Şərəfli tariximizin yaradıcısı
Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Həyatının mənasını ölkəsinə ləyaqətlə xidmətdə görən, müasir Azərbycan dövlətinin memarı Heydər Əliyev də belə liderlərdəndir.
Anadan olmasının 98-ci ildönümü ərəfəsində bir daha Ulu Öndəri ehtiramla anırıq. Aradan illər, onilliklər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin mahiyyətini daha dərindən anlayırıq.
Heydər Əliyevin gəncliyi çətin illərə təsadüf etmişdi. Amma xalqımızın böyük oğlu öz gücü, istedadı sayəsində çalışdığı fəaliyyət sferasında böyük uğurlar əldə etmiş, Azərbaycan DTK-nın sədri vəzifəsinə kimi yüksəlmişdi.
O dövrdə SSRİ-də müttəfiq respublikaların heç birində Dövlət Təhlükəsizlik komitələrinin sədrləri yerli xalqların nümayəndələri deyildilər. Yeganə respublika Azərbaycan idi ki, Heydər Əliyevin timsalında yerli xalqın nümayəndəsi DTK-nın sədri vəzifəsinə təyin olunmuşdu. Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında tarixi xidmətləri də məhz həmin dövrdən başlayır. Məhz Heydər Əliyevin sayəsində Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasına imkan verilməmişdi.
1969-cu ildə Azərbaycana rəhbərliyə başlaması ilə Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrində dəyişikliklərə, yeniliklərə yol açdı. Mən 1968-ci ildə orta məktəbi fərqlənmə ilə bitirmişdim. Amma ali məktəbə qəbulda imtahanların birindən kəsildim. Sonradan məlum oldu ki, əslində ən azı “4” qiymətinə cavab vermişəm. Deməli, qiymətləndirmə düzgün aparılmayıb. 1969-cu ildə Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra cəmiyyətdə mövcud olan belə neqativlərə, nöqsanlara son qoyuldu. Daha dəqiq ifadə etsək, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyətdə ədalət də zəfər çaldı. Bundan sonra mən də ali məktəbə qəbul olundum.
Həmin
illərdə Azərbaycan ittifaq miqyasında inkişafına
görə çox geri qalırdı, müttəfiq
respublikalar arasında 13-14-cü yerləri tuturdu. Lakin Ulu Öndərin təşəbbüsləri
və tələbkarlığı ilə həyata
keçirilən islahatlar nəticəsində
iqtisadiyyatda vüsətli dəyişikliklər
baş verdi. Respublikamızda
müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül sənaye inkişaf
etdi, yeyinti, emal müəssisələri inşa
olundu. O cümlədən bir
sıra strateji əhəmiyyətli müəssisələr
yaradıldı.
Milli kadrların yetişməsi istiqamətində də mühüm uğurlar əldə olundu. Həmin illərdə respublikamızda ali təhsil müəssisələrinin inkişafı sahəsində mühüm qərarların qəbulu ilə yanaşı, Ulu Öndərin təşəbbüsü ilə hər il 2500 nəfər azərbaycanlı gənc oxumaq üçün sovet ittifaqının ən nüfuzlu ali məktəblərinə göndərildilər. Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması isə azərbaycanlı zabitlərin yetişməsi üçün atılan mühüm addım idi.
Azərbaycan ötən əsrin 70-80-ci illərində Heydər Əliyevə görə tanınmağa başladı. Keçmiş ittifaqın harasına getsəydin, hər kəs Heydər Əliyevin gördüyü işlərdən danışardı. Heydər Əliyev xalqımızın nüfuzunu yüksəltmişdi. Odur ki, bizə yüksək ehtiramla yanaşırdılar. Sov.İKP MK-nın Baş katibi L.Brejnev ittifaq respublikaları arasında yalnız Azərbaycanda dörd dəfə səfərdə olmuşdu. Bu, ilk növbədə Heydər Əliyevə olan yüksək münasibətin göstəricisi idi. O cümlədən Azərbaycan öz inkişafına görə 14 dəfə keçici qırmızı bayraq almışdı.
Belə bir uğurlu fəaliyyətin nəticəsi idi ki, Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Ulu Öndər bu vəzifədə vacib və çətin sahələrə nəzarət etsə də, respublikamıza da diqqət və qayğısını əsirgəmirdi. Nə qədər Heydər Əliyev rəhbərlikdə təmsil olunurdusa, ermənilər Azərbaycana qarşı heç bir ərazi iddiası ilə çıxış edə bilmirdilər. Yalnız Heydər Əliyevin ittifaq rəhbərliyindən istefasından sonra Dağlıq Qarabağda ermənilər Azərbaycana qarşı yenidən ərazi iddiası ilə çıxış etdilər. M.Qorbaçovun müşaviri Aqanbekyan Parisdə mətbuata müsahibəsində separatizmə rəvac verdi.
1988-ci ilin fevralında iki gənc azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Təəssüf ki, həmin vaxt Azərbaycan rəhbərliyi olduqca qətiyyətsiz və cəsarətsiz mövqe göstərdi. Bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının güclənməsinə gətirib çıxardı, daha sonra 20 Yanvar faciəsi baş verdi. Həmin ağır günlərdə də Heydər Əliyev heç nədən qorxmadan, böyük cəsarətlə haqq səsini ucaltdı. Cənab İlham Əliyevlə birlikdə Moskvada Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyinə, şəxsən M.Qorbaçova cinayətkar hərəkətlərinə görə etirazını bildirdi.
Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi Azərbaycan rəhbərliyinin qısqanclığı ilə müşayiət olundu. Onu təqiblərə məruz qoyur, Azərbaycana qayıdışını əngəlləməyə çalışırdılar. Bütün bunların nəticəsi olaraq Heydər Əliyev 1990-cı ilin yayında Naxçıvana qayıtdı. Naxçıvana qayıdışı ilə Heydər Əliyev bu bölgəni və bütün Azərbaycanı gözləyən real təhlükədən xilas etdi. 1990-cı ildə Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev bütün fəaliyyətini Azərbaycanın istiqlal mücadiləsinə və Naxçıvanın müdafiəsinə həsr etdi. O dövrdə Heydər Əliyevin Türkiyə və İranla yaratdığı münasibətlər blokada vəziyyətində yaşayan Naxçıvanın sosial-iqtisadi durumuna müsbət təsir etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvanda üçrəngli bayrağımız dövlət bayrağı kimi təsbit olundu.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi hər bir soydaşımızı sevindirdi. Lakin müstəqilliyimizin bərpasından sonra baş verən hakimiyyət çəkişmələri, hərc-mərclik dərin siyasi-iqtisadi problemlərə yol açdı. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən isə vətəndaş qarşıdurması güclənirdi. Belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevi təkidlə siyasi rəhbərliyə dəvət etdi. Elə o dövrün hakimiyyət nümayəndələri də vəziyyətdən çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişində görürdülər. Xalqının ağır vəziyyətini nəzərə alıb Bakıya gələn Heydər Əliyev öz xilaskarlıq missiyasını layiqincə yerinə yetirdi, ölkədə qardaş qırğınının qarşısını aldı. Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi Ulu Öndərə olan böyük inamın bariz təsdiqi idi. İnsanlar yalnız bundan sonra rahat oldular, çünki inanırdılar ki, Heydər Əliyev ölkəni düşdüyü böhranlı vəziyyətdən mütləq xilas edəcək. Belə də oldu. Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycan sabitliyə, inkişafa doğru istiqamət götürdü. Ümummilli Lider qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi, Azərbaycanın tarixində yeni dövrün - faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Bir məqamı da qeyd etmək yerinə düşərdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəyə rəhbərliyə başlayanda Azərbaycanın dövlət büdcəsi tamamilə boş idi. Xəzinədarlıqda qalan cəmi 6 milyon dollar vəsait isə taxıl almaq üçün Taxıl Məhsulları Dövlət Şirkətinə köçürülmüşdü. Amma nə taxıl gəlirdi, nə də pul geri qayıdırdı. AXC-Müsavat iqtidarı dövlət büdcəsini belə talayırdı.
Bütün bu çətinliklərə baxmayaraq Heydər Əliyev Azərbaycanın inkişafı üçün tarixi uğurlara nail oldu, “Əsrin müqaviləsi” imzalandı, mütərəqqi torpaq islahatları həyata keçirildi. Uğurlu dövlət quruculuğu həyata keçirildi, Azərbaycanın demokratik inkişafı təmin olundu.
1993-cü ildən başlanan Heydər Əliyev siyasəti bu gün də Azərbaycana möhtəşəm uğurlar gətirməkdə davam edir. Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ötən 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə gedilən inkişaf yolu 30 illik müstəqillik tariximizin böyük uğurlarından biridir. Ötən 18 ildə iqtisadiyyatımız 3 dəfə artıb, vətəndaşların sosial rifahı yüksəlib. Bu illərdə inşası başa çatdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, “Cənub qaz dəhlizi” Azərbaycanın dünyada nüfuzunu artıran möhtəşəm infrastruktur qurğuları olaraq ölkəmizin inkişafına, xalqın sosial rifahının daha da yüksəldilməsinə xidmət edir.
1993-cü ildə xalqımız Heydər Əliyevə necə inanırdısa, bu gün də İlham Əliyevə o cür böyük etimad göstərir və hər bir məsələdə onun ətrafında sıx birləşir. Çünki Przident İlham Əliyevin də yürütdüyü siyasət qətiyyətlidir, cəsarətlidir. Biz bunu ötən ilin Vətən müharibəsində də gördük. Prezident İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu, yürütdüyü qətiyyətli siyasət torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. Ən böyük arzumuz o idi ki, bu taleyüklü problemin həllini gələcək nəsillərə ötürməyək. Çox şükürlər olsun ki, bunun həllini gördük və torpaqlarımızın azad edilməsinə görə Prezident İlham Əliyevə sonsuz minnətdarıq.
İndi Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki bu Qələbə ilə Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini, xalqımızın arzusunu yerinə yetirdi. Möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq və Heydər Əliyev ideyaları dövlətimizin gündən-günə yüksəlişinə xidmət edəcək.
Eldar QULİYEV,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.- 7 may.- S.1;4.