Baş nazir Əli Əsədov: Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar

 

Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mayın 5-də keçirilən görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın və Gürcüstanın birgə fəaliyyət göstərdikləri meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi və TAP layihələri çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirən Əli Əsədov qeyd edib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrə böyük önəm verir. “Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Bir sıra sahələrdə əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, - deyə Baş nazir Əli Əsədov əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərindən böyük şərəf duyduğunu qeyd edərək deyib: “Azərbaycan ilə sıx əlaqələrimiz var. Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir. Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”.

 

 

Azərbaycan.-2021.- 6 may.- S.2.