Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə Moskvada iftar
süfrəsi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Moskva Müsəlmanları Dini İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Dini İdarəsi və Moskva hökumətinin dəstəyi ilə “Poklannaya qora”da qurulmuş “Ramazan çadırı”nda Azərbaycan Günü təşkil edilib və iftar süfrəsi açılıb.
AZƏRTAC
xəbər verir ki, gecədə ictimai xadimlər, Azərbaycan
diasporunun nümayəndələri, müxtəlif millətlərdən
olan 1000-ə yaxın müsəlman iştirak edib.
Tədbirdə
çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin
müşaviri Zaur Paşayev, Moskva müsəlmanları məktəbinin
direktoru Ənas Həzrət Məmmədov iftarın təşkilinə
görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevaya, eləcə də “Ramazan
çadırı”nın təşkilatçılarına təşəkkürlərini
bildiriblər.
“Ramazan
çadırı”nın təşkilatçıları
dini-mənəvi dəyərlərə verdiyi yüksək
qiymətə görə Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu
ilə təltif ediblər.
Tədbirdə
Azərbaycanda multikulturalizm ənənələrindən bəhs
edən film nümayiş etdirilib, Moskva müsəlmanları
məktəbi şagirdlərinin ifasında dini şeirlər,
dini mahnılar ifa olunub, “AMOR” və “İRS-Naslediye”
jurnalları paylanıb.
İftardan əvvəl müqəddəs “Qurani-Kərim”dən ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin təamlarından və şirniyyatlarından dadıblar.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və İslam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi
hər il bu layihədə
fəal iştirak edir,
dindarlar üçün
iftar süfrəsi açır.
Azərbaycan.-2021.- 5 may.- S.11.