÖ kimi terror təşkilatlarına necə
dəstək verdiklərini bir daha ortaya çıxarıb. Türkiyə ilə birlikdə Azərbaycanın əl-ələ
olması bu coğrafiyada dəyərli bir tənhalıqdan
qurtuluş və qürurlu duruş kimi dünyaya dərs
vermişdir”.
N.Kurtulmuş
bildirib ki, Qarabağ Zəfəri Qafqazda sülhə, təhlükəsizliyə,
ədalətə, problemləri dialoq vasitəsilə həll
etmək üçün yeni siyasi meydan açıb: “Cənab
Prezidentimizin Bakı səfəri çərçivəsində
Qafqazdakı 6 ölkənin bu regionun problemlərini həll edə
biləcək önəmli gücə sahib olduğunu ifadə
etməsi əslində tam olaraq bu nöqtəni işarə
edən bir hadisədir. Yəni biz bu bölgədə
ədalətli sülh ortaya çıxdıqdan, ölkələrin
ərazi bütövlüyü tanındıqdan sonra
Qafqazdakı məsələləri müzakirə etmək
üçün fövqəladə siyasi işbirliyi
mühiti əldə edirik. Fikrimcə,
Qarabağ zəfərini beşinci önəmli dərsi də
budur”.
N.Kurtulmuş
vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin qondarma erməni
soyqırımı sözünü təkrarlamış
olması tarixi həqiqətləri dəyişdirmə
gücündə deyil: “Açıq şəkildə ifadə
edirik ki, cənab Baydenin bu sözləri mənasız, siyasi məqsədlər
üçün söylənmiş və erməni lobbilərin
könlünü xoş tutmaq üçün dilə gətirilib.
Daha açıq formada desəm, cənab Bayden
ABŞ-ı erməni lobbilərinə girov vermişdir. Bu ABŞ-ın milli maraqlarına da ziddir. Bu həqiqətləri də əks etdirmir. Bizim tariximizdə heç bir şəkildə
soyqırımı yoxdur. Əgər
soyqırımından bəhs edənlər varsa, onlara geriyə
dönüb öz tarixlərinə baxmağı tövsiyə
edirik. Yaşadıqları ABŞ-a dönüb
baxsınlar. Yeni qitənin əsl sahibləri
olan yerlilərin necə və hansı formada yox edilməsinin
hesabını versinlər. Xirosima və
Naqasakidə 350 min insanın ölümünə səbəb
olan və sadəcə yaşayanlar deyil, sonrakı nəsillərin
kökünü kəsən xain atom bombasının əmələ
gətirdiyi soyqırımına baxsınlar. Əgər soyqırımı axtarırlarsa, getsinlər
Vyetnamda insanlıq əleyhinə hansı, cinayətlər
törətdiklərini gözdən keçirsinlər. Həmçinin müharibə zamanı
yaponiyalılara toplanma düşərgələrində
nasist Almaniyasından betər şəkildə
davrandıqlarını xatırlasınlar. Əgər o qədər geriyə gedəcək
hafizələri yoxdursa, daha yaxın illəri nəzərdən
keçirsinlər. Əfqanıstanda
öldürdükləri 1.5 milyon insanın hesabını
versinlər. İraqın işğalı
ilə məhv edilən 1 milyondan artıq insanın
hesabını versinlər. Bağdaddakı
qətliamlara baxsınlar. Quantanamo kimi həbsxanalardakı
insanlıq əleyhinə cinayətləri, işgəncələri
xatırlasınlar. Dolayısı ilə
bizim tariximizin heç bir dönəmində soyqırım
yoxdur. Osmanlıda ermənilər sadiq millət
olaraq qəbul edilirdi. Amma Osmanlının
dağıntıları üzərində qınçaqlara,
daşnaqlara, erməni təşkilatlarına kimlər dəstək,
silah verdi? Türkiyədə, Azərbaycanda
erməniləri dəstəkləyərək bizə
qarşı kim qaldırdı? Bu gün ASALA, PKK, PYD kimi terror təşkilatlarının
dəstəklənməsi dünyadakı imperialist təzahürlərin
yeni formasıdır. 100-120 il əvvəl
nə edirdilərsə, indi də eynisini edirlər. Biz bu oyunu bilirik. ABŞ və bəzi
imperialist keçmişə sahib ölkələr arasında
bölgəyə, Yaxın Şərqə
baxışımızda təməl fərqlilik var. Biz
Türkiyə olaraq, sülhə, sabitliyə və həmrəyliyə
sahib bir bölgə istəyirik. Bölgə
xalqlarının türklər, ermənilər, kürdlər,
ərəblər, əcəmlər, sünnilər, şiələr,
fərqli məzhəbləri, fərqli dinləri ilə
birlikdə sülh içərisində yaşasınlar.
Türkiyə olaraq məqsədimiz daha çox
inteqrasiya, birləşmə, əməkdaşlıq və
rifahın yüksəldilməsidir. Təəssüf ki,
bəzi imperialist keçmişə sahib ölkələr və
bu gün ABŞ-ın Yaxın Şərqdə
yürütdüyü siyasət daha çox
parçalanmanın təmin edilməsinə xidmət edir. Bu baxış fərqləri Baydenin ifadə etdiyi
kimi, qondarma soyqırımı kimi məsələlərdə
ortaya çıxır. Bunu təkcə
Türkiyəyə düşmən münasibət kimi ortaya
qoymurlar. Qeyd etdiyim kimi, erməni məsələsi
üzərindən bölgədə yenidən 100 il öncə etdiklərini təkrarlamaq istəyirlər.
Biz iki dövlət, tək millət - Azərbaycan
və Türkiyə Qafqazın önəmli iki ölkəsi
olaraq xalqlarımızla birlikdə Qarabağ Zəfərindən
sonra daha ayıq bir şəkildə yolumuza davam edəcəyik.
Qardaşlığımızı, əməkdaşlığımızı,
həmrəyliyimizi hər sahədə irəli
aparacağıq. Bu məqsədlə Yeni
Azərbaycan Partiyası və Ədalət və
İnkişaf Partiyası bu böyük gələcək
mübarizəsində iki önəmli güc olaraq ölkələrimizi
irəli aparmaq üçün mübarizə
aparacağıq”.
Konfrans
iştirakçılarını salamlayan YAP sədrinin
müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov
çıxışında bildirib ki, Türkiyənin
Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan
Partiyasının birgə təşkilatçılığı
ilə keçirilən videokonfransın tarixi və onun
mövzusu heç də təsadüfən seçilməmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan
- Türkiyə, bir millət, iki dövlət” kəlamının
tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə
də geostrateji mahiyyətini ötən dövr ərzində
sübuta yetirmişdir. 44 günlük
şanlı Vətən müharibəsi və
xalqımızın böyük zəfəri Ulu Öndərimizin
bu sözlərinin təntənəsi idi. Elə
son günlərdə də qardaş Türkiyənin uydurma
soyqırımı ittihamı ilə üzləşdiyi bir
zaman xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe
sarsılmaz birliyimizin bariz nümunəsi oldu.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan 44 günlük
müharibədə təcavüzkar Ermənistanı
ağır məğlubiyyətə uğratdı, parlaq qələbə
qazanaraq tarixi ədaləti, ərazi
bütövlüyünü bərpa etdi. Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə qüdrətli Azərbaycan Ordusu şanlı zəfər
yürüşü edərək təcavüzkar erməni
silahlı qüvvələrini əzəli
torpaqlarımızdan qovdu. Beləliklə,
30 ilə yaxın müddət ərzində regionda sülhə,
sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər
yaradan, separatizmə rəvac verən işğal faktına
son qoyuldu, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini
hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan
dövləti həm də Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının
uzun müddət kağız üzərində qalmış
4 qətnaməsinin icrasına nail oldu. Azərbaycanın
bu möhtəşəm tarixi qələbəsi təkcə
ölkəmizin ərazi bütövlüyünün təmin
olunması deyil, eyni zamanda, regionda yeni geostrateji
reallıqların yaradılması baxımından
mühüm əhəmiyyətə malikdir. Ölkəmiz yeni reallıqlar yaratmaqla bölgədə
dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik,
o cümlədən çoxşaxəli əməkdaşlıq
mühiti formalaşdırdı. Regionda
kommunikasiya xətlərinin bərpa olunması, o cümlədən
Zəngəzur nəqliyyat dəhlizinin açılması təkcə
bölgə xalqları və dövlətlərinin rifahına,
inkişafına xidmət etməyəcək. Bu, eyni zamanda, regionda yeni, çoxtərəfli əməkdaşlıq
platformasının yaranmasını şərtləndirəcək.
YAP Sədrinin
müavini diqqətə çatdırıb ki, istər 30 ilə
yaxın müddət ərzində davam edən münaqişə
dövründə, istər 44 günlük Vətən
müharibəsi zamanı, istərsə də postmüharibə
mərhələsində qardaş Türkiyə Cümhuriyyətinin
Azərbaycan Respublikasına qətiyyətli, birmənalı mənəvi-siyasi
dəstək göstərməsi sevindirici və qürurverici
haldır. Xalqlarımız və dövlətlərimiz
bir daha sübuta yetirdilər ki, dostluq, qardaşlıq və
strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan
Azərbaycan-Türkiyə münasibətləri yeni dünya
düzəni üçün parlaq nümunədir. Azərbaycan xalqı qardaş dəstəyini hər
zaman çox yüksək qiymətləndirir, “bir millət,
iki dövlət” fəlsəfəsinə əsaslanan
münasibətlərin inkişafından böyük məmnunluq
duyur.
YAP Mərkəzi
Aparatının rəhbəri söyləyib ki, yeni mərhələdə
də Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri
bölgədə sülh və təhlükəsizlik
mühitinin möhkəmlənməsinə, çoxtərəfli
qarşılıqlı faydalı əməkdaşlığın
dərinləşməsinə öz töhfəsini verəcək:
“Hər iki ölkə bölgədə yaranan yeni əməkdaşlıq
platforması çərçivəsində rifah və
inkişaf tərəfdarıdır. Bütün
bunlara baxmayaraq, bəzi məsuliyyətsiz, qərəzli,
qeyri-obyektiv və tarixi faktlardan, həqiqətlərdən
uzaq addımların atılması yeni geosiyasi reallıqlarla
uzlaşmır, regionda qarşılıqlı faydalı və
bərabərhüquqlu əməkdaşlığa ciddi mənfi
təsir göstərir. Daha dəqiq desək,
ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə baş vermiş hadisələrlə
əlaqədar bəyanatında uydurma soyqırımı ifadəsindən
istifadə etməsi tarixin təhrif olunması cəhdi kimi
qiymətləndirilməlidir. Bu, eyni
zamanda, qardaş Türkiyəyə qarşı uğursuz təzyiq
cəhdi, həm də ABŞ ilə Türkiyə Cümhuriyyəti
arasındakı strateji tərəfdaşlıq münasibətlərinin
ruhuna zidd addım kimi qəbuledilməzdir. Bu, həm də ABŞ Prezidentinin beynəlxalq
hüquq normalarına və ümumbəşəri dəyərlərə
sayğısızlığıdır. Bu
addım hər bir azərbaycanlının da hiddətinə səbəb
olmuşdur. Çünki xalqımıza qarşı dəfələrlə
soyqırımı aktları həyata keçirmiş,
müharibə cinayətləri törətmiş ermənilərin
“məzlum” obrazında göstərilməsi, eləcə də
onların guya soyqırımına məruz
qaldığının iddia olunması tarixin
saxtalaşdırılması və reallıqların bilərəkdən
təhrif olunması ilə yanaşı, Qarabağ zəfərindən
sonra yaranmış geosiyasi mənzərəyə dolayı təsir
cəhdləri kimi də qiymətləndirilməlidir. Yeri gəlmişkən, Azərbaycan cəmiyyəti
və dövləti hər zaman olduğu kimi bu məsələdə
də qardaş Türkiyəyə birmənalı və qətiyyətli
dəstəyini bəyan etdi. Aprelin 24-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ilə
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan arasında telefon
danışığı zamanı dövlət
başçıları ABŞ Prezidenti C.Baydenin uydurma “erməni
soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı
qınadılar. Bu qərarın yanlış
olduğunu qeyd edən partiyamızın sədri onu tarixi səhv
adlandırdı. Dövlətimizin
başçısı Azərbaycan xalqı və dövləti
adından bu bəyanatın qəbuledilməz olduğunu bir
daha diqqətə çatdırdı. Prezident
İlham Əliyev eyni zamanda, sözügedən
açıqlamanın regionda yeni yaranmaqda olan əməkdaşlıq
meyillərinə ciddi zərər vurduğunu bəyan etdi, Azərbaycanın
hər zaman Türkiyənin yanında olduğunu diqqətə
çatdırdı. Prezident İlham Əliyev
ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefon
danışığı zamanı da ABŞ Prezidentinin
dırnaqarası “erməni soyqırımı” ilə
bağlı bəyanatı ilə əlaqədar qeyd etdi ki,
Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir.
Bu əməkdaşlıq postmüharibə
dövründə bölgəmizdə çox önəmli və
müsbət rol oynayır və ABŞ Prezidentinin bu
açıqlaması Azərbaycan rəhbərliyi və
ictimaiyyəti tərəfindən narahatlıqla
qarşılanıb. Beləliklə,
ölkələrimiz tarixi sınaq qarşısında bir daha
sarsılmaz həmrəylik nümayiş etdirdilər. Bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə
Qarabağ Zəfəri sonrası da qətiyyətli mövqe sərgilədilər.
Hesab edirəm ki, bugünkü konfrans da
sözügedən məsələyə dair hər iki
ölkənin hakim partiyasının vahid mövqeyi kimi Azərbaycan-Türkiyə
birliyinin sarsılmazlığının növbəti
nümayişi olacaqdır”.
Türkiyənin Uludağ Universitetinin professoru, SETA Beynəlxalq
Strateji Araşdırmalar Mərkəzinin təhlükəsizlik
məsələləri üzrə xüsusi mütəxəssisi
Ferhat Pirinçci bu önəmli konfransda
çıxış etməkdən məmnunluğunu ifadə
edib. Ferhat
Pirinçci çıxışında Qarabağ Zəfərinin Ermənistan və
erməni diasporuna təsirindən, eləcə də, ABŞ
Prezidenti Co Baydeninin “erməni soyqırımı”
açıqlamasının əsl məqsədlərindən
bəhs edib.
Ekspertin
fikrincə, İkinci Qarabağ müharibəsini sadəcə
müharibə, torpaqların işğaldan azad edilməsi kimi
yox, daha geniş mənada dəyərləndirmək lazımdır:
“Azərbaycan və Türkiyə olaraq bu mərhələni
yaşadıq və bu mərhələdən zəfərlə
çıxdıq. Bu zəfər
Azərbaycana qarşı 30 il davam edən
işğal siyasətinin, mövcud status-kvonun alt-üst edilməsi
ilə müşayiət olunur. Dünya dövlətləri,
beynəlxalq təşkilatlar Qarabağ probleminin ədalətli
şəkildə həll edilməsi üçün ciddi cəhdlər
etmirdilər. Nəticədə Azərbaycan
hərbi-siyasi yolla bu problemi həll etdi. İkinci
Qarabağ müharibəsində Azərbaycan hərbi və diplomatik
müstəvidə çox fəal çalışdı. Türkiyə də hər zaman olduğu kimi yenə
də Azərbaycanı qətiyyətlə dəstəklədi”.
Ermənistan
və erməni diasporunun fəaliyyətindən danışan
Ferhat Pirinçci qeyd edib ki, Azərbaycanın zəfəri
Ermənistanda on illərlə davam edəcək psixoloji travma
yaratdı: “Ermənistanda İkinci Qarabağ müharibəsinə
qədər də iqtisadi böhran, yoxsulluq hökm
sürürdü, ölkə siyasi cəhətdən müstəqil deyildi.
Azərbaycanın Qarabağ Zəfəri Ermənistanın
heç gözləmədiyi anda, yeni torpaqlar işğal etməyi
planladığı vaxtda baş verdi. Bu da erməni cəmiyyətində şok effekti
yaratdı. Həmin vaxt Ermənistanda
hakimiyyətə qarşı etiraz aksiyalarının
şahidi olduq. İyun ayında
keçiriləcək seçkilərdə də İkinci
Qarabağ müharibəsinin nəticələrinin təsiri
olacağı qaçılmazdır. Bu
prosesdə erməni diasporu da müxtəlif fəaliyyətlər
göstərir. Normal şərtlərdə
müxtəlif ölkələrdə yaşayan xalqların
diasporları öz doğma ölkələrinin siyasətini
dəstəkləyir. Həyata keçirilən siyasətin yönümündən
asılı olmayaraq, bu belədir. Amma erməni
diasporunun mövqeyinə baxdıqda, o, Ermənistanı
yönləndirən və yönləndirməyə
çalışan aktor olaraq dəyərləndirilə bilər.
Erməni diasporunun, özəlliklə
ABŞ-dakı erməni diasporunun Ermənistanın siyasətində
olduqca təsirli olduğunu söyləyə bilərəm.
Xüsusilə, onu qeyd etmək istəyirəm ki, erməni
diasporu “erməni soyqırımı”nı
dünyada tanıtmağa çalışır. Dünya tarixində soyqırımı dedikdə, yəhudi
soyqırımı- Holokost ilk olaraq yada düşür.
Bəzi ölkələrdə
soyqırımını qəbul etməməyə görə
cəza qanunları da var. Erməni diasporu da buna
çalışır. Bu məsələdə
ABŞ-dakı bəzi siyasətçilər də ermənilərə
dəstək verir. Məqsəd odur ki, həmin
uydurma məsələni “soyqırımı aktı” səviyyəsində
dünya ölkələrində qəbul etdirsinlər”.
Mütəxəssis
diqqətə çatdırıb ki, Türkiyə bu məsələ
ilə bağlı arxivlərin açılmasını,
tarixçilərdən ibarət ortaq, ya da ayrı-ayrı
komissiyaların yaradılmasını təklif edib: “Məqsəd
odur ki, 1915-ci il hadisələrini tarixçilər
araşdırıb qiymət versinlər. Ermənilər
isə bu təklifi qəbul etmir. Bilirlər
ki, əgər gerçəklər ortaya çıxarsa, bu,
ermənilərin ziyanına olacaq. Ermənistan
və erməni diasporunun “soyqırımını” dünya
gündəmində saxlamasında digər bir məqsəd Azərbaycan
ərazilərini işğal etməsini, müharibə cinayətlərini,
dinc insanların qətlıamını, Xocalı
soyqırımını kölgədə saxlamaqdır.
Ermənistan
Gəncəyə, Bərdəyə və digər
yaşayış məntəqələrinə
atdığı raketlərin müzakirəsini əngəlləməyə
çalışır. Ermənilər
bütün bunların hamısının üstünü
örtməyə çalışır. Bəs
ABŞ prezidenti niyə görə “soyqırımı” ifadəsini
indi işlətdi? Təbii ki, bunun
Türkiyə-ABŞ münasibətlərinə mənfi təsiri
var. Amma digər vacib məqamlar da qeyd edilməlidir. ABŞ-dakı erməni diaspor təşkilatları
bütün erməniləri bu istiqamətdə fəaliyyətə
çağırır. Mən
ABŞ-dakı əsas erməni diasporunun saytını izləmişəm.
Onların son fəaliyyətləri Qarabağ zəfəri qazanan
Azərbaycana qarşı idi. Türkiyəyə
qarşı bir çağırış var idi ki, bu da
Türkiyənin Qarabağ məsələsində Azərbaycana
dəstəyi ilə bağlıdır.
Göründüyü kimi, 24 apreldə Co Baydenin həmin ifadəni
işlətməsi Qarabağ məğlubiyyətinə
görə psixoloji sarsıntı keçirən ermənilərin
bir az sakitləşməsinə səbəb
oldu. İndi ermənilər aqressiv şəkildə
Qarabağ üzərindən təbliğat aparmaqdadırlar
ki, Azərbaycana və Türkiyəyə böhtan
atırlar”.
Türk
ekspert qeyd edib ki, hazırda Ermənistanda ciddi daxili problemlər
var: “Etiraz aksiyaları davam edir, bir müddət əvvəl
hakimiyyət çevrilişi
çağırışları da var idi. Baydenin
məlum bəyanatı ermənilərdə gərgin psixoloji
vəziyyəti nisbətən yumşaldacaq. Eyni zamanda, parlament seçkilərində bir güc
mübarizəsinin aparılmasına səbəb olacaq. Hazırda ermənilər Qarabağda məğlub
olduqdan sonra Azərbaycana və Türkiyəyə
qarşı böhtan kampaniyasını davam etdirilər, əsas
fəaliyyətlərini bu istiqamətdə qurublar.
Baydenin açıqlamasının Türkiyə-ABŞ münasibətlərinə
müəyyən təsiri olsa da, bizim mövqeyimizin güclənməsi
fonunda hər hansı təsiri yoxdur. Yəni əsas
məqam Türkiyə və Azərbaycanın bütün təxribatlara
qarşı hazır olmasıdır. İki
ölkənin birgə fəaliyyəti müsbət nəticələr
verir və bu amil bölgədə sabitliyi təmin etmək
iqtidarındadır. Azərbaycan bu məqsədlə
çoxlu sayda şəhid verdi. Türkiyə
isə Azərbaycana hər cür dəstəyi verdi. Bundan sonra da dəstək
verməyə hazırdır. Növbəti
mərhələdə bizim üç prioritetimiz var.
Birincisi, azad olunan ərazilərin bərpası, bu anlamda iki
ölkənin rəhbərləri mövqelərini bildiriblər.
İkincisi, Zəngəzur dəhlizinin açılması və
Naxçıvanla birbaşa kommunikasiyanın təmin
olunması. Üçüncüsü isə
Xankəndinə, Xocalıya və digər yerlərə azərbaycanlıların
qayıtmasıdır. Əlbəttə
ki, Ermənistan yeni təxribatlar törədə bilər.
Çünki ermənilər İkinci Qarabağ
savaşının nəticələrini həzm edə bilmirlər
və belə bir şəraitdə erməni millətçiləri
Baydenin məlum açıqlamasından bir qədər cəsarət
almış durumdadırlar. Amma Azərbaycan və
Türkiyə meydanda, cəbhədə güclü olduqca,
heç bir şey 27 sentyabr öncəsi kimi olmayacaq. Əgər bir dəyişiklik olacaqsa, Azərbaycan və
Türkiyənin xeyrinə olacaq. Son söz
olaraq onu demək istəyirəm ki, Ermənistanın
qarşısında iki yol var. Birincisi, dövlət
başçılarımızın dediyi kimi altılıq
platforması çərçivəsində yaxşı
qonşu olmalıdır, ya da aqressiv siyasətini davam etdirməklə
uduzmağa davam edəcək”.
Milli Məclisin
deputatı, YAP İdarə Heyətinin üzvü Elşad
Mirbəşiroğlu isə çıxışında qeyd
edib ki, müasir dünyamızın bir sıra səciyyəvi
xüsusiyyətləri var ki, bunlar da dövlətlərarası
münasibətlərdə mütləq şəkildə
özünü göstərir. Sirr deyil ki,
müasir mərhələdə dövlətlərin
hamısı çoxqütblü
çağırışlar qarşısındadır.
Bu çağırışlar təbii ki,
dövlətlərin inkişafına çox ciddi maneələr
törədir. Amma qürurla qeyd etmək
olar ki, bu, Azərbaycan- Türkiyə münasibətlərində
və hər iki dövlətin ayrı-ayrılıqda
inkişafında özünü göstərmir. Azərbaycan və Türkiyə inamla irəli gedir,
inkişaf edirlər.
Hər şeydən öncə Azərbaycan-Türkiyə
münasibətlərinin xarakterinə toxunmaq istərdim. Çünki
iki qardaş dövlətin bugünkü uğurlarının
əsasında məhz aralarındakı münasibətlərin,
əməkdaşlığın xarakteri dayanır. Onların dostluğunu yaradan, əməkdaşlığını
sürdürməyə imkan verən başlıca amil rolunda
ortaq maraqlar çıxış edir.
Azərbaycan-Türkiyə münasibətlərində
isə biz fərqli şəraitin olduğunu görə bilərik. Münasibətlər
çox səmimi, ortaq dəyərlər üzərində,
ortaq tarix üzərində qurulur. Təbii
ki, o dəyərlər üzərində qurulan münasibətlər
birgə addımlar ataraq birgə inkişafı, birgə
potensialın formalaşdırılmasına imkan verir.
Azərbaycan-Türkiyə münasibətləri “bir millət,
iki dövlət” şüarı ilə tam uzlaşır. Bu iki
qardaş ölkə arasında münasibətlər, səmimiyyət,
eyni zamanda, böyük Atatürkün təbirincə desək
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
şüarı ilə uzlaşır. Hər
iki xalqı birləşdirən ən mühüm ortaq dəyər
isə tarixin ən böyük şəxsiyyətlərinə,
qurucu atalarına malik olmağımızdır. Azərbaycan
tərəfdə Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev, qardaş Türkiyə tərəfdə
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk
və bu böyük şəxsiyyətlərin qurmuş
olduğu fundamental əsaslar üzərində müasir Azərbaycan
və Türkiyə çox uğurlu əməkdaşlıq
qura biliblər, dostluq münasibətlərini
formalaşdıra biliblər. Bu gün dünya
dövlətləri arasında səmimi dostluq münasibətləri
necə olmalıdır sualına cavab axtararkən Azərbaycan
Türkiyə münasibətlərinə baxmaq yetərlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd
etdiyi kimi, Azərbaycan-Türkiyə dostluğu,
qardaşlığı dünya üçün bir nümunədir. Həqiqətən
də dünyanın digər dövlətləri arasında
münasibətlərə diqqət yetirsək, Azərbaycan və
Türkiyə arasındakı qədər səmimi
dostluq-qardaşlıq münasibətlərini görə bilmərik.
Tarixin çətin anlarında, sınaq
qarşısında Azərbaycan və Türkiyə hər
zaman biri-birilərinin yanında olublar. Təbii
ki, həm müasir dünyamızda, həm də tarixin istənilən
mərhələsində iki dövlət arasında və
yaxud dövlətlərarası münasibətlər sistemində
dövlətlərin biri-birinə olan münasibətlərini
əsasən etimad amili müəyyənləşdirir. Biz yenə də qürurla qeyd edə bilərik ki,
Azərbaycan və Türkiyə arasındakı etimad yenə
də dünya ölkələri üçün bir örnəkdir.
Bir neçə məqam üzərində fikrimi əsaslandırmaq
istərdim. 2014-cü ilin aprel ayının 24-də Praqa şəhərində
Şərq Tərəfdaşlığı
iştirakçılarının Sammiti keçirilirdi. Sammitdə Ermənistanın prezidenti olan Sarkisyan yenə
də fürsətdən istifadə edərək Türkiyəyə
qarşı ittihamlar səsləndirməyə başladı.
“Soyqırımı” tanımamaqda, Ermənistanla
sərhədləri açmamaqda qardaş Türkiyə
ittiham olundu. Sammitdə Ermənistan Prezidentinə cavab verən cənab
İlham Əliyev bildirdi ki, Ermənistan tərəfi həmişə
olduğu kimi vəziyyətdən sui-istifadə edərək
Türkiyəni ittiham edir, qondarma “soyqırımı”
haqqında danışır. Türkiyə
nümayəndələri burada yoxdur, lakin mən buradayam.
Həqiqətən də dövlət
başçımızın bu cür cavabı, bu mövqeyi
iki dövlət arasında qardaşlığın, səmimiyyətin,
etimadın hansı nöqtəyə qədər
ucaldığının bariz göstəricisi idi. İştirakçılara,
ayrıca olaraq Ermənistan prezidentinə Türkiyə-Ermənistan
münasibətlərinin nəyə görə məhz indiki
durumda olduğunu izah etdi. Dövlət
başçımız bildirdi ki, 1993-cü ilin aprel ayında
işğalçı Ermənistan Azərbaycanın Kəlbəcər
rayonunu işğal etdikdən sonra qardaş Türkiyə Azərbaycanla,
Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək
Ermənistanla sərhədi bağladı. Qondarma
“soyqırımı”na gəldikdə isə
yenə də Azərbaycan Prezidenti Ermənistan tərəfinin
haqsız, ədalətsiz olduğunu və məsuliyyətsiz
mövqe nümayiş etdirdiyini bildirdi. Bildirdi
ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb
Tayyib Ərdoğan dəfələrlə ortaq komissiyanın
yaradılmasını, arxivlərin açılaraq
araşdırmaların həyata keçirilməsini təklif
etmişdi. Lakin nə Ermənistan tərəfindən,
nə də ona dəstək olan digər dövlətlərdən
adekvat reaksiya olmamışdı. Bu da onu
göstərir ki, nə Ermənistan, nə də
ayrı-ayrı maraqlı dövlətlər həqiqətin
üzə çıxmasında maraqlı deyillər. Çünki qondarma “soyqırımı” amilindən
qardaş Türkiyəyə qarşı istifadə etməyə
çalışırdılar. Lakin zaman dəyişir,
təbii ki, Azərbaycan-Türkiyə
qardaşlığı, dostluğu öz sözünü deməkdədir.
Müasir şərtlər daxilində dövlətlərin
stabil inkişaf etməsi çox problemli məsələdir.
Lakin bunlara baxmayaraq, həm Azərbaycan, həm
də Türkiyə davamlı olaraq iqtisadi uğurlar
qazanır, beynəlxalq münasibətlər sistemində
siyasi mövqelərini gücləndirir və təsir
imkanlarını artırırlar. Fəxrlə
qeyd etmək lazımdır ki, bu uğurlarda dövlətlərin
biri-birinə qarşılıqlı dəstəkləri həlledici
rol oynamışdır.
2020-ci il sentyabr ayının 27-də Ermənistan
ölkəmizə qarşı növbəti təxribat həyata
keçirdi. Bu zaman Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusu əks-hücum əməliyyatlatlarını həyata
keçirdi. Qısa zaman kəsiyində
haqqında miflər uydurulmuş Ermənistan ordusu
darmadağın edildi. Xatırlatmaq istəyirəm
ki, sentyabr ayının 27-də başlamış Vətən
müharibəsinin artıq üçüncü,
dördüncü günündə Ermənistan ordusunun 20-30
faizə qədəri yox idi. Azərbaycan
xalqı, Azərbaycan dövləti iradəsini,
gücünü bütün dünyaya nümayiş etdirdi.
Xüsusi vurğulamaq lazımdır ki, bizim
uğurlarımıza uğur qatan həm də qardaş
Türkiyənin bizə göstərmiş olduğu səmimi,
mənəvi, siyasi dəstək idi. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli
mövqeyi Azərbaycan əsgərini daha güclü, Azərbaycan
xalqını daha iradəli edirdi.
Bu baxımdan dünya bir daha gördü ki, iki qardaş
xalq, iki qardaş dövlət arasında səmimi münasibətlər,
onları birləşdirən dəyərlər varsa, bu
qardaşlıq, bu əməkdaşlıq sarsılmaz olacaq və
onlar öz ortaq hədəflərini çox uğurla
quracaqlar. Azərbaycanla Türkiyənin ortaq hədəfləri
vardır. Bu ortaq hədəf əsasən
ondan ibarətdir ki, Türk dünyası monolit olsun. Və Azərbaycan-Türkiyə öz münasibətləri
ilə bu monolitliyi nümayiş etdirirlər. Türk dünyasına, Şərq, İslam
dünyasına nümayiş etdirirlər ki, dövlətlərarası
münasibətlər, qardaşlıq münasibətləri
necə olmalıdır. Qürurla qeyd etmək
lazımdır ki, dünya Türkiyə-Azərbaycan
münasibətlərinin bu xüsusiyyətini görür və
ondan örnək almağa çalışırlar. Həm
Azərbaycan, həm də Türkiyə tarixin istənilən
anında bir-birinə dəstək olmağa hazırdır. Vətən müharibəsindən sonra Azərbaycan
və Türkiyə birgə Cənubi Qafqaz regionunda yeni siyasi
reallıqlar formalaşdırdı. Bu
siyasi reallıqların əsas əlaməti ondan ibarətdir
ki, tarixin heç bir dövründə baş verməyən
uğura imza atıldı. Bu uğur da
ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda regional təhlükəsizlik
sisteminin elementləri formalaşdırıldı və bunu Azərbaycan
və Türkiyə birgə etdilər.
Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq
platforması təşəbbüsü irəli
sürülüb. Bu təşəbbüs Azərbaycan
Prezidenti tərəfindən irəli sürüldü,
qardaş Türkiyə tərəfindən dəstəkləndi
və region dövlətləri də bu platformanın
onların maraqlarına cavab verdiyini düşünür və
yaxından iştirak etmək arzularını bildirdilər.
Bundan sonra Cənubi Qafqaz regionunun həm
geosiyasi, həm də geoiqtisadi vəziyyəti iki qardaş
dövlətin haqlı maraqlarına uyğun olaraq tamam dəyişəcək.
Bundan sonra Cənubi Qafqaz regionunda həm də təhlükəsizliyin,
sülhün təmin olunması baxımından unikal imkanlar
da yaranmış oldu. Bir daha vurğulamaq
istəyirəm ki, Cənubi Qafqazın təhlükəsizlik
sisteminin yaradılması uğrunda çox cəhdlər
edilmişdir. Lakin Ermənistan və onun
havadarlarının dağıdıcı fəaliyyəti bu
sistemin yaradılmasına imkan verməmişdir. Azərbaycan-Türkiyə birliyi,
qardaşlığı belə bir sistemin ilkin elementlərini
artıq formalaşdırıb.
Görünən reallıq bu gün ondan ibarətdir ki,
qardaş Türkiyə təcavüzkar Ermənistan və onun
havadarlarının sonuncu silahını da əlindən
almaqdadır.
Dünyanın bir çox ölkəsi qondarma
“soyqırımı”nı tanıyıb. Amma bunun Türkiyənin beynəlxalq mövqeyinə
heç bir təsiri olmayıb. Əvvəlki
illərdən fərqli olaraq qardaş Türkiyə qondarma
“soyqırımı” məsələsinə çox da
reaksiya nümayiş etdirmir. Hesab edirəm
ki, bu, olduqca müdrik yanaşmadır. Çünki ermənilər
bu günə qədər düşünürdülər
ki, qondarma “soyqırımı”nı
Türkiyəyə qarşı bir alət olaraq istifadə etmək
olar. Türkiyə isə soyuqqanlı davranaraq
nümayiş etdirir ki, uydurma “soyqırımı” adında alət
Türkiyəyə heç bir təsir göstərmir. Türkiyə regionun ən
böyük, ən güclü dövlətlərindən
biridir. Regionda cərəyan edən proseslərə təsir
etmək imkanı var. Və son olaraq qondarma
“soyqırımı” tanıyan ABŞ Prezidenti Cozef Bayden də
çox gözəl dərk edir ki, Türkiyə ilə əməkdaşlıq
ancaq xeyir gətirər. Bu baxımdan gələcək
İslam dünyası, Şərq dünyası, müsəlman
dünyası Türkiyə və Azərbaycanın dostluq
örnəyi əsasında böyük uğurlara imza atacaq.
Çıxış
edən Ədalət və İnkişaf Partiyası Sədrinin
Xarici Əlaqələr üzrə müavini, Türkiyə
parlamentinin üzvü Efkan Ala tədbir
iştirakçılarını salamlayıb, YAP sədrinin
müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqova və partiyanın bütün təmsilçilərinə
fəaliyyətlərində uğurlar diləyib.
Konfransın
əhəmiyyətindən bəhs edən Efkan Ala əvvəlcə
Qarabağ zəfərindən öncə mövcud olan vəziyyəti
xatırladıb: “Azərbaycan torpaqlarının bir hissəsi
işğal edilib, ədalətsizlik baş verib və beynəlxalq
ictimaiyyət 30 il bu prosesi sadəcə izləyib. Ulu öndər
Heydər Əliyevin dediyi “bir millət iki dövlət” fəlsəfəsinə
uyğun olaraq ölkələrimiz haqqı, ədaləti bərpa
etmək üçün birgə işləyib, bir-birini dəstəkləyib,
işbirliyi qurub, ədaləti bərpa etmək
üçün 44 günlük müharibədə
haqsızlığı yer üzündən silib. Bəzən 1+1 2-yə bərabər olmur. 5-ə, 6-ya bərabər olur. Bu
da dünyanın gözü önündə baş verir.
Yəni 44 günlük zəfərə
dönüb baxdığımızda izah edə bilməyəcəyimiz
heç nə yoxdur. Bu güc birliyinin
kökündə ədalət, beynəlxalq hüquq
dayanır. Bəs bundan sonra nə oldu?
Azərbaycanda bir araya gələn iki dövlət
başçısının - Rəcəb Tayyib
Ərdoğanın və İlham Əliyevin birlikdə dəyərləndirdiyi
mesaj dilə gətirildi. Bu mesaj
altılıq platformasının yaradılması ilə
bağlıdır. Yəni bu bölgədə elə
bir ittifaq quraq ki, 6 ölkə bir araya gəlsin və öz
insanına daha çox xidmət edəcək,
iqtisadiyyatını inkişaf etdirəcək, idarəetmələrini
inkişaf etdirəcək, hər şeyi daha irəli aparacaq
platforma yaradılsın. Ermənistana da
çağırış olundu. Yəni
problemləri deyil, onların həllini danışaq.
İqtisadiyyatlarımızda əməkdaşlıq
yaransın, bölgəyə daha faydalı ola
biləcəyimiz iş birliyi yaransın. Yəni hər kəs
qazansın, adına da “qazan-qazan”
platforması deyilir. Biz həm cəbhədə, həm də
masada otururuq. Amma
böyük hədəfimiz xarici siyasətimizlə beynəlxalq
aləmdə heç kimsəyə haqsızlıq etmədən,
hər kəsin qazana biləcəyi bir ortam təqdim edirik.
Belə bir ab-havada buna heç bir qatqı etməyənlərin
fikirləri səsləndi”.
Ədalət
və İnkişaf Partiyası Sədrinin Xarici Əlaqələr
üzrə müavini qeyd edib ki, heç bir tarixi həqiqət
siyasi fikirlərlə dəyişdirilə bilməz: “Tarixin
mövzusu siyasətin mövzusu kimi gündəmə gətirilərsə,
burada heç kim qazanclı
çıxmaz. Tarix bunun nümunələri ilə
doludur. Hər kəs bundan zərərli
çıxar. Ona görə biz daim
çağırış edirik. 2005-ci,
2015-ci ildə də daim çağırış etdik.
Dedik ki, bir problemdən bəhs edirsiniz, o zaman
tarixin ortaq mövzusundan danışaq. Ağrı-acıya
gəlincə, bunlar üzərində siyasət qurarsaq biz
acılarımızı dilə gətirməkdən qürur
duyan, məmnun olan bir millət deyilik. Bəziləri
bunu çox edir. Xocalı qətliamına
nə ad verirsiniz? Balkan savaşında
meydana gələn nəticələrə nə ad verirsiniz?
Birinci Dünya müharibəsinə girmiş və
o zamana qədər bütün haqqı, hüququnu vermiş
ölkələrə qarşı törədilən qətliamlara
nə ad verirsiniz? Osmanlı dövlətinin
mövcud olduğu dövrdə olan prosesləri
“soyqırımı” adlandırırsınızsa, o zaman
gerçəkdən törədilən faciələrə nə
deyəcəksiniz? Yəni
“soyqırımı” demək üçün tarixdən xəbərdar
olmaq lazımdır. Osmanlıda elə
düzənləmələr var idi ki, həmin proseslər
zamanı insan həqiqətən o qədər böyük
savaşın içərisindəykən belə düzənləməyi
reallaşdıra bilən dövləti hörmətlə
salamlamaq istəyir”.
Efkan Ala çıxışında o dövrdə tarixi
sənədlərdən də sitat gətirib. Onun sözlərinə
görə, həmin sənəddə ermənilərin
köçürülməsi necə həyata keçiriləcək,
prosesdən hansı komitələr məsuliyyət
daşıyır və s. arxivlərdə bu haqda
yazılıb: “Biz sözdə qondarma deyirik, amma azərbaycanlı
qardaşlarımızın təbirincə demək daha
yaxşıdır. Uydurma, qondarma erməni
soyqırımı iddiaları deyirlər. Sözdə demək əvəzinə, uydurma demək
daha yerində işlənir. Bunların
heç bir təməli, tutarlı tərəfi yoxdur. Elə bir vəziyyətdir ki, Osmanlıda bu
qruplaşmaların üsyan etmədiyi, qətliam törətmədiyi
və erməni vətəndaşlarının hansısa
olumsuz fəaliyyətdə olmadığı yerlərdə,
başda İstanbul olmaqla bölgələrdə heç
problem olmayıb. Ona görə də, əsla
yox etmədən söhbət gedə bilməz. Paytaxt İstanbuldan köçürmə yoxdur,
çünki orda problem olmayıb. Düşünə
bilirsizmi? Problemin olduğu yerlərdə
onu həll etmək üçün toplumlar
ayrılırdı. Və orda üsyan edənləri
yenə ölkənin torpağına
köçürürdülər. Və
apararkən də tədbirli olmaq üçün xüsusi
qanun olub, təlimatlar yazılıb. Bəs
mənzərə ortadaykən, bu məsələlər niyə
gündəmə gətirilir? Çünki
bu gücün Türkiyə və Azərbaycanın bu
bölgədə qlobal aktor halına gəlməsi, regional
güc olması, beynəlxalq münasibətlərdə
xüsusi rol oynamaları bir çox müstəvilərdə
yenidən nəzərdən keçirilməsinə səbəb
olur. Çünki yeni bir düzənin
reallıqları ortaya çıxır. Ona
görə də belə məsələlər dilə gətirilərək
qarşımızı kəsməyə
çalışırlar. Bir də
olduğumuz bölgənin tarixdəki vəziyyətinə
baxsaq görərik ki, doğurdan da dünya burdan idarə
olunub, ya da əgər bura zəifləyibsə dünya hər
zaman bu bölgəni idarə etmək istəyib. O
baxımdan bizim iş birliyi etmək və bu dəyərləri
üstün tutaraq yolumuza davam etməkdən başqa
çıxış yolumuz yoxdur. Və
doğru olan da budur. Biz həm öz
problemlərimizi həll edərik, həm də başqa
problemləri çözərkən başqa problemlər
yaratmarıq. Biz həlləri
çoxaltmaq siyasəti yeridirik. Biz problemləri
çoxaltmaq və ondan yararlanmaq siyasəti yeritmirik. Azərbaycanla
Türkiyə hansı mövzuda iş birliyi edibsə,
bütün bölgəyə faydası olacaq məqamlar ortaya
çıxarıblar. Amma 1990-cı illərdən bəri
dünyadakı dəyişikliklər, həm “ərəb
baharı”ndan sonra ortaya çıxan nüanslar, həm də
bölgədə formalaşan yeni düzən, 2008-ci il
dünya böhranı, koronavirus pandemiyası, Çin və
ABŞ arasındakı silahsız müharibə, Böyük
Britaniyanın Avropa İttifaqından çıxması -
bütün bunlar diqqətə alındığında
regional barış şəraiti xoş niyyət ərz edir. Bunu görürük. Yəni
yenidən sülh içərisində dünya inşa etmək
üçün öncə regional problemlərin həll
olunması və bölgələrdə sülh və
hüzurun təsis edilməsi lazımdır. Burda da ən önəmli bölgələr və
sülhə, təhlükəsizliyə töhfə verə
biləcək olan ən önəmli iki aktor Türkiyə və
Azərbaycandır. Onlar
yaxşılığı çoxaldır,
haqsızlığı aradan qaldırır. ABŞ Prezidenti Baydenin açıqlaması da bu
bölgədə təhlükəsizliyə zidd kimi qiymətləndirilir.
Ona görə problemin yaşanmaması
üçün daha çox çalışmalı,
mübarizə və səbir göstərməliyik. Bu açıqlamanı rədd edirik. Heç bir hüquqi tərəfi yoxdur bu
açıqlamanın. Bunu
hüquqşünaslar daha yaxşı bilir. Şərdir, böhtandır və qəbuledilməz
açıqlamadır. Biz bildiyimiz həqiqətləri
yenə deyəcəyik. Heç kim həqiqətin
səsindən daha çox danışa bilməz. Həqiqət arxivimizdədir. İstəyən
gəlib baxa bilər, araşdıra bilər. Bizim kimsədən qorxumuz yoxdur, kimsəyə verəcək
hesabımız yoxdur. Hər kəsin arzu
etdiyi şey həqiqətin bilinməsidir. Siyasət də buna görə qurulur. Bunun
xaricində başqa siyasət ola bilməz”.
Çıxış
edən Milli Məclisin deputatı, Bakı Dövlət
Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü
Anar İsgəndərov bildirib ki, Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 98-ci il dönümünə
həsr olunmuş bu konfrans sözün həqiqi mənasında
Azərbaycan və Türkiyə tarixinin şərəfli
dövrünə təsadüf edir: “Bu
qardaşlığın analoqu olmayan tərifini Heydər
Əliyev dahiyanə şəkildə vermişdir: Bir millət,
iki dövlət! Nə üçün
Türkiyə Cümhuriyyəti Azərbaycanın, Azərbaycan
Türkiyənin yanındadır? İcazənizlə,
bu dostluğun və qardaşlığın tarixinə bir
yerdə nəzər salaq.
Anadolu
Türkləri ilə Azərbaycan Türklərini bir-birinə
dost, qardaş edən minilliklərlə ölçülən
ortaq tariximiz və mədəniyyətimiz mövcuddur. Osmanlı dövlətinə böyük
şöhrət gətirən, Türk-müsəlman tarixinə
Fateh kimi daxil olan II Mehmetin müəllimi Azərbaycan
türkü Ağ Şəmsəddin olmuşdur. Osmanlı imperiyası zaman-zaman üç qitədə
torpaq sahibi oldu, imperiyaya daxil olan xalqların dili, dini ayrı
olsa da, onlara tətbiq olunan qanunlarda fərq qoyulmadı. Bax, əsl ədalət budur.
1914-cü ildə I Dünya müharibəsi
başladı.
Müharibəyə daxil olan hər bir dövlətin
öz maraqları var idi. Çar Rusiyası Osmanlıya
qalib gələcəyi təqdirdə vaxtı ilə I Pyotr tərəfindən
irəli sürülən vəsiyyətinə nail olmaq istəyirdi.
I Pyotr vəsiyyətində deyirdi: Rusiya o zaman xoşbəxt
dövlət ola bilər ki, İstanbul onun
paytaxtı, Bosfor və Dardanel isə boğazları olsun. Qərb dövlətləri Osmanlı
imperiyasını parçalamaqla üç dövlətə
bölməyi planlaşdırmışdılar. Azərbaycan xalqı çar Rusiyasının təbəəsi
hesab olunsa da din və dil qardaşı Osmanlını
müdafiə etdi. Qərb dövlətlərinə
qarşı aylarla davam edən və yüz minlərlə
şəhid verən Çanaqqala savaşında minlərlə
azərbaycanlı könüllü olaraq Osmanlı tərəfindən
vuruşdu və şəhid oldu. Çar Rusiyası
və Qərb dövlətlərinin hərtərəfli
yardımına baxmayaraq, erməni hərbi birləşmələri
Osmanlı ərazisində erməni dövləti yaratmaq
xülyasını reallaşdıra bilmədilər. İşğal edilən Osmanlı ərazisində
yüz minlərlə günahsız türkün həyatına
son qoydular, əmlaklarını müsadirə etdilər, evlərini
yandırdılar. Bu gün də Şərqi
Anadoluda I Dünya müharibəsindən qalan yüzlərlə
toplum məzarlıqlar mövcuddur. Bu məzarlıqların
günahkarları və yerli əhalini soyqırımına məruz
qoyan Qərb dövlətləri, çar Rusiyası və erməni-daşnak
qüvvələri olmuşdur. I Dünya
müharibəsinin ortalarına yaxın Osmanlı dövləti
özünü müdafiə üçün müəyyən
qədər güc toplaya bildi. Çar Rusiyası və
erməni silahlı birləşmələrinin ölkədən
qovulmasına nail oldu. Osmanlı ərazisində
dövlət yarada bilməyən erməni silahlı birləşmələri
1918-1920-ci illərdə şimalı Azərbaycan, cənubi Azərbaycan
və qərbi Azərbaycanda yerli və əliyalın azərbaycanlılara
qarşı soyqırımına başladılar. Bu danılmaz tarixdir. Ermənilərin
azərbaycanlı əhaliyə qarşı
soyqırımı ilə bağlı 1918-1920-ci illərdə
fəaliyyət göstərən Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən 36 cild sənədlər
külliyyatı hazırlanmışdır. Çox təəssüflər
olsun ki, Qərbin siyası dairələri kimi, tarixçiləri
də bu sənədə istinad etmək əvəzinə,
heç bir tarixi əsası olmayan uydurma “erməni
soyqırımı”nın
tanınmasına cəhd edirlər. Tarixi ədalətsizlik
budur. Hər bir qaranlıq gecənin
işıqlı bir səhəri olur. Tarixə
1918-ci ilin mart soyqırımı kimi daxil olan qanlı hadisələrdən
sonra Azərbaycanın milli demokratik ziyalıları soyuq
Şimaldan ümidlərini üzdülər, nəzərlərini
Osmanlıya dikdilər və 1918-ci ilin mayın 28-də
özgə torpaqda, özgə paytaxtda Azərbaycan Xalq
Cümhuriyyətini elan etdilər.
Anar
İsgəndərov qeyd edib ki, müsəlman Şərqində
ilk Cümhuriyyətin elan olunması Azərbaycan xalqına nəsib
oldu: “Amma elan olunan hökumətin ordusu yox idi. Əgər o
illərdə Osmanlı ordusu dost və qardaş Azərbaycanın
köməyinə gəlməsəydi, Cümhuriyyətin
ömrü nə qədər ola bilərdi?
O dövrün sənədlərində
yazıldığı kimi, Allah-Təala öz mələklərini
Osmanlı əsgərlərinin simasında müstəqilliyini
yenicə elan edən Azərbaycanın köməyinə
göndərdi. Halbuki, həmin dövrdə
Osmanlı dövləti özünün ən çətin
günlərini yaşayırdı. Azərbaycanı
ilk tanıyan və Qafqaz İslam Ordusunu köməyə
göndərən Osmanlı dövləti oldu. Bu orduya 29 yaşlı Nuru Paşa rəhbərlik
edirdi. Qafqaz İslam Ordusu Gəncədən
Bakıya qədər şərəfli bir istiqlal yolu
keçdi. Azərbaycanı işğalçı
qüvvələrin caynağından azad etdi, bu mücadilədə
1330 nəfər şəhid verdi. Nəhayət, 1918-ci ilin sentyabrın 15-də
Bakını düşmən qüvvələrindən azad
etdi və həmin gündən Bakı şəhəri Azərbaycanın
paytaxtına çevrildi. 1918-ci il
dekabrın 7-də Azərbaycan parlamentinin
açılışı oldu. Parlamentin ilk qərarlarından
biri Azərbaycanın istiqlalı üçün şəhid
olan Osmanlı əsgər və zabitlərinin şərəfinə
Bakının ən əzəmətli yerində möhtəşəm
bir abidənin qoyulması ilə bağlı oldu. Çox təəssüflər olsun ki, 1920-ci ilin
bolşevik işğalı bu qərarın həyata
keçirilməsini 70 ildən çox ləngitdi. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə
gələndən sonra Şəhidlər Xiyabanında bu abidənin
təntənəli açılışı oldu. Bu gün Şəhidlər Xiyabanına ziyarətə
gələn hər bir azərbaycanlı, Azərbaycanın
istiqlalı üçün şəhid olan Osmanlı əsgərlərini
ziyarət edir və onlara rəhmət diləyir”.
Tarixçi-alimin sözlərinə görə, 1918-1920-ci
illərdə Azərbaycanın Naxçıvan bölgəsi
erməni təcavüzünə məruz qalarkən ona
qardaş əlini uzadan Türkiyə tərəfi oldu. Sovet
Rusiyasının və Ermənistanın bütün təzyiqlərinə
baxmayaraq, Türkiyənin bilavasitə iştirak etdiyi və
diktə etdiyi Moskva və Qars müqavilələri
imzalandı, Naxçıvan Azərbaycanın tərkibində
qaldı. Əgər Türkiyənin bu
inadı olmasaydı, Naxçıvanın taleyi şübhə
altına düşürdü. Mustafa Kamal Atatürk
Naxçıvanı “Türk Qapısı”, Kazım Karabəkir
Paşa isə “Şərq Qapısı” adlandırdı.
1920-ci il bolşevik işğalından
canını qurtaran yüzlərlə azərbaycanlı
qardaş Türkiyəyə pənah apardılar, Türkiyə
onlara qucaq açdı. 1990-cı il
yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu
Bakını işğal etdi. Yüzlərlə
şəhidimiz oldu. Bu hadisəyə beynəlxalq
aləmdə öz kəskin etirazını bildirən
yalnız Türkiyə Cümhuriyyəti oldu.
1991-ci ilin sonlarına yaxın SSRİ adlanan nəhəng
imperiya süqut etdi, Azərbaycan yenidən öz dövlət
müstəqilliyini bərpa etdi. Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlət Türkiyə
Cümhuriyyəti oldu. Ermənilər
havadarlarından böyük dəstək almaqla Azərbaycan
torpaqlarının işğalına başladılar,
Naxçıvan ağır blokada həyatını
yaşamağa məcbur edildi. Həmin illərdə
Naxçıvana Ümummilli lider Heydər Əliyev rəhbərlik
edirdi. Sonralar Heydər Əliyev dönə-dönə
xatırlayırdı ki, əgər Türkiyə Cümhuriyyətinin
bizə hərtərəfli yardımı olmasaydı,
Naxçıvanın blokadasını ləğv etmək və
onu qoruyub saxlamaq çox çətin olardı.
Xüsusilə, Türkiyə və Naxçıvan
arasında Araz çayı üzərində “Ümid”
körpüsünün inşa olunması Naxçıvana həyat
və güc verdi.
Ölkə
daxilində siyasi böhran və xarici təcavüzün nəticəsi
olaraq Azərbaycan torpaqlarının 20%-i erməni qəsbkarları
tərəfindən işğal olundu, bir milyondan artıq vətəndaşımız
qaçqın və köçkün həyatını
yaşamağa məhkum edildi. Ermənistanın
bu təcavüzkar siyasətinə etiraz olaraq Türkiyə tərəfi
Ermənistanla sərhədlərini bağladı. Sərhədlər bu gün də
bağlıdır.
2001-ci ilin avqustunda Azərbaycan Xəzər dənizində
kəşfiyyat işləri apararkən qonşu dövlətin
təzyiqinə məruz qaldı. Narahat və həyəcanlı
Bakının səmasında Türkiyənin
qırıcı şahinləri göründü. Türkiyə bir daha dünyaya bəyan etdi ki, o, Azərbaycanın
yanındadır. 2003-cü ilin aprelində Ümummilli
liderimiz Heydər Əliyev bu gün adını
daşıdığı Heydər Əliyev sarayında Azərbaycan
kursantlarına müraciətində deyirdi: Vətəni azad
etmək sizin borcunuzdur. Bu borcu yerinə yetirmək
üçün qardaş Türkiyə həmişə bizim
yanımızda olacaqdır. Heydər Əliyevin bu dahiyanə
sözləri 19 il sonra öz nəticəsini
verdi.
YAP
İdarə Heyətinin üzvü qeyd edib ki, 30 ilə
yaxın idi ki, Azərbaycan işğal
altında olan torpaqlarımızı sülh yolu ilə azad
etmək üçün nüfuzlu beynəlxalq təşkilatların
vasitəçiliyi ilə Ermənistanla danışıqlar
aparırdı: “İşğal altında olan torpaqların
azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq, bu
işə cavabdeh olan dövlətlər işğal edənlə
işğal olunan arasında fərq qoymadılar. Dünyanın aparıcı dövlətləri və
nüfuzlu təşkilatları Azərbaycanın haqq işinə
biganə qaldılar. Yalnız qardaş
Türkiyə və onun dövlət başçısı Rəcəb
Tayyib Ərdoğan Azərbaycanın haqq işini
dünyanın bütün nüfuzlu təşkilatlarında
müdafiə edir, işğalçı Ermənistan dövlətini
və onun havadarlarını ittiham edirdi. 2020-ci il sentyabrın
sonlarında ermənilərin növbəti hücumunu dəf
etmək üçün Azərbaycan ordusu əks hücuma
keçdi. 44 günlük Vətən müharibəsində
Türkiyə Azərbaycanın yanında oldu və Azərbaycanın
haqq işinə hər cür dəstək verdi.
Düşmən işğalından azad edilən
şəhər və kəndlərimizdə Azərbaycanın
üçrəngli bayrağı ilə yanaşı,
Türkiyə Cümhuriyyətinin bayrağı dalğalanır.
Müharibədən sonra Azərbaycanın ən
ucqar kəndində belə iki qardaş dövlətin
bayrağı qürurla dalğalanır. Tarixdə
bir-birinə qardaş münasibətdə olan dövlətlər
mövcud olub. Amma Azərbaycan və Türkiyə qədər
bir-birinə dost və qardaş olub, həyatın
bütün sahələrində bir-birini bu qədər
müdafiə edən dövlətlər olmayıb. İşğaldan azad olunan torpaqlarımızda bərpa
və quruculuq işləri uğurla gedir. Türkiyə
dövləti və onun nüfuzlu şirkətləri də
bu işdə yanımızdadır.
Həmişə sual olunur: 1915-ci il aprelin 24-də Osmanlı ərazisində nə baş verib? Tam əminliklə demək istəyirəm ki, bu gün Türkiyəyə qarşı səlib müharibəsinə qalxan Qərb dövlətləri öz adları kimi dəqiq bilirlər ki, 24 apreldə nə ermənilərə qarşı soyqırımı haqqında qərar olub, nə də Osmanlı ərazisində ermənilər soyqırımına məruz qalıblar. Çünki uydurma iddiaya dəstək olan bu dövlətlərin arxivlərində Osmanlının daxili işlər naziri Tələt Paşanın imzaladığı sənəd vardır. Amma bu sənəd bu dövlətlərə sərf eləmir. Onlara Arom Andonyan kimi saxtakar birisinin saxta sənədləri lazımdır. Bu necə şifrəli sənəddir ki, sənəd Osmanlı dövləti üçün qanun olan Allahın adı ilə başlamır. Bu necə sənəddir ki, imzalanma tarixi müsəlman tarixi ilə yox, rum tarixi ilə qeyd olunub. Bu sənədə istinad edənlər özləri də gördülər ki, bu saxta sənəd onları hörmətdən salır. 1920-ci ildə ABŞ bu məsələ ilə bağlı Harbord komissiyasını yaratdı. 6 aydan sonra komissiya elan etdi ki, Şərqi Anadoluda soyqırımına məruz qalanlar ermənilər yox, türklər olmuşlar. 1983-cu ildə ABŞ prezidenti Ronald Reyqanın yaratdığı komissiya da bu nəticəyə gəlmişdir. Deməli, ABŞ-a tarixi həqiqət yox, siyasi maraqlara xidmət edən nəticə lazımdır. 2014-cü ildə Çexiyanın paytaxtı Praqada Ermənistanın prezidenti növbəti dəfə Türkiyəni 1915-ci il uydurma soyqırımında ittiham edəndə Azərbaycanın dövlət başçısı İlham Əliyev: “Türkiyə burada yoxdur, amma mən varam, cavabını mən verəcəyəm”-deyə, bildirmişdir.
Millət vəkili qeyd edib ki, hazırda Türkiyə Cümhuriyyəti dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir: “Bu gün Türkiyə Cümhuriyyəti müstəqil siyasəti ilə diqqəti cəlb edir, kiminsə diktəsini qəbul etmir. 2001-ci ildə yaradılmış və Türkiyə iqtidarına rəhbərlik edən “Ədalət və İnkişaf Partiyası” bu dövləti dünyanın aparıcı və nüfuzlu dövlətlərindən birinə çevirmişdir. Bu siyasət bəzi nüfuzlu dövlətləri narahat edir, hətta 2015-ci ilin iyunun 15-də dövlət çevrilişinə cəhd göstərməkdən də çəkinmədilər. Amma 82 milyon Türk xalqı Türkiyəni öz canları bahasına qorudular, yüzlərlə şəhid verdilər. Həmin ağrılı günlərdə Türkiyənin haqq səsinə səs verən Azərbaycan oldu. Türkiyə Cümhuriyyətinin bölgədə gündən-günə artan nüfuzunu həzm edə bilməyən dövlətlər onu uydurma soyqırımla imtahana çəkmək istəyirlər. Əgər dünyaya 24 aprellə bağlı əsil həqiqət lazım olsaydı, onu parlament kürsülərində yox, arxivlərdə axtarmış olardılar, problemlə bağlı son sözü tarixi sənədlər əsasında tarixçilər söyləmiş olardılar. Yoxsa tarixi həqiqət siyasi maraqlara qurban verilməzdi. Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının birliyinə xidmət edən böyük hadisədir. 2018-ci ilin sentyabrın 15-də Bakıda Milli Ordunun yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, o cümlədən hər iki ölkənin hərbi qüvvələri iştirak edirdi. 2020-ci ilin dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı iki qardaş dövlətin dostluğuna əyani nümunəsidir. Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik etdilər. Şübhəsiz, XXI əsr Türk əsridir”.
Videokonfransda Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş yekun sözü ilə çıxış edərək faydalı fikir mübadiləsi aparıldığını qeyd edib: “Bu konfrans Türkiyə və Azərbaycanın bundan sonrakı dövrdə atacağı addımlara, həyata keçiriləcək siyasətə yön verir. Konfransdakı müzakirələrin üç mühüm nəticəsi var. Birincisi, biz bu bölgədə sülh, dostluq, qardaşlıq, ölkələrin və fərqli xalqların əməkdaşlığının gücləndirilməsini istəyirik. Ən əsası yaşadığımız regionun, tarixçilərin “bərəkətli hilal” adlandırdıqları coğrafiyada əməkdaşlığı, inkişafı arzulayırıq. Bunun üçün səmimi olaraq hər kəslə əməkdaşlıq etməyə hazır olduğumuz bir daha ifadə edildi. İkincisi, hər məsələdə anlaşmaq mümkün olmaya bilər. Eyni zamanda bir çox problemlə üz-üzəyik. Beynəlxalq miqrasiya, qlobal istiləşmə, silahlanma, ətraf mühitin çirkləndirilməsi, kimsəsiz uşaqlar, silahlandırılan azyaşlılar kimi çox geniş problemlərlə üz-üzəyik. Bütün bunları həm regional, həm beynəlxalq miqyasda həll edəcək iradəyə sahib olduğumuzu konfransdakı müzakirələr göstərdi. Bunun üçün hamı ilə qarşılıqlı müzakirəyə açıq olduğumuzu, bütün millətlərlə bərabərhüquqlu şəkildə həm regional, həm beynəlxalq problemlərimizi müzakirə edə biləcəyimizi ifadə edirik. Üçüncüsü, bizim bir sıra qırmızı xətlərimiz var. Bunlar ölkələrin suverenlik haqlarıdır. Heç bir gücün, ölkənin, nə qədər qüdrətli olursa-olsun, özünü bu şəkildə hiss edərsə-etsin, hər hansı bir ölkənin suverenlik hüquqlarını yox etmək haqqı yoxdur. Ona görə istər işğal, istər ölkələrin daxili işlərinə qarışmaq, istər bəzi ölkələrin sərhəd pozuntuları etməsi, istərsə də ölkələrin daxili sabitliyini pozmaq üçün terror təşkilatlarının vasitə olaraq istifadə edilməsi bizim qəbul etməyəcəyimiz qırmızı xətlərdir. Bütün xalqlar bərabər hüquqlara sahibdir. Problemlərimizi müzakirə ilə həll edərik. Amma heç kimin başqasının haqqını pozmasına, suverenliyini yox etməsinə, daxili işlərinə qarışmasına əsla izn vermərik. Bu üç prinsip çərçivəsində fəaliyyətimizi davam etdirməliyik. Azərbaycan və Türkiyə bu üç prinsip çərçivəsində yan-yana hərəkət etdiyi müddətdə, gücümüzü daha da artıraraq və ətrafımızdakı dostlarımızı çoxaldaraq bu bölgəyə ədaləti, sülhü gətirəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”
Videokonfransın yekununda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycan və Türkiyənin həm fəal iştirakı, həm də liderliyi ilə yaranan yeni əməkdaşlıq və təhlükəsizlik mühiti bütövlükdə regiona yeni perspektivlər vəd edir: “Ölkələrimiz regionda müxtəlif qüvvələrin qarşılıqlı etimad mühiti əsasında və səmimi şəraitdə işbirliyinin güclənməsi tərəfdarı kimi çıxış edirlər. Bu, həm də bütövlükdə Şərqdən Qərbə doğru geniş bir coğrafi məkanda ayrı-ayrı ölkələrin milli maraqlarının təmin olunmasına mühüm töhfədir. Təbii ki, bütün bu gerçəkliklər fonunda uydurma “erməni soyqırımı” kimi cəfəng iddiaların ortaya atılması və ondan siyasi təzyiq vasitəsi kimi istifadə olunması regionda yeni yaranmaqda olan əməkdaşlıq meyillərinə zərər vurmaq məqsədinə xidmət edir. Unutmaq olmaz ki, regionun gələcəyi qarşılıqlı hörmətə və uzlaşmaya əsaslanan əməkdaşlıqdan keçir. Nəhayət, onu da qeyd etmək lazımdır ki, xalqlarımızın sarsılmaz birliyi və mövqeyi dünyaya açıq və konkret mesaj verdi. Regionda Azərbaycanın və Türkiyənin iradəsi və maraqları nəzərə alınmadan çoxtərəfli əməkdaşlıq platformasında iştirak etmək, siyasi, iqtisadi mənfəət qazanmaq mümkün deyil. Əminliklə söyləmək olar ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında hərəkət edən Azərbaycan və Türkiyə bundan sonra da ortaq milli maraqlar əsasında fəaliyyət göstərəcək, möhkəm həmrəylik və qətiyyətli siyasi iradə nümayiş etdirəcəklər. İstər regionda sülh, sabitlik, təhlükəsizlik və tərəqqinin təmin olunmasında, istər erməni yalanlarının, o cümlədən ermənipərəst dairələrin qara piar kampaniyasının ifşa edilməsində, istərsə də bəzi xarici qüvvələrin ölkələrimizə yönəlik qərəzli və məkrli planlarının iflasa uğradılmasında Azərbaycan-Türkiyə sarsılmaz birliyi öz sözünü deyəcək. Bununla yanaşı, dünya siyasətində söz və nüfuz sahibi olan Azərbaycan ilə Türkiyənin bütün beynəlxalq platformalarda bir-birini qətiyyətlə dəstəkləməsi ölkələrimizin gücünün artmasını, qlobal arenada mövqeyinin möhkəmlənməsini şərtləndirəcək”.
YAP sədrinin müavini daha sonra qeyd edib ki, regionun perspektivi dost, qardaş və strateji tərəfdaş olan Azərbaycan ilə Türkiyənin rifah və inkişaf naminə formalaşdıracağı yeni əməkdaşlıq platformasının uğurla reallaşdırılması sayəsində təmin olunacaq. Biz ölkələrimizin qüdrətli və həmrəy olmalarına görə son dərəcə qürurluyuq və iftixarla qeyd edə bilərik ki, Azərbaycan və Türkiyənin güclü mənəvi-siyasi birliyi xalqlarımızın xoşbəxt gələcəyinə, regionda təhlükəsizlik və inkişafa xidmət göstərir, ölkələrimizin tərəqqi yolunda inamla irəliləməsini təmin edir.
YAP ilə AKP arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edən Tahir Budaqov diqqətə çatdırıb ki, partiyalararası münasibətlər bütövlükdə hər iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Çıxışının
sonunda YAP Mərkəzi Aparatının rəhbəri konfrans
iştirakçılarına qarşıdan gələn
müqəddəs Ramazan bayramı münasibəti ilə təbriklərini
çatdırıb, Azərbaycan və Türkiyə
xalqlarına, bütün müsəlman
qardaşlarımıza sülh, əmin-amanlıq və
rifah arzu edib.
Azərbaycan.-2021.- 5 may.- S.1;3.