Bir sıra
şəhər və rayonlarda əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılmasına və əhalinin
içməli suya tələbatının
ödənilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun
23 yaşayış məntəqəsində (siyahı əlavə
olunur) əkin sahələrinin və əkin üçün
istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, habelə əhalinin
içməli suya tələbatının ödənilməsi
üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi
və qazılması məqsədilə “Azərbaycan
Respublikasının 2021-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş
məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi
min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2021-ci il
Azərbaycan.-2021.-
7 may.- S.2.