Heydər Əliyevin humanizm ideyaları fəaliyyətimizin
prioritetidir
Müasir Azərbaycan dövlətinin
qurucusu, xalqımızın
əbədiyaşar lideri
Heydər Əliyevin
34 illik siyasi fəaliyyətinin təməlində
xalqımızın yüksək
mənəvi keyfiyyətləri
dayanmışdır. İnsanlara
xeyirxahlıq etməyi,
yaxşılıq göstərməyi,
ədalət və mərhəmət kimi
dəyərlərə önəm
verməsi ilə fərqlənən Ulu Öndər real həyatda
bunu təcəssüm
etdirən addımlar atmışdır. Anadan olmasının
98-ci ildönümü ərəfəsində
hər birimiz bir daha Heydər
Əliyevin əziz xatirəsinin qarşısında
baş əyirik.
98-ci ildönümündə hər
birimiz Heydər Əliyev barədə danışmağa, söz
deməyə ehtiyac
duyuruq. Fikirlərimə Ulu Öndərin
siyasi fəaliyyətində
və dövlət quruculuğu təlimində
əsas götürdüyü
mənəvi keyfiyyətlər,
humanizm prinsipləri barədə söz açmaqla başlamağım
təsadüfi deyil.
Çünki rəhbərlik
etdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) hər bir üzvü,
sayı on minlərlə
ölçülən könüllüləri
öz missiyalarını
yerinə yetirərkən
ilk növbədə məhz
xeyirxahlıq, insanpərvərlik
və vətənpərvərlik
kimi yüksək mənəvi keyfiyyətlərə
söykənirlər. Biz öz işimizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu,
Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın ən gözəl nümunələrlə zənginləşdirdiyi
humanizm prinsiplərini
rəhbər tuturuq.
Bəli, Ulu Öndərin əbədiyaşar xatirəsinin,
həmişəyaşar ideyalarının
işığında humanizm
prinsiplərinin cəmiyyətimizə
gətirdiyi faydalar daha aydın və əhəmiyyətli
görünür. AzQAC-ın ictimai
təşkilat kimi inkişafında və öz fəaliyyətini uğurla həyata keçirə bilməsində
Heydər Əliyevin cəmiyyətimizdə xeyirxahlıq
və humanizm ənənələrini daha
da möhkəmləndirməsi
böyük rol oynamışdır.
Müstəqilliyimizin bərpasının ilk illərində
AzQAC öz fəaliyyətini həyata
keçirsə də,
lazımi hüquqi bazanın olmaması, ölkədəki gərgin
vəziyyət təşkilatın
mövcud humanitar problemlərin həllində
iştirakında çətinliklər
yaradırdı. Yalnız Ümummilli Lider
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra AzQAC inkişaf dövrünə qədəm
qoydu və qurumun fəaliyyətində
yeni mərhələ
başlandı. Təsadüfi deyil ki, Heydər
Əliyevin respublikamıza
rəhbərliyə başlamasından
qısa müddət sonra, 1994-cü ildə AzQAC milli qurum
kimi dövlət tərəfindən tanındı.
Sonrakı illərdə də
Heydər Əliyev təşkilatımızın fəaliyyətinin
təkmilləşdirilməsi, maddi-texniki bazasının
gücləndirilməsi üçün
diqqət və qayğısını əsirgəmədi.
Heydər Əliyevin
12 mart 2003-cü il tarixdə AzQAC-ın XX qurultayına təbrik məktubu isə Ulu Öndərin bu qurumun fəaliyyətinə
verdiyi yüksək tarixi qiymət idi. “Qızıl
Aypara Cəmiyyəti bu gün öz
qüvvələrini səfərbər
edərək, müstəqil
Azərbaycan Respublikası
qarşısında duran
vəzifələrin yerinə
yetirilməsində yaxından
iştirak edir. Ermənistanın respublikamıza qarşı
yeritdiyi işğalçılıq
siyasəti nəticəsində
öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin
sosial-məişət problemlərinin
həllində, əsir
və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti
təqdirəlayiqdir”, - deyə
Ulu Öndər bildirmişdi.
2003-cı ildən Heydər
Əliyev siyasi yolunu layiqincə və inamla davam etdirən Prezident İlham Əliyev də həmişə AzQAC-ın
fəaliyyətini yüksək
qiymətləndirmişdir. Dövlət başçısının diqqət
və qayğısının
nəticəsi olaraq təşkilatımız bir
çox ölkələrdəki
analoji qurumlarla müqayisədə inkişaf
etmiş, yüksək
səviyyədə təchiz
olunmuşdur. Xüsusilə qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin respublikamıza
ilk dəfə rəhbərliyə
başlayandan qısa müddət sonra imzaladığı sərəncamlardan
biri AzQAC-a dövlət qayğısının
artırılması ilə
bağlı idi.
2004-cü ilin yanvar ayında imzalanan sərəncamla yerli icra hakimiyyəti
və özünüidarəetmə
orqanlarına tövsiyə
edilirdi ki, AzQAC-a yerli təşkilatlarının
sosial, tibbi-sağlamlıq
və xeyriyyəçilik
proqramlarının həyata
keçirilməsinə kömək
etsinlər.
2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulu da Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində reallaşdı. Bu qanun təşkilatın statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Prezident İlham Əliyevin 2008-ci il aprelin 7-də imzaladığı sərəncamla isə hər il martın 10-u Azərbaycanda Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, üzvlərimizin orden və medallarla təltifi fəaliyyətimizə verilən ali dəyər olmaqla bizləri humanizm və xeyriyyəçilik kimi missiyamızı daha inamla həyata keçirməyə yüksək stimul verir.
Ulu Öndər Heydər Əliyevin anadan olduğu tarix - may ayının 10-u Azərbaycanda həm də başqa bir əlamətdar hadisənin - məramında xeyriyyəçilik və humanizm dəyərləri dayanan Heydər Əliyev Fondunun yarandığı gündür. Heydər Əliyev Fondunun yaranması və bu quruma birinci xanım Mehriban Əliyevanın uğurlu rəhbərliyi Azərbaycanda xeyriyyəçilik institutunun daha da inkişafına böyük təkan vermişdir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən uşaqların, yaşlı vətəndaşların dəstəklənməsinə yönəlmiş çoxsaylı proqramların, müxtəlif sosial layihələrin təməlində də məhz xeyirxahlıq və humanizm kimi yüksək mənəvi dəyərlər dayanır. Bütövlükdə, Mehriban Əliyevanın, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən proqramlar və layihələr ən gözəl xeyriyyəçilik və humanizm nümunələridir.
Onu da qeyd edim ki, mayın 8-i dünyada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü kimi qeyd olunur. Biz Şuşa şəhərinin həmin tarixdə işğal edilməsi səbəbindən indiyədək Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü qeyd edə bilmirdik. Qarabağın döyünən ürəyi, tacı, qədim Azərbaycan yurdu Şuşanın işğal altında olması hər birimizin sağalmaz mənəvi yarası idi. Amma indi vəziyyət dəyişib, ötən ilin 44 günlük Vətən müharibəsində tarixi Qələbəyə imza atan Azərbaycan Ordusu Şuşanı da işğaldan azad edib. Şuşanı azad etməklə Prezident, Ali Baş Komandan İlham Əliyev mənəvi yaramızı sağaltdı, qürurumuzu özümüzə qaytardı, millətimizi başıuca etdi.
Beləliklə, biz son 30 ildə və həm də müstəqilliyimiz dövründə ilk dəfədir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü ürək dolusu ilə qarşılayırıq. Bu, sıralarında 350 minə qədər üzvü, 30 minədək könüllünü birləşdirən AzQAC-ın fəaliyyətinə böyük stimul verir.
AzQAC
bundan sonra da Ulu Öndər Heydər Əliyevin müəllifi
olduğu humanizm ideyalarından ilham alacaq və ən yüksək
milli-mənəvi dəyərlərimizə söykənərək
Azərbaycan dövlətinə və xalqına layiqincə
xidmət edəcək.
Novruzəli
ASLANOV,
Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin prezidenti,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.- 7 may.- S.5.