Xalı-xalçanın xalı
gözəl...
Ərişə dolanıb, arğacda ilmələnən,
naxışların dili ilə
danışan xalçaçılıq milli-mənəvi dəyərlərimiz
kimi əsrlərin yadigarıdır
Azərbaycan xalqının tarixində və mədəniyyətində elə sənətkarlıq nümunələri var ki, onlar əsrləri yola salmaqdadır. Bu sənət əsərlərində həm tariximizin, həm də mədəniyyətimizin ilkinlikləri öz işartılarını və inkişafını qoruyub saxlamaqdadır. Onlardan biri də ilmələrdən naxışlanmış xalı-xalçalardır.
Mənalı ömrünü və şərəflə keçdiyi yolu xalçaçılıq sənətinə həsr edən Lətif Kərimovun bu sahədəki xidmətlərindən biri də 1972-ci ildə Bakıda Xalçaçılıq Muzeyinin təşkilinə nail olmasıdır.
“Azərbaycanın ənənəvi xalçaçılıq sənəti” 2010-cu ildə UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu da qədim sənət nümunələrimizin ermənilər tərəfindən saxtalaşdırılmasının qarşısının alınmasında mühüm vasitələrdən biridir. Buna isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüs və xidmətləri sayəsində nail olunub.
Prezident İlham Əliyevin
müvafiq sərəncamına əsasən 2017-ci ildə 20-dən
çox ölkədən
mütəxəssislərin iştirakı ilə “Ənənə
və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan
xalçası üzrə V Beynəlxalq simpozium
keçirilmişdir. Ölkə rəhbəri
tərəfindən imzalanmış “Azərbaycan Respublikasında
xalça sənətinin qorunması və
inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün
Dövlət Proqramı”nın icrası da
bu sənətin inkişafına əhəmiyyətli
təsir göstərmişdir.
Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESKO-nun baş qərargahında və xarici ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də keçirilmişdir.
2014-cü ildə paytaxt Bakıda, Dənizkənarı parkda Xalça Muzeyinin yeni binasının açılışı olub. Unikallığı, milli memarlıq üslubu ilə də diqqəti cəlb edən muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.
Azərbaycan xalçaçılığı tarixi ənənələrə sadiqliyini bu gün də qoruyub saxlamaqdadır. Bir neçə bölgənin özünəməxsus xalçaçılıq sənəti yaşadılır ki, onlardan biri qarabağlılara məxsusdur. Ermənilərin dünyaya özlərininki kimi təqdim etdiyi Qarabağ xalçalarının 33 kompozisiyası var. Bu xalçalar Qarabağın Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və digər yerlərində istehsal olunurdu. Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf etmişdir. Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri, Daşbulaq, Dovşanlı, Girov, Çanaxçı, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayıb. “Aran”, “Bağçadagüllər”, “Buynuzı”, “Bərdə”, “Qarabağ”, “Ləmbəran”, “Muğan”, “Talış”, “Lampa”, “Malıbəyli”, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Qızılgül”, “Şabalıdbuta” və s. çeşnili kompozisiyalar Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılmışdır.
XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, “Bağçadagüllər”, “Saxsıdagüllər”, “Bulud” və s. çeşnilər toxunurdu. “Qarabağ” adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuma müəssisələrində istehsal olunub və bu gün də toxunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalara müxtəlif adlar verilib. Lakin sənətkarlar onları ümumilikdə “Qarabağ” xalçaları adlandırıblar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar “Xan” və ya “Xan Qarabağ” kimi müxtəlif adlar almışdılar.
Qarabağ Azərbaycanın ən tanınmış xalçatoxuma ərazisidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar dünya bazarına və yarmarkalara ixrac olunanlardan daha gözəl hesab olunurdu. Qarabağ xalçaçılıq məktəbinin ən gözəl nümunələrindən biri də Cəbrayıl qrupuna aid edilən xovlu “Qasımuşağı”dır. Xalçanın adı Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır.
Gəncə xalçaçılıq məktəbi şəhərin özünü, ətraf kəndləri, eləcə də Gədəbəy, Goranboy, Şəmkir, Samux rayonlarının ərazisini əhatə edib. X-XI əsrlərdə yüksəkkeyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xalça emalatxanaları fəaliyyət göstərib. Bu emalatxanalarda “Qədim Gəncə”, “Çölkənd”, “Faxralı”, “Çaykənd” və digər kompozisiyalı xalçalar toxunub. Nizami yurdunda bu gün də dörd xalçaçılıq emalatxanası fəaliyyət göstərir. Onlar Heydər Əliyev Mərkəzində, Məhsəti Mərkəzində, Toxuculq Kombinatının nəzdində, biri isə əməkdar rəssam Şərif Şərifovun emalatxanasındadır. Toxuculuq kombinatında 20, Heydər Əliyev Mərkəzində 11, Məhsəti Mərkəzində 9, Şərif Şərifovun emalatxanasında 8 toxucu dəzgahı var. “Qollu çiçi”, “Faxralı”, “Qədim Gəncə”, “Köhnə Qazax”, “Butalı Gəncə” və sair adda xalçalar bu gün ən çox toxunanlar sırasındadır.
Azərbaycan xalçaları içərisində Şirvan qrupunun da özünəməxsus yeri var. Şirvan əhalisinin ev-məişətinin zəruri hissəsi olan xalçalar əsrlərboyu mənzillərin bədii tərtibatında başlıca yer tutub. Burada digər xalq sənət sahələri kimi, xalçaçılıq da bədii-texnoloji baxımdan müxtəlif inkişaf mərhələləri keçib. Əhalinin əsas təsərrüfat sahələrindən biri olan qoyunçuluq xalçaçılığın inkişafı üçün əlverişli zəmin yaradıb.
Şirvan xalçaları texnologiyasına görə xovsuz və xovlu növlərə bölünür. Bölgənin əsas xalçaçılıq mərkəzləri Şamaxı, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar rayonlarının kəndlərini əhatə edir. Qəbələ və Salyan rayonlarının əhalisi tərəfindən toxunan xalçalar da texniki və bədii cəhətdən Şirvan xalçaları ilə bir çox oxşar cəhətlərə malik olduğundan, onlar da bu qrupa aid edilir. Şirvanın ən böyük xalçaçılıq mərkəzi Şamaxı şəhəri, onun ətrafındakı qəsəbə və kəndlər olub. Müasir Qobustan rayonunun kəndləri Azərbaycanın ən qədim xalçaçılıq məntəqələri kimi tanınıb. Elmi ədəbiyyatlarda “Mərəzə”, “Nabur”, “Çuxanlı”, “Cəyirli”, “Cəmcəmli”, “Qabıstan” kimi adlandırılmış xovlu, kilim, palaz, zili tək xovsuz xalçalar məşhurdur. “Qaraçöp” xalçalarının adı Muğanlı, Ləmbəli, Tüllər kəndinin adı ilə bağlıdır. Azərbaycan xalçaçılıq məktəbinin əsas qollarından birini də Qazax xalçaçılıq məktəbi təşkil edir.
Qazax xalçaçlıq məktəbinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları da daxildir. Göyçə xalçaçılıq mərkəzini Pəmpək, Ləmbəli, İcevan, Qaraqoyunlu və Göyçə gölü ətrafındakı ərazilər, Borçalı xalçaçılıq mərkəzini isə Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.
Qazax qrupuna “Şıxlı”, “Borçalı”, “Qaymaqlı”, “Qaraqoyunlu”, “Qarayazı”, “Qaraçöp”, “Qaçağan”, “Dağkəsəmən”, “Dəmirçilər”, “Kəmərli”, “Göyçəli”, “Salahlı “ və s. çeşnili xalçalar daxildir. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılır. Gəncə-Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb edib və XI əsr italyan rəssamı Karlo Krivelonun “Müjdə”, alman rəssamı Hans Holbeynin (XV əsr) “Elçilər” tablolarında bu xalçaların təsviri verilib.
Quba xalçaçılıq məktəbi Qonaqkənd və Dəvəçi rayonları daxil olmaqla, 35-ə yaxın ornament kompozisiyalı xalçaları əhatə edir. Bildiyimiz kimi, Quba ərazisi müxtəlif tayfalar yerləşən tarixi bölgədir. Burada Azərbaycan, ləzgi, tat, xınalıq, cek, buduq, qırız və başqa dillərdə danışan xalqlar yaşayır. Quba xalçaları bəzən ayrı-ayrı kəndlərdə toxunduqları üçün naxış müxtəliflikləri ilə fərqlənirlər. Onların ornamentlərinin böyük əksəriyyəti uyğunlaşdırılmış coğrafi və bitki motivləri ilə xarakterizə olunur. Onlardan “Qırız”, “Qımıl”, “Qonaqkənd”, “Şahnəzərli” və digər xalçaları göstərmək olar.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 5 may.- S.11.