Azərbaycan və Gürcüstan parlamentlər səviyyəsində də uğurla əməkdaşlıq edir

 

 

Mayın 5-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Gürcüstanın qonşu və dost ölkələr olduğunu deyən Milli Məclisin sədri bu  dostluğun çoxəsrlik tarixə malik olduğunu söyləyib. Xalqlarımız əsrlərboyu bir-birinə dəstək olub. Azərbaycanda çoxlu sayda  gürcülər, Gürcüstanda isə azərbaycanlılar yaşayırlar. Onlar cəmiyyətlərimizin ayrılmaz hissəsidir və ölkələrimiz arasında körpü rolu oynayırlar. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur.  Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Gürcüstan Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neftqaz kəmərləri buna parlaq misaldır.

Sahibə Qafarova vurğulayıb ki, ölkələrimiz parlamentlər səviyyəsində də təqdirəlayiq əməkdaşlıq edir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Əməkdaşlığımız ikitərəfli və çoxtərəfli əsasdadır və nümayəndə heyətlərimiz  beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər. Görüşdə Milli Məclisin sədri Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərdiyi  dəstəyə görə öz adından və Milli Məclisin deputatları adından Gürcüstan hökumətinə minnətdarlığını ifadə edib. Bildirilib ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixə qovuşub. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu münaqişəni özü həll edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Artıq ölkəmiz azad olunmuş əraziləri bərpa edir, yenidən qurur. Lakin Ermənistan yenə də öz təcavüzkar siyasətindən əl çəkmir. Minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bu isə çoxlu sayda hərbçilərin və mülki şəxslərin həlak olmasına səbəb olur. Bununla Ermənistan bərpa işlərinə və məcburi köçkünlərin geri qayıtması prosesinə mane olmağa çalışır. Ermənistanın bu davranışı bölgənin inkişafı üçün böyük təhlükədir.   

Səmimi görüş üçün minnətdarlığını bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, o, Azərbaycanı özünə doğma ölkə hesab edir. “Gürcüstan Azərbaycanın dostudur və gələcəkdə də dost olaraq qalacaq”, - deyən İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu dilə gətirib.

Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin daha  da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.

Tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

Azərbaycan.-2021.- 6 may.- S.2.