Rusiyalı deputat
Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub
Mayın 5-də Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində olub. Qonağı Milli Məclisin deputatı Nizami Səfərov müşayiət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dmitri Savelyev əvvəlcə Ağdam Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla tanış olub. Ağdam rayon ziyalısı Zülfü Qasımov ona ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Viran qoyulmuş Ağdam şəhəri ilə tanış olan qonağa məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. İşğala qədər Ağdam rayonunda 153 min nəfər, Ağdam şəhərində isə 42 min nəfərdən çox sakin yaşayırdı. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi xarabalıqlar qalıb.
Dmitri Savelyev sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanına gəlib. Burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Rusiyalı deputat Ağdam şəhərinə səfər çərçivəsində Çörək Muzeyinin binasının dağıntıları ilə də tanış olub. Bildirilib ki, dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərinə (oraq, xış, taxıldöyən vərdənə və s.) aid müxtəlif dəyərli nümunələr olub.
Dmitri Savelyev
sonra Ağdam şəhərindəki
İmarət qəbiristanlığına gəlib. Məlumat verilib ki,
burada Qarabağ
xanlığının əsasını qoymuş
Pənahəli xanın və xanlıqda müxtəlif illərdə
hakimiyyətdə olmuş hökmdarlar
- İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü
türbələri, həmçinin Mehdiqulu
xanın qızı Xurşidbanu Natəvanın
məzarları olub. Qarabağ
xanlarının nəslindən olmuş
digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib.
Lakin Ağdam şəhəri
işğal olunduqdan sonra Pənahəli xanın buradakı
sarayı və qəbiristanlıq erməni vandalizminə məruz
qalıb. Erməni vandalları İbrahimxəlil xanın
türbəsini və Qarabağın sonuncu
hakimi Mehdiqulu xan Cavanşirin
qızı Xurşidbanu Natəvanın qəbirüstü
abidəsini də dağıdıblar. Bu ərazilərdəki
məscidlər, məzarlıqlar kimi Pənahəli
xanın imarəti də ermənilər tərəfindən təhqir
edilib. Tövlə kimi
istifadə edilən xan sarayında inək
və donuz saxlanılıb.
Azərbaycan.-2021.- 6 may.- S.8.