Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycana Zəfər sevincini yaşatdı

 

 

Azərbaycan bu il dövlət müstəqilliyini yenidən bərpa etməsinin 30-cu ildönümünü qeyd edəcək. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, müstəqillik tariximiz tarixi paralellər fonunda şərh olunmalı, indiki və gələcək nəsillərə çatdırılmalıdır.

 Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etsə də, bu fakt inkaredilməzdir ki, onun bu sevincini yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşamağa başladıq. Müstəqilliyimizin ilk illərində yaşananlar yaşlı və orta nəslin yaddaşındadır. Azərbaycan gəncliyi bunu böyüklərin dilindən, eyni zamanda, tarix dərsliklərindən öyrənərək müstəqilliyimizin hansı çətinliklər hesabına qorunması, bu yolun heç də hamar olmaması barədə məlumata malik olur. Azərbaycan müstəqilliyinin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan insanların rəhbərliyi ucbatından müstəqilliyini itirmək, bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Digər tərəfdən də ölkədə silahlı qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsi ilə məşğul olmaları ərazilərimizin işğalına gətirib çıxarmışdı. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmüharibə dövründə xalqa bütün müraciətlərində, proqram xarakterli çıxışlarında daim diqqəti həmin dövrün reallıqlarına yönəldərək bu gerçəkliyi bəyan edir ki, torpaqlarımızın işğalı AXC-Müsavat cütlüyünün xəyanətinin nəticəsidir. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın 30 ilə yaxın dövrdə qazandığı uğurların təhlilini bir zərurətə çevirdi. Müstəqil Azərbaycanımız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ən çətin anlarda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas olaraq inkişaf, tərəqqi yoluna qədəm qoydu. Belə bir ağır vəzifəni üzərinə götürməklə milyonların etimadını doğrultmağı həyatının əsas amalı adlandıran Ümummilli Lider Heydər Əliyev ilk növbədə xalqının müdrikliyinə, qüdrətinə güvənərək o dövrdəki səbatsız iqtidarın buraxdığı səhvlər nəticəsində yaranan vətəndaş müharibəsi təhlükəsini uzaqgörən siyasəti ilə dərk edirdi. Xalqın tələbi ilə 9 iyunda Bakıya qayıdan, həmin ayın 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi, milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə qarşıda duran vacib məsələlərdən danışdı, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağı hər kəsin vətəndaşlıq borcu kimi qarşıya qoydu. Ümummilli Lider ilk gündən bu çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Dahi şəxsiyyət bu reallığı da diqqətə çatdırırdı ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına bağlılığı və bu fonda atdığı biri-birindən əhəmiyyətli addımları ilə xarakterizə olunur. Xalqına verdiyi vədləri həmişə olduğu kimi sədaqəti ilə doğruldan, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayacam” söyləyən Ümummilli Lider Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirləri ilə də Vətəninə, xalqına bağlılığını ifadə etmişdi. Hakimiyyətə gəldiyi ilk gündən müharibə şəraitində yaşayan ölkəmizdə müdafiə və ordu quruculuğu ilə məşğul olan Ulu Öndər, eyni zamanda, sülhpərvər diplomatik yanaşmaya üstünlük verərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün vasitələrdən istifadə edirdi. Ümummilli Liderin fəaliyyətinin əsasını Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını aradan qaldırmaq, həqiqətləri olduğu kimi dünyaya çatdırmaq təşkil edirdi. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə rəvac verirdi. Ermənilərin və erməni diasporunun apardıqları qərəzli təbliğata uyğun olaraq Azərbaycan beynəlxalq ictimaiyyətə işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim olunmuşdu.1992-ci ildə ABŞ Konqresinin ölkəmizə qarşı “Azadlığı müdafiə aktı”na ədalətsiz “907-ci düzəlişi” tətbiq etməsində də bu məlumatsızlıq əsas rol oynamışdı. Ermənilər buna nail olmaqla Azərbaycanı yardımlardan məhrum etmək, bununla da iqtisadi cəhətdən asılı vəziyyətə salmaq istəyirdilər. Amma ölkəmizin malik olduğu imkanlar, ən əsası, Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verərək ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək məqsədilə gərgin səylər nəticəsində 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın qarşısında elə geniş imkanlar yaratmışdı ki, ölkəmizi nəinki iqtisadi cəhətdən zəiflətmək mümkün idi, əksinə, dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətində dayanmışdı. Azərbaycan 10 il ədalətsiz “907-ci düzəliş”in tətbiqi şəraitində yaşasa da, iqtisadi uğurları ilə diqqət çəkdi. 2001-ci il 11 sentyabrda ABŞ-da baş verən terror aktı ABŞ hökumətinin xarici siyasətində dəyişikliklər etməsinə səbəb oldu. “907-ci düzəliş”in ədalətsiz qərar olduğunu etiraf edən ABŞ hökuməti onun fəaliyyətinin birillik dondurulması barədə qərar qəbul etdi. Növbəti illərdə bu qərar hər il yenidən təsdiqlənməklə fəaliyyəti dondurulur. Bunu qeyd etməklə Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu hər bir məqsədə nail olmaq üçün reallıqlara söykənərək atdığı addımların və onların nəticəsində ölçüyəgəlməz dərəcədə biri-birindən mühüm uğurlara nail olunduğunu bildirmək istərdik. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan, mürəkkəb bir dövrdə xalqın xidmətində dayanan, siyasi iradəsini, qətiyyətini, dövlətçilik təcrübəsini və bacarığını nümayiş etdirən Ulu Öndər Heydər Əliyev ən bacarıqlı siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirərək həqiqəti lazım olduğu məqamda dilə gətirən müdrik lider olduğunu sübut etdi.

Ümummilli Lider yaxşı bilirdi ki, Azərbaycanın ağır siyasi, iqtisadi böhrandan çıxması üçün başlıca şərt iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, bu fonda siyasi müstəqilliyin təmin edilməsidir. Buna görə də Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsini başlıca amil hesab edən Ulu Öndər Heydər Əliyev iqtisadi islahatlar həyata keçirdi, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsini prioritet kimi qarşıya qoydu. “Əsrin müqaviləsi”ni imzalamaqla yeni neft strategiyasını müəyyənləşdirən, Azərbaycana investisiya axınını iqtisadi böhrandan çıxış yolu hesab edən Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri reallığa çevrildi, Azərbaycan regional inkişafın aparıcı qüvvəsi oldu. İllər keçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi öz aktuallığını qorudu. Son 17 ildə Heydər Əliyev kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin təkmil siyasəti, gələcəyə hesablanmış inkişaf strategiyasına uyğun olaraq əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq miqyas aldı. Enerji sektorunun uğurları sırasında 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını, 2014-cü ildə “Cənub qaz dəhlizi”nin təməlinin qoyulmasını və 2018-ci ildə rəsmi açılışının keçirilməsini, həmçinin həmin ilin iyun ayının 12-də onun əsas seqmentlərindən olan TANAP-ın, 2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsini qeyd edə bilərik. Bununla da dünyaya sübut etdik ki, biz tərəfdaşlarımızla bərabərlik əsasında əməkdaşlıq etməyi bacarırıq və neft strategiyasını həyata keçirən Azərbaycanın bacarıqlı, təcrübəli neftçiləri var. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, möhtərəm Prezident İlham Əliyev neftçi əməyini daim yüksək dəyərləndiriblər. Ulu Öndər Heydər Əliyevin fərmanına uyğun olaraq “Əsrin müqaviləsi”nin imzalandığı tarixin - 20 sentyabrın ölkəmizdə Neftçilər Günü kimi təsis edilməsi də deyilənlərin təsdiqidir. İndi tam əminliklə demək olar ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dünyanın enerji xəritəsini dəyişdirməyə imkan yaratdı. Dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq modern şirkətə çevrilməyi əsas vəzifə kimi qoyub. SOCAR-ın həyata keçirdiyi investiya layihələri həm ölkəmizin, həm də qurumun beynəlxalq mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər bir layihələrin uğurlu icrasında kadr potensialı da əhəmiyyətli rol oynayır. Dövlətimiz, həmçinin SOCAR bu məsələnin də həllinə xüsusi diqqət yönəldir. Cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı əsasında SOCAR-ın strukturunda Bakı Ali Neft Məktəbi yaradılıb. Bu ali təhsil ocağı ilk gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində liderliyini qoruyur. Bakı Ali Neft Məktəbinin yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün ilk növbədə Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyəti cəlb olunub. Bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişmələrinə imkan yaradır.

Ümumiyyətlə, ölkəmizdə təhsilin inkişafı prioritetdir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü və dünya təcrübəsinə əsasən bu reallığı da diqqətə çatdırdı ki, hər bir ölkənin inkişafında bilik, təcrübə, yeni texnologiyalar əsas rol oynayır. Bu üç amilin vəhdətinin qorunması ilə davamlı inkişafa nail olmaq mümkündür. Yeni texnologiyaların tətbiqi isə öz növbəsində kadr hazırlığını bir tələbə çevirir. Cənab İlham Əliyevin son 17 ildə atdığı addımlar Heydər Əliyev yolunun uğurlu davamıdır. Ulu Öndərin hakimiyyətinin hər iki dövründə gənclərə, onların təhsilinə, tərbiyəsinə diqqət və qayğı öndə olub. Hakimiyyətinin birinci dövründə yüzlərlə gəncin keçmiş ittifaqın ən nüfuzlu ali təhsil ocaqlarına göndərilməsi də Azərbaycanın müstəqil gələcəyinə hesablanmış addımlardan idi. Həmin gənclər sonrakı dövrlərdə ən yüksək strukturlarda təmsil olunaraq ölkəmizin ayrı-ayrı sahələrdə inkişafına öz töhfələrini verirlər. Cənab İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı dövlət proqramı da onların biliklərə daha dərindən yiyələnmələrinə, zəngin təcrübə əldə edib ölkəmizə qayıtdıqdan sonra dayanıqlı inkişafı dəstəkləmələrinə xidmət edir. Ən əsası isə bu gənclər, həm də Azərbaycanın təbliğatçılarıdırlar. Onlar təhsil aldıqları ölkələrdə Azərbaycan həqiqətlərini təbliğ edir, əlaqələrin inkişafına səy göstərirlər. Ümummilli Lider belə bir çağırış etmişdir ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında sıx birləşmək çağırışı həmrəyliyimizin qorunmasında əhəmiyyətli rol oynadı. Dünyaya inteqrasiya siyasəti həyata keçirən ölkəmizdə dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə, tariximizə bağlılıq prioritetdir. Bu gün tolerant dövlət kimi dünya sivilizasiyasının aparıcı ölkələri sırasında ön cərgədə dayanan Azərbaycanın brendi olan multikulturalizmin əsasını müəyyənləşdirən Ulu Öndər həmçinin bildirirdi ki, Azərbaycan çoxmillətli respublikadır. Ölkəmizdə bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların respublikanın ictimai-siyasi həyatında bərabər hüquqlar çərçivəsində iştirak etməsi üçün bütün imkanlar yaradılacaqdır. Bu siyasətin davamı olaraq dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edlimişdir. Xalqımızın tarixinə, ədəbiyyatına, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə bağlılığının təsdiqi kimi 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsini də xüsusi qeyd etməliyik. Hər bir il gənclərimizin milli ruhda yetişməsinə geniş imkanlar açır.

Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını və inkişaf etdirilməsini, diaspor quruculuğunu xüsusi qeyd edirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noybarın 9-10 tarixlərində Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində atılan ən mühüm addım, həmçinin bu sahənin inkişafında yeni mərhələnin əsası oldu. Diaspor bir dövlətin xaricdəki varlığıdır. Azərbaycan həqiqətlərinin təbliğində müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birləşdikləri Azərbaycan mərkəzlərinin, diaspor təşkilatlarının böyük rolu var. Ümummilli Lider bu çağırışı da edirdi ki, Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edən düşünülmüş xarici siyasəti olmalıdır. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək, dünya dövlətləri sistemində layiqli yer tutmaq xarici siyasətimizin əsas istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin bu prinsiplər əsasında həyata keçirdiyi xarici siyasət kursunun da son 17 ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əldə olunan nəticələrdə öz aydın ifadəsini tapır. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək yeni-yeni dostlar, tərəfdaşlar qazanır ki, bu da öz növbəsində həqiqətlərimizin olduğu kimi təbliğində və qəbul olunmasında mühüm amillərdən biridir.

Ulu Öndər bu mühüm vəzifəni də qarşıya qoymuşdur ki, müstəqilliyimizi, suverenliyimizi daimi etdirmək üçün güclü ordumuz olmalıdır. Həmçinin güclü, qüdrətli ordu sülh danışıqlarının daha cəsarətlə aparılması üçün vacib şərtlərdən biri idi. Ulu Öndərin ordu quruculuğu istiqamətində atdığı addımların da bünövrəsi məhz respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası məhz həmin zamanlarda Ümummilli Liderin gərgin səyləri əsasında qoyulmuşdur. Bu gün böyük fəxr hissilə qeyd edirik ki, Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş ruhunun artması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində atdığı addımların nəticəsi bugünkü reallıqlarımızda öz aydın ifadəsini tapır. Müstəqilliyimizin ilk illərində gənclərin ordudan yayınma halları geniş vüsət almışdı. Amma 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da atılan addımlar gənclərin daha yüksək əhvali-ruhiyyə ilə hərbi xidmətə getmələrini stimullaşdırdı. 44 günlük İkinci Qarabağ müharibəsi ordumuzun hansı imkanlara malik olduğunu nümayiş etdirməklə yanaşı, gənclərdə məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq formalaşmış vətənpərvərlik ruhunun, torpaq sevgisinin təqdimatı oldu.

Ulu Öndər Heydər Əliyevin xidmətlərindən bəhs edərkən onun demokratik cəmiyyətin formalaşması, o cümlədən bunun əsas tərkib hissələrindən biri kimi çoxpartiyalı sistemin yaradılması istiqamətində addımlarından bəhs etməmək qeyri-mümkündür. Bu gün nəinki ölkənin, eyni zamanda, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biridir. Daim dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyası yarandığı gündən milyonların partiyasına çevrildi. Tutduğu yola sadiqlik, hər addımında dövlətinin, xalqının gələcəyini düşünməsi, populizmdən uzaqlığı, bütün təbəqədən olan insanları öz sıralarında bir araya gətirərək dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyi, Azərbaycanın hər bir uğurunda payının olması üçün göstərdiyi səylər YAP-ı qaliblər partiyası kimi tanıdıb. Ölkəmizdə keçirilən bütün seçki proseslərindən qalibiyyətlə çıxan Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər ilə daim ölkə ictimaiyyətinin rəğbətini qazanıb. Ümummilli Lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, partiyanın davamlı uğurlarına bələdçilik edir. Son 17 ildə partiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə təkmil inkişafı günümüzün reallıqları sırasındadır. Belə ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparılan təkmil islahatlardan qanunverici orqanın da kənarda qalmaması üçün parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab

İlham Əliyevin sərəncamı əsasında 2020-ci il fevralın 9-da keçirilən parlament seçkiləri əsasında formalaşan yeni parlament daha çevikliyi, səmərəli fəaliyyəti, cənab İlham Əliyevin gəncləşmə siyasətinə uyğun olaraq bu kateqoriyadan olan insanların təmsil olunması ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev islahatların inkişaf, yeni ideya, tərəqqi olduğunu önə çəkərkən bu məqamı da xüsusi vurğulayır ki, dayanıqlı inkişafın təmin edilməsində təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır.

Bu il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı da qəbul olunan qərarlar, qarşıya qoyulan vəzifələr, ünvanlanan çağırışlarla tarixə yazıldı. Bu mühüm hadisənin təsadüf etdiyi dövrə nəzər salmaq kifayətdir ki, onun tarixi əhəmiyyətini dərk edək.

Son 17 ilin reallıqları Ulu Öndər Heydər Əliyevin 2003-cü il 1 oktyabr tarixində xalqa müraciətində əksini tapan fikirlərin təqdimatıdır. Ümummilli Lider cənab İlham Əliyevə özü qədər inandığını, axıra qədər çatdıra bilmədiyi işlərin onun xalqın, Yeni Azərbaycan Partiyasının dəstəyi ilə sona yetirəcəyini böyük əminliklə qeyd etmişdi. 2003-cü ilin oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,84 faizinin səsini toplayaraq Prezident seçilən, növbəti 2008, 2013, 2018-ci illərin prezident seçkilərində də qələbəsini təkrarlayan cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” vədinin əməli işdə təsdiq etdiyini nümayiş etdirməklə Azərbaycanın qarşısında böyük imkanlar açdı.

Bu gün İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimiz Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Cənab İlham Əliyev daim öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız üçün lazım olan şəraiti yaratdıqda, çadırları şəhərciklərlə əvəzləyəndə bu fikri də diqqətə çatdırırdı ki, bunlar müvəqqəti xarakter daşıyır. Tezliklə torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq yeni həyata başlayacaqlar. Dövlət başçısı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Möhtərəm Prezidentin bəyanatları sırasında “Biz imkan vermərik ki, torpaqlarımızda ikinci erməni dövləti yaradılsın” fikri də xüsusi yer tuturdu. Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi, nəyi nə zaman etdiyini yaxşı bilir. Azərbaycan bu müddət ərzində gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb. Digər qurumların da qərar və qətnamələrində Azərbaycanın mövqeyi dəstəkləndi. Bütün bunlar rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmasında mühüm rol oynadı. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi və digər uğurlarımız da Azərbaycana dəstəyin aydın mənzərəsini yaradır. Bununla belə, dünyanın ikili siyasəti ucbatından qəbul olunan qərar və qətnamələr kağız üzərində saraldı, ermənilərə gözün üstə qaşın var deyən olmadı. 30 ilə yaxın dövrdə aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Azərbaycan Ordusu 44 gün ərzində etdi. Torpaqlarımızın işğalına son qoyuldu, ədalət bərpa edildi, milli qürurumuz özümüzə qayıtdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bugünə qədər yetişən Azərbaycan gənclərinin vətənpərvərlik hissinin, torpaq sevgisinin böyüklüyü İkinci Qarabağ müharibəsində Qələbəmizin mühüm amilidir. “Torpaqdan pay olmaz” deyib ömürdən pay verən gənclərimiz öz qanı, canı ilə Zəfər tariximizi yazdılar. Bundan sonra qürur hissi ilə yaşayacağıq: Müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi. Hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə də Qələbəmizi eyni coşqu ilə yaşadı. Nəinki paytaxt Bakımızın, həmçinin Türkiyənin küçə və meydanlarını iki dost, qardaş ölkənin bayraqları bəzədi. Vətən müharibəsi, eyni zamanda, həqiqət anı oldu. Dövlətlər, təşkilatlar münasibətlərində nə qədər səmimi və qeyri-səmimi olduqlarını nümayiş etdirdilər. Bütün təzyiqlərə baxmayaraq, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, Ermənistana və ona havadarlıq edən dövlətlərə öz mesajlarını çatdırdı. Möhtərəm Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsində 30-a yaxın xarici mətbuata müsahibələri, həmçinin postmüharibə dövründə videoformat şəklində keçirilən beynəlxalq tədbirlərdə çıxışları, yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Dağlıq Qarabağ həqiqətlərinin, İkinci Qarabağ müharibəsini şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində Azərbaycanın üstünlüyünü təmin etdi. Bu gün böyük fəxr hissilə qeyd edirik ki, Azərbaycan xalqı dünyanın ən məğrur, yenilməz xalqı, cənab İlham Əliyev qalib Lider, ordumuz ən güclü, qüdrətli ordusudur. Torpaqlarımız öz tarixi sahibinə qayıtmaqla bu reallığı bir daha dünyaya çatdırdı ki, işğalçıya dəstək olmaqla tarixi silmək, başqasının ərazilərini işğal altında saxlamaq qeyri-mümkündür. Gec-tez həqiqət qalib gəlir.

Artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Tezliklə bu torpaqlarımız cənnətməkana çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq. Bu ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər bugünə qədər necə vəhşi ilə üz-üzə qaldığımızı nümayiş etdirir. Təəssüflər olsun ki, dünya hələ də baş verənləri görməzdən gəlir. Fakt budur ki, Azərbaycan tarixi Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradıb. Yazımı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabrda Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi bu fikirlərlə bitirirəm: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

 

 

 

Elmar QASIMOV,

YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru

Azərbaycan.-2021.- 5 may.- S.8.