ABŞ
Prezidentinin ermənilərə
“quyu qazan” populizmi
ABŞ Prezidenti illər
sonra ilk dəfə “erməni genosidi” ifadəsini işlədib. Bununla da Ağ Evin
sahibi illərdir
ABŞ-dan “dəstək”
dilənən, amma eyni zamanda özünün
təbirincə desək,
“ABŞ-ı zənginləşdirən” ermənilərə sədəqəsini
əsirgəməyib. Əslində, Baydenin bu addımı
atmaması təəccüb
doğura bilərdi.
Bəlli
olduğu kimi, Bayden ABŞ-da erməni məsələsinin
lobbiçilərindən olub.
1995-2007-ci illərdə
senator olduğu dönəmdə
Bayden ABŞ Konqresinin
erməni məsələləri
üzrə qrupunda təmsil olunub və ədalətsiz
907-ci düzəlişə səs verib. 1997-ci ildə Federal Cinayət Məcəlləsinə
yalnız “soyqırımı”
tərifini deyil, həm də bu cinayətə görə cəza təyin edən qanunvericilik düzəlişinin
müəllifi olub.
Vitse-prezident kimi fəaliyyətə
başladıqdan sonra
da Bayden erməni havadarlığından
əl cəkməyib və Vaşinqtonda saxta soyqırımı qurbanları üçün
təşkil edilən
ibadətə qatılıb.
2020-ci il prezident
seçkisi kampaniyası
zamanı Bayden ermənilərə Konqresin
“erməni soyqırımı”nı
tanıyan qərarını
dəstəkləyəcəyinə söz verib və bu yöndə
simvolik addımını
atıb. Ermənistan üçün ABŞ-dakı nüfuzlu erməni lobbisinin fəallığı hər
zaman motivasiyaedici əhəmiyyət daşıyıb.
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan aprelin 26-da keçirilən mətbuat
konfransında Baydenin bəyanatını şərh
edərkən həm də ABŞ-ın Cənubi Qafqazda baş verənləri spekulyasiya obyektinə çevirmək cəhdlərinə
də toxunub: “30 il əvvəl işğal olunmuş Qarabağ və Azərbaycan şəhərlərində
edilənlər göz
önündədir. Hörmətli
Bayden, Minsk qrupu deyilən bir üçlük quruldu.
30 il ərzində
bu işğala son qoymadınız. Təəssüf ki, oradakı
insanlar, bir milyondan çox azərbaycanlı qardaşlarımız
doğma yurdlarından
köç etmək məcburiyyətində qaldılar.
Bütün o yerlər, o Qarabağ,
bütün binalar, hər şey təəssüf ki, yandırıldı, məhv
edildi. Soyqırımı deyirsinizsə, güzgüyə
baxmalı və özünüzü qiymətləndirməlisiniz.
Hinduları deməyimə ehtiyac
yoxdur. Bütün bunlar ortada ikən ayağa qalxaraq Türkiyəyə
və türk millətinə soyqırımı
damğası vura bilməzsiniz”.
Məsələnin mahiyyətinə gəldikdə
isə baş verənlər ABŞ rəsmilərinin
növbəti ikili standartlara əsaslanan “siyasi tamaşası”ndan başqa bir şey deyil və heç də yüksək humanizm dəyərlərinə
sadiqlik nümunəsi
kimi dəyərləndirilməməlidir. Bir fakta
diqqət çəkmək
kifayətdir ki, soyqırımının istənilən
təzahürlərini qadağan
edən konvensiyaya
ABŞ yalnız 1988-ci ildə
qoşulub. Bəlli olduğu
kimi, BMT Konvensiyası
soyqırımı “milli,
etnik, irqi və ya dini
qrupu tamamilə və ya qismən
məhv etmək məqsədi ilə” törədilmiş bir əməl kimi şərh edir. Bu mətn hər
kəs üçün
aydındır. Məsələ burasındadır ki, ermənilər 1915-1923-cü illərdə
baş verən hadisələri fərqli qəbul edir və yenə öz amplualarındadırlar.
Xülasə, ermənilər hər
zaman olduğu kimi, “adımı sənə qoyum, səni yana-yana qoyum” fəlsəfəsindən
çıxış edərək
bu məsələdən
də əzəli-əbədi
türk düşmənçiliyində
bir addım irəli düşmək şansı kimi yararlanmaq iddiasındadırlar.
Bu şou, ABŞ Prezidentinin
yalnız simvolik önəm daşıyan çıxışı ilə
bağlı ermənilərin
eyforiyası həmçinin
44 günlük Vətən
müharibəsində bədnam
qonşularımızın biabırçı məğlubiyyətini,
Azərbaycanın tarixə
düşən parlaq
Zəfərini unutdurmaq,
kölgədə qoymaq
məqsədi güdür.
Təəccüb doğuran onların dəyirmanına su tökənin kimliyi ilə bağlıdır. Bayden kifayət
qədər təcrübəli
siyasətçidir. Və
gözəl anlamalıdır
ki, əgər vəkil Lemkinin 75 il öncə siyasi dövriyyəyə gətirdiyi soyqırımı
etnik təmizləmədirsə,
onda etnik təmizləməni, terroru
XX əsrin əvvəllərindən
milli ideologiya səviyyəsinə qaldıran
Ermənistan qınananların
ön sırasında
olmalıdır. Yoxsa türkləri
və azərbaycanlıları
qətlə yetirənlər
terrorçu hesab edilmir? Axı öz seçkiqabağı
kampaniyası gedişində
Bayden bu cür hallarda “susqunluğun ortaqlıq kimi” anlaşıla biləcəyinə eyham vurmuşdu. O zaman düşünülə bilər
ki, ABŞ hökuməti
və bütövlükdə
Qərb dünyası
XX əsrin əvvəllərində
erməni daşnaklarının
Türkiyə və Azərbaycan ərazisindəki
vandallıqlarına, Xocalı
soyqırımına laqeydlik
nümayiş etdirməklə
onların cinayətlərinə
şərik çıxır.
Azərbaycan Respublikası
Xarici İşlər
Nazirliyinin ABŞ Prezidentinin
erməni anım günü münasibətilə
etdiyi çıxışına
dair şərhində
bu məqama xüsusi diqqət çəkilib: “100 il bundan öncə baş verən hadisələr yanlış
şəkildə təqdim
edilərkən 30 il bundan öncə Ermənistan tərəfindən
Xocalıda azərbaycanlılara
qarşı törədilən
soyqırımına hələ
də ədalətli qiymətin verilməməsi
qərəzlilik və
ikili standart nümunəsidir”.
Baydenin siyasi populizmi Cənubi Qafqaz regionunda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur. Amma görünür, Oval kabinetin sahibi Türkiyə və Azərbaycanın regionda güclənməsini o dərəcədə həzm edə bilmir ki, bu ayrıntıları gözardı edir. Əslində ABŞ Administrasiyası düzgün hesablayıb ki, türk dünyasının əzəmətini qaytarmaq üçün həm beynəlxalq müstəvidə söz sahibi olan Türkiyənin Prezidenti Ərdoğan, həm də hazırda tarixinin ən qüdrətli dönəmini yaşayan Azərbaycanın Prezidenti İlham Əliyevdə yetərincə xarizma, nüfuz və böyük siyasətçilərə xas baxış bucağı var. Hər iki dövlətin başçısı müstəqil və praqmatik siyasət reallaşdıran, elektoratının həlledici çoxluğunun dəstəyinə sahib uzaqgörən və cəsarətli liderlərdir və istənilən məsələdə bir-birinin yanındadırlar.
Bu reallıqların fonunda ABŞ hazırda keçmiş müttəfiqinin “inad”ını qırmaq üçün siyasi müstəvidə nəhəng oyunçu olduğunu zaman-zaman Suriyada, Liviyada, Qafqazda təsdiqləyən Türkiyənin müstəqil siyasət yürütdüyü bölgələrdə münaqişələrin qızışdırılmasında da olmasa, “yavaş tüstüləməsində” birbaşa maraqlıdır. Çünki ABŞ-da II Dünya savaşından sonra qurulan dünya düzəninin çökməkdə olduğunu, şərtlərin dəyişdiyini və üç önəmli Avroatlantika, Asiya və Avrasiya güc mərkəzləri arasında mücadilənin alovlandığını yaxşı dərk edirlər. Həmçinin Türkiyənin bu arada önəmli mövqeyini də düzgün dəyərləndirirlər ki, çıxış yolunu ona təzyiq etməkdə görürlər. Bəli, Baydenin bəyanatı geosiyasi gediş, “erməni genosidi” isə Ankaraya hesablanmış təsir vasitəsidir. Yoxsa Bayden də, ABŞ siyasi elitası da 1915-ci ildə Şərqi Anadoluda baş verənlərin soyqırımı olmadığını, “Köç və Məskunlaşma Qanunu”nun da Osmanlı dövlətinin daxili təhlükəsizliyini qorumaq zərurətindən qaynaqlandığını yaxşı bilirlər.
Birinci Dünya savaşı gedişində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirlərə əl atmışdılar və bu, hərbi siyasətin bir parçası idi. Maraqlı bir məqam da qeyd olunmalıdır ki, 1985-ci ildə məhz ABŞ-ın dünyada məşhur 69 tarixçisi və elm adamı 5 illik araşdırmaların nəticəsi olaraq “erməni soyqırımı” mifini yalanlayan deklarasiya imzalayıblar. Bu gün bu mifi tirajlayanların bu deklarasiyadan xəbərsiz olmadıqları faktdır. Əslində ermənilər özləri belə bu təbliğat terminini doğrulamağın mümkünsüzlüyünü anlayırlar.
Artıq qeyd etdiyimiz kimi, soyqırımı 1948-ci ildə BMT çərçivəsində yəhudi soyqırımı ilə bağlı hazırlanan konvensiyayla dövriyyəyə gətirilib. Bu sənədin ən önəmli məqamı - “bir olayın soyqırımı olaraq tanınması üçün qəsdən törədilməsi” şərtidir. Bu baxımdan yanaşdıqda qızıldərililərlə bağlı ABŞ-da yaşananlar soyqırımıdır.
Konvensiyada sənədin gündəmə gəldiyi andan etibarən baş verən olayları soyqırımı kimi dəyərləndirə bilmək üçün hazırlandığı və geri oxunmadığı mesajı verilir. Bu səbəbdən keçmişdə tanınan və bilinən yeganə soyqırımı yəhudi qətliamıdır. Bu həqiqətlər Baydenin bəyanatının tarixi səhv olduğunu bir daha təsdiqləyir. Görünən odur ki, 78 yaşlı siyasətçi bilərəkdən yeganə qurtuluşu Qarabağ probleminin həllinin ardınca bölgədə sülhün bərqərar olması, kommunikasiya xətlərinin bərpası olan Ermənistanı yenidən fəlakət girdabına sürükləyir.
Ziyafət
HƏBİBOVA,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru
Azərbaycan.-2021.- 5 may.- S.10.