Heydər Əliyev milli sahibkarlıq strategiyasının banisidir

 

 

Müstəqilliyimizin ilk illərində kənar qüvvələrin və təcavüzkar güclərin bütün həmlələrinə baxmayaraq, gənc dövlətimiz ayaq üstə dura bildi. 1993-cü ildə xalqın istək və tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanı ziddiyyətlər burulğanından xilas etdi. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Dünyada gedən siyasi proseslərə peşəkar təsir imkanları olan Heydər Əliyev Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu. Ölkədə qarşıdurmadan sülhə, böhrandan tərəqqiyə, ətalətdən dinamik fəaliyyətə istiqamətlənən kurs götürüldü.

Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu haqqında bəhs edərkən Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq lazımdır.

Gözlərimiz önündə şərəflə yaşanan ömrünün yaradıcılıq dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütövlükdə Azərbaycan ilə birlikdə həm də ölkəmizdə sahibkarlığın möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafın tənzimləyicisi kimi yaddaşlara əbədi həkk olunub. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür. Bütovlükdə bir sistem kimi yanaşıldıqda, cəmiyyətin digəri ilə əvəzlənməsi prosesi mürəkkəb və ziddiyyətli tərəfləri ilə seçilən sosial hadisədir.

Ümummilli Lider Heydər Əliyev özünün böyük həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirdi. Əslində, bu danılmaz həqiqət kiminsə istəyib-istəməməsindən, yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan reallıqlarında gedən proseslərin məntiqindən irəli gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm və strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyil ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.

Onillik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətinə bəxş etdi. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi.

Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı.

Azərbaycan neftinin dünyanın qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da ölkəmizə böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı. Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması həm də ölkə daxilində yeni istehsal sahələrinin artmasına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratdı.

Həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadi inkişafın lokomotivi olan sahibkarlar sinfinin formalaşması üçün real  hüquqi baza yaradılmış, dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərilməsi tədbirlərinin həyata keçirilməsinə başlanmışdır.

Ulu Öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi inkişafın əsasını təşkil edən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, - deyən Heydər Əliyev ölkənin gələcək iqltisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Ümummilli Liderin sahibkarlarla keçirilən görüşləri, üzləşdikləri problemlərin nədən ibarət olduğunu bilavasitə onların öz dilindən eşitməsi və bunların qısa müddət ərzində həlli üçün konkret tapşırıqlar, fərman və sərəncamlar verməsi özəl sektorun təmsilçilərinə yüksək diqqətin təzahürü idi. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətlərindən biri də onun yolunu davam etdirməyə, ideyalarını daha da zənginləşdirib həyata keçirməyə qadir olan İlham Əliyev kimi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar siyasi lider yetişdirməsidir. Heydər Əliyev inanırdı ki, İlham Əliyev xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək, onun sona çatdıra bilmədiyi taleyüklü məsələləri, işləri başa çatdıra biləcək. Ulu Öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərllik etdiyi 18 ildə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuşdur və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resurslarını, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını  və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədi ilə Prezident İlham Əliyevin sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar günü” kimi təsis edilmişdir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuş, qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Məlum olduğu kimi, son ildə bütün bəşəriyyət görünməz bir “düşmən”ə - koronavirusa qarşı mübarizə aparır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş ilk beynəlxalq tədbir kimi tarixə düşmüş və ölkəmiz pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.

Keçən il mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Daha bir qlobal təşəbbüsünü reallaşdıran Prezident İlham Əliyev bu dəfə 120 üzv dövləti və 17 müşahidəçi ölkəni, eyni zamanda 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşündə koronavirus bəlasından çıxış yolunu göstərməklə yanaşı, bu istiqamətdə reallaşdırdığı proqramların effektiv nəticələrini də bölüşmüşdür. Zirvə görüşündən sonra 2022-ci ilədək Qoşulmama Hərəkatına rəhbərliyi Azərbaycan həyata keçirməklə bu dövrdə hərəkatın sədri Prezident İlham Əliyev olacaq.

Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq cəmiyyətdə yüksək həmrəylik nümayiş etdirmişlər.

2020-ci il Azərbaycan xalqı üçün çox əlamətdar olmuşdur. Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısıdır. 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir.

Əminik ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcək, insanların öz doğma yurdlarına dönməsinə nail olacağıq. Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda iş qurmaq istəyən sahibkarların təkliflərini toplamaq məqsədilə işçi qrupu yaradılmış və sahibkarların təqdim etdiyi 68 təklif hökumətə təqdim edilmişdir. Bununla bağlı artıq bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar “Yeni memarlıq”, “ağıllı” şəhər, “ağıllı” kənd, “Yeni iqtisadiyyat” və digər layihələrdir.

Heydər Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr qazanmasında Mehriban xanım Əliyevanın da böyük fədakarlığı, layiqli xidmətləri vardır. Mehriban Əliyevanın dahi şəxsiyyətin adını daşıyan fondun rəhbəri kimi ölkə və dünya miqyasında həyata keçirdiyi mərhəmət aksiyaları, sosial layihələr Heydər Əliyevin əbədiyaşar ruhuna ən böyük ehtiram nümunələridir. Birinci vitse-prezident öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmışdır.

Mehriban xanımın Birinci vitse-prezident kimi ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.

Həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur. Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2020-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə ilk sıralarda yer almış, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşmışdır. Həmçinin Dünya Bankı Azərbaycanı 10 ən islahatçı ölkə sırasına daxil etmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra göstəricilər üzrə qabaqcıl yerlərdədir. Bundan əlavə, Heritic Fondunun 2020-ci ilin nəticələrinə əsasən, elan etdiyi İqtisadi Azadlıq İndeksinə görə Azərbaycan 38-ci pilləyə yüksəlmişdir.

Modernləşmə kursunu həyata keçirən Azərbaycanda iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, koronavirus pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda, ölkəmiz qlobal böhranın təsirindən maksimum  qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etmişdir. Keçən dövr ərzində dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur.

Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərərçəkən iqtisadi fəaliyyət sahələrinə vergi güzəştləri edilmişdir. Məsələn, mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi 1 faizə endirilmişdir. Bundan əlavə, sadələşdirilmiş verginin xüsusi  növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilmiş vergi 8 faizdən 4, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə müəyyən olunan sadələşdirilmiş verginin dərəcəsi 50, eləcə də bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilmişdir.

Sahibkarlıq subyektlərinin sayının son 18 il ərzində artması nəticəsində özəl sektorda iş yerləri əsaslı şəkildə artmışdır. Belə ki, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 2, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə artmış, ümumilikdə isə, müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulmuşdur.

Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Azərbaycanda 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Azərbaycanda regionların tarazlı inkişafını təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye kompleksinin sürətli inkişafına nail olunmuşdur. Nəzərə almalıyıq ki, kənd təsərrüfatında ölkə üzrə ümumi daxili məhsulun 6 faizi istehsal edilir. Əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişafı regionlardakı problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.

2021-ci ilin birinci rübündə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyərin 7,3 faiz azalması və əvəzində qeyri neft-qaz sektorunda əlavə dəyərin 2,1 faiz artması qeyri-neft sektorunda sahibkarlığın inkişafının real göstəricisidir.

Statistik məlumatlara görə, 2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 milyard, qeyri-neft sektoru üzrə isə 1, 9 milyard ABŞ dolları dəyərində olmuş, 2021-ci ilin yanvar-fevral aylarında isə ölkəfdə fəaliyyət göstərən sahibkarlar dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişlər.

 Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi davam edir. Qeyd olunmalıdır ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin olunur. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2020-ci il ərzində 908 sahibkara 127 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox yeni iş yerinin açılması imkanı yaranmışdır.

Son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq üçün peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Azərbaycan hökuməti, Həmkarlar Konfederasiyası və Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial-iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Yeri gəlmişkən, qeyd edək ki, keçən ilin mart ayında Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır.

Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Anadan olmasının 98-ci ildönümünü qeyd etdiyimiz Ümummilli Lider, müstəqil dövlətimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir. Bəli, Heydər Əliyev yolu müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir.

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən  məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən anlayır. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqillik illəri ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Heydər Əliyevin gələcək ücün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gerçəkliyə çevrilmiş, bütün mənalı həyatını öz xalqına bəxş etmiş dövlət xadimi kimi zəngin fəaliyyəti  Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Buna görə də əminliklə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasətçi, misilsiz şəxsiyyət, cəsur insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız dövlətimizin yaratdığı imkanlardan istifadə edərək xalqımızın rifah halının daha da yüksəlməsi, rəqabətədavamlı istehsal potensialının artırılması üçün öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli və düzgün istifadə edərək ölkəmizin iqtisadi qüdrətinin artması üçün bütün qüvvələrini  səfərbər edəcəklər.

 

 

 

Məmməd MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyasının prezidenti

Azərbaycan.-2021.- 6 may.- S.6.