Dövrünün görkəmli
maarifçi ziyalısı
Abdulla Şaiq -140
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Abdulla Şaiq ömrünün yarıdan çoxunu xalq maarifinin inkişafına sərf etmişdi. O, şair, nasir, dramaturq, tərcüməçi, qayğıkeş pedaqoq olmaqla yanaşı, həm də bir çox dərs kitablarının müəllifidir. Abdulla Axund Mustafa oğlu Talıbzadə-Abdulla Şaiq 1881-ci il fefral ayının 21-də Tiflisin Şeytanbazar deyilən məhəlləsində anadan olmuşdu.
Abdulla Şaiq doğulmamışdan öncə gənc ailədə Abdulla adlı bir oğlan uşağı dünyaya gəlmişdi. Onun gəlişi böyük sevincə səbəb olsa da bu, uzun sürməmişdi. O, körpə ikən dünyasını dəyişmişdi. Bir müddət gənc ata-ana uşağın yoxluğu ilə barışa bilmir. Lakin çox keçmir ki, ailənin qurduğu ocağa yeni sevinc gəlir. Allah-təalanın hökmü ilə Abdullanı əvəz edəcək körpə dünyaya göz açır. Uzun səfərdən gələn oğlan uşağı özü ilə bacı da gətirir. Bu da ailənin ikiqat sevincinə səbəb olur. Ata əvvəlinci oğlunun adını yaşatmaq üçün yeni doğulmuş övladına Abdulla, qızına Raziyə (qayıdan) adını verir. Lakin təəssüflər olsun ki, Raziyə də çox yaşamır. Üçaylığında o da dünyasını dəyişir.
Abdullanın atası Axund Mustafa Süleyman oğlu dövrünün məşhur din və maarif xadimlərindən idi. Axund Mustafa ali dini təhsilini Təbrizdə məşhur olan Hacı Səfərəli mədrəsəsində bitirmişdi. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra Şiə Ruhani İdarəsində yüksəkrütbəli din xadimlərinin qarşısında imtahan verərək Axund rütbəsinə layiq görülmüşdür. O, Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilmiş, məktəb və dərsliklərin yaradılması işinə nəzarət etmiş, Tiflis şəhəri üzrə Qazının, sonra isə Zaqafqaziya üzrə Şeyxülislamın müavini olmuşdur. Balaca Abdulla atasının 1888-ci ildə Tiflisin azərbaycanlılar yaşayan hissəsində ərəb və fars dillərindən dərs dediyi 6 sinifli Azərbaycan məktəbində oxumuşdu.
Bir müddət burada təhsil aldıqdan sonra anası Mehri xanım Abdullanı və qardaşı Yusifi Xorasan ziyarətinə aparmaq üçün əri axund Mustafadan icazə istəyir. Lakin Axund onların bu səfərə getməsinə etiraz edir. Buna da uşaqlarının kiçik, arvadının cavan olmasını səbəb gətirirdi. Əsl səbəb isə ailədə yaranmış umu-küsülük idi. Mehri xanım isə bu müqəddəs səfərə getmək üçün ərindən icazə almaqda təkidli idi. Axund Mustafa naəlac qalıb ailəsinin qonşu qadın ilə səfərə getməyinə razılıq verir.
1893-cü ildə
Abdulla qardaşı Yusif
və anası ilə Xorasana, indiki Məşhəd şəhərinə səfər
edir. Onlar Axund Mustafanın hər ay
göndərdiyi kifayətedici pulla
dolanırlar. Abdulla əvvəlcə mollaxanada oxuyur. Burada Çərəkə, Quran, Cameyi-Abbas,
Gülüstan kimi kitablar tədris edilirdi. Lakin mollanın bir
dəfə onu çubuqla vurması Abdullanın buradan qaçmasına səbəb
olur. Bir qədər sonra
isə İmam Rzanın ziyarətgahı
yaxınlığında Mirzə
Yusif adlı bir ziyalının açdığı şəxsi
məktəbdə təhsilini
davam etdirir. Qardaşlar burada fars və
ərəb ədəbiyyatını
öyrənməkdən savayı,
tarix, məntiq, psixologiya və başqa fənləri də dərindən mənimsəməyə başlayırlar.
1899-cu ildə ailə
Tiflisə qayıdır,
Abdulla isə Xorasanda qalıb təhsilini davam etdirir.
1900-cü ildə anası
Abdullanı vətənə
gətirmək üçün
Xorasana gəlir. Abdullanın etirazlarına
baxmayaraq Mehri xanım onu Tiflisə gətirir.
Bir müddət
sonra Abdulla müəllimlik
şəhadətnaməsi almaq
üçün Bakıya
gəlir. O, ilk növbədə,
Tiflisdən tanıdığı
Nəriman Nərimanovla
görüşür.
N.Nərimanov bu ailə ilə
həmişə isti münasibətdə olmuşdu. O, Qori Müəllimlər Seminariyasında
təhsilini başa vurduqdan sonra da axundla tez-tez
görüşərdi. Mehri
xanım uşaqlarını
vaxtaşırı götürüb
N.Nərimanovun anası
Həlimə xanıma
baş çəkərmiş.
Abdulla Talıbzadə 22 aprel
1901-ci ildə Bakıda
Aleksandr gimnaziyasında
səkkiz nəfərdən
ibarət olan xüsusi komissiya qarşısında
imtahan verərək orta məktəblərdə
Azərbaycan dili dərsinin tədrisi üçün müəllimlik
şəhadətnaməsi alır.
Arxivdə diqqətçəkən
sənədlərdən biri
də 10 may 1901-ci ildə
Abdulla Talıbzadəyə verilən başqa bir şəhadətnamədir.
Bu dini biliyi
haqqında Tiflis Müsəlman
Məktəbinin ştatlı
nəzarətçisi, Zaqafqaziya
Şeyxülislamı Axundzadənin
imzası və möhürü ilə xüsusi təlim üzrə ilk iki sinfi bitirərək III sinfin birinci bölməsinə daxil olması haqqında Abdulla
Talıbzadəyə verilən
şəhadətnamə idi.
Abdulla Şaiqin müəllimlik
şəhadətnaməsi aldığını
bilən N.Nərimanov
onun işlə təmin olunması üçün Bakı Dumasının maarif şöbəsinin müdirinə
aşağıdakı məzmunda
müraciət edir.
Mixail Aqanoviç!
Qulluğum Sizinlə görüşməyimə
mane olur, ancaq alicənablığınıza və xeyirxahlığınıza
güvənərək Sizə
məktub yazmağa cəsarət edirəm. Sizdən
xahiş edirəm ki, Mirzə Abdulla Talıbzadəni rus-tatar (Azərbaycan) məktəblərinə
tatar (Azərbaycan) dili müəllimi vəzifəsinə təyin
edəsiniz, onun bu fənni tədris
etməyə səlahiyyəti
vardır və rus dilini də
kifayət qədər
yaxşı bilir. Əgər Siz onun sənədlərini
başqalarının sənədləri
ilə müqayisə
etsəniz, onun başqalarından fərqlənən
ləyaqəti aydınlaşar.
Narahat etdiyim üçün bağışlayın. Xidmətinizdə
həmişə hazıram,
Sizə hörmət edən N.Nərimanov Bakı,
17 sentyabr 1901-ci il.
Bununla onu işə götürmək
istəyirlər. Lakin təəssüf ki, yer olmadığından
gənc Abdulla ehtiyat müəllim qalmağa razılıq verir.
Abdulla Şaiq 1902-ci ildə
Bakıda Azərbaycan
maarifçisi Həbib
bəy Mahmudbəyovun
müdir olduğu 6 sinifli şəhər məktəbinə müəllim
təyin olunur. Məktəbdə dərs yükünün azlığı Abdullanı
qane etmir. Maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü
başqa bir məktəbdə də dərs demək üçün yollar arayır və H.Z.Tağıyevin
Lifli Maddələrin
Emalı Səhmdar Cəmiyyətinin nəzdində
açılacaq məktəbdə
işləmək üçün
həmin cəmiyyətin
sahibi, milyonçu-xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevə 20 noyabr
1903-cü ildə məktubla
müraciət edir. Müraciətdə Mirzə
Abdulla Talıbzadə xahiş
edir ki, Bakı şəhər rus-tatar məktəbinin ehtiyatda olan şəriət
və yerli dil müəllimi kimi Lifli Maddələrin
Emalı Səhmdar Cəmiyyəti nəzdində
yeni açılacaq məktəbə təyin
edilməsinə icazə
verilsin.
H.Z.Tağıyev Abdullanın məktubu
ilə tanış
olduqdan sonra Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəblərinin direktoru
A.S.Tixoryevskiyə aşağıdakı
məzmunda məktub göndərir.
Bu il ( il yazılmayıb)
23 avqust tarixdə, H.Z.Tağıyevin Lifli Maddələrin Emalı üzrə Qafqaz Səhmdar Cəmiyyətinin
İdarə Heyətinə
zati-alinizin adıçəkilən
səhmdar cəmiyyətində
məktəbin açılması
ilə əlaqədar
müsəlman etiqadı
üzrə şəriət
və tatar (Azərbaycan) dili müəllimi Mirzə
Abdulla Talıbovun ora təyin olunması xahiş edilir.
Hazırda Talıbov Sabunçu üçsinifli məktəbə
eyni vəzifəyə
dəvət olunub. Səhmdar Cəmiyyətinin
İdarə Heyəti
zati-alinizə bildirməkdən
şərəf duyur ki, Talıbov Sabunçu məktəbinə
təyin olunarsa, idarə heyəti öz tərəfindən
fabrik məktəbinə
başqa bir müəllim təyin olunması üçün
xüsusi müraciət
etsin.
Abdulla Şaiq həmin illərdə bir neçə məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Bundan əlavə, o, Bakıda 3 sinifli kişilər məktəbində və Ramana məktəblərində ayrı-ayrı illərdə müəllim işləmişdi.
Abdulla Şaiq müəllimlik fəaliyyəti ilə bərabər, körpə balalarımızın da qayğısına qalırdı. Buna görə də o, uşaq bağçası açmaq qərarına gəlir və Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoru A.S.Tixoryevskiyə aşağıdakı məzmunda ərizə ilə müraciət edir.
Zati-aliləri Sizdən xahiş edirəm Bakı şəhərində müsəlman uşaqları üçün uşaq bağçası açılmasına icazə verəsiniz. Uşaq bağçası həmişə mənim nəzarətim altında olacaq. İllik ödəniş 140 (yüz qırx) rubldır. Uşaq bağçası Verxnaya-Priyutskaya küçəsi (indiki Şamil Əzizbəyov -- A.K.), ev ¹80-də olacaq.
Mirzə Abdulla Tağızadə, 29 sentyabr 1916-cı il, Bakı şəhəri.
6 oktyabr 1916-cı ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoru tərəfindən Bakı Realni Məktəbi müdirinin adına aşağıdakı məzmunlu məktubda A.Talıbzadə tərəfindən uşaq bağçası açılmasına onun tərəfindən etirazın olub-olmadığını bilmək üçün müraciət olunur. Həmin realni məktəbin direktorunun 11 oktyabr 1916-cı ildə yazdığı cavab məktubunda Mirzə Abdulla Talıbzadə tərəfindən uşaq bağçasının açılmasına heç bir etiraz olmadığı bildirilir.
Maraqlıdır ki, Abdulla Şaiqə bağçanın açılmasına icazənin hələ iki il əvvəl olmasına baxmayaraq, bəzi dairələr tərəfindən süründürməçiliyə yol verilmişdir.
Abdulla Şaiq həm də ilk dərs kitablarının müəllifidir. O, Azərbaycan ədəbiyyatı və dildən xüsusi proqramlar, ibtidai, orta və ali məktəblər üçün dərsliklər hazırlamışdı.
1906-cı ilin avqustunda və 1907-ci ildə Azərbaycan müəllimlərinin birinci və ikinci qurultayları çağırılır. Abdulla Şaiq gənc müəllim kimi birinci qurultayda çıxış edərək ana dili və ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında öz təkliflərini verir. Bu təklifindən irəli gələrək A.Şaiq 1907-ci ildə birinci siniflər üçün yazdığı Uşaq gözlüyü, Gülzar kitablarını nəşr etdirir. Onun dərslikləri yüksək qiymətləndirilmiş, Gülzar, Uşaq gözlüyü, Türk çələngi, H.Cavidlə birgə yazdığı Ədəbiyyat dərsləri kitabları Maarif Komissarlığı tərəfindən bəyənilmiş və onlar (xüsusilə Uşaq gözlüyü və Gülzar) dəfələrlə çapdan çıxmış və məktəblərdə dərslik kimi istifadə olunmuşdur.
Abdulla Şaiqin bir şair və nasir kimi yaradıcılığı XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Həmin illərdə o, öz dərs kitabları üçün bir sıra ibrətli, nəsihətamiz hekayələr yazır və bunlar da zəmanəsinin ziyalıları tərəfindən, xüsusilə də gənclər arasında rəğbətlə qarşılanırdı.
Aslan KƏNAN (Qasımlı),
Dövlət Tarix Arxivinin direktoru
Azərbaycan.-2021.- 6 may.- S.10.